Azərbaycanda batut gimnastikası — Azərbaycanda batut gimnastikasının tarixi XX əsrin 30-cu illərindən başlanır.[1]
Digər SSRİ dövlətləri kimi Azərbaycanda da batut gimnastikası XX əsrin 30-cu illərində formalaşmağa başlamışdır. Bu idman növü idman akrobatikasının bir növü kimi inkişaf etmişdir. Azərbaycan SSR-nin idmançıları bu növ yarışlarda SSRİ Çempionatı və Birinciliklərində, məktəblilərin Ümumittifaq Spartakiadalarında respublikanı təmsil etmişlər.[1][2]
1994-cü ildə Azərbaycan Gimnastika Federasiyasının əsası qoyuldu.[3]
2002-ci ilin oktyabrında Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsi ilə ölkədə gimnastika növlərinin dirçəliş dövrü başlanmışdır. Həmin ildən tamblinq idman növünün federasiyanın nəzdində müstəqil sahəyə çevrilmişdir.[4] Hazırda isə tamblinq batut gimnastikasına daxildir.[5]
2013-cü ilin sonlarından etibarən Azərbaycanda batut gimnastikasının inkişafında yeni mərhələ başlamışdır. Buna qeyd edilən idmanın 2015-ci ildə Bakıda təşkil edilmiş 1-ci Avropa Oyunlarının proqramına daxil edilməsi təkan vermişdir. Bütün yeni inkişafa qədəm qoymuş gimnastika növlərində olduğu kimi, burada da ilkin mərhələdə yığma komandaya xarici idmançı və mütəxəssislər cəlb edilmişdir. Bakıdakı Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə fərdi proqramda çıxış edən batutçumuz İlya Qrişunin bürünc medal qazanmışdır.[1]
2013-cü ildə Dünya Kubokunda Azərbaycanın yeganə təmsilçisi 19 yaşlı Selcan Mahsudova 52.780 xalla ikinci yeri tutaraq Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə ilk medalını qazandı.[2]
2014-cü ilin yanvarında Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq hakimlik kursları keçirilmişdir.[6]
Batut gimnastikası üzrə Dünya Kuboku 2016-cı ildə Bakıda keçirilmişdir.[7]
2016-cı ildə Valyadoliddə keçirilmiş Avropa Çempionatında Azərbaycanın debüt etdiyi ikili mini-batut yarışlarında gimnast Dmitriy Fedorovskiy bürünc medal qazandı.[1]
Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku 2017-ci ilin fevralında ilk dəfə Bakıda keçirilmişdir.[7][8]
Tamblinq üzrə təmsilçimiz Mixail Malkin 2017-ci ildə Sofiyada təşkil olunan Dünya Yaş Qrupları Yarışlarında Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qızıl medal qazanmışdır.[1]
2018-ci ildə Beynəlxalq Gimnsatika Federasiyasının Ficidə təşkil olunan toplantısında batut gimnastikası və tamblinq üzrə mundialın 2021-ci ildə Bakıda keçirilməsi qərara alındı.[7][9]
11–14 noyabr 2021-ci ildə Bakıda Batut gimnastikası və tamblinq üzrə Dünya Çempionatı keçirilmişdir.
Azərbaycan Batut gimnastikası və tamblinq üzrə Dünya Çempionatında ilk dəfə qızıl medal qazanmışdır. Böyük Britaniyanın Birminhem şəhərində keçirilən həmin turnirdə Azərbaycan milli komandasının üzvü Mixail Malkin fərdi və komanda üzrə qızıl medal qazanıb.[10]
2024-cü ildə Selcan Mahsudovanın FIG World Cup turnirinin qalibi olaraq Azərbaycana batut gimnastikası üzrə ilk dəfə Olimpiya Oyunlarına lisenziya qazandırdı.[11][12][13] O, Fransada keçirilən Paris Yay Olimpiya Oyunlarında iştirak etdi. Mahsudova ilk cəhdində 16 gimnast arasında 42.950 xalla 13-cü pillədə, ikinci mərhələdə isə 53.750 xalla 10-cu pillədə qərarlaşaraq finala vəsiqə qazana bilmədi.[14][15][16][17]