Şabran (qədim şəhər)

Şabran — V-XVIII əsrlərdə mövcud olmuş qədim Azərbaycan şəhəri, MəsqətinŞirvanın mərkəzi.

Şabran
Şabran
Şabran qala divarlarının qalıqları
Şabran qala divarlarının qalıqları
41°17′44″ şm. e. 48°52′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Vilayət Şabran
Salınma tarixi I əsr
İlk xatırlanma II əsr
Milli tərkibi massagetlər, xəzərlər, yəhudilər
Müasir yeri Şabran
Şabran xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1724 – cü ildə tərtib olunmuş xəritədə Şabran şəhəri

Ptolomeydə (II əsr) bu şəhərin adı Sapothrenae kimi çəkilir.[1] Onun qalıqları Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığındadır. Burada şumlama zamanı gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət əşyaları üzə çıxır.

Şabran qalası müasir Qubadan cənuba doğru axan eyniadlı çayın üstündə idi.[2] Şəhər yerinin arxeoloji tədqiqi bu qədim şəhərin erkən dövr həyatı haqqında bir söz deməyə imkan verməmişdir. S.T.Yeremyanın fıkrincə, Şabran şəhəri erkən orta əsrlərdə Şərvan vilayətinin mərkəzi və Massaget Arşakilərinin siyasi mərkəzi olmuşdur.[3]

Şəbəran (Şaburan) vilayəti və onun əsas şəhəri Şəbəran (Şəburan, Şəbran) Məsqətdən cənubda, Xəzər dənizinin sahilində yerləşirdi. Şəbəran şəhərinin qalıqları və xarabalıqları indiki Şabran rayonunun Şahnəzərli kəndinin yaxınlığında, Padar-Şəbran kəndindən azca aralı aşkar edilmişdir. Ərəb müəllifləri Şəbəranı Sasani hökmdarı I Xosrov Ənuşirəvanın (531-579) saldırdığını qeyd edirlər.[4] Görünür, Şəbəran adı (1124 ilə aid gürcü səlnaməsində qeyd olunmuş forma) onun Azərbaycanda rast gəlinən Şapur İran adı ilə bağlılığına işarədir.[5]

İstəxrinin Qota nüsxəsində (təqribən 930-cu il) və Yaqutda deyilir ki, Xəzər dənizinin sahilində, Məsqətdən aşağıda kiçik, lakin möhkəmləndirilmiş Şəbəran şəhəri yerləşir. Onun çoxlu rustaqları (kənd nahiyələri) var. Ondan üstdə Çeşmədən (Xaçmataka Xaçmasa) rustağıdır. Onun digər tərəfində Bakı, Dərnik və Ləkzə qədər kəndlər (diyə), Cəbəl (Qafqaz sıra dağları) və Şirvan dağları yerləşir.[6][7] Burada yoxa çıxmış şəhərin yeri çox dəqiq lokallaşdırılır. "Hüdud əl-aləm"ə görə (982/3-cü il) Şəvəran (Şəbəran) Şirvanın inzibati mərkəzi (qəsəbə) olub, dəniz sahilində yerləşən səfalı bir yer idi.

Şabran şəhərində arxeoloji qazıntı zamanı aşkarlanmış nəfis keramika məmulatının qalığı

Oradan zərgərlərin qızılın əyarının təyin olunmasında istifadə etdikləri məhək daşı (sangi mihakk) ixrac olunurdu.[8] "Tarix-i əl-Bab"a görə, Şirvanın əsas gəlirini Şəbəran və onun kəndlərindən, habelə Bakının neft quyularından və duz mədənlərindən yığılan vergilər təşkil edirdi.[9] Müqəddəsi sonra Şəbəranın adını çəkir. "Şəbəran qalasız yerdir. Əhalisinin əksəriyyəti xristiandır, sərhəddədir.[10] X əsrin ikinci yarısında Şəbəran və ətrafındakı kəndlər varlı və münbit yerlər idi. Əl-Bab əmiri h.357 (968)-ci ildə oradan saysız-hesabsız qənimət aparmışdı.

"Tarix-i əl-Bab"da Şirvanşah Əbu Nəsrin h.392 (1002)-ci ildə əl-Bab əmirinin qardaşını həbsdə saxladığı Şəbəran qalasının adı çəkilir.[11] Şəbəran şəhəri indiki Qubadın cənuba doğru axan eyniadlı çayın sahilində idi. Ehtimal ki, Şəbəran üç Şirvan nahiyəsindən biri olan Xursanın inzibati mərkəzi olmuşdur.[12][13] Burada şüşə bilərziklər, çoxlu miqdarda şirli və şirsiz saxsı qab qırıntıları və kürə aşkara çıxarılmışdır ki, bu da sənətkarlığın inkişafından xəbər verir.[14] "Tarix-i əl-Bab"ın verdiyi xəbərə görə, Şəbəran şəhərinin divarını h.373 (983)-cü ildə Şirvanşah Məhəmməd ibn Əhməd çəkdirmişdir.[15] XI əsrdə Şirvanşahların ailə məqbərəsi Şəbəranda olmuşdur. H.418 (1027)-ci ildə ölmüş Yezid ibn Əhməd və onun h.459 (1067)-cu ildə Gülüstanda (Şamaxı yaxınlığında) ölmüş qızı Şəmkuyyə burada dəfn edilmişdir.[16] Ehtimal ki, Şamaxı böyüyənədək Şirvanın paytaxtı olmuşdur.

XVIII əsrin sonlarında Şəbəran ərazisində olmuş Biberşteyn yazır: "Vaxtilə mühüm şəhər olub, indi isə yalnız xarabalıqları qalmış Şəbəran şəhəri düzənlikdə onun adını daşıyan çayın sol sahilində yerləşmişdir". [17]

Hələ 1254-cü ildə Cənubi Qafqaz yolu ilə Monqolustandan qayıdarkən Şəbəranda olmuş fransız rahibi Rubruk burada xeyli yəhudi yaşadığını göstərmişdir. Rubrukun sözlərinə görə, onlar çox halda Şəbəranla Şamaxı arasındakı dağ qalalarında məskən salmışdılar.[18] Şəbəranın adı Teymurun yürüşləri təsvir edilərkən də çəkilir. 1395-ci ildə Dəşti-Qıpçağa yürüşdən qayıdan Teymuru bu səfərdə müşayiət edən Şirvanşah Şeyx İbrahim bu şəhərdə onun şərəfinə ziyafət vermişdi.[19]

Şəhər haqqında qeydlər

[redaktə | mənbəni redaktə et]

Türkiyəli səyahətçi Evliyə Çələbi 1647-ci ildə Şabranda olarkən yazırdı:...İranın Təbrizdən sonra ikinci şəhəri sayılır. Şəhərdə 70 məhəllə, Tokmaq xanın, Əfşar xanın və Uzun Həsənin məscidləri yerləşir. Məscidin divarları incə, buqələmun dərisi kimi, cürbəcür rənglərə çalan ornamentlə bəzədilib. Mərmər üzərində naxışlar isə hətta memarlıq işinin ustalarını təəccübləndirir

А.А.Bakıxanov ilk dəfə Dəvəçi rayonunun Şahnəzərli kəndinin yaxınlığında Gülüstan-İrəm şəhərinin qalıqları sayılan orta əsr şəhərin Şabranın yerləşməsi barədə deyib.

Şəhərin əhalisinin əsas hissəsini müsəlmanlar təşkil edirdi, şəhərdə xristianlaryəhudilər də yaşayırdı.

1979-1989-cu illərdə şəhərin ərazisində beş yerdən aparılan arxeoloji qazıntılar nəticəsində 4500 km² çox sahə aşkar edilmişdir. Material mədəniyyət qalıqlarının yaylanma qalınliğı 5 m-ə qədərdir. X əsrə aid olan qala aşkarlanıb. Alimlər tərəfindən sübut edilib ki, bu qala müdafiə məqsədilə tikilib. Qalanın divarları yarımdairəvi qüllələrlə bərkidilib. Tikinti zamanı əhəngdaşı, çay daşı və yandırılmış kərpicdən istifadə olunub. Qala XIII əsrin yarısına qədər mövcud olub. XIV əsrdə monqollar tərəfindən dağıdılmış qalanın qərb hissəsində kiçik qəsr tikilir. O, dördbucaq şəklində idi və Mərdəkan qalalarını xatırladırdı. Memarlar tikinti zamanı qarışıq hörmədən istifadə edirdilər. Qazıntılar şəhərin məhəlləli planlaşdırılmasından xəbər verir. Evlər yandırılmış kərpicdən çay daşından olan bünövrənin üzərində tikilirdilər. Şəhərdə su kəməri xətti mövcud idi.

Saxsı qablar, Şabran

Şabranın iqtisadiyyatı keramikanın istehsalında qurulmuş idi. Arxeoloji qazıntılar nəticəsində 10 əşyadan ibarət saxsı dəst tapılıb. Dağıntılar altında dulusçuluq emalatxanası aşkarlanıb. Şabranın saxsı əşyaları öz formasına və ornamentinin zənginliyinə görə fərqlənirlər. Metal emalında da uğurlar əldə edilmişdir. Buna görə də, şəhərdə tökmə işi, mis işi, zərgərlik, silahqayırma və s. inkşaf etmişdir. Möhürlü qızıl və gümüş üzüklər tapılıb. Şəhərdə həmçinin şüşə istehsal olunurdu. Yerli ustalar şüşənin müxtəlif növlərindən istifadə edirdilər. Məhsulun bir hissəsi xarici ölkələrə ixrac olunurdu. Şabran ustalarının hazırladığı ipək, yun məhsullarına, müxtəlif növ xalçalara da dünya bazarlarında tələbat böyük idi.

Şəhər Suriya, Misir, Çin, Maldiv adaları və s. ölkələr ilə ticarət əlaqələri saxlayaraq, keramika, farfor, fayans məhsulları ixrac edirdi. Aşkar edilmiş mis sikkələr daxili ticarətin də mövcudluğundan xəbər verirlər. Sikkə zərbində istifadə olunan ştempelə oxşayan əşya da tapılmışdır .

  1. Epeмян. Шaпoтpeнa, c.76-79
  2. Mинopcкий. Иcтopия Шиpвaнa, c.108-110
  3. Epeмян. Шaпoтpeнa, c.77-78.
  4. İbn Xordadbeh, s.123
  5. Mинopcкий, c.109.
  6. Əl – İ s t ə x r i, c. 1, s. 187
  7. Hüdud əl-aləm, s.407.
  8. Hüdud əl-aləm, s.145, fars mətni, l.ЗЗv
  9. Mинopcкий, c.49
  10. Ə1-Müqəddəsi, s.376
  11. Mинopcкий, c.51-52
  12. Hüdud əl-aləm, s. 144-145, fars mətni, v.ЗЗa-ЗЗv
  13. Mинopcкий, c.109
  14. Пaxoмoв. Пaмятники cтapины, c.366-372.
  15. Mинopcкий, c.51.
  16. Mинopcкий, c.60
  17. Marschall fon Bieberstein. Tableau des provinces situees sur la cote occidentale de la mer Caspienne entre Jes fleuves Terek et Kour. CПб., 1798, c.ll
  18. Itinerarium Willelmi de Rubruk. Recueil de voyages et de Memoires, rublie par la Societe de geographie, t.IV, Paris, 1839, pp.380-391
  19. Historie des conquetes de Tamerlan intinulee Zafar-nama par Nizamiddin Sami, par Felix Tauer, t.I, texte persan Praha, 1937, p.165

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]