Azərbaycanda arıçılıq

Quba rayonunun Cek kəndində arı yeşikləri

Azərbaycanda arıçılıqAzərbaycan Respublikasında bal arılarının (Apis mellifera L.) yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsi.

Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 2016-cı ilin noyabr ayında Bakı şəhərində keçirilmiş yarmarkada 453 nəfər arıçı iştirak etmiş və 200 tona qədər arıçılıq məhsulları satılmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Arıçılıq məhsullarının Sərgi-Satış Yarmarkası, Bakı, 2013.

Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Hələ eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. X-XII əsrlərdə Azərbaycanda arıçılıq daha da inkişaf etmişdir. Hətta, Azərbaycandan xarici ölkələrə də arıçılıq məhsulları (bal, mum) satılmışdır. Dahi şair və mütəfəkkirlərimiz NizamiXaqani Azərbaycan balını ilhamla tərənnüm etmişlər.

Azərbaycanda arıçılığın qədimliyi bir də onunla izah olunur ki, çoxlu yaşayış məntəqələrimiz və yerlər arı və onun məhsullarının adı ilə adlanır. Belə yerlərdən Şahdağ zirvəsindən axıb gələn Arısu çayını, Zaqatala rayonundakı Arısu, Arıqıran kəndlərini, Ağdərə rayonundakı Ballıqayanı, Arıqayasını və s. misal göstərmək olar.

Qədim zamanlarda respublikamızda arılar ağac oyuqlarında, kötük tənəklərdə, səbətlərdə və godda saxlanılırdı. Belə bir vəziyyətdə arılara qulluq etmək və artırmaq böyük çətinlik törədirdi.

Arıçılığın inkişafı[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arıçılıq, xüsusilə Sovet hakimiyyəti dövründə inkişaf etməyə başlamışdır. Əvvəlcə mövcud olan xırda dağınıq arıçılıq təsərrüfatları kolxoz və sovxozlarda, sonralar isə ixtisaslaşdırılmış iri arçılıq təsərrüfatlarına çevrilmişdir. Hazırda təsərrüfatlarda arı ailələri müasir çoxgövdəli və yatıq pətəklərdə saxlanılır.

Azərbaycanın Astara, Şamaxı, Quba, Qusar, Qarabağ, Şəki, Zaqatala, Daşkəsən, Lerik, Lənkəran, Masallı, Kəlbəcər, Laçın və s. rayonlarında arıçılıq yaxşı inkişaf etmişdir.

Daşkəsən rayonunu Qabaqtəpə kəndinin ərazisində yetişdirilən arı növü (populiyasiyası) ölkədən kənarda da tanınır.

Akademik F. Məlikov adına Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq inistutunda arıların çoxalması və saxlanılması, Gəncə Dövlət Universitetinin botanika kafedrasında arıçılığın yem bazası öyrənilmişdir.

"Şərəf nişanı" ordenli Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnistutunun arı xəstəliklərini öyrənən laboratoriyasının əməkdaşları arıxanaların bir çox xəstəliklərə görə sağlamlaşdırılması sahəsində xeyli iş görmüşlər.

Zərbi-məsəllər[redaktə | mənbəni redaktə et]

Balı sevirsənsə, arı sancmasına da dözməlisən.
Arı və qızılgül tikansız olmaz.
Arıdan çox zəhmət sevən tapmazsan.
Bir çiçəkdən çox bal götürməzsən
Harda çiçək varsa, orda balda olar.
Bal tutan barmaq yalar.

Qanunvericilik bazası[redaktə | mənbəni redaktə et]

2 fevral 2009-cu il tarixində "Arıçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arıçılıq haqqında" Arxivləşdirilib 2020-06-25 at the Wayback Machine Azərbaycan Respublikasının 2 fevral 2009-cu il tarixli, 765-IIIQ nömrəli Qanunu. e-qanun.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]