Axınla aşağı — filmi rejissor Asif Rüstəmov tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında[2] istehsal edilmişdir. Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi ona birlikdə xaricə getməyi təklif edir. Lakin Əlinin ailəsində faciə baş verir. Filmdə əsas rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Elmin İmamverdiyev, Teymur Məmmədov, Ülvi Paşabəyli, Gülşad Baxşıyeva, Telman Əliyev, Pərviz Bağırov və Eldar Bağırbəyov ifa edirlər. Film bir neçə festivalda mükafat almışdır.
Axınla aşağı | |
---|---|
Axınla aşağı | |
Janr | dram |
Rejissor | Asif Rüstəmov |
Prodüser | Müşfiq Hətəmov |
Ssenari müəllifləri |
Asif Rüstəmov Otar Pertaxia |
Baş rollarda |
Namiq Ağayev Mehriban Zəki Aleksandra Andreyevska Elmin İmamverdiyev Teymur Məmmədov Ülvi Paşabəyli Gülşad Baxşıyeva Telman Əliyev Pərviz Bağırov Eldar Bağırbəyov |
Operator | Ayhan Salar |
Bəstəkar | Xəyyam Mirzəzadə |
Rəssam | Rafiz İsmayılov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 19 dekabr, 2014, Nizami Kino Mərkəzi[1] |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 90 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
IMDb | ID3826790 |
Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir.[1] Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi (Aleksandra Andreyevska) ona birlikdə xaricə getməyi təklif edir. Hər dəfə bu təklifə Əli tərəddüd edir. Əli daxilən özünü tənha hiss edir. Və xoşbəxtliyi öz ailəsində deyil başqalarında axtaran zəif iradə sahibi və qərarsız biridir. Bu xarakteri də onun ailəsində problemlər yaradır. Qonşu qadın (Gülşad Baxşıyeva) onun həyat yoldaşı Leylaya (Mehriban Zəki) ərinin başqasıyla görüşdüyünü eyham vurur. Leyla isə əsl fədakar azərbaycanlı qadın tipajıyla qonşuya mən ona inanıram deyə cavab verir.
Əlinin oğluyla (Elmin İmamverdiyev) problemləri də filmin əsas mövzularından biridir. İlk səhnədən o oğlunu digərlərinin yanında təhqir edir və başqalarının yanında mənə ata demə deyə onu alçaldır. Ata oğlunu avarçəkənlərin kapitanı etsə də, sonradan idman yarışlarına az qalmış oğlunun kapitan "rütbə"sini əlindən alıb, başqasına verir.[1] Bu hadisədən sarsıntı keçirən oğlan özünü suya atır və qeybə çəkilir.
Əli və Leylanın öz itkin düşmüş oğullarını axtarması filmin əsas hissəsinə çevrilir. Bu axtarış onların dağılmış ailəsini nisbətən təmir etməyə başlayır. Peşmançılığı üzünə yansıyan Əlinin bu iztirablı axtarışı, Leylanın keçirdiyi daxili təlatüm müəllif tərəfindən dəqiq göstərilmişdir. Onlar oğullarını axtarmaq məqsədilə birləşirlər və belə anda onları polşalı qadın da ayıra bilmir…
Dram janrında çəkilən ekran əsəri rejissor Asif Rüstəmovun[3] debüt tammetrajlı filmidir.[4]
İllər | Festival və tədbirlər | Mükafatlar | Ölkə və şəhərlər |
2014 | 1-ci İpək Yolu Beynəlxalq Film Festivalı | "Tamaşaçı rəğbəti" mükafatı[5] | ÇXR, Sian |
2014 | 49-cu Karlovy Vary Beynəlxalq Film Festivalı[6] | Çexiya, Karlovı Varı | |
2014 | Adana Altın Koza Film Festivalı | Türkiyə, Adana | |
2014 | Hindistan Beynəlxalq Film Festivalı | Hindistan, Qoa | |
2014 | Kotbus Beynəlxalq Film Festivalı | Almaniya, Kotbus | |
2015 | "Asiatica, Encounters with Asian Cinema" Beynəlxalq Film Festivalı[7] | İtaliya, Roma | |
2015 | Golden Anteaters Film Festivalı | Polşa, Lublin | |
2015 | Houston WorldFest | "Gümüş Remi" mükafatı[8] | ABŞ, Hyuston |
2015 | "Qızıl Pəri" Mükafatları | "Ən yaxşı tammetrajlı debüt filmi" nominasiyasında "Qızıl Pəri" mükafatı[9] | Azərbaycan, Bakı |
2015 | Pune Beynəlxalq Film Festivalı | Hindistan, Puna | |
2015 | Let’sCee Beynəlxalq Film Festivalı | "Xüsusi vurğulama mükafatı"[10] | Avstriya, Vyana |
2015 | SEEfest Beynəlxalq Film Festivalı | "Ən yaxşı debüt" mükafatı[11][12] | ABŞ, Los-Anceles |
2016 | 20-ci Beynəlxalq Kinofestival[13] | Peru, Lima | |
2016 | Azərbaycan Kinosu günləri[14] | Meksika, Mexiko | |
İstanbul Ailə Filmləri Festivalı | Türkiyə, İstanbul | ||
Daka Qısametrajlı Müstəqil Film Festivalı | Banqladeş, Daka |
Rejissor: Asif Rüstəmov
Ssenarist: Asif Rüstəmov, Otar Pertaxia
Operator: Ayhan Salar
Prodüser: Müşfiq Hətəmov
Rəssam: Rafiz İsmayılov
Bəstəkar: Xəyyam Mirzəzadə
Namiq Ağayev — Əli: Əli Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir.
Mehriban Zəki — Leyla: Əlinin həyat yoldaşıdır.
Aleksandra Andreyevska — polşalı qız: Polşalı qız idman məşqçisidir.
Elmin İmamverdiyev — Ruslan: Əli ilə Leylanın oğludur.
Teymur Məmmədov[2] — Arif: Polis zabiti, Əlinin dostudur.
Ülvi Paşabəyli — İlqar: Ruslanın idmançı dostudur.
Gülşad Baxşıyeva — qonşu qadın: Əligilin qonşusudur.
Telman Əliyev — Əhəd: Əlinin işlədiyi idman kompleksinin direktorudur.
Pərviz Bağırov — balıqçı
Eldar Bağırbəyov — Valera, Əlinin dostu.
Şamil Süleymanlı — gözətçi