Bahadırzadə Arabaçı Əli Paşa (d. 1620 - ö. 1693) — II Əhməd dövründə ümumilikdə 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Bahadırzadə Arabaçı Əli Paşa | |
---|---|
سيارة سي علي باشا | |
20 avqust 1691 – 27 mart 1692 | |
Əvvəlki | Körpülü Fazil Mustafa Paşa |
Sonrakı | Mərzifonlu Hacı Əli Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Oxrid, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
1620-ci ildə Ohridə dünyaya gəlmişdir. Mədrəsə təhsilindən sonra bəzi dövlət adamlarına imamlıq, bəzi əyalətlərdə isə qazı və naib oldu. Daha sonra Körpülü Fazil Mustafa Paşanın himayəsinə girərək əvvəlcə sədarət kəndxudası, 1690-cı ildə yeniçəri ağası, ardından vəzir və riqabdar ağa oldu. Şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi və başqazı Yəhya Əfəndinin himayəsi və dəstəyi ilə 1691-ci ildə Fazil Mustafa Paşanın yerinə sədarətə gətirildi. O əsnada davam edən Osmanlı-Avstriya müharibəsində ordunun başında cəbhəyə getmək əvəzinə, mərkəzdə qalaraq özünə rəqib gördüyü bəzi dövlət adamlarını müxtəlif bəhanələrlə edam və ya sürgün etməyə başladı. Belqrad istiqamətindəki ordu isə bərbad vəziyyətdə idi. Ölkənin daxili problemləri də dərinləşmiş, siyasi vəziyyət gərginləşmişdi. Nəhayət, Əli Paşanın bu hərəkətləri padşaha şikayət edildi və 1692-ci ilin mart ayında Əli Paşa vəzifədən alınaraq əvvəlcə Gəliboluya, ardından Rodos adasına sürgün edildi. Çox keçmədən yenidən sədrəzəm olacağı barədə mərkəzdə yayılan şaiyələr səbəbilə orada qətlə yetirildi (1693), İstanbul və Ədirnədəki əşya və malları isə dövlət xəzinəsinə alındı.
Əli Paşa ölümə və ya sürgünə məhkum etdiyi şəxsləri əvvəlcə öz hüzuruna çağırar, daha sonra sarayı önünə araba gətirtərək həmin şəxsi arabaya mindirib gedəcəyi yerə göndərərdi. Eyni şəkildə düşməni olan Darüssəadə ağası Uzun İsmayıl ağanı da padşahın hüzurunda danlayaraq sürgünə göndərmək üçün sarayın önünə araba gətirtməsi Sultan Əhmədi qəzəbləndirmiş, bu səbəblə Əli Paşa vəzifədən alınaraq həmin arabaya mindirildi və Rodosa sürgün edildi. 27 mart 1692-ci ildə baş tutan bu hadisədən sonra “arabaçı” ləqəbini alan Əli Paşa tarixi ədəbiyyatlarda fitnəkar, qərəzli və yalançı biri olaraq anılır.