Azərbaycanda hərbi səfərbərlik (1941)

Azərbaycanda hərbi səfərbərlik (1941) – Faşist Almaniyasının təcavüzkar məqsədlərinə qarşı Azərbaycanın hərbi, siyasi və iqtisadi potensialının səfərbər olunması.

Hitler Almaniyasının Azərbaycanla bağlı planları

[redaktə | mənbəni redaktə et]

1941-ci il iyunun 22-də faşist Almaniyası SSRİ-yə xaincəsinə basqın etdi. 1940-cı il dekabrın 18-də təsdiq edilmiş SSRİ-yə hücum -"Barbarossa planı" ildırımsürətli müharibə strategiyasına əsaslanırdı. Məqsəd güclü, qəfil zərbə ilə sovet ordusunu darmadağın etmək, qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmaq idi.[1]

Hitler Almaniyasının qəsbkarlıq planında Azərbaycan, neft Bakısı xüsusi yer tuturdu. Hətta SSRİ-də yaşayan türkdilli xalqları -"müsəlman monqoloidləri, dağıdıcı qüvvə" hesab edən Hitler "Mənim mübarizəm" kitabında yazırdı ki, "onlar ali irqin qullarına çevrilməlidirlər".[2]

Almaniya hakimiyyəti Bakı neftini ələ keçirməyi Şərqdə istilaçılıq siyasətini reallaşdırmağın mühüm amili hesab edirdi. Rozenberqin "Qafqazın idarə olunması planı"na görə Azərbaycanda idarəedici orqan – "komissarlıq" yaradılmalı və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına tabe edilməli idi.[3] Faşist Almaniyası sovetlər üzərində qələbədən sonra İran körfəzinə, Hind okeanına qədər əraziləri zəbt etmək niyyətində idi. Türk xalqları yaşayan ərazilərdə Almaniyadan asılı oyuncaq "Böyük Türküstan" dövləti yaradılması planlaşdırılırdı. Bu dövlətin ərazisinə Şimali və Cənubi Azərbaycanla bərabər, Orta Asiya, Qazaxıstan, Başqırdıstan, Tatarıstan, Krım, Şimali Qafqaz, Qərbi ÇinƏfqanıstanın daxil olması nəzərdə tutulurdu.[4]

Hələ 1941-ci il martın 27-də Almaniyanın Kontinental Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı göstərişi verilmişdi. Artıq Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilmişdi. Onlar ucuz iş qüvvəsi hesabına maya dəyəri aşağı olacaq məhsullardan alınacaq yüksək gəliri son qəpiyinədək Almaniyaya çatdırmaq tapşırığı almışdılar.[5]

Hitler Bakını faşizm imperiyasını neftlə təmin edən hərbiləşdirilmiş mərkəzə çevirmək arzusunda idi.

SSRİ-nin siyasi, iqtisadi və hərbi imkanlarının müharibəyə səfərbər olunması

[redaktə | mənbəni redaktə et]

SSRİ XKS və ÜİK(b)P MK-nın 1941-ci il iyunun 29-da qəbul etdikləri direktivlə ölkənin bütün siyasi, iqtisadi və hərbi imkanlarını səfərbər etmək, ilk növbədə, xalq təsərrüfatını hərbi tələblər əsasında qurmaq vəzifələri müəyyənləşdirildi.[6] İyunun 30-da isə İ. V. Stalinin başçılığı ilə ölkədə bütün hakimiyyəti öz əlində cəmləşdirən Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı.[7]

DMK əsas diqqəti Silahlı Qüvvələrin möhkəmləndirilməsinə, iqtisadiyyatın hərbin tələbləri əsasında yenidən qurulmasına yönəltdi. Geniş miqyasda hərbi səfərbərlik keçirildi, yeni qoşun birləşmələri yaradıldı, cəbhəyə yaxın rayonlardan sənaye müəssisələri və milyonlarla adam uzaq yerlərə köçürüldü.

1941-ci il iyunun 22-də Böyük Britaniyanın Baş naziri Uinstan Çörçill, bir gündən sonra isə ABŞ Prezidenti Franklin Ruzvelt SSRİ-nin Almaniyaya qarşı müharibədə onu müdafiə etmək təklifini qəbul etdikləri barədə bəyanat verdilər. İyulun 12-də Moskvada Sovet İttifaqı ilə Böyük Britaniya arasında müharibədə birgə fəaliyyətə dair müqavilə imzalandı.[8]

Avqustun 14-də ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri "Uels şahzadəsi" adlı gəminin göyərtəsində görüşdülər, faşizmi məhv və qəsbkarı tərksilah etmək zərurəti barədə bəyanatı – "Atlantik xartiyası"nı imzaladılar. Sentyabrda SSRİ də bu xartiyaya qoşuldu.[9] Çox keçmədən Avstraliya, Belçika, Böyük Britaniya, Yunanıstan, Polşa, SSRİ, müstəqil Fransa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkə nümayəndələrinin Londonda keçirilən konfransında "Atlantik xartiyası"nın əsasları qəbul edildi, faşizmə qarşı koalisiyanın məqsəd və vəzifələri müəyyənləşdirildi.[10] 1942-ci il yanvarın 1-də 27 dövlətin nümayəndələri Vaşinqtonda belə bir koalisiya yaratdılar. 1945-ci ilin aprelində isə bu ittifaqda artıq dünyanın 50 dövləti təmsil olunmuşdu.[11]

Azərbaycan xalqının faşizmə qarşı mübarizənin təşkilində rolu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalqı da son qələbəyə qədər bu müharibədə fəal iştirak etdi. Respublikanın idarə və müəssisələrində zəhmətkeşlər öz üzərlərinə yüksək öhdəliklər götürür, könüllü surətdə ordu sıralarına, "Xalq qoşunu" dəstələrinə, "Qırıcı batalyon"lara daxil olurdular. 1941-ci il iyunun 22-də Bakıda qəsbkarlara qarşı izdihamlı mitinq keçirildi. Azərbaycanın şəhər və kəndlərində müharibənin ilk günlərində 40 min nəfər, o cümlədən 1000 nəfərə qədər qız könüllü olaraq cəbhəyə getmək üçün respublika Hərbi Komissarlığına müraciət etdi.[12] Yalnız 1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30480 nəfər, o cümlədən hərbi məktəblərə 2287 nəfər, qvardiya diviziyalarına 3165 nəfər, döyüşən hissələr ehtiyatına 22319 nəfər səfərbər olundu.

1941–1942-ci illərdə respublikada təşkil edilən hərbi birləşmələrə Azərbaycandan 5000 kommunist və komsomolçu daxil olmuşdu.[13] 1943-cü il yanvarın 1-nə qədər respublikada 464 min nəfər orduya çağırılmışdı.[14]

Zaqafqaziya cəbhəsinin Hərbi Hissələrin Təşkili və Tamamlanması İdarəsi Azərbaycanda səfərbərlik işinin təşkilini yüksək qiymətləndirmişdi.[15]

Ümumiyyətlə, 1941–1945-ci illərdə Azərbaycandan orduya 700 minə qədər adam səfərbər olunmuşdu. Onlar arasında 11 mindən çox qadın var idi.

Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabr aylarında isə 271-ci diviziyalar təşkil olunmuşdu. 1941-ci ilin dekabr ayında Krımın müdafiəsində iştirak etmiş, Ağ Manay rayonundakı döyüşlərdə şəxsi heyətinin bir hissəsini itirmiş 77-ci diviziya da 1942-ci ilin mayında yenidən respublikada komplektləşdirildi.[16]

Döyüşən qoşun üçün ehtiyat qüvvələr hazırlanmasında görülən zəruri işlər nəticəsində 1941-ci il iyunun 22-dən avqustun 14-dək Azərbaycan SSR-də Xalq qoşunu dəstələrinə 186704 nəfər (onların 30563 nəfəri qadın idi) yazılmışdı. Bu dəstələr istehsalat-ərazi prinsipi üzrə təşkil edilirdi. Onların fəaliyyətinə rəhbərlik üçün Mərkəzi qərargah yaradılmışdı.[17] Bakı şəhərinin 18 rayonunda Xalq qoşunu dəstələrinə 61780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu.[18] Bakı ətrafında müdafiə zonası yaradılmasında Xalq qoşunu dəstələrinin 12000 döyüşçüsü fəal iştirak etmişdi.[19]

Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinin 1941-ci ilin avqustunda gənclərin Xalq qoşunu dəstələrinə cəlb edilməsi haqqında qərarı əsasında Bakıda 13860 komsomolçu xidmət edən 40-dan çox "komsomolçu-gənclər bölmə və rotası yaradılmışdı".[20]

1942-ci il avqust ayının 17-də ərazinin xüsusiyyətləri nəzərə alınmaqla, Xalq qoşunu dəstələri yenidən təşkil olundu. Bakıda üç – 101, 102 və 103-cü Xalq qoşunu diviziyaları yaradıldı.[21] Diviziyalarda 21259 nəfər döyüşçü vardı.[22] Rayonlarda isə yerləşdirildikləri ərazinin adını daşıyan batalyonlar yaradılmışdı.

1943-cü ilin martında Xalq qoşunu diviziyalarının təşkilində dəyişikliklər edildi və hər rayonda bir batalyon saxlanıldı. Həmin batalyonlar Qafqaz cəbhəsindəki təhlükə sovuşduğuna və alman işğalçıları Azərbaycan sərhədlərindən uzaqlaşdırıldığına görə 1943-cü ilin avqust ayından Ümumi icbari hərbi təlim hissəsinə daxil edildilər.[23]

Sovet ordusu üçün ehtiyat qüvvələr yaratmaq məqsədilə Dövlət Müdafiə Komitəsinin qərarı ilə hələ 1941-ci ilin iyulundan etibarən bütün ölkədə 16 yaşdan 50 yaşadək olan kişilərə ümumi icbari hərbi təlim keçilməyə başlanmışdı. 1941-ci il oktyabrın 1-dən 1942-ci il dekabrın 15-dək respublikada 172209 nəfər ümumi və xüsusi bölmələrdə hərbi təlim keçmiş 29925 atıcı, 1255 snayper, 363 minomyotçu, 747 pulemyotçu və b. hazırlanmışdı.

Azərbaycan K(b)P MK-nın qərarı ilə 4389 nəfər xüsusi tank əleyhinə döyüşçü hazırlandı. Onlardan 568 nəfəri Bakı şəhərinin sənaye müəssisələrində işləyən qadınlar idi.[24]

Azərbaycanda 1941–1945-ci illərdə bütünlükdə ümumi icbari hərbi təlim xətti ilə 51254 (onlardan 37180-ni atıcı, 14074-ü nəfəri başqa hərbi ixtisaslar üzrə) döyüşçü hazırlanmışdı.[25] Həmin illərdə respublikada 291421 çağırışçı 9 növ hərbi peşəyə yiyələnmişdi, Onlardan 32337 nəfəri pulemyotçu, 8762 nəfəri avtomatçı, 7765 nəfəri minomyotçu, 2862 nəfəri snayper, 2466 nəfəri tank əleyhinə döyüşçü idi.[26]

1941-ci ildə Azərbaycan rayonlarında təxribatçılara, casuslara və sərhədi pozanlara qarşı mübarizə aparmaq məqsədilə Qırıcı batalyonlar yaradılırdı. 12000 adam səfərbər edilmiş[27] bu batalyonların fəaliyyəti sayəsində müharibə illərində 32000 düşmən paraşütçüsü, casus, quldur, soyğunçu, təxribatçı, fərari, dövlət sərhədini pozan tutulmuşdu.[28]

Müdafiə işlərinin təşkilində ictimai təşkilatlar da fəal iştirak edirdi. Yardım cəmiyyəti bu sahədə xüsusilə fərqlənirdi.[29] Bu cəmiyyət "Kimyəvi silahlardan müdafiə" norması üzrə əhaliyə təlim keçirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də 1941–1945-ci illərdə 6500-dən çox tibb bacısı hazırlamış, 20 mindən çox respublika vətəndaşı döyüşçülər üçün könüllü qan vermişdi.[30]

Respublikanın bədən tərbiyəsi təşkilatları da müdafiə işində fəal iştirak edirdilər. 257270 idmançı icbari hərbi təlimə cəlb olunmuşdu. Onların köməyi sayəsində 1941–1945-ci illərdə 64 min nəfər "Əməyə və müdafiəyə hazıram!" normasının 1 dərəcəsi, 20 min nəfər isə II dərəcəsi üzrə yoxlamadan keçirilmişdi.

Yerli hava hücumundan müdafiə bölmələri də müharibə illərində əhali arasında səmərəli iş aparmışlar. Azərbaycan SSR XKS və Azərbaycan K(b)P MKnın 1941-ci 4 may il qərarına əsasən hava hücumundan müdafiə məqsədilə sığınacaqların tikilməsi təşkil edilmişdi. 1941-ci il iyul ayının 10-na qədər bütün idarə və müəssisələrdə özünümüdafiə dəstələri yaradılmışdı.[31] Qırıcı batalyonlara və hava hücumundan müdafiə dəstələrinə yardım qruplarında 15 min nəfər iştirak edirdi.[32] Bu dəstələrin hər birinə idarə və müəssisələrdə 100–300 fəhlə və qulluqçu, yaşayış yerlərində isə 200–500 nəfər sakin daxil olurdu. Özünümüdafiə dəstələrində olan əhalinin 137797 nəfəri əleyhqaz geyinərək 1503 təlimdə iştirak etmiş, ilk tibbi yardım üçün minlərlə tibbi heyət yetişdirilmiş, 180 sanitar drujinası təşkil edilmiş və 2700 nəfər drujinaçı hazırlanmışdı. Yaşayış məntəqələrini qorumaq üçün 16000 nəfər yaşlı əhali, 12000 pioner və məktəbli səfərbər edilmişdi. Naxçıvan şəhəri və Naxçıvan rayonunda kimyəvi hücumdan müdafiəyə hazırlıq üçün təşkil edilmiş 185 dərnəyə 6212 nəfər şəhər və kənd əhalisi cəlb olunmuşdu. Müəssisə və evlərdə 1134 nəfərin cəlb edildiyi 31 özünümüdafiə qrupu yaradılmışdı.[33]

Rus dilini bilməmək müharibənin ilk aylarında azərbaycanlı döyüşçülər üçün ciddi çətinliklər törədirdi. Bundan istifadə edən bəzi şovinist zabitlər onlarla təhqiramiz, kobudcasına rəftar edirdilər. Azərbaycanlı döyüşçülər bununla bağlı respublika rəhbərliyinə dəfələrlə müraciət edərək rus dilinin öyrənilməsi üçün şərait yaratmağı xahiş edirdilər. Azərbaycan K(b)P MK hərbi şöbəsinin 23 oktyabr 1941-ci il tarixli məktubla Zaqafqaziya cəbhəsinin Siyasi İdarəsinə bu barədə müraciət etməsi nəticəsində vəziyyət nizama salınmışdı.[34] Döyüşçülərin rus dilini bilməyinin vacibliyi nəzərə alınaraq 90 saatlıq proqram işlənib hazırlanmışdı. Dərslər hərbi hazırlıq xətti ilə keçirilirdi. Azərbaycan K(b)P MK-nın 14 iyul 1942-ci il qərarına əsasən Bakı şəhərində rus dilinin tədrisi iyulun 15-dək, Azərbaycan rayonlarında isə həmin il avqustun 1-dən başlanmışdı. Hərbi mükəlləfiyyətlilərin məktəblərdə rus dilini öyrənməsi üçün, həftədə 4 saatdan az olmamaq şərti ilə, 150 akademik-saat nəzərdə tutulurdu.

Cəbhənin respublika sərhədlərinə yaxınlaşması ilə əlaqədar olaraq Zaqafqaziya Cəbhəsi Hərbi Şurası Bakı ətrafında müdafiə mövqelərinin yaradılması haqqında qərar çıxardı. Qərara əsasən 1941-ci ilin sentyabrında Şimal istiqamətdə 10 müdafiə tikintisi təşkil edildi. Bu iş üçün 160 yük maşını, 300 qaynaq aparatı, 55 traktor, 18 ekskavator, 8 səyyar elektrik stansiyası, 7 kompressor, 25000 bel, külüng və başqa alətlər ayrıldı.[35]

Tankların keçə bilməməsi üçün 16841 maneə yaradıldı, 91 km uzunluqda dərin xəndəklər qazıldı. Atəş nöqtələri ilə arxanı birləşdirən 535 km uzunluqda gizli əlaqə yolu çəkildi. 1 milyon 800 min m² torpaq işi görüldü.[36] Müdafiə xəttinin tikintisində kişilərlə birlikdə qadınlar da fəal iştirak edirdilər. Tikintidə yalnız Bakı şəhərinin 17 rayonundan 16721 kişi, 23906 qadın iştirak etmişdi.[37]

Beləliklə, Böyük Vətən müharibəsi başlanan andan, respublikada cəbhəyə xidmət, arxada qüvvələri səfərbər etmək sahəsində çoxlu iş görüldü. Azərbaycan xalqı, bütün zəhmətkeşlər fədakarlıq, mətinlik, dözümlülük nümayiş etdirdilər.

  1. Совершенно секретно. Стратегия фашистской Германии в войне против СССР. Документы и материалы. М., 1967, стр.153; Всемирная история. М., 2001, стр.450.
  2. Orucov Q. Azərbaycan Qafqaz döyüşlərində. Bakı, 1984, səh.13.
  3. Yenə orada, səh.12.
  4. Романов А. Аллах чернорубашников. "Наука и религия", 1964, № 5, стр.33.
  5. Siyasi tarix. II hissə, Bakı, 1998, səh.67
  6. История Коммунистической Партии Советского Союза. М. 1976, стр.167.
  7. История СССР. М., 1960, стр.734
  8. Всемирная история, стр.373.
  9. Новейшая история. XX век. М., 1997, стр.142.
  10. Yenə orada.
  11. .Всемирная история, стр.373
  12. Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Dövlət Arxivi -ARSPİHA, f. 1, s. 153, i. 143, v. 174
  13. Yenə orada, f. 1, s. 280, i. 6, v. 116
  14. Yenə orada, f. 1, s. 121, i. 58, v. 182; s. 280, i. 5, v. 115
  15. Yenə orada, f. 1, s. 280, i. 108, v. 21.
  16. Yenə orada. Qaffarof T. Azerbaijan in The Second World War. London, 2001, s. 12.
  17. ARSPİHA, f. 1, s. 280, i.4, v.114–115
  18. Yenə orada, f.159, s. 5, i 16, v. 79.
  19. Абасов М. Бакинская партийная организация в годы Великой Отечественной войны. Бакы, 1990, стр.197
  20. ARSPİHA, f. 1, s. 5, i. 36, v. 2.
  21. Yenə orada, f. 2, s. 42, i. 17, v. 43–44.
  22. Yenə orada, v. 54
  23. Yenə orada, i. 5, v. 74.
  24. Yenə orada, s. 100, i. 83, v. 11
  25. Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsində (1941–45-ci illər). Bakı, 1965, səh.22
  26. ARSPİHA, f. 2, s.100, i. 115, v. 90.
  27. Mədətov Q. Göstərilən əsəri, səh.22; Bağırzadə Ə. Azərbaycan ziyalıları Böyük Vətən müharibəsi illərində. Bakı, 1970, стр.89
  28. Yenə orada. ARSPİHA, f. 1, s. 26, i. 54, v. 16–18
  29. ARSPİHA, f. 1, i. 54, v. 16–18.
  30. Sovet İttifaqı Kommunist Partiyasının tarixi. Bakı, 1964, səh. 614
  31. ARSPİHA, f. 1, s. 26, i. 54, v. 61; Azerbaycan SSR Böyük Vətən müharibəsi illərində. 1941–1945, I hissə. Bakı, 1976, səh.8.
  32. История КПСС, т. 5, 1 книга, М, 1970, стр.332
  33. Azərbaycan SSR-in Qırmızı Aypara Cəmiyyəti 1923–73-cü illərdə. Bakı, 1973, səh.13
  34. ARSPİHA, s. 153, i. 280, v. 118
  35. Министерство Нефтяной промышленности Азербайджанской ССР. Годовой отчет "Азнефть" за 1942 г.
  36. Новрузов Т.А. Трудовые подвиги колхозного крестьянства Азербайджана в период Великой Отечественной войны (1941–1945 гг.). Баку, 1963, стр.79.
  37. ARSPİHA, f. 1, s. 280, i. 5, v. 116; "Бакинский рабочий" qəzeti, 8 fevral 1942-ci il.