Mirzəyev Baba Mahmud oğlu (7 noyabr 1940, Qazax – 6 dekabr 2006, Bakı) — müğənni, Azərbaycan Respublikasının xalq artisti (1992).[1]
Baba Mahmudoğlu | |
---|---|
Baba Mahmud oğlu Mirzəyev | |
Ümumi məlumatlar | |
Digər adı | Baba Mirzəyev |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Qazax, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Müğənni |
Mükafatları |
Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində doğulub.1956-cı ildə orta məktəbi gümüş medalla bitirərək Neft Akademiyasına daxil olub.
Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.
Həmin vaxt o, Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib.
Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb.
Əhsən Dadaşovun ansamblında isə bir qədər sonra oxumaq hüququ alıb.
1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Prezident təqaüdçüsü olan sənətkar 2005-ci ilin payızında uzun illər çalışdığı teatrdan təqaüdə çıxıb.
2005-ci ilinin noyabrında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib və həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B.Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində keçirib. Daha sonra Bakıya qayıdıb.
Sənətkar sağlığında öz ansamblını yaratmışdır ki, bu ansamblla o bir çox xarici səfərlərdə çıxış etmiş və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırmışdır. Həmin ansambl hal-hazırda sənətkarın adını daşıyır. Sənətkarın vəfatından sonra bu ansamblın yenidən fəaliyyət göstərməsi üçün sənətkarın dostu və qarmon ifaçısı Əhsən Rəhmanlı bu ansambla rəhbərlik etmiş və bu günə qədər də həmin ansamblın ifasında bir çox ifaçılarla lent yazıları yazmaqla və televiziya verlişlərinə dəvət almaqla ansamblın yaşaması üçün bütün imkanlardan istifadə etməkdədir.
2006-cı il dekabrın 6-sında Azərbaycanın xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.