Barak Obama ilk dəfə prezidentliyə 2008-dəki seçkilərdə respublikaçı rəqibi Con Makkeynə qalib gələrək seçilmiş, 20 yanvar 2009-cu il tarixindəki ilk inauqurasiyasından sonra da ABŞ-nin 44-cü prezidenti kimi vəzifəsinə başlamışdır. ABŞ tarixinin ilk afroamerikan, ilk çoxirqli, ilk ağdərili olmayan[a] və Havayda doğulan ilk prezidentidir. Obama ikinci dəfə 2012-dəki seçkilərdə Mit Romniyə qalib gələrək seçilmiş, daha sonra isə 2016-cı ildəki seçkilərdə qalib gələn Donald Tramp tərəfindən əvəz edilmişdir.
Obama vəzifəsinin ilk 100 günü ərzində bərabər əməkhaqqı davasının zaman müddətinin uzadılmasını təmin edən 2009 Lilli Ledbetter Ədalətli Ödəniş Aktını imzalamış,[2] Uşaqların Tibbi Sığortası üzrə Dövlət Proqramı haqqında qanunu qüvvəyə mindirmiş, konqresin 2009-cu ildəki səhiyyə islahatı ilə əlaqədar büdcə təklifini qəbul etmiş, icraedici hakimiyyətdə lobbiçilərin təsirini külli miqdarda azaltmaq məqsədilə yeni etika qaydaları tərtib etmiş, hərbçiləri geri çəkdiyi İraq istisna olmaqla bir çox siyasi cəbhədə Buşun idarəsindən qırılmış,[3] BMT-nin seksual orientasiya və cinsi kimlik deklarasiyasına dəstək vermiş və embrional kök hüceyrə araşdırması üçün federal fond ayrılmasının 7 il yarımlıq qadağasını aradan qaldırmışdır.[4] Obama Kubadakı Quantanamo həbs düşərgəsinin bağlanması haqqında da fərman imzalasa da, düşərgə hələ də açıq qalır. O, həmçinin, bir sıra mali və adaya səyahətlə əlaqədar qadağaları da ləğv etmişdir.[3]
Vəzifəsinin ilk iki ilində Obama çox sayda önəmli qanunları qüvvəyə mindirmişdir. Onun əsas islahatlarına isə "Obamacare" kimi də tanınan Pasiyentlərin Müdafiəsi və Əlçatan Tibbi Xidmət Aktı, Dodd-Frank Voll-Strit İslahatı və İstehlakçı Müdafiəsi Aktı və 2010 Soruşma, Demə Ləğvi Aktı daxildir. 2009 Amerikan Bərpa və Reinvestisiya Aktı ilə 2010 Vergi Güzəşti, İşsizlik Sığortası Yenidən Avtorizasiyası və İş Yaradılması Aktı isə Böyük Böhran zamanı iqtisadi stimul rolunu oynamışdır. Dövlət borcu ilə əlaqədar uzun çəkən mübahisələrdən sonra Obama 2011 Büdcə İdarəsi Aktı və 2012 Amerikan Vergiverən Güzəşti Aktını imzalamışdır. Xarici siyasətə gələndə isə o, Əfqanıstandakı ABŞ əsgərlərinin sayını artırmış, SNV-III kimi də tanınan Yeni START müqaviləsinə əsasən nüvə silahlarını azaltmış və ABŞ-nin İraq müharibəsindəki müdaxiləsini sonlandırmışdır. 2011-ci ildə Obama əl-Qaidə idarəçisi, Birləşmiş Ştatlar vətəndaşı Ənvər əl-Əvlakinin PUA əməliyyatı ilə öldürülməsi barədə əmr vermiş, BMT Təhlükəsizlik Şurasının 1973 saylı qərarının icrası məqsədilə Liviyaya hərbi müdaxilə başlatmış, Muəmmər Qəddafinin devrilməsinə dəstək olmuşdur. "Neptun nizəsi" əməliyyatı ilə Birləşmiş Ştatlara qarşı törədilən 11 sentyabr 2001-ci il terrorunun müqəssiri Üsamə bin Ladenin qətlə yetirilməsi Obamanın nüfuzunu xeyli artırmışdır.
Respublikaçı rəqibi Mit Romniyə qalib gəldikdən sonra 20 yanvar 2013-cü il tarixində Obamanın ikinci andiçməsi baş tutmuşdur. Bu dövrdə baş verən Snoudenin ifşa hadisələrini Obama qeyri-vətənpərvər kimi dəyərləndirmiş, Milli Təhlükəsizlik Agentliyinə təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədilə məhdudiyyətlərin artırılmasını tapşırmışdır. Obama həmçinin LGBT amerikanların da cəmiyyətdəki varlıqlarını müdafiə edirdi. Onun hökuməti ABŞ Ali Məhkəməsinə eynicinsli evlilik qadağalarını konstitusiyaya zidd olduğu üçün ləğv etmək barədə təkid göstərmiş (ABŞ Vindzora qarşı və Oberqefell Hocesə qarşı), nəticədə isə 2015-ci ildə məhkəmə qərarı ilə ümum-ABŞ eynicinsli evlilik qadağaları ləğv edilmişdir.
Vox saytı və Rolling Stone jurnalı Parklar və İstirahət Yerləri adlı amerikan sitkomunu Obamanın prezidentlik dövrünün zeytgeystini təsvir edən serial kimi qiymətləndirirlər.[5] Həmin məqaləsində Rolling Stone həmçinin Breaking Bad, Veep və İmperiya seriallarını da həmin dövrü vurğulayan televiziya işləri kimi qeyd edib.[6]
ABŞ ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |