Batabat Astrofizika Rəsədxanası — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurum.
Batabat Astrofizika Rəsədxanası (AMEA Naxçıvan Bölməsi) | |
---|---|
39°07′59″ şm. e. 45°55′00″ ş. u.HGYO | |
Əsası qoyulub | 2002 |
Direktor |
Qulu Həziyev fizika-riyaziyyat üzrə fəlsəfə doktoru |
Şəhər | Naxçıvan; Şahbuz |
Ölkə | |
Sayt | dqmk.nmr.az |
Vikianbarda əlaqəli mediafayllar |
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Batabat ərazisindəki bu rəsədxana 1970-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi kimi yaradılmış və 2003-cü ilə qədər həmin adla fəaliyyət göstərmişdir.
AMEA Naxçıvan Bölməsinin təsis olunması haqqında Azərbaycan Respublikası prezidentinin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq, Naxçıvan Bölməsinin tərkibində, Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisində yerləşmiş Batabat bölməsi və Ordubad rayonu ərazisində yerləşmiş Ağdərə Astronomiya Stansiyasının maddi-texniki bazası əsasında Batabat Astrofizika Rəsədxanası yaradılmışdır.
Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir.
Batabat ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompüter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb.
Binanın günbəzində "SEYYS-600" tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb.
Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər.
Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir. Qeyd edək ki, muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq bu stansiyada günəşdən başqa bütün göy cisimlərini — planetləri, kometaları, asteroidləri, ulduzları və yaxın qalatikaları müşahidə və tədqiq etmək mümkün olacaq.[1]
Səma cisimlərinin dinamikası və fizikasının öyrənilməsi.
Uzundövrlü komet orbitlərinin fəza orientasiyalarının tədqiqi göstərir ki, bunların xeyli hissəsi (30%-dən çoxu) bəzi tədqiqatçıların iddia etdiklərinin əksinə olaraq ekliptika müstəvisinə perpendikulyar müstəvinin yaxın ətrafında toplanmışdır. Kometlərin mənşəyi haqqındakı Oort hipotezi bu paylanmanı izah edə bilmir. Həmçinin 1/a parametrinin (a-orbitin böyük yarımoxudur) paylanması da müasir baxışlarla ziddiyət təşkil edir.
900-dən artıq uzundövrlü kometin orbit elementləri üzərində aparılan tədqiqatlar göstərir ki, i=860; g=2730; 250 a.v<R<400 a.v zonasında kometləri yönləndirən böyük kütləli bir və ya bir neçə transneptun səma cisminin mövcudluq ehtimalı xeyli yüksəkdir. Bu nəticələrə əsaslanaraq Günəş sistemində Neptundan sonra bir və ya bir neçə iri kütləli səma cisminin mövcud olması müddəasını irəli sürmək olar.
Müəyyən olunmuşdur ki, Günəş ekvatoruna yaxın oblastlarda Günəş spikullarının hündürlüyü 7000 km-dən az deyil. Günəş spikullarının dispersiya meyli dövrü olaraq dəyişir və by dəyişmə spikulların fırlanma hərəkəti ilə bağlıdır.
Günəşdəki irimiqyaslı maqnit sahələrinin 17 illik və kvaziikiillik dövrü xüsusiyyətlərə malik olduğu aşkar edilmişdir və eyni zamanda Günəşdəki irimiqyaslı maqnit sahələrində aşkar olunmuş kvaziikiillik dövrü rəqslərin Günəşdəki maqnit sahələrinin qeyri simmetrik xüsusiyyətləri ilə bağlı olduğu müyyənləşdirilmişdır.
Günəş sisteminin parabolik orbit üzrə hərəkət edən ulduzla uzaq yaxınlaşması planetlərin orbitlərinin ölçüsünə və formasına təsir etmədiyi, yalnız onların perihelilərinin yerdəyişməsinə gətirib çıxardığı aşkar edilmiş. Yaxınlaşma 100-dən 500 a.v.-dək diapazonda olduqda daxili planetlər üçün bu dəyişmənin maksimal qiymətinin 0,13 dərəcəni aşmadığı müəyyənləşdirilmişdir.