Azərbaycanın kosmik proqramı — Azərbaycan hökumətinin Azərbaycanın kosmik qabiliyyətlərini inkişaf etdirmək işi.
Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilib.
2013-cü il fevralın 8-də Azərbaycan kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb.
Azərbaycanda kosmos səyahətinə elmi maraq, hələ İkinci Dünya müharibəsindən var idi. 1927-ci ildə Leninqrad Astronomiya İnstitutunun Cənub reqional müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycan SSR-də astronomik ekspedisiyaların aparılması məsələsi qərara alınmışdır.[1] Bu məqsədlə 1930-cu ilin iyul-avqust aylarında həmin institutun əməkdaşları A. V. Markov və V. B. Nikonov, Azərbaycan elm cəmiyyətinin əməkdaşı İ. A. Benaşvili ilə birlikdə Xankəndi, Şuşa və Laçın rayonları ərazisində astroiqlimi öyrənmiş, lakin buludsuz gecələrin sayının kifayət qədər olmaması onları bu fikirdən daşındırmışdır.[1] Nəticədə, astronomik müşahidə məntəqəsinin seçilməsi məqsədilə Azərbaycanın digər dağlıq rayonlarında müşahidələr davam etdirimə qərarı verilmişdir. Lakin yerli kadrların olmaması uzunmüddətli müşahidə işini təşkil etməyə imkan vermədi.[1]
1938-ci ildə Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirən Həbibulla Məmmədbəylinin Bakı Dövlət Universitetində astronomiyanın ana dilində tədrisi, bu sahədə dərsliklərin hazırlanması, astronomiyanın geniş təbliği və 1946–1949-cu illərdə onun rəhbərliyi ilə Azərbaycanın müxtəlif rayonlarında (Kəlbəcər, Xızı, Daşkəsən, Şamaxı və s. ərazilərdə) apardığı ekspedisiyalar respublikada gələcək rəsədxananın yerinin seçilməsinə və astronomiya sahəsində mütəxəssislərin formalaşmasına kömək etmişdir.[1]
Gələcək rəsədxananın yerinin müəyyənləşdirilməsi üçün 1953-cü ilin mart ayında Azərbaycan SSR EA-nın Fizika və Riyaziyyat İnstitutunun nəzdində Hacıbəy Sultanovun rəhbərliyi ilə sonuncu arasıkəsilməz ekspedisiyalar təşkil olundu və münasib yerin Şamaxıda olması haqqında yekun qərar elə həmin ilin iyununda verildi.[1] 1959-cu ildə Astrofizika Sektoru və onun Pirqulu Astronomiya Stansiyasının əsasında, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şamaxı Astrofizika Rəsədxanası yaradılmışdır.[1] 1960-cı ildən isə bu rəsədxana müstəqil elmi-tədqiqat institutu kimi Azərbaycan SSR EA strukturuna daxil edilmişdir.[1]
Kosmik aparatların yaradılmasında və dünyada ilk dəfə insanın kosmosa göndərilməsində Sovet kosmik proqramının banilərindən biri olan Kərim Kərimovun böyük rolu olub. Bunun nəticəsi kimi ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni — Lenin ordeni ilə təltif olunmuşdu.[2] 1945-ci ildən böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1961-ci ildə general rütbəsi verilmişdir.[2] O, 1965-ci ildə Kosmik Vasitələrin İdarəsinin rəisi, 1966-cı ildən isə Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə SSRİ Dövlət Komissiyasının sədri vəzifələrinə təyin edilmişdir.[2]
Azərbaycan Milli Aerokosmik Agentliyi 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərmiş və 1981-ci ildə onun bazasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (KTEİB) yaradılmışdır.[3] Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1992-ci il tarixli, 580 №-li Fərmanı ilə KTEİB-in bazasında AMAKA yaradılmışdır.[3] Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli, 463 nömrəli Fərmanı ilə AMAKA (sonradan MAKA) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.[3]
1977-ci ildə ABŞ-nin NASA-ya aid Voyager 1 peyki nəticəsində Azərbaycan muğamı kosmosa göndərilib.[4] Amerikalı astronom Karl Saqanın hazırladığı Voyager qızıl plastinkasında Kamil Cəlilovun balaban ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası da var idi.[5][6][7][8]
Azərbaycan astronomu və astrofiziki Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nailiyyətlər əldə etmişdir.[9] O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir.[9] 1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır.[10] Diametri 87 km olan krater, Plato Tavmasiyanın şərqində yerləşir.[11]
Füzuli Fərəcov ömrünün müəyyən hissəsini XXI əsrin uçan aparatlarının layihələşdirilməsinə və istehsal olunmasına həsr etmişdir.[12] O, "Buran" kosmik gəmisinin füzelyajının yığımının iştirakçılarından biri olmuş və kosmik gəminin yaranması üçün çox böyük əmək sərf etmişdir.[12] Kosmik gəminin yaranmasında həm də general Kərim Kərimov, akademik Tofiq İsmayılov, mühəndislər Bəfadar Babayev, İzzətəli Ağayev, Firdus Kərimov, "Molniya" dizayn ofisinin şöbə müdiri Nazim Quliyev və Baykonur kosmodromunda təhlükəsizlik məsələlərinə baxan Şakir Əsgərov iştirak etmişdir.[13]
Kosmosa çıxan ilk Azərbaycan doğumlu kosmonavt — mənşəcə lak olan Musa Manarovdur.[14] İlk uçuşunu 1987-ci il dekabrın 21-də kosmonavt Vladimir Titovun komandirliyi ilə "Mir" orbitlərarası stansiyasının "Soyuz TM-4" gəmisində bort mühəndisi kimi həyata keçirən Manarov Yerə düz 1 il — 365 sutka 23 saatdan sonra qayıdaraq kosmosda o dövr üçün ən uzun müddət qalan iki planet sakinindən biri olmuşdur.[14] Bu qəhrəmanlığına görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.[14] İkinci dəfə kosmosda Manarov 1990-cı ilin 21 dekabrından 1991-ci ilin 26 mayınadək olmuşdur.[14] 175 sutka 2 saat ərzində o, "Mir" orbital kompleksinin "Soyuz-11" gəmisində bort mühəndisi kimi Yer ətrafında fırlanmışdır.[14] İki uçuşu ərzində Musa 7 dəfə açıq kosmosa çıxmış və birlikdə 34 saat 23 dəqiqə gəmidən kənar fəzada uçmuşdur.[14]
2014-cü ildə Allen Mirqədirov və daha 5 nəfər NASA komissiyası tərəfindən Marsa uçuşa maksimum bənzəyən təcrübə üçün seçilib.[15][16] Təcrübədə Allen avadanlığın, o cümlədən kompüterlərin texniki vəziyyətinə, onun işlək vəziyyətdə olmasına və uçuş marşrutuna görə məsuliyyət daşıyıb.[15] Ümumi vəzifələrdən başqa, onun öz təcrübəsi də olub. O, uçuş trayektoriyasını optimallaşdıran kompüter proqramının işlənib hazırlanması ilə məşqul olub.[15]
2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafında dövlətin kifayət qədər maraqlı olduğunu nümayiş etdirdi.[17] Bunun ardınca prezident 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında Sərəncam imzaladı və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.[17] Azərbaycanda və Cənubi Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" mövcud olduğu iki il ərzində ölkədə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində iş apardı.[17]
2013-cü il fevralın 8-də Azərbaycan kosmosa Azerspace-1/Afrikasat-1a adlı ilk süni peykini buraxıb.[18] Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01:36 və 02:20 arasında baş verib.[18] Peykin adının Azerspace-1/Africasat-1a olmasının səbəbi, onun əhatə dairəsinə Orta Asiya, Avropa və Afrika regionunun da daxil olmasıdır.[18] Peykin ərsəyə gəlməsi üçün 230 milyon Azərbaycan manatı xərclənib.[18] Bu məbləğin 15 faizi dövlət büdcəsindən, qalanı kreditlərlə ödənilib. Fransanın COFACE İxrac Kredit Agentliyindən 98 milyon ABŞ dolları və ABŞ İxrac-İdxal (US Em-İm) Bankının zəmanəti ilə BNP Paribas bankından 116.6 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb.[19]
Azərbaycan növbəti dəfə orbitə 2014-cü il iyunun 30-da Azersky adlı müşahidə peykini buraxıb.[20] 157 milyon avro dəyəri olan peyk əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir.[20]
Azərbaycanın üçüncü peyki olan Azerspace-2 2018-ci il sentyabrın 28-də kosmosa buraxılıb.[21] Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlan peyk sentyabrın 26-na keçən gecə saat 2:38 radələrində orbitə qalxıb.[21] Peykin dəyəri 190 milyon ABŞ dollarıdır.[21]
Azərbaycanın kosmik proqramı bir sıra layihələr həyata keçirmişdir: