Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır.
Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür.
Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar. Dişlərin çıxarılması bir çox hallarda çoxlu qan itkisinə, infeksiyalara və lorinin ölümünə gətirib çıxarır və sağ qalan dişsiz heyvanlar isə artıq təbiətə qayıda və özlərini qida ilə təmin edə bilmirlər.
Yabanı astagəl loriləri qorumaq üçün, tropik meşələrin geniş və bölünməmiş qorunan ərazilərini bağlamaq lazımdır, çünki bu heyvanlar həyatlarının çox hissəsini ağaclarda keçirirlər və yer üzündə uzun məsafələrə getməyə qadir deyillər. Sağ qalan lorinin əksəriyyəti hazırda bu cür qoruqlarda və digər xüsusi mühafizə olunan ərazilərdə yaşayır. Həm də müsadirə edilmiş lorilərin təbiətə reintroduksiyaya hazırlamaq və ya onlara qeyri-mümkün olan hallarda ömürlük qayğı göstərmək üçün reabilitasiya mərkəzləri də yaradılmışdır.
Astagəl lorilər Astagəl lorilərin (lat. Nycticebus) nəsli primatlar dəstəsinin yaşburun primatlar yarımdəstəsinin lorikimilər infradəstəsinin lorilər ailəsinə aid edilir. Astagəl lorilərin dairəvi sifəti, belində tünd zolaqları ilə sıx tüklə örtülü baş dərisi və qısa quyruqları olur. Daha yaşlı olanların uzunluğu 18 sm-dən 38 sm-ə qədər çatır.[1] Yaxşı inkişaf etmiş ön və arxa pəncələri olur ki, onları sayəsində uzunmüddət ağacdan asılı vəziyətdə qala bilirlər [2]
Təbiətdə əsasən Cənubi və Cənub-Şərqi Asiyada - istər materikdə, istərsə də adalarında yaşayırlar.[2] Astagəl lorilər adətən tropik musson meşələrinin yuxarı hissələrində yaşayırlar və həyatlarının böyük hissəsini ağaclarda keçirirlər, nadir hallarda yerə düşürlər. Bir ağacdan digərinə sarmaşıqlardan istifadə edərək keçə bilirlər, lakin ağacdan ağaca tullana bilmirlər yaxud da böyük məsafələri yerlə qət edirlər.
Astagəl lorilər üçün digər primatlarla müqayisədə nisbətən yüksək orta ömür müddəti və aşağı doğumluluq xarakterikdir. Buna görə də onların populyasiya ilə saylarının bərpası çox yavaş gedir. Molyusklar, xırda onurğalılar və meyvələrlə qidalanırlar, yabanı astagəl lorilərin azsaylı olmasına və gizliliyinə, o cümlədən də bioloji tədqiqat aparmaq üçün mövcud digər çətinliklərə görə qidalanma rasyonları kifayət qədər öyrənilməyib.[3] Tənha, yaxud cütlük halında yaşayırlar. Gecələr fəal həyat tərzi keçirir, gün boyu isə budaqlardan sallanaraq adətən yatırlar.[4] Erkəkləri öz ərazilərini idrarları ilə qeyd edirlər. Astagəl lorinin dişləməsi zəhərli ola bilər: Təbii düşmənlərinin hücumları vaxtı müdafiə olunmaq üçün toksindən istifadə edirlər.[5] Bu dişləmə nadir hallarda ölümcül olur, lakin adətən uzunmüddətli ağrılı iltihaba gətirib çıxarır. Bəzi insanlarda anafilaktik şokla nəticələnə bilər.[6][7]
2013-cü ildən etibarən astagəl lorilərin 8 ayrı bioloji növü müəyyən edilmişdir. Onlardan üçünü adalarda tapmaq olar:
Astagəl lorilərin digər iki növünə yanlız materikdə rast gəlinir:
Nycticebus kayan və Nycticebus bancanus növlərinə əvvəllər Kalimantan lorilərinin müxtəlif növü kimi baxılırdı, lakin 2013-cü ildə ayrıca növ kimi təsdiq olundular.[9]
Vəhşi təbiətdə astagəl lorilərin mövcudluğuna təhlükə törədən əsas hallar — meşələrin qırılması və bu heyvanların qeyri-qanuni ticarətinə imkan yaradan qanunsuz hasilatıdır (brakonyerlik). Canlı lorilərdən ekzotik heyvanları sevənlərin, onların ətindən qurmanların, yəni müxtəlif növ qidaların həvəskarlarının tələblərini ödəmək üçün istifadə edilir. Lorilərin bədənin bütün hissələri xalq təbabətində istifadə edilir.[10][11]
Digər təhlükə törədən hallara onların yaşadıqları ərazilərdə yolların tikintisini və ağacların selektiv şəkildə kəsilməsini, hətta torpaqların yandırılaraq əkin üçün istifadə edilməsini aid etmək olar.[12] Bütün bunlar astagəl lorinin məhv olmasına gətirib çıxarmasa da, onların fraqmentasiyasına, yəni ayrı-ayrı ərazilərə səpələnmiş halda yaşamasına səbəb olur. Arealın fraqmentasiyası bir ağacdan digərinə yerlə gəzərək, yaxud tullanaraq keçə bilməyən, sadəcə sarmaşıqlardan istifadə edərək keçə bilən bu heyvanların sayının bərpasına və geniş ərazidə yayılmalarına əngəl törədir. Bu səbəbdən də astagəl lorilərin yaşadıqları ərazilərdəki avtomobil yollarında, elektrik naqilləri xətlərində məhv olması hallarına az rast gəlinmir.[13]
Astagəl lorilərin bütün növləri Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan növ kimi qəbul edilmişdir.[14] Bu növlərin populyasiyası kəskin şəkildə azalmaqda, yaşayış arealı məhdudlaşmaqda və dağıdılmaqdadır. Artıq ayrı-ayrı rayonlarda astagəl lorilərə rast gəlinmir.[12] Astagəl lorilərin yaşadığı bütün ölkələrdə onları müdafiə edən qanunlar mövcuddur,[15] lakin növlərin qorunub saxlanılmasında qanunların ciddi icrası yönündə çatışmamazlıqlar var və insanların çoxu bu heyvanların müdafiəsiz olması haqqında məlumata sahib deyil. Qadağalara baxmayaraq yerli kənd sakinləri onları ovlamağa, "ekzotika" sevənlər onları almağa davam edir. Bu da onların qanunsuz hasilatı (brakonyerlik) hallarının daha da genişlənməsinə səbəb olur.[16][17] Yerli sakinlər və hətta milli parkların əksər əməkdaşları astagəl lorilərin növlərini müəyyən edə bilmir.[18] Belə ki, Vyetnamda gecə primatlarının bir çoxu ilk dəfə aşkar ediləndə kənd sakinlərinin əksəriyyəti lorini şəkillərdə tanıya bilmirdi və yanlız bəzi yaşlı ovçular onları tanıya bilsələr də, dediklərinə görə bu cür heyvanlar artıq 10-15 ildir ki rast gəlmirlər.[16]
Əvvəllər belə hesab edilirdi ki, astagəl lorilərin bir neçə növü var, lakin onlar bütün Cənub-Şərqi Asiya boyu geniş şəkildə yayılıblar. Bu cür yanlış nəticə çıxarılması bu heyvanların gizli gecə həyat tərzi ilə bağlı olaraq onların populyasiyasının və yaşadıqların arealın öyrənilməsindəki məhdudiyyətlərə görə olmuşdur.[19] Astagəl lorilərə bütün region boyu mövcud olan bazarlarda rast gəlinməsi də onların çoxsaylı və geniş olması düşüncəsinin formalaşmasına səbəb olmuşdur.[20] Bundan başqa, XX əsrdə və daha əvvəlki dövrlərdə aparılan çöl tədqiqatçıları onların bu və ya digər ərazidə olub olmadığını, onların bəlkə də artıq həmin vaxtlarda kritik dərəcədə aşağı olan populyasiyasını qiymətləndirməmişdir.[21] Nəticədə astagəl lorilər kifayət qədər tədqiq olunmamış qalmışdı ki, bu da 2000-ci ildə onların ən az təhlükə altında qalan növlərinin yanlış tanınmasına gətirib çıxarmışdı.[19] Hətta 2000-ci illərin ortalarında belə astagəl lorilərin populyasiya sayının qiymətləndirilməsi kifayət qədər geniş tədqiqat olunmayan məlumatlara əsaslanmışdır.[22]
2009-cu ildə primatoloq Ceyms Torn (ing. James Thorn), ekoloji nişlərin riyazi modelləşdirilməsindən (ing. environmental niche modelling) istifadə edərək astagəl lorilərin Sumatra, Yava və kalimantan adalarında növlərinin yayılması ilə bağlı yarımçıq məlumatları tamamlamağa cəhd etmiş və hansı yerlərdə hələ də yaşaya biləcəklərini proqnozlaşdırmışdı.[19] Bu tədqiqat göstərmişdir ki, yaşayış yerlərini itirdiklərinə görə ən çox təhlükəli vəziyyətdə olan Yava loriləridir. İkinci yerdə isə - Sumatra adasında yaşayan astagəl lorilərdir. Nycticebus borneanus növü, ərazisi aşağı riskli sahələrdən ibarət olduğu üçün daha az təhlükədədir. Benqal və kiçik lori qruplarına 20-dən çox xüsusi mühafizə olunmuş təbiət qoruqlarında rast gəlmək olar, lakin bu qruplar az və ya kifayət qədər öyrənilmədiyindən, onların saylarını yenidən bərpa edə biləcəklərini söyləmək çətindir.[19]
İndoneziyada meşələrin qırılması və kənd təsərüfatı torpaqlarının mənimsənilməsi, 1982-1983-cü illərdə baş verən genişmiqyaslı meşə yanğınlarına səbəb olmuşdur. Həmin vaxt Kalimantanda təxminən 27 000 km2 meşə sahəsi yanmışdır. Növbəti böyük yanğınlar 1997-1998-ci illərdə Kalimantan və Sumatrada baş verib. Həmin yanğınlar vaxtı da ümumilikdə 23 750 km2 yaşıllıq sahəsi yanaraq məhv olmuşdur.
Bu yanğınlar astagəl lori qrupunun məskunlaşdığı ərazilərə də təsir etmişdir.[23][24]
Yaşayış sahələrinin azaldılması, astagəl lorilərin populyasiyasına əhəmiyyətli dərəcədə təsir etmişdir. Lakin onlara daha çox zərəri brakonyerlik vurmuşdur. Belə ki, canlı və ölü lorilərə artan tələbat, onların ekzotik heyvanlar kimi və xalq təbabətində istifadə üçün satılması bu prosesi daha da stimullaşdırır.
Astagəl lorilərlə qanuni ticarət rejiminin sərtləşdirilməsi, onların "Yox olmaq təhlükəsi qarşısında olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında konvensiya"nın (ing. Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) II Əlavəsindən I Əlavəsinə keçirilməsi də bu heyvanların qeyri-qanuni ticarətinə heç cür təsir göstərə bilməmişdir. Bu da öz növbəsində ayrı-ayrı astagəl lori növlərinin mövcudluğu üçün böyük təhlükə doğurur.
Astagəl lorilərin ovlanmasını və onlarla ticarəti qadağan edən beynəlxalq konvensiyanın və milli qanunların icrası kifayət qədər effektiv şəkildə təmin olunmur, çünki bu qaydaların gözlənilməsi üzərində nəzarətə bir çox regionlarda çətinlik yaradılır, qayda pozuntularına görə cəzalar isə çox kiçik olur.[16][25] Nəticədə astagəl lorilərə əvvəlki kimi, daha çox Kamboca və İndoneziyada bazarlarda satışda rast gəlinir. Onları satan şəxslər bu işi açıq şəkildə həyata keçirərək saxlanılmaqdan və cəzalanmaqdan qorxmur. Bu vəziyyəti heyvan alıcısı qismində səyahət edən primatoloq Anna Nekaris tədqiq etmişdir. Medan, Cakarta və Surabayadakı satıcılar tanımadıqları insanlarla bu mövzuda çəkinmədən danışır, astagəl loriləri harada və necə əldə etməyin mümkünlüyü, onları tibdə necə istifadə etməyi, satıcıların telefon nömrəsini və lorilərin satış qiymətlərini deyirdilər. Astagəl lorilərin satış məntəqələri gizli olmayıb, şəhərlərdə, ticarət üçün əlçatan yerlərdə yerləşir və gündəlik olaraq işləyirdi. Nekarisin tədqiqatı 2010-cu ildə nəşr edildi.[26] Qorunan heyvanlarla qanunsuz ticarətin iştirakçıları içərisində hətta hüquq-mühafizə orqanlarının, milli parkların əməkdaşları var idi. Onlar astagəl lorilərlə xalq təbabətindən istifadə məqsədi ilə ticarət edirdilər. Hətta Kamboca əyalətinin Mondolkiri əyalətində belə bir fakt məlumdur ki, hüquq-mühafizə orqanlarından olan bir məmurun həyat yoldaşı astagəl lorinin bədəninin ayrı-ayrı hissələrinin qeyr-qanuni satışı ilə məşğul olub. Həmin qadın da öz növbəsində yerli bazarda ən məşhur satıcılardan biri olmuşdur.[27]
Asiyada insanlar ən azından 40 min il ərzində məməliləri ovlayıb[20], lakin son vaxtlara kimi əldə etdikləri qənimətin həcmi çox da böyük olmamış və ayrı-ayrı növlərin mövcudluğuna və canlıların populyasiyasına təhlükə törətməmişdir.[26] Genişmiqyaslı ov 1960-cı illərdən, yəni astagəl lorilərin satış üçün əldə edilməsi imkanı yaranan vaxtlardan başladı. Onlara tələbat genişlənmiş, bu tələbin ödənilmə imkanları məhdudlaşdıqca da onların qiymətləri həm qanuni, həm də qeyri-qanuni ticarətdə davamlı olaraq artmışdır.[20] 1985-ci ildə Pnompen və Senmonoromda (Kambocada) böyük "quş bazarları" meydana çıxdı, onların ətrafında isə ovçuların, satıcıların və vasitəçilərin böyük şəbəkəsi yarandı.[28]
Kiçik ölçülü parlaq fanarların meydana çıxması və işıqlandırması astagəl lorilələrin gecələr ovlanmasını kifayət qədər asanlaşdırmışdır: tapetuma (qaranlıqda daha aydın görə bilmək üçün vacib, bir növ bioloji əks etdirmə sistemi) görə onların gözü işığı yaxşı əks etdirir və canlının olduğu yeri müəyyən etməyə imkan verir. Lakin astagəl lorilər üçün ən böyük problem əslində yaxınlaşan insanı, yaxud işıq şüasını görəndə çox vaxt qaranlığa qaçmayıb yerlərində donmalarıdır. Bu üsulla onlar özlərini ölülüyə vurur və üzlərini əlləri ilə örtürlər (buna görə İndoneziyada onları malu-malu adlandırırlar ki, bu söz tərcümədə utancaq deməkdir). Nəticədə bu canlılar nəinki peşəkar ovçu, hətta brakonyerliyə yeni başlayanlar üçün asan qənimət ola bilirlər.[19][27]
1990-cı illərdə astagəl lorilərin kommersiya məqsədi ilə ovlanması təhlükəli miqyas aldı. Əgər əvvəlki vaxtlarda yerli kənd sakinləri canlıları özlərinə qida və dərman əldə etmək, nadir hallarda canlıları ritual məqsədlərdə istifadə etmək üçün ovlayırdılarsa, sonradan xüsusilə astagəl lorilərin varlı şəhərlilərə satılması məqsədi ilə ovlanması daha geniş vüsət aldı və ovlanma həddi populyasiyanı qoruyub saxlanmasına təhlükə yaradacaq qədər artdı. Beləliklə də astagəl lorilərin bütün növləri yox olmaq təhlükəsi altına düşdülər.[15]
Bir çox hallarda astagəl lorilərin və digər canlıların ovlanması onların yerləşdiyi ağacların qırılması ilə bir vaxtda baş verir. Canlıların bu cür ovlanması təcrübəsi artıq uzun əsrlərdir tətbiq olunur, lakin bu prosesin geniş miqyas alması əsasən son vaxtlara aiddir və yağlı palma plantasiyalarının salınması, yaşayış evlərinin tikilməsi ilə bağlıdır. Hətta canlıları meşəqıranlardan alıb daha sonra şəhər bazarlarında satan "peşəkar lori yığıcıları" da meydana çıxıb. Kalimantan və Açexdə meşə materiallarının ticarəti ilə məşğul olanların tutduqları astagəl loriləri satma hallarına da az təsadüf olunmur. Astagəl lori kəsilən ağacdan qaçmır və onun budaqlarından tutmağa davam edir. Bir çox hallarda yüzlərlə və minlərlə kilometr yolu ağac budağından yapışmış halda qalırlar.[29]
Astagəl lorilərə vəhşi heyvanların qanunsuz ticarəti üzrə ixtisaslaşmış vasitəçilər və mafioz qruplaşmalar tərəfindən tələbat Qeyri-qanuni ticarətin gəlirliyini artırmışdır. Ovçular tapılan bütün astagəl lorilərin davamlı şəkildə tutulması üçün ağacları silkələməklə, yaxud onların yanına dırmanmaqla təcrübə keçməyə başlayıblar. Mondolkiridə astagəl lori ovçuları çox zaman onları öldürürlər: ağacları silkələyir, yaxud da dirəklərlə yerə salırlar. İndoneziyada canlı lorilərə daha çox dəyər verilir, çünki onların ovlanması üçün ovçular ağaclara dırmanır və onları V şəkilli çubuqlar vasitəsi ilə tuturlar. Canlını hərəkətsiz vəziyyətə gətirmək üçün bu çubuqları boynuna keçirdirlər. Əgər astagəl lorini balası ilə birlikdə tuturlarsa, balasını canlı götürür, anasını isə öldürürlər.[3]
1993-cü ildə Pnompen bazarlarında, satışda bambuk çubuqlarına bərkidilmiş 200 ölü lori aşkar edilmişdir. Sadəcə bir mağazada bu canlılara məxsus qutularda 150 cəsəd aşkar edilmişdi. Bu astagəl lorilərin nizamsız kommersiya məqsədli ovunun hansı miqyasa çatdığını göstərdi. Bu hal həmin canlıların yerli populyasiyasının faciəvi şəkildə azalması ilə nəticələnmişdir. Həmin vaxtlarda ölü lori 4,25 dollara idi, lakin 1997-ci ildən 2007-ci ilə qədər qiymətləri iki dəfə bahalaşdı[20] və daha da artmaqda davam edir. 2010-cu ildə aparılan sorğuya görə, satıcıların 80 %-i bu cür qiymət artımını əldə edilən bu canlıların sayının azalması, onların qeyri-qanuni ovu və satışı ilə məşğul olanlara qarşı tədbirlərin güclənməsi ilə əlaqələndirirdilər.[20]
Astagəl lori yanlız yayıldığı bölgənin bazarlarında satılmır; Bu canlılarla internet və zoomaqazinlər vasitəsi ilə beynəlxalq ticarət də mövcuddur.[30]
Astagəl lorilərlə bağlı ilk qaçaqmalçılıq hadisəsi Primatların müdafiəsi üzrə Beynəlxalq Liqa tərəfindən (ing. International Primate Protection League) 1974-cü ilin noyabrında sənədləşdirilib. Həmin vaxt San-Fransiskoda Kaliforniya balıqçılıq və ovçuluq departamentinin əməkdaşları (ing. California Department of Fish and Game) Tailanddan göndərilən malların içərisində üzərində "spitting cobras" (tüpürən kobra) yazısı olan çantada 15 astagəl lori aşkar etdilər. Elə həmin çantada ilanlar, tısbağalar və samurlar da aşkar edilmişdi. Bu yük üçün sənədlər natamam və yanlışlıqlarla doldurulmuş, əslində bu canlıları kimin və nə üçün göndərməsi qeyri-müəyyən olaraq qalmışdı.[31]
1990-cı illərin sonunda böyük tələbat və yüksək qiymətlər Yaponiyada astagəl lori qaçaqmalçılarının artımına səbəb oldu. Yapon zoomağaza əməkdaşları təsdiq edirlər ki, onların satdıqları astagəl lori xüsusi şəraitdə yetişdirilir, lakin mağazaların saytlarında onların bu məhsulları Çin, Sumatra və Yavadan əldə etməsi yazılır. Mağazalarda yeni gətirilən astagəl lorilər yaşına və ölçüsünə görə çox fərqlənirlər ki, bu da Vəhşi Təbiətin Müdafiəsi üzrə Yapon Cəmiyyətinin şübhəsinə səbəb olmuşdur. Əslində bu canlılar Yaponiyaya qeyri-qanuni yolla gətirilmişdi. CITES-in I Əlavəsinin rəsmi qanuni ixracla bağlı müddəasına uyğun olaraq 1998-ci ildən 2006-cı ilə qədər Birma və Malayziyadan Yaponiyaya cəmi 10 astagəl lori gətirilmişdir.[32]
24 sorğu və tədqiqatın məlumatlarına görə, 1990-cı ildən 2006-cı ilə qədər il ərzində orta hesabla qeyri-rəsmi olaraq Yaponiyaya Kamboca, İndoneziya, Vyetnam və Laosdan 228 astagəl lori idxal olunub. Astagəl lorilərlə qanunsuz ticarətin əsas mərkəzi Cakarta, Medan, Sinqapur və Banqkok olmuşdur. Astagəl lorinin hər bir növü üzrə canlıların qanunsuz daşınmasının çoxsaylı marşrutları da sənədləşdirilərək 2007-ci ildə SİTES konfransına təqdim edilmişdir.[12]
Anna Nekarisin məlumatlarına görə, 2010-cu ildə astagəl loriləri əsas ixracçıları Laos, Kamboca və Tailand olmuşdur; Sinqapur və Malayziya da bu işə cəlb olunmuşdu. Çin və İndoneziyadan astagəl lorilərin qanunsuz ixracı faktı da aşkar edilmişdir, lakin bu ölkələrdə həmin canlıların çoxu daxili bazara daxil olur. Astagəl lorilərin bədəninin parçaları adətən Tailand və Kambocadan, canlı lorilər isə əsasən Malayziya və Sinqapurdan ixrac olunmuşdur.
Astagəl lorilərin qanunsuz beynəlxalq ticarətində ən iri idxalçıları Yaponiya, ikinci yerdə ABŞ, üçüncü yerdə isə Avropa İttifaqı ölkələri olmuşdur. Qeydə alınan halların yarısından çoxunda (400-dən 238-i) həmin canlılar diri olaraq idxal olunmuşdur. Qeydə alınan 122 halda isə ölü lorinin bədəninin hissələri idxal olunub. Daha 40 halda detallar göstərilməmişdir.[26]
Sadəcə Yaponiyada 1998-ci ildən 2006-ci ilə qədər astagəl lorilərin 39 müsadirəsi faktı qeydə alınmışdır ki, bu vaxt 363 lori canlı olaraq ələ keçirilmişdir. Ən yüksək hədd 2006-cı ildə qeydə alınıb. Belə ki, həmin ildə Tailand, İndoneziya və Sinqapur hökumətləri tərəfindən qaçaqmalçıların Yaponiyaya aparmaq istədiyi 358 astagəl lori aşkar edilmişdir. Beynəlxalq Primat Müdafiəsi Liqası (ing. International Primate Protection League) Tailanddan Yaponiyaya aparılan canlıların bir neçə müsadirəsi faktının detallarını nəşr etmişdir. Dərc edilən materiallar içərisində 2007-ci ilin mayın 2-də SİTES-in konfransına bir ay almış Narita hava limanında 40 astagəl lorinin müsadirə edilməsi prosesinin detalları da var idi. Onlardan 12-i ölmüşdü.[33] Bu müsadirə hallarında qeydə alınan lori ölümlüyünün kifayət qədər aşağı həddidir: bütövlükdə hər növ lorilər üzrə müsadirə edilən lorilərin 76%-i ölür; çoxu zooparka aparılan yolda, yaxud da daha əvvəl - sanitar normaların gözlənilmədiyi qanunsuz beynəlxalq daşınma vaxtı ölmüş olur. Müxtəlif məlumatlara görə, astagəl lorilərin qaçaqmalçılıq yolu ilə daşınması vaxtı həmin canlıların 30%-dən 90%-ə qədəri ölür, sağ qalanları isə xəstə olur.[22] Vəhşi Təbiətin Müdafiəsi üzrə Yapon Cəmiyyətinin bəyanatına görə, nəql edilən astagəl lorilərin yüksək ölümlülüyü bu ticarətlə məşğul olanları bazarda tələb olunandan daha çox daşımağa vadar edir.[32]
Qanunsuz ticarətlə məşğul olanlar astagəl lorinin ön dişlərini çıxardırlar ki, bu canlıları "uşaqlar üçün daha əlverişli" etmək məqsədi daşıyır. Bunu dırnaqtutan, və ya kəlbətinlə kobud şəkildə və antisanitar şəraitdə edirlər. Bəzi hallarda bu proses çoxlu qan itkisinə, şoka, yaxud da bu canlının ölümünə səbəb olur. Çox vaxt da infeksion yoluxmaya və 90% ölümə gətirib çıxarır. Dişsiz qalmış canlını artıq təbiətə qaytarmaq olmaz, çünki onlar həmin vəziyyətlə təbii şərtlərdə qidalana bilmir və yanlız xüsusi qulluq vasitəsi ilə yaşaya bilirlər.[17]
Bazarlarda qanunsuz satışdan əldə edilən astagəl lorilərin çox vaxt tükənmiş, əhəmiyyətli dərəcədə çəkisini itirmiş vəziyyətdə olması, bəzi hallarda isə süni boyalı dəriyə malik olması xilasedici-reabilitiasiya mərkəzlərində növlərin müəyyən edilməsində çətinliklər doğurur.[34] Nəticədə qanunsuz bazardan müsadirə edilən astagəl lorilərin yanlız 5%-ni xilas etmək mümkün olur; qalanları da yanlış müalicəyə, yaxud da diş infeksiyasına görə ölür.[35]
Yaponiyada astagəl lori qaçaqmalçılarının əksəriyyəti sadəcə pul cəriməsi ilə cəzalandırılıb və yanlız 23%-i (39 nəfərdən 9-u) daha ciddi cəzalar almışdır. "Kiodo Tsutsin" xəbər agentliyinin məlumatlarına istinadən, Vəhşi Təbiətin Müdafiəsi üzrə Yapon Cəmiyyəti belə nəticəyə gəlmişdir ki, yapon gömrük işçilərini daha çox ebola kimi təhlükəli infeksiyaların yayılması narahat edir, nəinki nadir və məhv olan canlı növlərini qoruyub saxlanılması.
Bundan savayı astagəl loriləri tez-tez ixracı qadağan olunan canlılarla, misal üçün sürünənlərlə birlikdə daşıyırlar[30] və heç də hər zaman qaçaqmalçılardan müsadirə edilən hər növün sayı barədə məlumat vermirlər; çünki Yaponiyada astagə lori qaçaqmalçıları barədə rəsmi məlumat "aysberqin görünən tərəfində" ola bilər. Astagəl lorilərin aşkar edilməsini çətinləşdirən daha bir cəhət kiçik ölçülü olanlarının asanlıqla çamodanda gizlədilməsinin mümkünlüyüdür. Onlar qorxudan instinktiv olaraq yuvarlaq forma alır və sakit qalırlar.[22]
Astagəl lorilərin yaşadığı bütün ölkələrdə bu canlıları qoruyan və onların ev heyvanı kimi, eləcə də xalq təbabətində istifadə üçün satışını qadağan edən qanunlar qəbul edilib. Belə ki, Kambocada bu canlılar qorunan növlər siyahısına daxil edilib; 2010-cu ildə astagəl lorilərin ölümünə, tutulmasına, zəhərlənməsinə, yaxud da daşınmasına görə 1 aylıq həbs qətimkan tədbiri və 2,4 ABŞ dollarından 250 ABŞ dollarınaqədər məbləğdə cərimə tədbiri görülür. İndoneziyada bu canlılarla ticarət 1973-cü ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 66 saylı dekretin qəbulu ilə qadağan edilib. 1999-cu ildə bu dekretə hökumətin "Vəhşi heyvanların və bitkilərin müdafiəsi haqqında" 7 saylı və "biomüxtəlifliyin qorunu saxlanması" ilə bağlı 5 nömrəli aktı əlavə edilmişdi. Bu qanunların pozulması 5 ilə qədər azadlıqdan məhrum olunma və 100 milyon rupiyə (təxminən 10.000 ABŞ dolları) qədər pul cəriməsi ilə cəzalandırılmaqla nəticələnə bilə[33] r.
1975-ci il 7 yanvar tarixində astagəl lorilərin həmin vaxtlarda iki tanınan növü SİTES-in II Əlavəsinə daxil edildi. Astagəl lorilərin daha sonra aşkar edilən digər növləri bura primatların bütün növləri I və II Əlavəyə daxil ediləndə, yəni 1977-ci il 2 aprel tarixində əlavə edildi. II Əlavəyə daxil edilən vəhşi heyvanların ixracı məhdudlaşdırılmalı idi və yanlız xüsusi razılıq əsasında buraxıla bilərdi ki, bu da onların vəhşi təbiətdə olan populyasiyalarının mövcudluğuna hər hansı bir təhlükə doğurmamış olsun.[36]
Bu beynəlxalq razılaşmalarla astagəl lorilərin qanuni ticarəti SİTES katibliyinin nəzarəti altına keçirildi. Bu cür ticarətin həcmi qeyri-müəyyən olduğuna görə 2007-ci ildən sonra tamamilə dayandırıldı. Qeyri-qanuni ticarət isə qadağalara və məhdudiyyətlərə baxmayaraq davam edir və növlərin yaşamasına ciddi təhlükə törədir.[17][37]
Kamboca dövləti tərəfindən astagəl lorilərin SİTES-in II Əlavəsindən I Əlavəsinə keçirtmək barədə təklif irəli sürüldü. Bununla bu canlılarla beynəlxalq ticarət üzərində daha sərt məhdudiyyətlər tətbiq etmək olardı.[37] Qeyd edək ki, I Əlavəyə görə canlılarla ticarətə yanlız qeyri-kommersiya məqsədlər üçün icazə verilirdi. Misal üçün, elmi tədqiqatlarda. Kamboca dövlətinin təklifi astagəl lorilərin hər üç növünə - tanınan və qəbul edilən benqal, astagəl və kiçik lori növünə aid idi. Başlanğıcda bu təklifin SİTES-in növbəti konfransında dəstəklənəcəyi gözlənilmirdi, ona görə ki, qeydiyyata alınmış astagəl lorilərin qanuni beynəlxalq ticarətinin həcmi demək olar ki, qeyri-müəyyən idi və bu rejimin sərtləşdirilməsi bir o qədər zəruri görülmürdü.[37]
2007-ci ilin aprelində ProFauna İndonesia qeyri-komersiya məqsədli təbiəti mühafizə qrupu Yava adasının Malanq şəhərində astagəl lorilərin müdafiəsi ilə bağlı nümayiş keçirdi. İştirakçılar özlərini körpülərə bağlayaraq üzərində "Astagəl lorilərlə ticarəti dayandırın" (indon. Stop jual kukang) və "Astagəl loriləri almayın" (indon. Jangan beli kukang) yazılan löhvələr tutmuşdular.[33] SİTES-in 14-cü konfransı (CITES COP-14) həmin ilin iyununda Haaqada keçirildi. 8 iyunda Kamboca öz təklifini irəli sürdü.[33] Bu təklifi dəstəkləmək üçün İndoneziya, daha sonra Yaponiya, Hindistan, Laos, Tailand, ABŞ, Aİ, Qətər, o cümlədən də bir çox qeyri-hökumət təşkilatları çıxış etdilər. Əleyhinə heç kim çıxış etmədi və təklif yekdilliklə qəbul edildi.[22][33]
Astagə lorilərin bütün növlərin populyasiyasının sayı və sıxlığı yetərli səviyyədə araşdırılmayıb. Bu canlıların və onların yaşayış yerlərinin müdafiəsinin düzgün təşkili üçün əlavə tədqiqatlara ehtiyac duyulur. Lakin artıq aydındır ki, növlərin xilası və astagəl lorilərin sayının bərpası üçün onların yaşayış yerlərinin fraqmentasiyasına mane olmağa gərək duyulur. Çünki bu canlıların normal şəkildə məskunlaşıb yayılması yanlız qapalı tropik meşələrdə mümkündür. Bu canlılar meşəsiz sahələri keçməkdə çətinlik çəkirlər. Uğurlu reintroduksiya üçün daha ideal olardı ki, yaşayış yerləri daha az sıxlıqda astagəl lorilərin populyasiyası üçün bir-biri ilə əlaqə şəkildə təşkil edilsin. Buna görə də Kalimantan, Yava və Sumatrada astagəl lorilərin yaşadığı xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi tələb olunur.[13]
Astagəl lorilərin bütün növlərinin SİTES beynəlxalq konvensiyasının I Əlavəsinə daxil edilməsinə, bu canlıların qorunması üzrə milli və yerli normativ-hüquqi aktların qəbul edilməsinə baxmayaraq onlar təhlükə altında qalmaqdadırlar. Çünki qəbul edilən qanunlar heç də hər zaman və hər yerdə icra olunmur. Astagəl lorilərlə davam edən qanunsuz ticarət populyasiyanın sayının bərpası və mühafizəsi üzrə görülən bütün uğurlu tədbirləri, o cümlədən də Şərqi və Cənub-Şərqi Asiyada bioloji müxtəlifliyin qorunub saxlanılması üzrə Ümumdünya Bankının 310 milyon ABŞ dolları məbləğində vəsait ayırdığı investisiya proqramını təhlükə altında qoyur.[38]
Astagəl lorilərin ayrı-ayrı bioloji növlərinin müəyyən edilməsindəki çətinliklər ciddi problem olaraq qalır, çünki müxtəlif dövlətlərin hüquq-mühafizə və digər orqanları əməkdaşlarının əksəriyyəti bu işi görə bilmir, onların təbii yaşayış məskənlərini tanımır, çox vaxt astagəl lorilərin hamısını bir növ kimi qəbul edir və mütəxəssislərlə məsləhətləşmədən tutulan canlıları münasib olmayan yerlərdə təbiətə buraxırlar ki, bu da populyasiyanın bərpasını və qorunub saxlanılmasını çətinləşdirir.[25] Bu problemin həlli üçün 2008-ci ildə Sinqapurda hüquq-mühafizə orqanlarının və xilasetmə-reabilitasiya mərkəzlərinin əməkdaşları üçün xüsusi məşğələlər keçirilmişdi. Bu məşğələlərdə onlara astagəl lori növlərini fərqləndirmək öyrədilib, bu canlıların qoruma statusu və bəslənməsi imkanları başa salınıb. Məşğələ başlayana kimi iştirakçıların 87%-i astagəl lorilərin ayrı-ayrı növlərini fərqləndirə bilmirdi, lakin artıq bir gün sora nəticələr əhəmiyyətli dərəcədə yaxşılaşmışdı.[34]
Qeyri-qanuni ticarətdən müsadirə edilən astagəl loriləri çox vaxt xilasedici-reabilitasiya mərkəzlərinə, canlılar üçün "Heyvanların Beynəlxalq Xilası" sığınacaqlarına və digər təşkilatlara yönləndirmək mümkün olur. Bu cür yerlərdə ön dişləri çıxardılan və digər ciddi zədələr alan astagəl lorilərin əksəriyyəti ömürlük olaraq qulluqla təmin olunur. Kifayət qədər sağlam olan canlıları isə təbiətə qaytarırlar. Bu təşkilatlar dövlət orqanları ilə əməkdaşlıq edir və qeyri-qanuni yolla aparılan astagəl lorilərin ticarətinə qarşı görülən tədbirlərdə iştirak edirlər. Eyni zamanda əhali arasında maarifləndirici işlər görürlər.[17]
Astagəl lorinin "sevimliliyi"nə görə hazırlanan "viruslu" videoçarxlar onları YouTube video paylaşma sistemində ən məşhurlardan birinə çevirmişdi. Belə ki, 2011-ci ilin martında kokteyl çətir tutan astagəl lorinin təsviri olan video elə həmin ay 2 milyondan çox baxış toplamışdı. Astagəl lorinin qıdıqlandığı epizod olan daha köhnə videoklipə isə 6 milyon dəfədən çox baxış olmuşdu. Bununla yanaşı tamaşaçıların əksəriyyəti başa düşmürlər ki, bu canlıların sərbəst satışı qanunla qadağandır və videoya çəkilən canlıların itaətkar davranışı əslində stressə qarşı bir növ passiv müdafiə reaksiyasıdır.[39] Misal üçün, astagəl lorinin başının üzərində çətir tutması Anna Nekarisin sözlərinə görə onun bu çətiri görəndə işıqdan qorunmaq üçün bambuk yarpağını xatırlamasına görə baş verir. Nekaris YouTube video paylaşma sisteminin idarəçilərinə bu videonun silinməsi ilə bağlı sorğu göndərmişdi, lakin Britaniya qəzeti "The İndependent"in məlumatına görə bu sorğu qəbul edilməmişdi.[39] Hal-hazırda YouTube video paylaşma sistemində nəinki istifadəçilərə canlılara qarşı qəddar münasibətə, qanunsuz silah və narkotiklərə dair videolara baxmağa imkan verilir, hətta qaçaqmalçılıq yolu ilə satışı təşkil edilən canlılar barədə hazırlanan videoçarxlara qarşı da hər hansı bir tədbir görülmür.[40]
"Astagəl lorinin qıdıqlanması" olan video son nəticədə 2012-ci ilin fevralında 9 milyondan çox baxış və 12 mindən çox şərh yığdıqdan sonra silindi, lakin onun sürəti olan video daha sonra yenidən internetə yerləşdirildi. Bu videoklipin YouTube video paylaşma sistemində əlçatan olduğu vaxtlarda astagəl lorinin müdafiəsi ilə bağlı diqqəti cəlb edən 2 informasiya hadisəsi baş verdi. Belə ki, 2011-ci ilin mart ayında Vikipediyanın ingilisdilli bölməsində astagəl lorinin mühafizəsi ilə bağlı məqalə yaradıldı, 2012-ci ilin yanvarında isə BBC telekanalında "Jungle Gremlins of Java" (Yavanın Cəngəllik qremlinləri) adlı televiziya verilişi nümayiş etdirildi.[41] Bu verliş astagəl lorilərin müdafiəsizliyindən, bu canlıların məruz qaldığı kəskin istismar hallarından bəhs edirdi. Hər iki hadisə böyük səs-səda doğurdu. Buna baxmayaraq astagəl lorilərlə videoklipin populyarlığı bu canlıların təhlükədə olmasının fərqində olmaq, yəni onları qorumaq üçün nə etmək lazım olması baxımdan o qədər də faydalı olmadı. Zamanla astagəl lori əldə etməklə bağlı şərhlər daha da çoxalırdı. Bu canlıların mühafizə olunması statusu haqqında məlumatı olan tamaşaçıların şərhləri də artırdı, lakin bu yanlız müəyyən müddətə baş verirdi.[41][42] Teleproqramın çıxmasından sonra YouTube video paylaşma sistemindən bu videoklip də silindi.[41][42]