Azərbaycanda voleybol — həmişə ən böyük rəğbət bəslənilən idman növü olmuşdur. Xüsusilə də qadın voleybolu Azərbaycanda çox böyük inkişaf yolu keçmişdir.
Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə "Neftçi" cəmiyyətində ilk voleybol məşqləri keçirilmişdir. Voleybol bakılılar arasında daha geniş yayılmışdı. "Rote Fane" (indikı Nizami parkı), Kommunalniklər bağı (C. Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. 1927-ci ildə isə "Dinamo" və "Kommunalnik" cəmiyyətlərində voleybol bölmələri açıldı.
Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanmışlar. O vaxtdan Bakının yığma kollektivlərinin oyunçuları Azərbaycanda və hətta SSRİ-də kifayət qədər şöhrət qazanmışlar. Bakı voleybolunun ilk nümayəndələrindən bir neçəsi bunlardır: M. Lyoqonki (o Bakıda voleybol üzrə ilk idman ustası olmuşdur), M. Pererva, O. Rusanov, V. Simakov, N. Yurasov, L. Vasilyev, A. Fomina, Q və M. Urbanoviçlər, M. Sluçenkova, V. Savkina, Q. Qaneker.
1928-ci ildə Moskvada SSRİ xalqlarının I spartakiadasından sonra A. Potaşkinin rəhbərliyi ilə voleybolun vahid oyun qaydaları işlənilib hazırlandı və təsdiq edildi. 1932-ci ildə Bakıda ilk dəfə olaraq təzə qaydalara əsasən şəhər birinciliyi keçirildi. Yarışlarda "Jeldor", "Qornyak", "Kommunalnik", "Dinamo", "Moryak", "AZNİ" komandaları iştirak edirdilər. "Jeldor" komandası uğurla çıxış edərək I yeri tutmuşdur.
1934-cü ildə Tbilisidə Zaqafqaziya respublikaları birinciliyi keçirilmişdir. Bakının qadınlardan və kişilərdən ibarət yığma komandaları bu yarışlarda qalib gələrək Ümumittifaq oyunlarda iştirak etmək hüququ qazanmışlar. Moskvada keçirilən bu yarışlarda qadınlardan ibarət yığma komanda 2-ci, kişilərdən ibarət komanda isə 4-cü yeri tutmuşdur. Üçüncü Ümumittifaq voleybol bayramı 1935-ci ildə Azərbaycan paytaxtında keçirilmişdir. Hər iki komandamız inamlı oyun nümayiş etdirərək 3-cü yeri tutmuşdur. 1950-ci illərin ortalarında təcrübəli məşqçilər Ş. Şamxalov, O. Kiblitski və başqalarının başçılıq etdikləri komandalarda çoxlu sayda təcrübəli oyunçular yetişmişdir. Anatoli Makaqonov, Roman Eydelman, Nəsən Ələkbərov, Yaşar Abbasov, Oqtay Ağayev, Xəyyam Zülfüqarov, Feliks Məmmədov, Telman Səfərov, Gennadi Rudnov, Ramiz Xismətov, qadınlardan Nelli Lukanina, Tamara Tixonina, Olimpiada Tişşenko Bakı voleybolunun yetirmələridir. Onların çoxu olkə yığma komandasına dəvət edilmiş, Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə çıxış etmişlər. Həmin idmançılardan Anatoli Makaqonovu, Oqtay Ağayevi, İqor Dyaçkovu, Tamara Tixoninanı, Elmira Gerasimenkonu, İnna Rıskalı, Vera Lantratovanı göstərmək olar.
1955-ci ildə Azərbaycanın qadınlardan ibarət voleybol komandası uğurla çıxış edərək yüksək liqada oynamaq hüququ qazanmışdır. Ümumiyyətlə Azərbaycan voleybolçuları üçün ən uğurlu il 1957-ci il sayılır. Həmin il Zaqafqaziyanın VIII spartakiadasında Azərbaycanın qadınlardan və kişilərdən ibarət yığma komandaları uğurla çıxış edərək 1-ci yeri tutmuşdur. 1957-ci ildə isə Böyük Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş kubok yarışlarında kişilərdən ibarət komanda bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutmuşdur. Komandanın heyətində Anatoli Makaqonov, Yaşar Abbasov, Roman Eydelman, Gennadi Rudnov, Xəyyam Zülfüqarov, Oqtay Ağayev, Həsən Ələkbərov, Tofiq Kazımov, Feliks Məmmədov, Fazil Rzayev kimi təcrübəli idmançılar çıxış etmişlər. 1960-cı ildə Azərbaycan voleybolunda İnna Rıskal parlamağa başladı. O, gözəl və yadda qalan oyunu ilə öz adını Olimpiya və idman tarixinə əbədi yazanlardan biridir. XX əsrin ən güclü üç qadın voleybolçusu sırasında İnnanın da adı vardır. Belə ki, Beynəlxalq Voleybol Federasiyasının keçirdiyi sorğuya əsasən İnna Rıskal qadınlar arasında XX əsrin ən güclü üç voleybolçusu arasında ikinci olmuşdur.
1962-ci ildə "Məhsul" və "Neftçi" komandalarının heyətlərindən vahid bir komanda "Neftçi" yaradılır. 1965-ci il qadınlardan ibarət komanda üçün dönüş ili olmuşdur. Həmkarlar İttifaqlarının VIII Ümumittifaq Spartakiadasında komanda Ukrayna komandasına qalib gələrək 1-ci yeri tutmuş, kişilərdən ibarət komanda isə 3-cü yeri tutmuşdur. 1972-ci ildə təcrübəli məşqçi Feliks Məmmədov "Neftçi" komandasına baş məşqçi təyin olunur və komanda həmin il SSRİ çempionatında 3-cü yerlə kifayətlənir. Təəssüf ki, 1972-ci ildə "Neftçi" komandasının qazandığı bürünc medallar sonuncu oldu. Belə ki, komanda 1973–1978-ci illər ərzində o qədər də yüksək oyun nümayiş etdirməmiş və 1979-cu ildə Yüksək Liqanı tərk edərək I liqaya keçmişdir.
1986-cı ildə Faiq Qarayev komandanı qəbul edərkən çoxları bu gənc məşqçinin institutu yenicə qurtardığını nəzərə alaraq təcrübəsiz olduğunu zənn edirdi.
O, zaman elə hesab edirdilər ki, gənc kollektiv heç birinci dəstədə də qala bilməyəcək. Lakin məşqçi tez bir zamanda səmimi bir komanda yaratdı və qızların qarşısında çətin bir vəzifə, kollektivdə əsl işgüzar əfval-ruhiyyə yaratmaq vəzifəsi qoydu.
BMKZ komandası 1987-ci ildə ölkə çempionatının I liqasında uğurla çıxış edərək 1-ci yeri tutdu. Lakin keçid turnirində güclülər dəstəsinin komandalarına məğlub olaraq güclülər dəstəsinə çıxmaq hüququndan məhrum oldu.
Nəhayət on illik fasilədən sonra, yəni 1988-ci ildə Faiq Qarayevin rəhbərliyi altında BMKZ ("Neftçi") voleybolçuları birinci dəstənin ən yaxşı komandaları arasında yarışların başa çatmasına bir tur qalmış qalib adını özlərinə təmin etmiş və gələn mövsümdən etibarən güclülər dəstəsində çıxış etmək hüququ qazanmışlar. 1990-cı ildə komanda SSRİ çempionatının bürünc medalını qazanmışdır. Bir neçə il ərzində yüksək sürətlə I liqadan fəxri kürsüyədək yol keçən qadın komandamız yenidən ölkənin ən güclü kollektivləri sırasına daxil olmuşlar.
Artıq SSRİ-nin getdikcə dagılması ilə əlaqədar ölkə çempionatı və kubok yarışları dayanmaq məcburiyyətində idi.
Belə ki, 1991-ci ildə keçirilmiş ölkə kuboku yarışları SSRİ məkanında sonuncu idi. Xoş bir təsadüfdür ki, məhz BMKZ voleybolçuları həmin kubokun sonuncu sahibi oldular və Azərbaycan voleybolu tarixində ilk dəfə olaraq belə bir fəxri kürsüyə yüksəldilər.
Azərbaycan Respublikası 1992-ci ildə müstəqillik əldə etdikdən sonra beynəlxalq miqyaslı yarışlarda öz milli komandası ilə çıxış etməyə başladı. 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB) və Avropa Voleybol Federasiyasına (CEV), 2005-ci ildə isə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) daxil olmuşdur.
1997–2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər. Yalnız 4 illik fasilədən sonra — 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılmışlar.
Nəhayət 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Türkiyədə işləyən tanınmış məşqçi Faiq Qarayevi vətənə dəvət edərək onu ölkədə voleybolun inkişaf etdirilməsi işinə qoşulmağa çağırdı.
Vətənə dönən Faiq Qarayev dərhal qadınlardan ibarət milli yığma komandaya və "Azərreyl" voleybol klubuna baş məşqçi təyin olunur. 2002-ci ildə "Azərreyl" Voleybol Klubu Avropa "Top Komandalar" kubokunu qazanmaqla müstəqil Azərbaycanın idman tarixində komanda idman növləri üzrə kuboka yiyələnən ilk komanda oldu.
2004-cü ildə isə "Azərreyl" Voleybol Klubu Avropa Çempionlar Liqasının "Dördlər Finalı"nda iştirak etmişdir.
Bununla yanaşı qadınlardan ibarət Milli yığma komanda da qitə və dünya birinciliklərində Azərbaycanı layiqincə təmsil edmişdir.
Milli komanda 2005-ci ildə Avropa "Qran-Pri" turnirinin qalibi olmuş və Xorvatiyada keçirilən Avropa Çempionatında 4-cü yeri tutmuşdur.
Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır.
Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir.
Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır.
Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır.