Azərbaycanda iudaizm — Azərbaycanda islam və xristianlıqla yanaşı bir neçə əsas dinlərdən biridir. Uzun illərdir ki, Azərbaycan əhalisi tərəfindən etiqad olunur.
Müasir Azərbaycan ərazisində iudaizmin tarixi təxminən VII əsrə gedib çıxır. İudaizm haqqında ilk qeydlər 1990-cı ildə R. Göyuşovun rəhbərliyi ilə arxeoloqlar tərəfindən Bakı şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Qazıntılar zamanı b.e. VII əsrə aid yəhudi məhəlləsinin və Şabran sinaqoqunun qalıqları aşkar edilmişdir.[1]
Azərbaycanda üç yəhudi icması var: dağ yəhudiləri, aşkenazi yəhudiləri və gürcü yəhudilər. Ümumilikdə yəhudilərin sayı 16 min nəfərdir: 11 min-i dağ yəhudisidir, onlardan 6 minə yaxını Bakıda, 4,000-i Quba və Qırmızı Qəsəbədə, minə yaxını isə başqa şəhərlərdə yaşayır; 4,3 min aşkenazi yəhudisi var ki, onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır; Azərbaycanda 700-ə yaxın gürcü yəhudi yaşayır.
Ən qədimi dağ yəhudilərinin icmasıdır ki, burada əksər tarixçilərin fikrinə görə, V əsrdən əvvəl yaranmışdır. İndiki dövrdə Azərbaycanın bütün yəhudi diasporu arasında dağ yəhudiləri çoxluq təşkil edir. Danışdıqları dil tat dialektidir, tərkibində çoxlu türk, fars və rus sözləri və hebraizmlər var.[2]
Aşkenazi yəhudiləri ilə müqayisədə dağ yəhudiləri inanc məsələlərində daha ortodoksdurlar, lakin onların dini bəzi dağ bütpərəstlik adətlərini və yerli folkloru özündə cəmləşdirərək müəyyən dəyişikliklərə məruz qalmışdır.[3]
Bakı Dövlət Universitetində ivrit dili tədris olunur.[4] 2001-ci ilin aprelində Azərbaycan Elmlər Akademiyası ilə Rusiya Yəhudi Mədəniyyətinin Qorunması və İnkişafı Fondu dünyanın bir çox ölkələrindən alimlərin iştirak etdiyi "Qafqaz dağ yəhudiləri" adlı Beynəlxalq elmi-praktik konfrans keçirmişdir.[5]