Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycanda bədii gimnastikaının yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadecda Merkulova Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət fəaliyyət göstərib. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanıblar. Larisa Zebina, Lina Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira Hacıyeva belə gimnastlardandır.
1961-ci ildə Lina Vinnikova keçmiş SSRİ yığmasının tərkibində Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak edib. Bu, Azərbaycjan gimnastlarının dünya arenasında ilk çıxışı idi. Lina 1965-ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümumdünya Spartakiadasında çempion adını qazanıb. "Burevestnik" idman cəmiyyətinin komandası tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə edən Lina Vinnikova 3 dəfə "Miss Qrase" seçilib.
1984-cü il Olimpiya Oyunlarından sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşayiət olunub. Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina (məşqçisi V. Ukleyina) hesab olunurdu. Ən müxtəlif ümumittifaq yarışlarında yaxşı nəticələrə imza atan Yana Saplina 1985-ci ildə "Umid Kuboku"na sahib olub. Yananın uğurlarını sonrakı illərdə Dinarə Nəbiyeva və Natalya Bulanova (məşqçiləri əməkdar məşqçi L. Sidirova) davam etdiriblər.
İkiqat Azərbaycan çempionu Dinarə Nəbiyeva 1995-ci ildə Antaliyada (Türkiyə) keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanıb. O, 1996-cı ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçünjü nəticə göstərib.
Beşqat Azərbaycan çempionu (1991–95) Natalya Bulanova da bir sıra beynəlxalq yarışlarda iştirak edib və "Miss Press" seçilib.
Yüksək səviyyədə dövlət qayğısı və Milli Olimpiya Komitəsinin gərgin əməyi sayəsində bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Digər idman növləri ilə yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmayıb. Xüsusilə də, 2002-ci ilin oktyabrında Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlayıb. Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm qoyub.
Gimnastikanın bütün növlərinin, o cümlədən də bədii gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat Azərbaycan çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir.
2003-cü ilin fevral ayında Rusiyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan ölkəmizin ən güclü gimnastı Dinarə Gimatova sonra daha bir neçə nüfuzlu yarışda qüvvəsini sınayıb. O, 2003-cü ilin may ayında Dünya kubokunun Fransada keçirilən 1-ci mərhələsində də uğurlu çıxış edərək lentlə hərəkətlərdə 8-ci nəticə göstərib.
Azərbaycan Gimnastika Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən Beynəlxalq Gimnastika Federasiyası özünün Afinada keçirilən 74-cü konqresində dünya kubokunun A kateqoriyalı mərhələsinin 2003-cü ilin avqustun 7–11-də Azərbayjanda keçirilməsini qərara alıb. Yarışa hazırlığın səviyyəsi ilə yerindəjə tanış olmaq məqsədilə Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi, baş katib Norbert Buşe, baş katibin müavini Andre Quisbuhler və bədii gimnastika üzrə Texniki Komitənin rəhbəri xanım Eqle Abruzzinidən ibarət olan heyət 2003-cü ilin aprel ayında Bakıya gəlib. Səfər çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyevlə görüşərək qarşılıqlı əməkdaşlıq və gələcəkdə görüləcək işlər barəsində fikir mübadiləsi aparan qonaqlar daha sonra paytaxtın idman komplekslərinə baş çəkərək müasir tələblərə cavab verən qurğuların göstəriciləri ilə maraqlanıblar. Azərbaycanda bədii gimnastikanın maddi-texniki imkanlarını yüksək qiymətləndirən beynəlxalq qurumun rəhbərləri 2004-cü ildə Dünya kuboku mərhələsinin, habelə 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq veriblər.
Olimpiada-2004 (Afina) 1 nəfər iştirak edib.