Azərbaycan Şimali Amerika mətbuatında

Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetinin 1823-cü il 25 mart tarixində çap edilmiş məqalə.

Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş ŞtatlarıKanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar.

Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir.

Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib.

Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi. Yazıda deyilir ki, "Chicago Carpet CO. Ltd" şirkəti mart ayı münasibətilə böyük endirim elan edir. Mart endirimləri münasibətilə Qarabağ xalçaları 12$ əvəzinə 5$'dan, Şirvan xalçaları isə 25$ əvəzinə 12.50$ dan təklif olunur. Başqa bir qəzetdə isə "Qarabağ xalcaları digər xalcalardan niyə daha ucuzdur?" sualı ünvanlanır. Sualın cavabı kimi isə Qarabağ xalcalarının daha asan əldə olunan olduğu göstərilib.

1892–1905-i illər ərzində ABŞ-nin 70-dən çox qəzetində başda Qarabağ olmaqla, ŞirvanGəncə xalçalarının satışı və təmiri üzrə azı 200 reklam xaraterli elanı yerləşdirilib.

20–30-cu illər

[redaktə | mənbəni redaktə et]
The Guardian, 1920-ci il 6 aprel nömrəsi.

XX əsrin əvvəllərində çap edilən qəzet və jurnalarda isə Azərbaycanla bağlı daha maraqlı məlumatlar mövcuddur. Bunlar arasında Birinci Dünya müharibəsindən sonra, xüsusi ilə 1918, 1919 və 1922-ci illəri əhatə edən dövr daha zəngindir. Bunun əsas səbəbi müharibədən sonrakı ilk illərdə ABŞ-nin regiona marağının artması və fəallaşması ilə bağlı idi.

İlk bu qəbildən olan məlumatlardan biri 1920-ci ildə ABŞ-nin mərkəzi Kanzas ştatında nəşr olunan qəzetdə verilmişdir. Qəzetdə erməni vəhşiliyi əksini tapmışdır. Ştatın Vicita şəhərində dərc edilən "The Wichita Beacon" qəzetinin 1920-ci il 5 aprel bazar ertəsi nömrəsinin 1-ci səhifəsində Naxçıvandakı 3 müsəlman-tatar kəndinin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı məqalə dərc edilmişdir. Bu xəbər təkcə "The Wichita Beacon" qəzetində yox, Kanzasın ətrafında yerləşən ştatların 50-dən çox qəzetlərində, hətta Kaliforniya ştatında belə yayımlanmışdı.

Ermənilərin qisası (cavab tədbiri) başlıqlı məqalənin alt başlığında "Kiçik Asiyada üç müsəlman kəndi məhv edildi" yazılıb. Xəbərdə deyilir: "Amerikalı arbitrların gedişindən bəri Trans-Qafqazdakı Naxçıvanın mübahisəsiz qubernatoru kimi görünən Djem Djemlinski, Londonun "Tayms" qəzetinə göndərdiyi yazıda 18 mart tarixində 10.000 erməni silahlısının Naxçıvan-Ordubad istiqamətində hücum etdiyini bildirib. Kəndlərə üç tərəfdən hücum edilib və bir necə müsəlman kəndi dağıdılıb, yerli əhali qətlə yetirilib. Qətliam 24 mart tarixinə qədər, yəni ermənilərin hücumları dayandırdığı günə qədər davam edib".

Xəbərin axırında göstərilir ki, ermənilərin Naxçıvan-Ordubad istiqamətindəki kəndlərdə qətliamlar törətməsinin səbəbi Aqulis (Əylis) bölgəsindəki erməni kəndlərinə edilmiş hücumlara cavab xarakteri daşımaqdadır.

1920-ci ilin 6 aprel tarixində çap olunmuş "The Guardian" qəzetinin VI səhifəsində isə məqalə ilə yanaşı Yelizavetpol quberniyasının xəritəsi də əksini tapmışdır. Quberniyanın bir hissəsi olan Göyçə gölü ətrafı, Göyçə mahalıZəngəzur qəzası Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi göstərilmişdir. Xəritədə yer adlarının hamısı azərbaycan dilində verilmişdir. Xankəndi və Göyçə adları erməni yox, azərbaycanlıların dediyi kimi istifadə edilmişdir. Məqalənin özünə gəldikdə isə o "Ermənilərin türklərin üzərinə hücumu adlanır." Qazetdə erməni yaraqlılarının Şuşa, Əsgəran və Xankəndiyə yerli əhaliyə hücum etməsi barədə yazılır.

Viskonsin ştatının Şeboygan şəhərində nəşr olunan "Sheboygan Press" qəzetində 1937-ci ildə Azərbaycanla bağlı maraqlı bir xəbər verilib. Qəzetin 13 fevral, şənbə günü tarixli nüsxəsinin 25-ci səhifəsindəki "möhürlər" adlı başlıq altında Azərbaycan Xalq Cümhuriyyəti zamanı çap edilmiş poçt markası göstərilib və ən aşağı hissədə də, Azərbaycanın çox qəribə bir xəritəsi Men ştatının ərazisi ilə müqayisə edilib. Xəbərdə deyilir: "Poçt markaları — Bu 2 rubl dəyərində olan marka 1919-cu ildə qısa müddətli ömrü olan Azərbaycan Milli Hökuməti tərəfindən buraxılmışdır. Ləğv edilmiş və ya ləğv edilməmiş formaları 4 sentdən verilir (Böyük ehtimalla burada markanın sönmüş, yəni istifadə olunmuş olmasına işarə edilir). Azərbaycan 20-ci illərin əvvəllərində Rusiyanın tərkibinə daxil olan Zaqafqaziya Sovet İttifaqı Federasiyasına daxil olduqdan sonra Federasiyanın markalarından istifadə edərək öz markasının çapını dayandırdı. Ərazi və İnsanlar — Xəzər dənizinin qərb sahilində Persiyanın şimalında yerləşən Azərbaycan Men ştatından bir qədər böyükdür. Təqribən 2.500.000 nəfərdən çoxu türk və köçəri tatarlardan ibarətdir və ölkəni bu şəxslər idarə edirlər. Bu və digər xalqlar — farslar, ermənilərruslar əsasən əkinçiliklə məşğul olurlar. Əsas şəhər — Poçt markasındakı rəsmdə Azərbaycanın paytaxtı olan Bakı şəhərindəki köhnə şəhərin (İçərişəhər) təsviri əks olunub. Qədimi qala divarlarının əhtarəsində yerləşən XV əsrdən qalma Xan sarayı Bakıda modern şəhəri canlandırır. Bakının yarım milyonluq əhalisi şəhər ətrafından əldə edilən neft quyuları hesabına daha da zənginləşir. 1873-cü ildə qazma üsulu ilə neftin çıxarılmasına qədər, neft kustar üsulla əldə olunurdu. Bu gün Rusiyanın əsas neft mərkəzi hesab olunur".

Minnesota ştatının Vinona şəhərində yayımlanan "The Winona Daily News" qəzetində isə Azərbaycan haqqında qeyri adi məqalə dərc edilib. Belə ki, qəzetin 1946-cı il 7 dekabr tarixli sayının V səhifəsində "Azarbaijan Grotto" — "Azərbaycan mağarası" adlı məqalə işıq üzü görüb. Məqalənin özəliyi orada "Azarbaijan Grotto" — "Azərbaycan mağarası" adlı mason lojası haqda yazılmasıdır. Məqalədən aydın olur ki, 1940-cı ildə Amerika Birləşmiş Ştatlarında "Azarbaijan Grotto" — "Azərbaycan mağarası" adlı mason lojası mövcud olub. "Grotto" italyan dilindən tərcümədə təbii və ya insan əli ilə hazırlanmış mağara anlamına gəlir. Loja haqqında ilk məlumat 1939-cu ilin 8 sentyabr tarixində verilib. Xəbərdə "Azarbaijan Grotto" mason lojasında bazar ertəsi günü keçirilməsi planlaşdırılan yığınacağın elanı yayımlanıb.

Loja ilə bağlı xəbərlərin yalnız "The Winona Daily News" qəzetində dərc olunmasından təxmin etmək olar ki, loja Minnesota ştatının Vinona şəhərində fəaliyyət göstərib. Sözügedən qəzetin 1953-cü il 9 fevral saylı sayının VI səhifəsində Azarbaijan Grotto lojasında 400 nəfər masonun iştirakı ilə yığıncağın keçirilməsindən bəhs olunur. Minnesota ştatında yerləşən və 400 nəfərə yaxın masonu qəbul edə bilən bir lojaya niyə 9.651 km aralıda yerləşən Azərbaycanın adı verilməsinin bir izahı yoxdur. Qəzetdə çap edilən xəbərdə deyilir: "Azərbaycan Grotto"sunun yeni zabitləri, 3 yanvar tarixində mason məbədində Grottonu yaradacaqlar. Mason məbədində B. F. Perkins, monarx (böyük ehtimalla bu hansısa masonik rütbədir) olaraq C. E. Uilliamsın yerinə keçmişdir. Cümə axşamı, axşam iclasında seçilən digər məmurlar cənab Perkinsdən sonra George Rose baş hakimdir. Grant Stuck, Mr. Rose H. L. Harringtonun ardından mərasim xadimi olaraq yenidən xəzinədar seçildi. E. S. Moe yenidən seçilmiş katib və Lester H. Steveansın möhtərəm kahini olmaq, Mr. Stuka müvəffəq oldu".

İkinci Dünya müharibəsindən sonra

[redaktə | mənbəni redaktə et]

ABŞ mətbuatı xüsusən "Soyuq müharibə" illərində antisovet məqalələri ilə zəngin olmuşdur. Belə məqalələrdən biri də məşhur "Pomidor işi" ilə bağlı idi. Bu məhkəmə prosesinin işıqlandırılması bütün dünya ilə yanaşı ABŞ-də da geniş marağa səbəb olmuşdu. Sonradan "Pomidor işi" adını alan hadisə 1975-ci ildə Azərbaycan SSR-nin Lənkəran rayonu ərazisində yerləşən kolxozlarının birində baş vermişdi. Belə ki, əvvəlcədən əlbir olmuş bir qrup şəxs 9 milyon rubl (həmin dövr üçün 12 milyon $) dəyərindəki dövlət əmlakını talasada, sonradan işin üstü açılıb. Məhkəmə prosesi zamanı ümumilikdə 500-dən çox şahidin ifadəsi alınmışdı. Məhkəmənin hökmü ilə 5 nəfərə edam cəzasına, 59 nəfər isə həbs məhkum edilmişdi. Hadisə barəsində 100-dən çox ABŞ qəzeti eyni məzmunlu xəbəri müxtəlif başlıqlar altında yayımlayıblar.

Kanadanın "The Gazette" qəzetinin 1967-ci il 21 sentyabr tarixli sayının 25-ci səhifəsində "Expo-da Sovet Azərbaycanı günü" başlıqlı məqalə

Vaşinqton ştatının Longviv şəhərində nəşr olunan "Longview Daily News" qəzetinin 1975-ci il 26 dekabr tarixnə olan buraxılışının 37-ci səhifəsində hadisə ilə bağlı hazırlanmış xəbərdə deyilir: "5 SSRİ vətəndaşı barəsində ölüm hökmü, 59 nəfər barəsində isə həbs qərarı çıxarılıb. Əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən həyata keçirilən kənd təsərrüfatı dələduzluğu nəticəsində dövlətə məxsus 9 milyon rubl dəyərində ziyan dəyib. Azərbaycan Kommunist Partiyasının mətbuat orqanı olan "Bakinski raboçi" qəzetinin verdiyi məlumata görə, hökm İranla həmsərhəd ərazidə, Xəzər dənizinin sahilində yerləşən Lənkəran şəhərində, 500-də çox şahidin iştirakı ilə 1/2 il müddətində davam edən məhkəmə prosesindən sonra verilib. Dekabr tarixli olan qəzet, şənbə günü etibarı ilə Moskva şəhərinə çatıb. Xəbərə görə, Lənkərandakı bitki mənşəli konserv zavodu, regional və rayon kommunist partiya komitələri vasitəsi ilə bitki yetişdirilməsi məqsədilə bir neçə balıq istehsal edən dövlət fermalarına torpaq vermək üçün saxta sənəd təşkil edib. Qəzetin bildirdiyinə görə, fermada heç bir tərəvəz yetişdirilməyib və dələduzluqla məşğul olanlar özləri üçün iki milyon rubldan (2,65 milyon dollar) daha çox pul alıblar. Ölüm cəzası verilənlərin arasında tərəvəz fabrikinin iki rəhbəri və təsərrüfat rəhbərlərinin üç nəfəri var. "Bakinski raboçi" qəzetinin son məlumatına görə təqsirləndirilən şəxslərdən dələduzluq yolu ilə alınmış zərgərlik əşyaları, avtomobillər və evləri müsadirə edilib".

1967-ci ilin sentyabr ayında Kanadanın Monreal şəhərində təşkil olunmuş EXPO67 sərgisində Azərbaycan SSR, SSRİ pavilyonun tərkibində təmsil olunub. Kanadanın 20-dən çox qəzeti Azərbaycan stendi ilə bağlı xəbərlər hazırlayıb. Ən geniş xəbər isə Kvebek əyalətinin Monreal şəhərində çap olunan "The Gazette" qəzetinin 1967-ci il 21 sentyabr tarixli sayının 25-ci səhifəsində verilib.

"Expo-da Sovet Azərbaycanı günü" başlıqlı məqalənin alt başlığında "Qara qızılın vətəni" cümləsi yazılıb. Səhifənin sol yuxarı tərəfində Monrealdakı tədbirdə Azərbaycan SSR-ni təmsil edən 9 nəfərin ümumi fotosu, adları və tutduqları vəzifələr göstərilib. Bundan əlavə 162 yaşlı Şirəli Müslümov, azərbaycanlı rəqqasların Monreal səhnəsindəki çıxışı, Azərbaycandakı neft sənayesinin tarixi və inkişafı haqqında da ayrıca xəbərlər hazırlanıb. Ümumiyyətlə, Şirəli Müslümov haqqında ABŞ, KanadaAvstraliya qəzetlərində müxtəlif başlıqlar altında 700-dən çox xəbər dərc olunub ki, bunların mütləq əksəriyyəti ABŞ mətbuatının payına düşür. Bir adamın 162 yaşaması (əgər ki, yaşayıbsa) amerikanlıları xeyli heyrətləndiribmiş. Məqalədə Azərbaycanın təhsil səviyyəsi Türkiyə, səhiyyə səviyyəsi isə İsveçlə müqayisə olunur. Təhsil və səhiyyə ilə bağlı yazılmış hissədə belə deyilir: "Bu il Azərbaycanın dörd nəşriyyatı 1.250 nüsxə kitabı 12 milyon tirajla çap edəcəkdir. Ölkədəki 2.500 kitabxanada, bir və 1.800 adambaşına — 390 ədəd kitab ehtiyatı mövcuddur. Qonşuluqdakı Türkiyə üçün isə bu göstərici 4%-dir. YUNESKO-nun məlumatına görə Azərbaycanda adambaşına ABŞ, Böyük BritaniyaYaponiyadan daha çox kitab düşməkdədir. Azərbaycanda hər 478 sakinə 1 həkim düşür. Müqayisə üçün bu göstərici Türkiyədə 1 həkim — 3.500 sakin, İsveçdə isə 1 həkim — 1.000 sakin nisbətindədir".

Qəzetdə Monrealdakı tədbirdə Azərbaycan SSR-ni təmsil etmiş 9 nəfər şəxsin adları da qeyd edilib. Nümayəndə heyətinə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov rəhbərlik edib. Qəmbər Kazımov, Mixayıl Allahverdiyev, Şamama Həsənova, Azad Mirzəcanzadə, Olga Savinka, Qara Qarayev, Nadir Balakişiyev, Ələkbər Rzaquliyevİzzət Oruczadə isə nümayəndə heyətinin tərkibində Kanadaya səfər digər dövlət xadimi və ziyalılarımızdan olublar.

4 gün davam edən Azərbaycan günləri münasibətilə qonaqlara Azərbaycan rəqsləri göstərilib, kinozalda Azərbaycan filmi izlədilib və hətta "Sovet Azərbaycanı haqqında nə bilirsiz?" mövzusunda sual-cavab viktorinası təşkil edilib, qalib kinonun nümayiş olunduğu zaldaca mükafatlandırılıb.

Qarabağ münaqişəsi də ABŞ mətbuatından da kənar qalmayıb. Ən maraqlısı münaqişə haqda aparıcı ABŞ qəzetlərində iformasiyalar getməsi ilə yanaşı yerli mətbu orqanları da öz səhifələrində bu haqda yazılar vermişdilər. Belə ki, 1991-ci ildə Naxçıvanda baş vermiş bir hadisə Amerika Birləşmiş Ştatlarının 70-dən çox qəzetində işıqlandırılmışdır. Xəbərlərdə istifadə olunan məzmun eynidir və böyük bir ehtimalla amerikalı jurnalistlər bu xəbəri də, Böyük Britaniya mətbuatından əldə ediblər. Konnektikut ştatının Hartford şəhərində nəşr edilən "Hartford Courant" qəzetinin 1991-ci il, 15 sentyabr tarixli sayının VII səhifəsində hadisə ilə bağlı hazırlanmış xəbərdə deyilir: "Azərbaycanlı qaçaqlar qatarı qaçırdı, çobanları və qoyunları tələb edirlər. Xəbər agentliyinin verdiyi məlumata görə şənbə günü bir qrup azərbaycanlı oğurlanmış iki çoban və 1.500 qoyuna görə içində 81 sərnişinin olduğu sərnişin qatarını girov götürüblər. Azərbaycanın müstəqil jurnalistlərindən Assa İradənin verdiyi məlumata görə Ermənistan rəsmiləri girovların müqabilində iki çoban və 1.500 qoyunun geri qaytarılmasına razıdırlar. Bu barədə həmçinin Azərbaycan polisinin sözçüsü kapitan Hüseyn Mustafayev də məlumat verib. Çobanlar ermənilər tərəfindən İran sərhədinə yaxın olan Naxçıvan Muxtar Respublikasının ərazisində oğurlanıb. Ermənistan və qonşusu Azərbaycan uzun müddətlik düşmənçilik tarixinə malikdir. Xəbər agentliyinin və sovet televizisyasının məlumatlarına görə qatar Naxçıvanın cənubunda yerləşən Ordubad dəmiryolu stansiyasında ələ keçirilib. Polis sözçüsünü dediyinə görə girov götürülənlər arasında olan qadın və uşaqlar qısa müddət sonra sərbəst buraxılsa da, 81 nəfər şənbə günü etibarı ilə hələ də girov olaraq saxlanılmaqdadırlar. Sovet televiziyasının bir digər məlumatına görə qatar Qafan-İrəvan xətti üzrə hərəkət edib və əsasən azərbaycanlıların kompakt yaşadığı Naxçıvan Muxtar Respublikasının ərazisindən keçən zaman ələ keçirilib".