Azərbaycanda stolüstü tennis

Azərbaycanda Stolüstü Tennis — Azərbaycanda stolüstü tennis idman növünə maraq 1939–1940-cı illərdən yaranmışdır[1]. Böyük Vətən müharibəsindən (1941–1945-ci illər) sonra bir çox müəssisə və təşkilatlarda, zavod və fabriklərdə stolüstü tennis bölmələri yaradılır və bu idman növü get-gedə inkişaf etməyə başlayır. 50-ci illərin əvvəllərində ilk dəfə olaraq Bakı stolüstü tennis bölməsi yaradılır və sonradan respublika Stolüstü Tennis Federasiyası təsis olunur. Həmin vaxtdan etibarən respublikada bu idman növü üzrə müxtəlif yarışlar keçirilməyə başlayır. Bakı şəhərinin ilk çempionları V. Lazorkin və R. Yaşagina olmuşlar. O dövrün ən güclü tennisçiləri arasında M. Şeydabəyovun, K. Bağırovun, V. Lazorkinin, R. Şapayevanın, O. Spiridonovun, A. Knijnikin və başqalarının adlarını çəkmək olar.

Azərbaycanda SSRİ-nin əməkdar məşqçiləri N. Novikov, R. Kotsev, Azərbaycanın əməkdar məşqçiləri Y. Oparin, İ. Mazin kimi məşqçilər yetişmişdir. Onlar M. Şeydabəyov (1961-ci ildə SSRİ çempionu), V. Popova (6 dəfə SSRİ çempionu, 1984-cü ildə Avropanın mütləq çempionu) kimi idmançıların ərsəyə gəlməsində böyük əmək sərf etmişlər.

Azərbaycan idmançıları bir çox respublika və beynəlxalq yarışlarda iştirak etməyə başladılar. SSRİ dağıldıqdan sonra ictimai-siyasi həyatda olduğu kimi, idman sahəsində də durğunluq dövrü yarandı. Bu stolüstü tennisə də öz mənfi təsirini göstərdi. Bir çox adlı-sanlı idmançılar və məşqçilər Azərbaycanı tərk etdilər.

Yalnız Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra respublikanın ictimai-siyasi həyatında, o cümlədən idmanın inkişafında əsaslı dəyişikliklər baş verdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və ölkənin bütün sahələrində aparılan siyasi, sosial-iqtisadi islahat proqramlar və yenidənqurma işləri bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində ölkədə güclü idman bazası yaradılmış və artıq 28 yeni, müasir Olimpiya kompleksləri istifadəyə verilmiş, daha 6 idman qurğusu isə 2011-ci ildə istismara veriləcəkdir. Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında müvəffəqiyyətlə çıxış edir, ölkəyə yeni-yeni qızıl, gümüş və bürünc medallar gətirirlər. Respublikada stolüstü tennisin də inkişafına diqqət yetirilir. 2005-ci ilin yanvar ayında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Stolüstü Tennis Federasiyasının yeni prezidenti seçilmiş və onun rəhbərliyi altında Federasiyanın təşkilati cəhətdən möhkəmləndirilməsi, yığma komandanın stabil maddi-texniki təminatı və bütövlükdə ölkədə bu idman növünün inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.

2006–2010-cu ullər ərzində federasiya tərəfindən Bakı və respublikanın bölgələrində fəaliyyət göstərən idman məktəblərinə və təşkilatlarına 200-ə qədər "TİBHAR" şirkətinin tennis stolları, raketlər, toplar, idman forması və digər zəruri ləvazimat təmənnasız olaraq paylanılmışdır. 2007-ci il Bakıda ilk dəfə olaraq məşqçi kadrlarının ixtisaslarının artırılması məqsədilə dörd günlük Beynəlxalq seminar keçirilmişdir. Seminarı ETTU-nun tövsiyəsi ilə Rusiyanın əməkdar idman ustası, dəfələrlə Avropa çempionu İrina Palina aparmışdır. Tədbirdə ölkənin 40-dan artıq məşqçi və idman mütəxəssisləri iştirak etmişdir.

2007-ci ilin noyabr ayında Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasovun dəvəti ilə Avropa Stolüstü Tennis Birliyinin prezidenti Stefano Bozi tanışlıq səfəri ilə Bakıda olmuşdur. O, Azərbaycanda stolüstü tennisin inkişaf durumu ilə tanış olmuş, Bakıda və Sumqayıtda fəaliyyət göstərən idman obyektlərinin işi ilə maraqlanmış, bu idman növünün daha da populyarlaşması və genişlənməsi, eləcə də mövcud problemlərlə bağlı idman mütəxəsisləri ilə fikir mübadiləsi aparmışdır. S. Bozi Milli Məclisin sədri O. Əsədovla, gənclər və idman naziri A. Rəhimovla, MOK-un vitse-prezidenti Ç. Hüseynzadə ilə görüşmüş və respublikada stolüstü tennisin inkişafı, gənc nəslin bu idman növünə daha geniş şəkildə cəlb edilməsi və digər məsələlər barədə ətraflı söhbət aparmışdır.

Azərbaycan Stolüstü Tennis Federasiyası bir çox xarici federasiyalarla, o cümlədən Rusiya Stolüstü Tennis Federasiyası ilə sıx və işgüzar münasibətlər qurmuşdur.

Azərbaycan Stolüstü Tennis Federasiyası 1995-ci ildən 207 dövlətin milli federasiyalarını özündə birləşdirən Beynəlxalq Stolüstü Tennis Federasiyasının (İTTF) və 56 Avropa milli federasiyalarının daxil olduğu Avropa Stolüstü Tennis Birliyinin (ETTU) və 2007-ci ildən Şərqi Avropa Liqasının üzvüdür.

Azərbaycanın stolüstü tennis üzrə yığma komandası Avropa çempionatlarında ilk dəfə olaraq 1996-cı ildən, Dünya çempionatlarında 1997-ci ildən iştirak etməyə başlamışdır. 2010-cu ildə Azərbaycan stolüstü tennis tarixində ilk dəfə olaraq 4 nəfər idman mütəxəssisi K. Mikayılova, A. Zudov, F. İsmayılov və Z. Mikayılov "Beynəlxalq dərəcəli hakim" adına layiq görülmüşlər.

  1. "Azərbaycanda stolüstü tennis barədə qısa informasiya". 2012-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]