Azersky/Spot 7 – Azərbaycanın ilk yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki, Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində 2014-cü ilin iyun ayında Hindistandakı kosmik mərkəzdən orbitə çıxarılıb.[6][7]
Azersky | |
---|---|
İstehsalçı | Airbus Defence and Space |
Ölkə | |
Operator | Azərkosmos |
Raket daşıyıcısı | Polar Satellite Launch Vehicle |
Fəaliyyəti | Yüksək görüntü imkanına sahib yer müşahidə peyki[1][2][3] |
Buraxıldığı sahə | Satiş Dhavan |
Çıxarıldığı tarix | 30 iyun 2014 |
2014-cü ilin dekabr ayında, Azərbaycanın milli peyk operatoru Azərkosmos və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən Azərkosmos-a təhvil verildi. "Azersky" peyki gün ərzində 6 milyon kvadrat kilometr ərazinin təsvirini verə bilmək qabiliyyətinə malik olub.[8][9] "AzerSky" peykinin imkanlarından İkinci Qarabağ müharibəsi zamanı xeyli effektiv istifadə edilmişdi. Layihənin dəyəri isə 157 milyon avro olub. AzerSky-ın istismarından əldə edilən təmiz gəlirin 220 milyon dollar olacağı təxmin edilir.[10]
2023-cü ilin aprel ayında istismar müddətindən 1 il daha tez (fəaliyyətinin 9-cu ilində) missiyasını başa çatdırıb.[11] Peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma baş verdiyi ehtimal olunur. Mümkündür ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər. Sığorta şirkəti də bu versiyanı təsdiq edib. Orbitdə olduğu 9 il müddətində "Azersky" peykindən yarım petabayt həcmində, 80 mindən çox peyk təsviri əldə olunub.[12]