Emin Gəray (krımtat. Emin Geray)(v. 1551) — Krım xanı I Sahib Gərayın oğlu və Krım kalqayı.[1][2]
Emin Gəray | |
---|---|
krımtat. أمين كراى | |
1537 – 1551 | |
Əvvəlki | Əhməd Gəray |
Sonrakı | Bölük Gəray |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1551 |
Atası | I Sahib Gəray |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Doğum tarixi bilinmir. Krım xanı I Sahib Gərayın böyük oğlu olaraq ehtimal ki, Bağçasarayda dünyaya gəldi. Əmisi oğlu kalqay Əhməd Gərayın atasının əmriylə öldürülməsinin ardından 1537-ci ildə kalqay elan edildi. Bu vəzifədə ikən atasının rus torpaqlarına və Lehistan üzərinə tərtiblədiyi basqın və səfərlərə qatıldı. 1539-cu ilin oktyabrında tərtiblənən hücumda Emin Gərayın birlikləri Kaşira bölgəsini darmadağın elədi.
1541-ci ilin yayında atasının Moskva knyazlığı üzərinə tərtiblədiyi səfərə qatıldı. Zaraysk qalası mühasirəyə alınsa da, ələ keçirilə bilmədi və tatar birlikləri rus torpaqlarına doğru irəlilədi. Oka çayı sahilində tatar birliklərinin əsas hissəsi məğlub olub geri çəkilsə də, Emin Gərayın süvariləri Odoyev bölgəsinə hücum elədi. Ancaq bu hücum da uğursuzluqla nəticələndi. 1542-ci ilin martında və 1544-cü ilin dekabrında yenidən rus torpaqlarına hücum edildi. Son səfərdə xeyli qənimət və əsir ələ keçirildi.
1551-ci ildə Osmanlı padşahı Sultan Süleymanın əmriylə I Sahib Gəray və əmrindəki tatar süvariləri çərkəzlər üzərinə səfərə göndərildi. Ancaq məqsəd I Sahib Gərayı hakimiyyətdən devirmək idi. Belə ki, İstanbulda girov saxlanılan Dövlət Gəray yeniçərilərlə birlikdə Bağçasaraya göndərildi və xanın Krımda olmamasından istifadə edərək taxta çıxarıldı. Atası I Sahib Gəray və digər qardaşları Tamanda sui-qəsdlə qətlə yetirildi. Qaçaraq xilas olan Emin Gəray isə Alma çayı sahilində öz tərəfdarları tərəfindən öldürüldü. Ölümünün ardından Salaçıqda gizlədilən azyaşlı oğulları Cəfər (1541-1551) və Qutluq (1548-1551) da qətlə yetirildi.