Baba Gəray (krımtat. Baba Geray)(bilinmir – avqust 1524) — Krım xanı I Mehmed Gərayın oğlu, Krım kalqayı.[1][2]
Baba Gəray | |
---|---|
noyabr 1523 – may 1524 | |
Əvvəlki | Alp Gəray |
Sonrakı | Qazi Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | avqust 1524 |
Atası | I Mehmed Gəray |
Ailəsi | Gəraylar |
Doğum tarixi bilinmir. Krım xanı I Mehmed Gərayın oğludur. İlk illəri barədə yetərli məlumat yoxdur. Haqqındakı ilk məlumat isə atasının və qardaşlarının öldürülməsi ilə nəticələnən noqay üsyanıyla bağlıdır. Belə ki, atası I Mehmed Gərayın bölgədə apardığı birləşdirmə siyasətinin bir təzahürü olaraq böyük qardaşı Bahadır Gəray Həştərxan xanlığında hakimiyyətə gətirildi. Bahadır Gəray Krım taxtı üzərindəki haqlarından imtina etdi və beləcə, digər qardaşı Alp Gəray yeni kalqay elan olundu (mart 1523). Ancaq atasının bu birləşdirmə siyasəti başda noqaylar olmaqla, bir çox tayfanı, eləcə də bəzi yerli əyanları narazı saldı. Artan gərginlik isə I Mehmed Gərayın çadırına tərtiblənən basqınla nəticələndi. Basqın nəticəsində Krım xanı I Mehmed Gərayla birlikdə oğulları Bahadır Gəray və Alp Gəray qətlə yetirildi (noyabr 1523).
Bu üsyandan qaçaraq canını xilas edən Baba Gəray və qardaşı Qazi Gəray qaçaraq Bağçasarayda gizləndilər. Bu qətliamdan narazı olan bəzi yerli əyanları ətrafında toplayan qardaşı Qazi Gəray burada özünü xan, qardaşı Baba Gərayı isə kalqay elan etdi (noyabr 1523). Ancaq o illərdə vassalı olduğu Osmanlı sultanı Sultan Süleyman bu səltənəti tanımadı. Belə ki, İstanbulda girov saxlanılan əmiləri də ona qarşı intriqalar aparırdı. Təcrübəsiz bir gənc olan Qazi Gəray idarəni ələ ala bilmədi və bölgədə daxili çəkişmələr başladı. Digər tərəfdən sui-qəsdi təşkil edən Şirin qəbiləsindən Mamay xan, bu iki qardaşın intiqam alacağından qorxaraq İstanbula gəldi. Məngli Gərayın girov tutulan oğlu Səadət Gərayı Krım taxtı uğrunda mübarizəyə razı saldı. Osmanlı sultanının da razılığını alan Səadət Gəray 1524-cü ilin mayında Krım xanı elan edildi.
Müxtəlif hədiyyələrlə mükafatlandırılan Səadət Gəray hərbi qüvvəylə Krıma göndərildi. Əmisinə qarşı mübarizə aparan Qazi Gəray, Mamay xanın da vasitəçiliyi ilə bir müddət sonra yeni xana tabe oldu. Təmin edilən sülhlə Qazi Gəray yeni Krım xanının kalqayı elan edildi. Qardaşı Baba Gərayla birlikdə Bağçasaraya gələn Qazi Gəray burada xanın hüzurunda qətlə yetirildi. Qardaşları Baba Gəray və Çoban Gəray isə həbs edildi və 3 ay sonra edam olundu.