Bölük Gəray (krımtat. Bölük Geray)(1535 – 1551, Krım) — Qazan xanı Səfa Gərayın oğlu, Krım xanı I Məngli Gərayın nəticəsi və Krım kalqayı.[1][2]
Bölük Gəray | |
---|---|
1551 – 1551 | |
Əvvəlki | Emin Gəray |
Sonrakı | Əhməd Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1535 |
Vəfat tarixi | 1551 |
Vəfat yeri | |
Atası | Safa-Gəray |
Ailəsi | Gəraylar |
Təxminən 1535-ci ildə dünyaya gəldi. Atası Səfa Gəray Fateh Gərayın oğlu və Krım xanı I Məngli Gərayın nəvəsi idi. Anası isə noqaylardan Mamay mirzənin qızı idi. Hələ uşaq yaşlarında ikən atasının Qazan xanlığındakı hakimiyyətini gücləndirmək məqsədilə müttəfiq Həştərxan xanlığına girov olaraq göndərildi. Ancaq atasının əmisi olan Krım xanı I Sahib Gərayın 1545-ci ildə Həştərxanı ələ keçirməsi ilə azadlığa buraxıldı və Bağçasaraya aparıldı.
Çox keçmədən 1549-cu ildə atası Səfa Gəray müəmmalı şəkildə vəfat etdi və Qazan xanlığına 2 yaşlı kiçik oğlu Ödəmiş Gəray taxta çıxarıldı. Anası Söyümbikə Xatun isə naibə olaraq xanlığın idarəsini ələ aldı. Səfa Gərayın ilk evliliyindən doğulan digər oğlu Mübarək Gəray da Bağçasaraya girov olaraq göndərildi və beləcə, 2 qardaş I Sahib Gərayın nəzarətində böyüdü.
Ancaq Söyümbikə Xatunun naibəliyindən narazı olan yerli əyanlar I Sahib Gəraya məktub yazaraq, mərhum xanın böyük oğlu Bölük Gərayı Qazan xanlığının taxtına dəvət etdilər. Buna baxmayaraq Qazan xanlığında öz övladlarından birini taxta çıxarmaq niyyətində olan I Sahib Gəray bu təklifi geri çevirdi və hər iki qardaşı da İnkerman qalasına həbs etdi. Çox keçmədən hadisələr dəyişdi. Qazan xanlığında saray çevrilişi oldu və Söyümbikə Xatunla azyaşlı oğlu ölkədən çıxarıldı və ruslara təhvil verildi. Hakimiyyət ruspərəst Şahəli xanın əlinə keçdi. Digər yandan I Sahib Gərayın mərkəzi hakimiyyətə tabe olmamasından şikayət edən Osmanlı padşahı Sultan Süleyman da onun yerinə İstanbulda girov tutulan Dövlət Gərayı xan elan edərək Bağçasaraya göndərdi. Sultanın fərmanıyla öncə İnkerman qalasına gələn Dövlət Gəray dərhal qardaşların həbsdən çıxarılmasını təmin etdi. Ardından 500 nəfərlik hərbi birliklə Bölük Gərayı, əmisi I Sahib Gərayı öldürməklə vəzifələndirdi. O əsnada çərkəzlər üzərinə səfərdə olan I Sahib Gərayın çadırına daxil olan Bölük Gəray anidən hücum edərək qılınc zərbəsiylə xanı qətlə yetirdi. Ardından xanın yanında olan oğulları və nəvələri vəhşicəsinə qətlə yetirildi.
Bütün bu qətliamların mükafatı olaraq kalqay elan olunan Bölük Gərayın, ənənəni pozaraq xanın qanını axıtması isə heç xoş qarşılanmadı. Qatıldığı hər məclisdə sabiq xanı necə qətlə yetirdiyindən fəxrlə danışan Bölük Gəray bu hərəkətləriylə yeni xan I Dövlət Gərayın da nifrətini qazandı. Üstəlik, atası Səfa Gəray vaxtilə I Sahib Gərayın istəyilə Qazan xanlığının taxtına gətirilmişdi və uşaqlıq illəri onun himayəsində keçmişdi. Nəhayət bir neçə aylıq kalqaylığının ardından Bölük Gəray saray məclislərinin birində I Dövlət Gərayın əmriylə öldürüldü.