İngilis və ya anqlosaks ədəbiyyatı — 1066-cı ildə Normand istilasının başa çatması və İngiltərədə sakslar, həmçinin yutlar və anqllar kimi digər german tayfalarının məskunlaşmasından sonrakı dövr ərzində anqlosaks İngiltərəsində qədim ingilis dilində yazılmış ədəbiyyat əsərləri. Bu əsərlərə epik poeziya, aqioqrafiya, İncilin tərcüməsi, dövlət sənədləri, xronoliji sənədlər, tapmacalar və digər janrlar daxildir. Bəhs edilən dövrdən bütün bu janrlara aid 400-ə qədər qorunub saxlanmış əlyazma mövcuddur.
Şifahi xalq ədəbiyyatı erkən ingilis mədəniyyətində sarsılmaz mövqeyə malikdir. Bu səbəbdən də epik şeirlər çox geniş yayılmışdır və "Beəvulf"’ da daxil olmaqla bəziləri bu günümüzə kimi qorunub saxlanılmışdır. azırkı əlyazmalarda qədim ingilis dilində yazılmış bir çox şeir, çox güman ki, müharibə mövzusunda olan erkən german şeirlərindən alınmışdır. Bu tip poeziya İngiltərəyə gətirildiyi zaman artıq o nəsildən-nəslə şifahi halda keçməkdə idi.
Xronikalar geniş miqyasda tarixi və ədəbi hadisələrdən ibarətdir və diqqətəlayiq nümunələrdən biri də anqlosaks xronikasıdır. Bu isə qədim ingilis dilində yazılmış və anqlosaks tarixinin qeydə alındığı tarixi salnamələr toplusudur. Bu xronikanın doqquz əlyazması bütöv və ya hissələr şəklində günümüzə qədər qorunub saxlanmışdır, lakin heç də hamısı eyni tarixi dəyərə malik deyil, həmçinin heç biri orijinal variant da deyil. "Maldon döyüşü" poeması da tarixi mövzudadır. Bu isə anqlosaksların 991-ci ildə baş verən Vikinq hücumunun qarşısını ala bilmədikləri Maldon döyüşünü mədh etmək məqsədilə verilən addır, adın verilmə tarixi isə məlum deyil. Yalnız 325 misrası bizə məlumdur, poemanın başlığı və sonu isə itmişdir. Antik tarix anqolosaks İngiltərəsindən yan keçməmişdir və qədim ingilis dilində olan bir neçə şeir son antik dövrün fəlsəfi mətnlərdən təsirlənərək yazılmışdır. Həcminə görə ən böyüyü Kral Alfredin (849–899) 9-cu əsrdə tərcümə etdiyi "Boetiusun təsəlli fəlsəfəsi" olmuşdur.
Bütün anqlosaks müəlliflərin adları məlum deyildir; Orta əsr mənbələrində onlardan on ikisinin adı çəkilir, lakin yalnız dördünün ana dilində əsərləri olduğu bilinir: Kadmon, Bid, Böyük Alferd və Sinevulf. Kadmon erkən dövr ingilis şairidir. Onun dövrümüzə qədər gəlib çıxmış yeganə əsəri 7-ci əsrin sonlarında yazıldığı güman edilən "Kadmonun himni"dir. Himn 658–680-ci illər arasında bəstələnmiş, 8-ci əsrin əvvəllərində oxunmuşdur və hal hazırda himnin 14 müxtəlif variantda əlyazma nüsxələri mövcuddur.
Bu mərhələdə dini ədəbiyyat populyarlıq qazanmağa başlamışdı və "Müqəddəs Odrinin həyatı", İdmerin (1060–1126) "Müqəddəs Anselmin müasir bioqrafiyası" və "Cənubi ingilis əfsanəsi" kimi aqioqrafiyalar yazılır və tərcümə edilirdi. 12-ci əsrin sonlarında Layamon ilk ingilis dilli əsər yazmaq məqsədilə "Veysib" əsərindən təsirlənərək, "Kral Artur və Dəyirmi masa cəngavərləri "əfsanəsindən bəhs edən "Brut" əsərini qələmə aldı. Bu isə həmçinin Anqlosaks xronikasının yazıldığı vaxtdan bəri ingilis dilində olan ilk yazılı tarixi əsər idi. Bəhs etdiyimiz əsrdə orta əsr ingilis dili kimi də tanınan yeni üslub formalaşır və inkişaf edirdi. Bu isə çətin olmasına baxmayaraq, müasir oxucular və dinləyicilər üçün anlaşıqlı görünən ingilis dilinin erkən formasıdır. Orta əsrlərdə İncilin ingilis dilinə tərcüməsi, xüsusilə də Viklifin başçılığı altında edilən tərcümə ingilis dilini ədəbi dilə çevirməyə kömək etdi.
Digər ədəbi janr olan, Anqlonormand mənbələrində Horn romantizmi kimi verilən Romantizm İngiltərədə kral Horn və danimarkalı Heyvlok sayəsində 13-cü əsrdə meydana gəlmişdir, lakin İngiltərə tarixində, əsasən, aparıcı yazıçıların ədəbiyyata gəlişi 14-cü əsrə təsadüf edir. Bu yazıçılar sırasına Uilyam Lanqland, Cefri Çoser və ən məşhur əsəri "Ser Qavain və yaşıl cəngavər" olan "Mirvari Şair" daxildir.
1476-cı ildə Uilyam Kakstonun İngiltərəni çap dəzgahı ilə tanış etməsindən sonra ana dilli ədəbiyyat inkişaf etməyə başladı. Ədəbi dildə əvəzsiz rola malik "Ümumi dualar kitabı"nın ərsəyə gəlməsinə səbəb olan reformasiya ana dilli ədəbiyyat əsərlərinin yazılmasına təkan vermişdir. İngilis renessansı İngiltərədə 15-ci əsrin sonları 16-cı əsrin əvvəllərindən 17-ci əsrə qədər davam edən mədəni və bədii cərəyandır. Əksər şimali Avropa ölkələri kimi İngiltərə də ədəbi nailiyyətləri bir neçə əsr sonra əldə etmişdir. Renessans üslubu və ideyalarının sürətli inkişafda olan İngiltərədə zəif yayılmasına baxmayaraq, Elizabet erası 16-cı əsrin ikinci yarısında İngilis renessansının zirvə nöqtəsi hesab olunur.
16-cı əsrin sonları və 17-ci əsrin əvvəllərində I Elizabet (1558–1603) və sonradan I Ceymsin (1603–25) hakimiyyəti dövründə Londonda təşəkkül tapmış mədəniyyət möhtəşəm poeziya və dram əsərləri yaratmışdır. İngilis drammaturqları öz əsərlərində orta əsr teatrının motivləri ilə faciə janrında Seneka, komediya janrında Platus və Terens kimi Roma drammaturqlarının üslublarını birləşdirmişlər. İtaliya İngiltərədə Renessans ideyalarının əsas mənbəyi idi və atası italyan olan, özü isə I Ceymsin sarayında dövlət dili məsləhətçisi kimi fəaliyyət göstərən dilçi alim və leksikoqraf Con Florio (1553–1625) bundan əlavə italyan dilinin və mədəniyyətinin əksər xüsusiyyətlərini İngiltərəyə gətirmişdir. O, həmçinin fransız yazıçısı Montenin əsərlərini ingilis dilinə tərcümə etmişdir. İtalyan dili və mədəniyyətinin təsirinə erkən Renessans dövrü ingilis şairi Tomas Uatın (1503–1542) şeirlərində də təsadüf oluna bilər. O, 16-cı əsrin əvvəllərində İtaliyanın sonet janrını İngiltərəyə tanıdan Sari vilayətinin qrafı Henri Hovardla (1516/1517–1547) birgə ingilis poeziyasında bir çox yeniliyin müəllifidir. Onun ədəbi əsərlərinin çox hissəsini italyan şairi Petrarxın sonetlərinin tərcüməsi və bu sonetlərə yazılmış nəzirələr təşkil etməsinə baxmayaraq, həmçinin özü də sonetlər yazmşdır.
Tüdorlar sülaləsi və I Elizabeti tərənnüm edən poema və fantastik alleqoriya "Faerie Queene" (Sehrli Kraliça) (1590–1596) əsərinin müəllifi Edmund Spenser (1552–1599) bu dövrün ən önəmli şairlərindəndir. Digər mühüm səxslərdən biri də ingilis şairi, saray xadimi və əsgər olan Ser Filip Sidneydir (1554–1586) və o, Elizabet dövrünün ən məşhur şəxslərindən biri kimi yaddaşlarda qalmışdır. O, "Astrofel və Stella", "Poeziyanın müdafiəsi", və "Pembrok Arkadiasının qrafinyası" kimi əsərlərin müəllifidir.
Erkən Elizabet dövründə yazılmış pyeslərə Sakvil və Nortonun "Qorboduk" (1561) və Tomas Kidin (1558–94) "İspan faciəsi" əsərləri daxildir. "Qorboduk" xüsusilə ingilis dilində ilk mənzum dram olduğuna, hadisələrin inkişafının erkən əxlaqi pyeslər və Senekanın müəllifi olduğu faciələrlə səsləşdiyinə və sonrakı nəsl drammatuqların ondan təsirlənərək yazacağı üslubuna görə, çox diqqətəlayiq və məşhur bir əsərdir. 1582 və 1592-ci illər arasında Tomas Kid tərəfindən yazılan "İspan faciəsi" və ya "Hironimo yenidən dəli olur" əsəri Elizabet dövründə qələmə alınan faciələrdəndir. Öz dövrünün çox məşhur və təsirli əsəri "İspan faciəsi" ingilis teatr ədəbiyyatında yeni bir janrın, qisas mövzusunda drammaturgiyanın əsasını qoymuşdur.
Uilyam Şekspir (1564–1616) hələ də əvəzolunmaz şair və drammaturq kimi diqqətəlayiqdir. Şekspir ixtisasına görə yazı-pozu işlərindən uzaq idi və çox güman ki, yalnız orta təhsili vardı. O, yazmağa başladıqda ingilis ədəbiyyatında hökmranlığı əlinə almış "universitet zəkalarından" fərqli olaraq nə hüquqşünas, nə də aristokrat idi. Lakin o, istedadlı və hərtərəfli idi. Şekspir ona rişxənd edən Robert Qrin kimi "peşəkarları" geridə qoymuşdur. Şekspir tarixi, faciə, komediya, və son növ roman və ya tragikomediya daxil olmaqla müxtəlif janrlarda yazmışdır. Onun gərgin ikili süjetə malik və dəqiq komik səhnələrdən ibarət "Yanlışlar komediyası" kimi erkən klassik və italyan tərzində yazılmış komediyaları 1590-cı illərdə öz yerini romantik ruhlu möhtəşəm komediyalarına vermişdir. "Yaz gecəsi röyası" romantika, pəri-cadu və sadə komik səhnələrin peşəkar vəhdətindən ibarətdir. Şekspirin növbəti komediyası, eyni zamanda romantik sayılan "Venesiya taciri" kinli yəhudi sələmçi Şayloku təsvir etmə üsuluna görə çətin və problematik sayıla bilər.
Şekspir həmçinin Petrarx modelində əhəmiyyətli dəyişikliklər edərək yaratdığı ingilis sonetini məşhurlaşdırdı. Həyatın ötüb keçməsi, sevgi, gözəllik və ölüm kimi mövzuları əhatə edən 154 sonetdən ibarət toplu ilk dəfə 1609-cu ildə "Şeyk-spiker sonetləri" adı altında çap olunmuşdur. İlk 17 şeir öz gözəlliyini gələcək nəsillərə ötürərək ölümsüzləşdirmək üçün özünü evlənməyə və uşaq sahibi olmağa vadar edən gənc oğlan haqqındadır.
Elizabet dövrü teatr ədəbiyyatının ən önəmli şəxslərinə Xristofor Marlov, Ben Conson, Tomas Deker, Con Fletçer və Fransis Bimont daxildir.
Marlov (1564–1593) digər mövzulara nisbətən daha çox Renessans dövrü insanının mənəvi dramından bəhs etdiyinə görə əsərlərinin predmeti Şekspirdən fərqlənir. Alman folkloru ilə maraqlanan Marlov daim bilik əldə etmək, insanın texniki gücünü sonuncu həddə qədər inkişaf etdirmək və ruhunu şeytana satmaq arzusunda olan alim və cadugərdən bəhs edən "Faust" (1592) pyesində İngiltərəyə Faust əfsanəsini tanıtmışdır.
Şekspirin ölümündən sonra şair və drammaturq Ben Conson Yakobin dövrününn aparıcı bədii yaradıcılarındandır. Consonun estetikası Orta əsrlər ədəbiyyatını xatırladır və onun yaratdığı obrazlar yumor nəzəriyyəsini təcəssüm etdirir. Yakobin dövründə teatr ədəbiyyatının digər məşhur üslubu Yelizaveta dövründə Tomas Kid (1558–94) tərəfindən məşhurlaşan və sonradan Con Vebster (1578–1632) tərəfindən inkişaf etdirilən intiqam mövzusunda olan pyeslərdir. Vebsterin ən məşhur pyesləri "Ağ şeytan" (1612) və "Malfi hersoginiyası" (1613) əsərləridir. İntiqam mövzusunda yazılmış pyeslərə Tomas Midlton və Uilyam Rouleyin "Dəyişdirilmiş uşaq", ilk dəfə 1611-ci ildə nəşr edilən Siril Tornerin "Dinsizin faciəsi", Xristofor Marlovun "Maltalı yəhudi", Con Marstonun "Narazı" (1603) əsərləri və digərləri daxildir. "Hamlet"dən əlavə Şekspirin "Titus Andronikus" əsəri intiqam mövzusunda olan faciədir.
Restavrasiya dövrü ədəbiyyat nümunələrinə "İtirilmiş cənnət", "Roçester Sodom qrafı", "Kəndli qadın" komediyası və digərlərindən ibarətdir. Ədəbi ənənələrdə ziddiyyət yaradan Kromvelin Puritan rejiminin ədəbiyyat sahəsinə rəsmi müdaxiləsi senzura və köklü şəkildə tərbiyəvi meyarların qoyulması ilə nəticələndi. Con Milton həmin əsrin dini cərəyanı və siyasi çevrilişi müddətində yaradıcılıqla məşğul olan dahi ingilis şairlərindən biridir. Milton özünün "İtirilmiş Cənnət" (1671) poeması ilə məşhurluq qazanmışdır. Uilyam Hayley onu 1796-cı ildə yazdığı bioqrafiyasında "Dahi ingilis müəllifi" adlandırmışdır və o hələ də "ingilis dilində yazıb yaradan məşhur yazıçılardan biri" hesab edilməkdədir. Con Miltonun dini mövzuda yazılmış "İtirilmiş cənnət" poeması 1667-ci ildə nəşr edilmişdir.
Bu dövrün ən geniş yayılmış və əhəmiyyətli şeir forması satira idi. Ümumilikdə satirik şeirlər anonim şəkildə nəşr olunurdu. Satira yazmağın özü isə böyük bir təhlükə idi. Satirikin aristokratiyanı tənqid edən yazılar yazdığı sübut olunardısa, onun üçün təqiblərdən qaçmaq çox çətin olardı. Con Drayden İnglitərədə Restavrasiya dövründə ədəbiyyatda əsas üstünlüyü ələ almış nüfuzlu ingilis şairi, ədəbi tənqidçisi, tərcüməçisi və drammaturqudur. Belə ki, həmin dövr Drayden erası kimi də tanınmağa başlamışdır. O uğurlu satira, dini əsər, təmsil, epiqram, proloq və pyeslər yazaraq ingilis şeiriyyatının standart forması kimi epik məsnəvinin əsasını qoymuşdur. Draydenin ən böyük uğuru "Makflekno" (1682) kimi satirik şeirləridir. Restavrasiya dövründə nəsr əsasən xristian dini mövzusunda yazılmış əsərlərdə üstünlük təşkil edirdi, lakin bu dövrdə sonrakı mərhələlərdə də istifadə olunacaq iki janrın: belletristika və jurnalistikanın əsası qoyulmuşdur. Von Lok da özünün fəlsəfi əsərlərinin əksəriyyətini Restavrasiya dövründə yazmışdır.
Restavrasiya dövrü ərzində xəbər əldə etməyin ən geniş yayılmış üsulu böyük vərəqlərdə çap olunan qəzetlərin nəşri olmuşdur. Bununla belə İngiltərədə ilk peşəkar və dövri (nəşrlərin müntəzəm çıxdığı mənasındadır) jurnalistika bu dövrdən başlanmışdır. Jurnalistika gec, daha dəqiq Uilyam Oranjın taxta iddia etdiyi 1689-cu illərdə təşəkkül tapmışdır. Ümumilikdə, Uilyam artıq neçə illərdir qəzet nəşr olunan Amsterdamdan öz sarayına gəldikdən sonra İngiltərədə qəzet nəşr olunmağa başladı.
Romantizm 18-ci əsrin sonlarına doğru Avropada meydana gələn bədii, ədəbi və intellektual cərəyandır. Britaniya ədəbiyyatında Romantizm dövrü haqda müxtəlif tarixlər irəli sürülür, lakin Lirik balladanın nəşr olunduğu 1798-ci il bu dövrün başlanğıcı, Kraliça Viktoriyanın tacqoyma mərasiminin baş tutduğu 1837-ci il isə sonu hesab olunur. Bu dövrün yazıçıları özlərini romantik kimi hesab etmirdilər və bu termini ilk dəfə Viktoriya dövrünün ədəbi tənqidçisi işlətmişdir. Romantizm sonradan dünyanın digər ingilis dilli ölkələrinə yayılmışdır.
Robert Börns (1759–1796) Romantizm cərəyanının novator şairlərindəndir və ölümündən sonra Şotlandiyada mədəniyyət simvoluna çevrilmişdir. Şeirlər yazmaqla yanaşı, Börns həmçinin Şotlandiyadan xalq mahnılarını toplamışdır. Əsas etibarilə şotland şivəsində yazılmış şeirləri 1786-cı ildə nəşr olunmuşdur. "Auld Lang Sayn", "Qırmızı, qırmızı qızılgül", "Bit", "Siçan", "Şeramir döyüşü", "Tam o Şanter" və "Məhəbbət dolu öpüş" əsərləri Börnsün bütün dünyada məşhurluğunu qoruyub saxlayan şeirləri və mahnıları sırasındadır.
Romantizm cərəyanının ikinci nəsl şairləri sırasına Lord Bayron (1788–1824), Persi Bisşi Şelley (1792–1822) və Con Kits (1795–1821) daxildir. Bayron böyük şöhrət qazanmışdır və özünün cəlbedici və tarixi tərtibatı ilə fərqlənən, zülmkarlığı və dramı önə çıxaran əsərlərilə bütün Avropanı təsir altına almışdır. Höte onu "bizim əsrin qeyd-şərtsiz ən böyük dahisi" adlandırmışdır. 1819–1824-cü illər arasında Bayron tənqidçilər tərəfindən qınanan yarımçıq qalmış epik satirasını — "Don Juan"ı nəşr etdirmişdir. Onun bir hissəsini tərcümə edən Höte bu əsərə heyran qalmışdır.
1811-ci ildə Bayron İngiltərəyə qayıtdı. 1812-ci ilin əvvəlində, Şərqdə yazdığı Child-Harold'un Həcc şeirinin ilk iki mahnısı nəşr olundu; üçüncü kanton 1817-ci ildə, dördüncüsü 1818-ci ildə İsveçrə və İtaliyaya səyahət etdikdən sonra nəşr olundu. Childe Harold xarakteri, cəmiyyət və əxlaqla barışmaz bir qarşıdurmada olan yeni bir qəhrəmanın tipik xüsusiyyətlərini təcəssüm etdirir. Bu görüntünün uyğunluğu, dünyanın bütün dillərinə tərcümə edilən şeirin uğurunu müəyyən etdi. Childe Harold adı tezliklə hər şeydən məyus olan bir insanın düşmən reallığa etirazını daşıyan bir adamın adı oldu.
20-ci əsrin son onilliklərində elmi-fantastik janr ciddi şəkildə işlənməyə başlanmışdır, belə ki, Artur C. Klarks, İsak Asimov, Ursula K. Le Quin, Maykl Morkok və Kim Stenli Robinzon kimi yazıçıların əsərləri bu janrdadır. Bu janrda yazan müəlliflər arasında digər məşhur yazıçı Duqlas Adams komik elmi-fantastik janrda olan "Hitkikerin dünya bələdçisi" əsəri ilə tanınır: bu əsər 1978-ci ildə hissələr şəklində radioda səslənməyə başladı. Doris Lesinq və Marqaret Atvud kimi başlıca belletristlər bu janrda da əsərlər yazdığı halda, Şotland belletrist İan M. Banks həm ənənəvi, həm də elmi fantastik romanların müəllifi kimi nüfuz qazanmışdır.