Braqanza sülaləsi (port. Casa de Bragança) — Avropa və Amerika qitəsində hökmranlıq etmiş, portuqal əsilli monarx ailəsi.
Braqanza sülaləsi | |
---|---|
Ölkə | |
Hissəsidir | Avis sülaləsi |
Banisi | Braqanzalı Alfonso |
Sonuncu hökmdar |
II Manuel (Portuqaliyada) II Pedro (Braziliyada) |
Hazırkı rəhbər | Duarte Pio |
Əsası qoyulub | 1442 |
Milliyyət | Portuqal |
Titullar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin banisi Aviz sülaləsindən olan Portuqaliya kralı I Conun nikahdan kənar oğlu və ilk Braqanza hersoqu Alfonsodur. Sülalə qısa zamanda İntibah dönəminin ən güclü və varlı ailələrindən birinə çevrildi. 1640-cı ildə Habsburqların ölkədən qovulması nəticəsində Braqanza ailəsi Portuqaliyada, 1822-ci ildə Braziliya imperiyasının müstəqillik qazanması nəticəsində isə Amerika qitəsində hakimiyyətə gəldi.
Braqanza ailəsi 15 Portuqaliya kralı və 4 Braziliya imperatoru başda olmaqla, Avropanın bir çox monarx ailəsinə gəlin olaraq gedən (Ketrin Braqanza, Mariya İzabella Braqanza və s.) və daha sonra taxt iddiaçıları (İnfant Pedro, İnfant Manuel və s.) dünyaya gətirən, Avropa və Amerika tarixində mühüm yer tutmuş şəxsiyyətlər yetişdirmişdir. Ancaq XIX-XX əsrin əvvəllərində Braqanza ailəsi hakimiyyətdən uzaqlaşdırıldı. Belə ki, II Pedro 1889-cu ildə Braziliyada, II Manuel isə 1910-cu ildə Portuqaliyada taxtdan endirildi (Portuqaliya inqilabı).
VI Conun səltənətinin ardından Braqanza sülaləsi öz daxilində 3 qola ayrıldı:
Sülalənin Braziliya qolu 1921-ci ildən sonra Orlean-Braqanza ailəsiylə əvəz olunsa da, bu ailə də öz daxilində parçalandı və taxt hüququndan uzaqlaşdı. Konstitusional qol isə 1932-ci ildə II Manuelin vəfatıyla kəsildi və taxt hüququ Miquelist qola ötürüldü. Hal-hazırda Braqanza ailəsinin Portuqaliya taxtına olan iddiaçısı Braqanza hersoqu Duarte Piodur.
Ailənin banisi Aviz sülaləsindən olan Portuqaliya kralı I Conun İnes Peresdən doğulan nikahdan kənar oğlu I Alfonsodur. Nikahdan kənar doğulmasına baxmayaraq, atası tərəfindən çox sevilən I Alfonso, kralın yaxın dostu və mühüm komandir Nuno Alvares Pereranın qızı Beatris Perera ilə evləndirildi. Bu evliliklə Portuqaliyanın əsilzadə təbəqəsinə daxil olan I Alfonso, qaynatasının ardından Barselos qraflığına yüksəldi. Ardından siyasi və hərbi fəaliyyətə başlayan I Alfonso 1415-ci ildə atası, qardaşları və digər mühüm ordu mənsublarıyla birlikdə Seutanın fəthinə qatıldı. 1433-cü ildə atasının vəfatından sonra taxta çıxan ögey qardaşı I Duarteylə münasibətləri olduqca yaxşı idi. Ancaq qardaşı çox keçmədən vəfat etdi və onun 6 yaşlı oğlu V Afonso Portuqaliya kralı elan olundu. Krallığı isə kralın anası Araqonlu Eleonora, daha sonra isə I Alfonsonun qardaşı İnfant Pyotr kral naibi olaraq idarə etdi. 30 dekabr 1442-ci ildə hələ də naib olan qardaşı İnfant Pyotr tərəfindən Braqanza hersoqluğuna yüksəldi və beləcə, Braqanza ailəsinin əsası qoyuldu.
I Alfonsonun səyləri nəticəsində övladları mühüm vəzifələrə gətirildi və mükəmməl həyat yaşadılar. Onun ilk övladı Afonso babası olan Nuno Alvares Perera tərəfindən 1422-ci ildə Ourem qraflığına təyin edilmişdi. Mühüm bir diplomat olan Afonso 1436-cı ildə Bazel, 1439-cu ildə isə Florensiyada kralın nümayəndəsi olaraq xidmət etdi. Bundan başqa Müqəddəs Roma imperatoru III Fridrixlə evlənən əmisi qızı Eleonoranın Romaya olan səyahətində ona müşayət etdi. Ancaq Afonso 1460-cı ildə — atasından bir il öncə vəfat etdi və atasının varisi ola bilmədi. I Alfonsonun ikinci övladı və yeganə qızı olan İzabella isə ögey əmisi olan Conla evləndi və beləcə, Portuqaliyanın monarx ailəsiylə yenidən qohumluq əlaqəsi quruldu. İzabellanın stratejik evliliyi uğurlu oldu və övladları gələcəkdə İberiya tarixində mühüm rol oynadı. I Alfonsonun son övladı və varisi olan I Fernando Braqanza hersoqu oldu və hərbi sahədə öz fəaliyyətini davam etdirdi.
I Fernando 1403-cü ildə doğuldu və doğumundan bir müddət sonra babası Nuno Alvares Perera tərəfindən Arrayolus qrafı elan olundu. Bir çox hərbi səfərlərə qatılan I Fernando aristokrat təbəqədə olduqca sevilsə də, ögey əmisi I Duarte ilə münasibətləri yaxşı deyildi. Xüsusilə də digər əmisi İnfant Ferdinandın mavrlar tərəfindən əsir götürülməsinin ardından, korteslər birliyində kralla münaqişə aparmış, bu hadisədən sonra münasibətləri daha da pisləşmişdir. Buna baxmayaraq, ondan sonra taxta çıxan V Afonsonun səltənətində mühüm vəzifələrdə yer aldı. Seuta hakimi, Vila-Visoza markizi və Neyva qrafı olaraq fəaliyyət göstərdi.
I Fernandonun Kadaval leydisi Yuanna Kastroyla olan evliliyindən doğulan övladları (9 övladından 6-sı yetkinlik yaşına çatdı) Braqanza ailəsini daha genişləndirdi. Onun ilk oğlu və ünvanlarının varisi olan II Fernando aristokrat təbəqədə çox sevildi və mühüm vəzifələrdə xidmət etdi. Ancaq II Conun mərkəzi hakimiyyəti gücləndirmə siyasəti nəticəsində gözdən düşdü və həm özünün, həm də ailəsinin fəlakətinə səbəb oldu. İkinci oğlu Con isə Montemor-u-Novu markizliyinə və Portuqaliyanın baş məmurluğuna gətirildi. I Fernandonun üçüncü oğlu Afonso Faru qrafı oldu və Portuqaliya aristokratiyasında mühüm yer tutdu. Hersoqun dördüncü oğlu Alvaro isə anasının mülklərinə sahibləndi və Kadaval lordu oldu. I Fernandonun qızları Beatris və Quomar isə Meneses ailəsindən əsilzadələrlə evləndirildi. Bütün bu ünvanlar və evliliklərə baxmayaraq Braqanza ailəsi II Conun səltənətində ağır itkilər verdi. Belə ki, mərkəzi hakimiyyəti gücləndirmək məqsədilə bir çox mühüm əsilzadəni edam edən II Con bacanağı olan II Fernandonun da sonunu gətirdi. Ailənin bütün ünvan və mülkləri əlindən alınaraq taxt-tacla birləşdirildi və bütün ailə üzvləri Kastiliyaya sürgün olundu.
Vizeu hersoqu İnfant Ferdinandın qızı İzabellayla evli olan II Fernandonun edamından sonra övladları ağır günlər yaşadı. Ancaq II Condan sonra taxta çıxan dayıları I Manuel dönəmində bağışlandılar və bütün mülklərinə yenidən qovuşdular. Mərhum hersoqun böyük oğlu və varisi olan I Ceymi Portuqaliyaya qayıtdı və Vila-Visozada yaşadı. Digər oğlu Dinis isə Lemos qraflığına gətirildi.