Bəsiri (1466, Ağqoyunlu dövləti – 1536, İstanbul) — Azərbaycan şairi.[1]
Bəsiri | |
---|---|
Doğum tarixi | 1466 |
Doğum yeri | |
Vəfat tarixi | 1536 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | qəzəl, divan, şeir |
XV əsrin sonu XVI əsrin əvvəllərində yaşamış görkəmli sənətkarlardan biridir. Uzun müddət Türkiyədə yaşayan, Türk sultanlarına mədhlər yazan bu istedadlı şair bütün mənbələrin və müasir tədqiqatların göstərdiyi kimi, türk şairlərinə güclü təsir etmişdir. Nəvai və Camini Türkiyəyə gətirən orada yayan da Bəsiri olmuşdur. Dəri xəstəliyi olduğu üçün Alaca Bəsiri adı ilə məşhur idi. Səhi, Lətifi, Həsən Çələbi, Ali, Riyazi, Övliya Çələbi, Əhdi Bağdadi, Sami Şəmsəddin kimi müəlliflərin hamısı Bəsiridən hörmətlə bəhs etmişdir. Əlyazma divanı vardır. "Divan"ı Türkiyədə Əli Əmiri kitabxanasında saxlanılır. Müxtəlif bəyaz və cünglərdə də çoxlu şeirləri mövcuddur. Aşiqanə şeirləri sənətkarlıqla yazılmışdır. Dili sadə və anlaşıqlıdır. Bəsirinin aşiqanə qəzəlləri lirik qəhrəmanın güclü məhəbbət duyğularını əks etdirməklə onun azadfikirliliyini, mövhumata , quru dindarlığa laqeydliyini büruzə verir. "Əndəlib" rədifli qəzəlində lirik qəhrəman bülbüllə müqayisə olunur. Onun divanı, həyatı vəyaradıcılığı haqqında ilk məlumatı 1928-ci ildə İ. Hikmət vermişdir.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Milli Kitabxanasından XV–XVI əsrlərdə yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu — divanının avtoqraf nüsxələrini əldə edib. 1534-cü ildə vəfat etmiş Bəsirinin 1466-cı ildə doğulduğu ehtimal edilir. Gənclik illərində Ağqoyunlu hökmdarlarının sarayında yaşamış şair 1487-ci ildə Xorasanın paytaxtı Herata səyahət edib. Hüseyn Bayqara, Əlişir Nəvai və Əbdülrəhman Caminin rəğbətini qazanan Bəsiri vətənə qayıtdıqdan sonra Türkiyəyə köçüb, orada da vəfat edib. Türkiyə müəlliflərinin təzkirələri onun yaradıcılığının yerli ədəbi mühitə təsir etdiyi barədə məlumat verirlər. İndiyədək Azərbaycanda şairin cəmi bir neçə şeiri məlum idi. Bəsiri divanının İstanbul nüsxəsinin əvvəlində onun farsca şeirləri, sonra isə 1 qəsidə və 46 qəzəli köçürülüb. Şairin divanının Tehran nüsxəsi də farsca şeirlərlə başlanır. Burada Azərbaycan türkcəsində 4 qəsidə və 74 qəzəl vardır. Şairin Ağqoyunlu və Osmanlı hökmdarlarına, yüksək vəzifəli şəxslərinə həsr etdiyi qəsidələri onun yaşadığı dövr haqqında daha ətraflı məlumat öyrənməyə yardım edir.[2]