Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycanda qaçaq hərəkatı — Azərbaycan xalqının müstəmləkə və feodal zülmünə qarşı milli-azadlıq hərəkatının əsas formalarından biri.
XIX əsrdə Azərbaycanda qaçaqçılıq hərəkatını doğuran əsas səbəb 1828-ci il fevralın 10-da bədnam Türkmənçay müqaviləsi əsasında Şimali Azərbaycanın Rusiya tərkibinə zorla tabe edilməsindən sonra ölkədə baş verən mənfi hallar olmuşdur. İstismar olunan, əsarətdə yaşayan, istilaya düçar olan xalqla istismarçı, hər şeyi məhv edən zülmkar rus imperialist rejimi arasında tarix boyunca mübarizə olmuşdur. İstismarçı rejimə qarşı aparılan mübarizə formaları müxtəlif olmuşdur. Məhkum xalq imperialist idarələrinə vergi verməməklə, onların istehsal etdikləri məhsulu almamaqla, biyara getməməklə passiv mübarizə yolunu seçirdi. Bəzi hallarda isə idarə məmurlarını öldürməklə öz məqsədlərinə nail olurdular. Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə qarşı və onlara rüşvət verməklə əlbir olub xalqa zülm edən yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir. İgidlik, yenilməz qəhrəmanlıq dastanlarını yaradan qaçaqları gördükləri xeyirxah əməllərə görə Azərbaycan xalqı onları sevmiş, tərifləmiş və qorumuşlar. Erməni qırğınları zamanı ermənilərin qarşısının alınmasında qaçaq hərəkatının böyük rolu olmuşdur. Çar istibdad üsul-idarəsinə qarşı narazılıqların əsas səbəblərindən biri də təhkimçi rus kəndlisi ilə azad azərbaycanlı kəndlisi arasındakı fərqi görməyən komendantların fəaliyyəti idi. Belə ki, tarixin heç bir dönəmində Azərbaycan kəndlisi rus kəndlisi kimi hüquqsuz olmamışdır. Zülmkarlara qarşı ölkənin hər yerində saysız çıxışlar və üsyanlar olurdu. 1830-cu ildə Car-Balakən üsyanı, 1831-ci ildə Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-ci ildə Şəki üsyanı tariximizin yaddaşında qalmaqdadır.
Narazılıqları yaradan əsas səbəblərdən biri də rus işğalından sonra işğalçı qoşunların təminatının azərbaycanlılar tərəfindən təmin olunması idi. 1816-cı ildə A.P.Yermolov Qafqaz qoşunlarının ali baş komandanı təyin olunduqdan sonra Azərbaycanda, xüsusilə Qarabağda erməni məliklərinin göstərişi ilə əhaliyə divan tutulmuş azərbaycanlıların, əsasən də varlıların var-dövləti talan olunmuş bəylərin və xanların sürgünə göndərilməsi barədə əmrlər verilmişdir. Azərbaycanı işğal edən rus qoşunlarının ərzaq, saman və digər ləvazimatla təmin olunması əsasən azərbaycanlıların hesabına idi. Arxiv sənədlərini araşdırarkən məlum olur ki, 1827-ci ildə ərzaqla dolu 2000 araba rus qoşunlarının təminatını ödəmək üçün tədarük olunmuşdur.
1826-1828-ci illərdə baş verən Rus-İran müharibəsi zamanı təkcə Kür çayı ərazisində yaşayanlar 12 min kisə suxarı, 1 min kisə yarma, 4 min kisə arpa, 4 min baş heyvan (ətlik ücün) göndərmişlər.
Bunlardan başqa, Qazax mahalından ildə 2500 baş, Borçalıdan 2000 baş, Şəmşəddildən 1000 baş, Şirvandan 1000 baş heyvan rus qoşunları üçün tədarük edilmişdir. A.P.Yermolovun tapşırığı əsasında Cənubi Azərbaycandan da rus qoşunları üçün ərzaq və mal-qara müsadirə olunurdu. İl ərzində Miyanə və Ərdəbil arasında yaşayan köçəri Şəqaqi tayfalarından 3000 dəvə və 2000 baş qaramal zorla alınmışdır.
Azərbaycan xanlıqları ərazilərində imperiya tərəfindən yeni üsul idarə, divanxanalar təşkil edilmişdir. Divanxanaları milliyyətcə rus olan divanbəyilər idarə edirdilər. Onların bu ərazilərdə geniş səlahiyyətləri var idi. Hər işə qarışmağa ixtiyarları çatan divanbəyilər yerli əhalinin rus dilini bilməməyindən istifadə edərək onları soyub talayırdılar. Əsasən də, Qarabağ xanlığının vəziyyəti çox ağır idi. Bu dövrlərdə xanlığın əhalisi 3 dəfə azalmışdır.
XIX əsrin ikinci yarısında qaçaq hərəkatı çar idarəsini qorxuya salacaq dərəcədə artmışdı. Peterburqda nəşr olunan "Narodnaya Volya" qəzeti 1885-ci ildə qaçaqlardan söz açaraq Qafqazda "Qaçaq Kərəmin məmurları və bəyləri pərişan etdiyindən..." şikayət edirdi.
1888-ci ildə isə Quba həbsxanasının dustaqları qapıları sındıraraq bir qaçağın zindandan qaçmasına şərait yaratmışlar. Bu savaşda iki rus əsgəri öldürülmüş üçü də ağır yaralanmışdır. Bu hadisələr bir daha sübut edir ki, azərbaycanlılar arasında, hətta məhbuslar arasında da qaçaqlara qarşı böyük hörmət var idi. Rus çar idarəsi qaçaqçılıq hərəkatının qarşısını ala bilmirdi. Qaçaqçılıq hərəkatına qarşı mübarizədə qan içən rus generalları ermənilərdən hərtərəfli istifadə edirdilər. Satqınlıqda, xainlikdə və hiyləgərlikdə ad çıxaran ermənilər rusların əlaltısı vəzifəsini məharətlə yerinə yetirirdilər. Yeri gəlmişkən erməni hiyləgərliyinin daha qədimiliyinə bir misal gətirək. Nadir şahın Azərbaycana birinci yürüşü zamanı (1734-cü il) erməni məlikləri ona itaət etdiklərini bildirmiş, bunun müqabilində ermənilərdən bəziləri şahdan torpağa sahiblik hüququ (məliklik) almışdılar. Bununla yanaşı, onlar “var-yoxları əldən çıxmasın” deyə müsəlmanlığı da qəbul etmişlər. Qarabağ məlikləri yerli mollalara “La ilahə illəllah Məhəmməddən Rəsul Allah” sözlərini yazdırıb əzbərdən oxuyur və bununla da müsəlmanlığı qəbul etdiklərini yalandan bəyan edirdilər. Nadir şah da ermənilərin bu hiylələrinə inanmış, onlara səxavət etmiş, hətta onlara inanaraq bəzilərini öz yanına münşi-mirzə də götürmüşdür.
Azərbaycanın zülmdən qurtarması uğrunda, rus və erməni qaniçənlərin məhv edilməsində partizanların əvəzsiz rolu olmuşdur. Milli qəhrəmanlarımız Azərbaycanın ayrı-ayrı bölgələrində düşmənə qarşı rəşadətlə vuruşmuş, xalqımızın qisasını onlardan dəfələrlə almışlar.
Qubadan Qaçaq Mayıl,Qazaxda Qaçaq Kərəm, Balasöyün, İsfəndiyar, Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bəy Kavaler, Zəngəzurda Qaçaq Nəbi, Sultan bəy, Gəncədə Dəli Alı, Qəmbər, Zaqatalada Yusif, Nuxada Qutqaşenli Kərim Əfəndi, Qərbi Azərbaycanda Abbasqulu ağa Şadlinski və digər milli qəhrəmanlarımızın adları azərbaycanlıların qəlbində daim yaşayacaq.
Adları sadalanan milli qəhrəmanlarımız həm də partizan hərəkatının rəhbərləri idilər. Onlar rəhbərlik etdikləri dəstələrin silahlanmasını, ərzaqla, geyimlə təmin olunmasını məharətlə həyata keçirir, düşmənə qarşı hücum planlarının işlənib hazırlanmasında əsl sərkərdəlik məharəti nümayiş etdirirdilər. Maraqlı faktlardan biri də odur ki, qaçaq hərəkatında azərbaycanlı qadınlarımız da ərləri və qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı amansız mübarizə aparmışlar. Nigar xanım, Həcər xanım, Mehri xanım kimi igid qəhrəman qadınlarımızın adları indi də xalqımız tərəfindən böyük iftixarla yad edilir.
XIX əsrin II yarısında çar Rusiyası bu hərəkata qarşı xüsusi planlar hazırlayırdılar. O illərdə Qafqaz hərbi qüvvələrinin komandanı və mülki idarənin xüsusi müfəttişi general Dondukov- Korçakov qaçaqlara qarşı bir sıra tədbirlər planı həyata keçirməyə başladı. Qaçaqlara qarşı mübarizə aparmaq üçün yerli idarə rəislərinə geniş səlahiyyət verməklə yanaşı hərbi qüvvələrin də onlara yardım etməsini əmr etmişdi. Ümumiyyətlə, Qafqaza təyin olunmuş baş komandanlar və canişinlər: P.D.Sisianov (1802-ci il, noyabrın 8-də), A.P.Yermolov (1816-cı ildə), İ.F.Paskeviç (1827-ci ildə), A.N.Bayratinski (1856-cı ildə), İ.V.Qudoviç və başqa generallar Azərbaycanda qaçaq hərəkatının qatı düşmənləri idilər. Qatı düşmənlərin içərisində erməni əsilli generallar: V.Q.Madatov, V.O.Bebudov, İ.Korqanov, İ.Lazarev xüsusilə fərqlənirdilər. Qarabağın erməni məlikləri də rus generalların azərbaycanlılara qarşı apardığı müharibə və qırğınlarda bilavasitə iştirak edirdilər.
Müsəlmanların qatı düşmənlərindən biri olan İ.Lazarevin qəddarlığını xüsusilə qeyd etmək lazımdır. O, ermənilərin Azərbaycanda yerləşdirilməsinə, onların həyat şəraitlərinin daha da yaxşılaşdırılmasına böyük diqqət verirdi.
Rus hərb tarixçisi Potto onun haqqında yazdığı əsərdə qeyd edir:
"Lazarev ermənilərin dağınıq halda olmasından narahat idi. O, bildirirdi ki, ermənilər bir yerdə olmalıdırlar. Dənizdən-dənizə keçmək üçün onlara imkan yaransın. Buna görə də "Böyük Ermənistan" yaratmaq arzusu ilə bütün imkanlardan istifadə edirdi."
1842-ci ildə İ.Lazarevə Dağıstanda və Qubada müsəlman əhalisinə tutduğu divana görə general rütbəsi verilmişdir.
XIX əsrin 70-80-ci illərində Azərbaycan kəndlərində bəylərə, mülkədarlara, mütləqiyyətə qarşı ayrı-ayrı yerlərdə kütləvi ixtişaşlar baş vermişdi. Mülkədar torpaqlarının tutulması, varlıların mülklərinin dağıdılması, bəylərin öldürülməsi o zaman kəndlilərin sinfi mübarizəsinin əsas formaları idi. Məsələn, 1878-ci ildə təkcə Quba qəzasında kəndli üsyanları nəticəsində 120 bəy və hakim sinfin digər nümayəndələri öldürülmüşdür. Belə hallar Nuxa, Yelizavetpol, Şuşa və Cavanşir qəzalarında daha çox baş verirdi. Vergi və töycü toplayan qəddar məmurlara divan tutan kəndlilər qaçaq hərəkatının əsas mənbəyi idi. 1878-ci ildə İrəvan quberniyasının Novruzlu kəndinin camaatı qəti surətdə həmin ilin məhsulundan verməli olduqları bəhrəni ödəməkdən boyun qaçıraraq vergi toplayanları hədə ilə kötəkləyərək kənddən qovmuşlar.
Qazax qəzası Quşçu kəndinin kəndliləri mülkədar İsgəndərbəyov əsarətinə qarşı çıxış edən kəndli üsyanına Mehbalı Məmmədhəsən oğlu, Məşədi Usub Mürşüd oğlu, Kərbəlayi Kərimşah Qulu oğlu başçılıq edirdilər. Bəylərin köməyinə gələn kazak dəstələrinin yardımı ilə üsyana divan tutuldu və üsyan başçıları həbs edildi.
Yelizavetpol qəzasının Xılxına kəndində kəndlilər mülkədar Zülqədərovlara qarşı çıxış etmişlər. Bu çıxışlara Hacı Əhməd Həsən oğlu, Bicof Sadıx və başqaları başçılıq etmişlər.
Həmin qəzanın Dəllər, Gülüstan, Qızılhacılı kəndlərində də kəndlilər mülkədar Adıgözəlovlara qarşı çıxış etmişlər. 1881-ci ildə Qazax qəzasının Öksüzlü kəndinin camaatı mülkədar Sultanovlara qarşı mübarizəyə qalxdılar. Bayraməli Bağır oğlu, Kərbəlayı Qasım Məmməd oğlu, Kəlbəlayi Abdulla Əli oğlu, kəndli çıxışına rəhbərlik etmişlər. Kəndlilər bəyləri baykot edərək öz oğlanlarını və qızlarını onların yanına xidmətə göndərməkdən boyun qaçırdılar. Buna görə bəylər uzun müddət başqa kəndlərdən özlərinə rəncbər və nökər tutmağa məcbur oldular. 1888-ci ildə Qarabulaq kəndinin kəndliləri Şaban ağa Şəfibəyova qarşı çıxış etdilər və öz məqsədlərinə çatmayan üsyançılar bəyi kənddən qovaraq torpaqlarını zəbt etdilər. Bəyin məhkəməyə müraciət etməsinə baxmayaraq çar idarəsi kəndli həyəcanlarından qorxaraq torpaqları kəndlilərdən almağa cəsarət etmədi.
Naxçıvan qəzasının Əbrəqunis və Bənənyar kəndinin camaatı mülkədar Sultanbəyovlara qarşı çıxaraq özlərinin vaxtilə bəylər tərəfindən tutulmuş 260 desyatin torpaqlarını geri aldılar.
1888-ci il mayın 6-da Salyandan bir qədər aralı yerləşən balıq vətəgələrində polis nümayəndəsi balıq tutmaqla məşğul olan balıqçıların qayıqlarını və torlarını müsadirə etmək istədikdə cavab olaraq 25 nəfərdən ibarət qadın və kişi qrup halında ağacla silahlanaraq hədə-qorxu ilə polis nəzarətçisini mühasirəyə alıb, ov alətlərinə toxunmamağı tələb etdilər. Onların tələbinə əməl olundu. Müşahidə olunan həyəcanla əlaqədar polis nəzarətçisi Bayraməlibəyov kəndlilərin müqavimətini qırmaq üçün Salyana əlavə qüvvələr göndərilməsini təkidlə tələb edirdi.
Çox hallarda silahlı kəndlilər kiçik və böyük dəstələrdə birləşərək bəylər, mülkədarlar və çar məmurları üzərinə hücum edir, onların əmlakını ələ keçirib yoxsul təbəqəyə paylayırdılar. Bu kəndli çıxışları özünəməxsus bir formada mövcud idarə sisteminə qarşı etiraz idi. Mütləqiyyətə qarşı mübarizədə bir çox azərbaycanlılar haqsızlığa dözməyərək dağlara çəkilərək zülmkarlara qarşı silahlı müqavimətə başladılar. Belə dəstələrin üzvlərinə xalq arasında qaçaqlar deyilirdi. Qaçaq hərəkatı Yelizavetpol, Bakı, İrəvan quberniyasını, Naxçıvan qəzasını, Zaqatala dairəsini əhatə edirdi.
Qaçaq çıxışları XIX əsrin 70-90-cı illərində xüsusilə qüvvətlənmişdi. Bunun əsas səbəbi xalq kütləsinin dözülməz şəraitdə yaşaması, rus və erməni əsilli generalların özbaşınalığı, bəy və mülkədarların əsarətinin daha da şiddətlənməsi, qolçomaqların xalqa zülm etməsi, yerlərdə sinfi ziddiyyətlərin kəskinləşməsi idi. Qaçaq hərəkatının əsas istiqamətlərindən biri də çar Rusiyasına arxalanan, yerli bəylərlə əlaqəyə girib azərbaycanlıları qıran, torpaqlarını müxtəlif üsullarla mənimsəyən erməni qəsbkarlarına qarşı mübarizə idi. Bu müharibələrdə əsas hədəflərdən biri olan ermənilərə qarşı mübarizə uğurla həyata keçirilirdi. Qaçaq hərəkatının geniş yayıldığı quberniyaların ərazilərində ermənilər cürət edib azərbaycanlıları incidə bilmirdilər. Ermənilər qaçaqların qorxusundan öz məkrli niyyətlərini həyata keçirməyə qorxurdular. Məhz bu səbəbdən də sonrakı dövrdə də erməni-müsəlman qırğınları zamanı qaçaqların mübarizə etdikləri ərazilərdə azərbaycanlı əhali az qırılmışdı. Əksinə, həmin ərazilərdə yerli əhali qaçaqlarla əlbir olub düşmənlərə qarşı uğurla mübarizə aparmışlar.
XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Əsrin əvvəllərində dəfələrlə erməni bolşevik quldur dəstələrinin qarşısını almış qələbələr qazanmışdır. Qaçaq Mayıl və başına yığdığı igidlər 1918-1920-ci illərdə Quba və Şamaxı qəzalarında erməni-daşnak və rus-bolşevik quldurlarına qarşı döyüşüb, bir çox kəndlərdə dinc sakinlərə qarşı qətliamların qarşısını alıb. Şabrandan Qubaya qədər 11-ci Qızıl Orduya və daşnaklara qarşı vuruşan Mayıl, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir.
1918-ci ildə Şamaxını viran qoyan daşnak generalı Hamazasp Qubaya keçmək, Dağıstana, Xasavyurta qədər arada olan kəndlərin sakinlərini qırmaq üçün hərəkətə başlayır. Güclü ordusu olan ermənilər Şamaxıdan dağ yolu ilə Təngə dərəsinə çatır. Amma erməni kəşfiyyatı onlara pis xəbər gətirir: Dağ yollarında, keçidlərdə və tikililərdə sayı bilinməyən yerlilərdən ibarət silahlılar yerləşib. Başçıları da Mayıl Zahirovdur. Ermənilər 1837-ci ildə Quba üsyanı zamanı baş vermiş döyüşdə “Tenginskiy polk”un məhv edilməsindən xəbərdar idilər (Həmin döyüşdə poruçik rütbəli məşhur rus şairi Lermontov da güllələnmişdi-müəll). Xəbərin şokundan ayılmayan ermənilər növbəti bəd xəbəri Laçından alır. Ermənilərin Qarabağa keçməsinə icazə verəcəyini deyən Sultan bəy dar dərədə erməni ordusunu sonuncu adamına kimi məhv etmişdi. Bütün bunlara baxmayaraq, qüvvələrin nisbətini ayırd etmək üçün kiçik yoxlama döyüşü olur. Həmin döyüşdə daşnaklar çox böyük itki vermişdir. Bundan sonra, baş verənləri analiz edən Hamazasp Təngə dərəsində Mayıla yem olmamaq üçün geri addım atır.
Qaçaq hərəkatının geniş yayıldığı Zəngəzur və Naxçıvan qəzalarında qəhrəmancasına mübarizə aparan Qaçaq Nəbi Zəngəzur qəzasının Aşağı Mollu kəndində anadan olmuşdur. Nəbi 16 yaşında olarkən kəndin bəyi onun atasını döyərkən bəyin üstünə atılaraq onu döymüşdü. Bəyin məlumatına əsasən polis Nəbini həbs edir və 1890-cı ildə İrəvan məhkəməsi onu məhkum edir. Həbsdən qaçan Nəbi başına məsləkdaşlarını yığaraq zülmkarlara qarşı mübarizə aparmışdı. Ona mübarizədə həyat yoldaşı Həcər xanım, baldızı Mehri xanım da yaxından köməklik göstərmişlər. Qaçaq Nəbi Zəngəzurda ermənilərə qarşı amansız olmuşdur. Nəbinin qardaşı Mehdi 1894-cü il 20 iyulda Gürcüvan kəndində car cəsusları və ermənilər tərəfindən öldürülür. Bu hadisədən sonra Qaçaq Nəbi həmin kəndə gələrək kazakları, erməniləri məhv edərək İrana keçir.
1895-ci ildə Nəbinin arvadı Həcər xanım, bacısı Mehri xanımla birlikdə həbs olunaraq Gorusdakı qalaya salınırlar. Həmin ilin oktyabrın 28-də Nəbi öz dəstəsi ilə Gorusu mühasirəyə alır. Gorus qalasının komendantı olan rus polkovnikindən Həcər xanımla Mehri xanımın azad olmasını tələb edir və tələbinə nail olur. Bu hadisədən məlum olur ki, qaçaq dəstəsinin sayı kifayət qədər imiş ki, Gorus kimi böyük bir qəsəbəni mühasirə edə bilmişlər.
1896-ci ilin mart ayında Nəbi Kərbəla ziyarətindən geri qayıdarkən Türkiyə ilə İran sərhədi arasında olan Larni kəndində erməni və rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur.
Qaçaq Dəli Alı 1898-cı ildə 22 yaşında silahlanaraq dağlara çəkilib düşmənlərə qarşı mübarizə aparmışdır. 1898-1913-cü illər ərzində ruslarla dəfələrlə qanlı döyüşlərə girərək onları ağır məğlubiyyətə uğratmışdır. Gəncənin Qarasuçu kəndindən olan Dəli Alı uca boylu, enlikürək, kəskin baxışlı, cəld, yaraşıqlı bir gənc idi. Onun əsas hədəfi rus çar rejimi, onların Azərbaycandakı nökərləri olan erməni millətçiləri, yerli xanlar və bəylər olmuşdur. 1905-ci ildə rus inqilabı dövründə Azərbaycanı bürüyən erməni – müsəlman qırğınları başlananda Dəli Alı dəstələrini dağlarda, kəndlərdə etibarlı gizlətmiş, lazım olduqda dəstə üzvlərini toplayıb ermənilərə qarşı mərdliklə vuruşaraq onları məhv etmişdir. Belə ki, 1905-ci ildə çarın yüksək rütbəli məmurları erməniləri silahlandıraraq azərbaycanlılara qarşı hücuma təhrik etdilər. Ermənilər azərbaycanlıların yaşadığı ərazilərə hücum edərək qırğınlar törətdilər.
Bunu görən Dəli Alı başına topladığı dəstəsilə Gəncənin böyük erməni kəndləri olan Bayan, Çardaqlı, Çaykənd və digər kəndləri işğal edərək qadınlara, uşaqlara, qocalara toxunmadan əli silah tutan ermənilərin hamısını məhv etdi. Dəli Alı dəfələrlə rus jandarm və kazakları ilə döyüşə girmişdir. Bu döyüşdən qalib çıxaraq yüzlərlə əsgər, kazak, jandarm öldürdüyünü təfsilatı ilə yazmağa ehtiyac yoxdur.
Qaçaq hərəkatının ən görkəmli nümayəndələrindən biri də şuşalı qaçaq Məmməd Bəy Kavalerdir. Qaçaq Məmməd bəyin haqqında dəqiq məlumat olmadığından onun doğulduğu il və ölümü barədə dəqiq fikir söyləmək çətindir. Onun Qaçaq Nəbinin dostu və müasiri olduğu məlumdur. Məmməd Bəy Kavalerin müasiri Mir Möhsün Nəvvabın verdiyi məlumata görə 45 yaşında qaynı tərəfindən Cənubi Azərbaycanda öldürülmüşdü. O, III Aleksandrın çarlığı dövründə qaçaq düşmüş və mübarizə aparmışdı. Onun əsas düşmənləri ruslar, bəylər, xanlar, ermənilər və şəxsi rəqibləri idi. Qaçaq Məmmədlə bacarmayan çar hökuməti onu bağışlayır və ona kavaler – kapitan rütbəsi verir. Qarabağ camaatı bundan sonra Qaçaq Məmmədin ailəsini kavalerlər nəsli adlandırır.
Qərbi Azərbaycanda Abbasqulu ağa Şadlinskinin rəhbərlik etdiyi azərbaycanlılar ermənilərə qarşı mətanətlə vuruşmuş, bir çox hallarda ermənilərə ağır zərbələr vurmuşlar. Qərbi Azərbaycanın Vedibasar bölgəsində fəaliyyət göstərən qaçaq hərəkatı erməni qırğınlarının həmçinin azərbaycanlıların kütləvi deportasiyasının qarşısını almışdır.
Tarixi araşdırarkən məlum olur ki, XIX əsrdə qaçaq hərəkatının əsasını qoyan Qafqazda yaşayan müsəlmanlar olmuşlar. Şeyx Şamilin başçılığı altında fəaliyyət göstərən milli azadlıq hərəkatı Rus İmperiyasını sarsıtmış, onları çıxılmaz vəziyyətdə qoymuşdu. 30 ildən artıq bir müddətdə Şeyx Şamillə mübarizədə yüz minlərlə işğalçı rus məhv edilmişdir .
Azərbaycanda qaçaq hərəkatı XIX əsrdə və XX əsrin birinci yarısında çox mühüm əhəmiyyətə malik olmuş, qaçaq hərəkatının fəal olduğu bölgələrimizdə ermənilərin və onların havadarlarının bir çox planları puç olmuş, erməni qırğınları zamanı azərbaycanlıların kütləvi qırılmasının qarşısı alınmışdır.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |