Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi — Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir.
Maddə 3 — İşgəncələrin qadağan olunması. Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
Bu hüquqa heç bir istisna və ya məhdudiyyət yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi 3-cü maddənin əsas mahiyyətini qadağanın "qurbanın davranışından asılı olmayaraq" mütləq şərtlərlə edildiyini qəbul edərək vurğulamışdır.[1]
Məhkəmə, eyni zamanda, dövlətlərin qəbul edən dövlətdə işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala biləcək şəxsləri ekstradisiya edə və ya təhvil verə bilməyəcəyinə qərar vermişdir.[2]
Məhkəmə daha sonra bu müddəanın bir şəxsin qəbul edilən dövlətdə işgəncəyə məruz qalma ehtimalının olduğu təqdirdə xarici dövlətə verilməsini qadağan etdiyini qeyd etmişdir. Bu maddə şəxsin ölüm cəzasına məruz qalma ehtimalı olduğu təqdirdə bir dövlətin başqa bir dövlətə təhvil verməsini qadağan etdiyi kimi şərh edilmişdir. Bununla belə, bu maddə bir dövlətin öz ərazisində ölüm cəzası verməsini qadağan etmir.
Məhkəmə 1996-cı ildə Aksoy Türkiyəyə qarşı (1997) əlləri arxasına bağlı şəkildə qolları üzərində dayandırılan bir məhbusun işində Türkiyəni işgəncə faktına görə təqsirli hesab etdi.[3]
Selmouni Fransaya qarşı (2000) işdə Məhkəmə Konvensiyanın "canlı alət" olduğu üçün əvvəllər qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi xarakterizə olunan davranışın gələcəkdə işgəncə kimi qəbul edilə biləcəyini təsdiq etdi.[4]
Bu müddəa ciddi polis zorakılığı və ya həbs müdətində şəraitin pis olduğu işlərə tətbiq olunur.
İrlandiya Böyük Britaniyaya qarşı işdə (1979–1980) Məhkəmə Birləşmiş Krallıq tərəfindən Şimali İrlandiyada 14 məhbusa qarşı edilən 5 hərəkətin (divara dayanma, üzü üstə qoyma, səsə məruz qoyma, yuxudan məhrum etmə, yemək və ya içkidən məhrum etmə) "qeyri-insani və ya ləyaqəti alçaldan rəftar" olduğunu və bunun Avropa İnsan Hüquqları Konvensiyasının pozuntusu olduğunu tanıdı. Lakin bu hərəkətləri "işgəncə" kimi qəbul etmədi.[5]
2014-cü ildə 1971–1972-ci illərdə Şimali İrlandiyada beş hərəkətdən istifadə qərarının ingiltərəli nazirlər tərəfindən alındığını göstərən yeni məlumatlar aşkar edildikdən sonra[6] İrlandiya Hökuməti Avropa İnsan Hüquqları Məhkəməsindən qərarını gözdən keçirməsini istədi. 2018-ci ildə bir səsə altı səslə Məhkəmə iddianı rədd etdi.[7]
9 iyul 2013-cü il tarixində ingilis məhkum Ceremi Bamber bütün ömürlük azadlıqdan məhrumetmənin (şərti azadetmə hüququ olmadan) Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə zidd olduğu barədə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət haqqı qazandı. Böyük Palata 1 səs əleyhinə, 16 səs lehinə olmaqla qərar verdi, yəni Böyük Britaniya hökuməti artıq ömürlük azadlıqdan məhrumetmə ilə bağlı 49 işə bu cür baxmağa məcbur olacaq.
2014-cü ildə Etksebarria Caballero İspaniyaya qarşı işlə birgə baxılan bu işdə Məhkəmə yekdilliklə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan olunması) pozulduğuna qərar verdi. Bunun səbəbi ərizəçilərin pis rəftar iddialarının qarşılığında effektiv bir araşdırma aparılmaması idi.[8]
2003-cü ilin dekabrında Məhkəmə M.C. Bolqarıstana qarşı işdə Konvensiyanın 3-cü və 8-ci maddələrinin pozuntusunu tanıdı. Bu işdə Məhkəmə təcavüzün cəzalandırılması və təcavüz hadisələrinin araşdırılması üçün müsbət bir öhdəliyin mövcudluğundan bəhs edir. Hakim F. Tulkens bu işdə qərarla razılaşması barədə xüsusi rəy vermişdir.
2007-ci ilin may ayında Məhkəmə bir daha dövlətlərin hüquq və azadlıqları təmin etməsi barədə öhdəliyini təkrar etdi. Dövlətlər fərdi şəxslər tərəfindən edilən pis rəftar da daxil olmaqla, pis rəftarın qarşısını almaq üçün tədbirlər görməlidirlər. Dövlətlər həmçinin pis rəftar faktlarını araşdırmalıdır.[9]