Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
BarKamp (ing. BarCamp) — iştirakçıları tərəfindən hazırlanan qeyri-konfransdır. Qeyri-konfrans adlandırılmasının səbəbi onun qeyri-formal metodlar əsasında qurulması və rəsmi konfranslardan köklü surətdə fərqlənməsidir. BarKamp hamıya açıqdır, təqdimatlar, təlimlər, müzakirələr formasında baş verir, bütün materiallar iştirakçılar tərəfindən təqdim olunur. BarKampın əsas mövzuları adətən bunlar olur: yeni media, sosial şəbəkələr, bloqlar, veb 2.0, start-aplar, opensource və s.[1]
"BarKamp" adı Tim O`Reyli tərəfindən öz dostları üçün keçirilmiş Foobar adlı tədbirdən götürülüb. İlk BarKamp Palo Alto, Kaliforniyada, 19-21 avqust 2005-ci ildə Socialtext şirkətinin ofisində keçirilib. Bu BarKampa 200-ə yaxın iştirakçı qatılmışdı. O vaxtdan etibarən BarKamplar dünyada 400-ə yaxın şəhərdə keçirilib. MDB məkanənda ilk BarKamp Ukraynada BloqKamp formatında keçirildi (13-14 avqust, 2007). Rusiyada ilk BarKamp 31 iyul - 4 avqust 2008-ci ildə iCamp formatında keçirildi.
BarKampların əsas unikallığı ondadır ki, BarKampın təşəbbüs qrupunun olmasına baxmayaraq, əksər təşkilati işlər elə iştirakçıların özləri tərəfindən edilir.[2] Adətən təşkilatçılıq üçün onlayn resurs (wiki, sosial şəbəkə və s.) istifadə olunur, orada bütün təşkilatçılar və iştirakçılar, eləcə də maraqlananlar bütün məsələləri müzakirə edirlər və yenilikləri paylaşırlar.
Azərbaycanlıların BarKampda ilk iştirakı BarKamp Baltiks 2008 (ing. BarCamp Baltics 2008) tədbirinə (8-10 fevral, 2008, Riqa, Latviya) təsadüf edir.[3] Bu tədbirdə iştirak etmiş şəxslər (Rəşad Əliyev, Emin Hüseynzadə, Rəşad Mehbaliyev, Elmar İsmayılov və İlqar Mirzə) [4][5], eləcə də tədbirlə maraqlanan şəxslər qısa müddət ərzində 3 yerli (2 BarKamp, 1 KörpüKamp) və 1 beynəlxalq (BarCamp Caspian) BarKamp tipli tədbir təşkil etdilər [6].