Bəhmən Axundov

Bəhmən Yusif oğlu Axundov (28 dekabr 1910, İrəvan2 oktyabr 1980, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), ilk azərbaycanlı iqtisad elmləri doktoru (1951), professor, Əməkdar iqtisadçısı (1967).[1][2]

Bəhmən Axundov
Doğum tarixi 28 dekabr 1910(1910-12-28)
Doğum yeri
Vəfat tarixi 2 oktyabr 1980(1980-10-02) (69 yaşında)
Vəfat yeri
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri doktoru (1951)
İş yeri
Təhsili Daşkənd Orta Asiya Dövlət Plan İnstitutu
Mükafatları "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "Moskvanın müdafiəsinə görə" medalı
Azərbaycan SSR əməkdar iqtisadçısı

Bəhmən Axundov 28 dekabr 1910-cu ildə İrəvan quberniyasının İrəvan şəhərində fəhlə ailəsində anadan olub. 1917-ci ildə atasının ölümündən sonra ailənin vəziyyəti ağırlaşır. 1918-ci ildə İrəvanda milli münaqişənin kəskinləşməsi ilə əlaqədar onların ailəsi (anası, üç qardaşı, bir bacısı) Şərurun Yengicə kəndinə köçür. Bəhmən uşaqların ən böyüyü olduğu üçün məcburi olaraq erkən əmək fəaliyyətinə başlayır. Eyni zamanda təhsilini davam etdirir. Yengicə kənd məktəbini bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Sonra Daşkənd Orta Asiya Dövlət Plan İnstitutunda təhsilini davam etdirir və 1934-cü ildə institutu bitirir.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bəhmən Axundov ali təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetində çalışır. O, bir müddət SSRİ Ağır Sənaye Xalq Komissiyasının Mərkəzi aparatında, Qubkin adına Moskva Neft İnstitutunda çalışıb. Bəhman Axundov 1942-ci ildə Bakıya qayıdır və Bakı Dövlət Universitetində müəllim, Azərbaycan KP MK Partiya Tarixi İnstitutunda baş elmi işçi kimi fəaliyyətini davam etdirir, mühazirələr oxuyur, bütün qüvvəsini gənc nəslin təlim-tərbiyəsinə həsr edir.[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Moskvada Krijanovski adına Moskva Plan institutunun aspiranturasına daxil olan Bəhmən Axundov 1939-cu ildə burada məşhur alim Stanislav Qustavoviç Strumilinin elmi rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edir. Bəhman Axundov azərbaycanlılar arasında iqtisad elmləri üzrə alimlik dərəcəsi alan ilk alim idi.[1][2]

1947-ci ildə Moskvaya 3 il müddətinə doktoranturaya ezam olunur. Onun doktorluq işinə də Q. Strumilin rəhbərlik edir. Doktorluq işinin müdafiəsini başa çatdırmaq üçün Azərbaycan SSR Elmlər Akademiyasının o zamankı prezidenti akademik Y. Məmmədəliyevə ərizə ilə müraciət edir. Bu zaman Akademiyanın rəhbərliyində dəyişiklik baş verir və yeni təyin olunmuş prezident akademik M. Əliyev dokturanın vaxtının bir il uzadılması haqqında sərəncam verir.[2]

Bəhman Axundov 1951-ci ildə "İnqilaba qədərki Bakı neft sənayesində kapital" mövzusunda keçmiş SSRİ EA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. Gərgin əməyin məhsulu olan bu əsərin Moskvada monoqrafiya şəklində nəşr edilməsi qısa müddət ərzində alimi ümumittifaq miqyasında tanıdır.[1][2]

İqtisad sahəsində respublikada ilk doktor olan Bəhman Axundov 1950–1956-cı illərdə Bakı Dövlət Universitetində Siyasi iqtisad kafedrasının professoru, 1966–1974-cü illərdə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru, 1974-cü ildən ömrünün sonuna kimi həmin institutun Siyasi-iqtisad kafedrasının professoru kimi fəaliyyət göstərib. Bundan əlavə, o, "Azərbaycan kommunisti" və "Azərbaycan SSR EA-nın Xəbərləri" jurnalının İqtisadiyyat bölməsinin redaksiya heyətinin üzvü, respublikada Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Elmi əsərlər" jurnalının məsul redaktoru olub.[1][2]

İqtisad elmləri doktoru, professor B. Axundovun 1961-ci ildə M. F. Axundov və H. B. Zərdabinin ictimai-iqtisadi dünyagörüşləri" kitabı rus dilində nəşr olunub. Üç cildlik "Azərbaycan tarixi" kitabının iqtisad hissəsinin yazılmasında da alimin xidməti az deyildir. 1968-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. O, respublika iqtisadçıları arasında bu mötəbər elm mərkəzinə seçilən ilk alim idi. B. Axundov Azərbaycan EA-nın Əlaqələndirmə Şurası xətti üzrə Azərbaycanda iqtisadi fikirlər tarixinin və siyasi iqtisadın aktual problemlərinin tədqiqi sahəsində də böyük iş aparmışdı.[1][2]

Bəhmən Axundovun ictimai-siyasi, elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Alim 1967-ci ildə Azərbaycanın Əməkdar iqtisadçısı adına layiq görülüb. O cümlədən, "Əmək rəşadətin görə" medalı, SSRİ Xalq Təsərrüfatı gümüş mükafatı ilə təltif edilib. İkinci Dünya müharibəsi dövründə ön cəbhədə olan Bəhmən Axundov "Moskvanın müdafiəsinə görə" medalına layiq görülüb.[1][2]

Bəhman Axundov ağır xəstəlikdən sonra 2 oktyabr 1980-ci ildə Bakı şəhərində vəfat edib.[3]

  1. 1 2 3 4 5 6 7 8 "Axundov Bəhmən Yusif oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 "Bəhmən Yusif oğlu Axundov" (Azərbaycan). www.aii.az. 9.09.2016 tarixində arxivləşdirilib.
  3. Б. Ј. Ахундов // Коммунист. № 229 (17656). 4 октјабр 1980-ҹи ил. С. 3.