"Bruklin" (ing. Brooklyn) — 2015-ci ildə dram-melodram janrında çəkilmiş İrlandiya-Böyük Britaniya-Kanada müştərək filmi. Kolm Toybinin eyniadlı əsəri əsasında çəkilən filmin rejissoru Con Krouli, ssenari müəllifi isə Nik Hornbidir. Baş rolları Sirşa Ronan, Emori Koen, Donal Qlison, Cim Broadbent və Culi Uolters ifa edirlər. Filmdəki hadisələr 1951-1952-ci illərdə cərəyan edir və gənc irland qızın öz sevgisini tapdığı Bruklinə mühacirət tarixindən bəhs edir. Keçmişi hər an onu təqib edir, lakin qız hər şeyə baxmayaraq iki ölkə və iki həyat arasında seçim etməlidir.
Bruklin | |
---|---|
ing. Brooklyn | |
Janr |
dram melodram |
Rejissor | Con Krouli |
Prodüserlər |
Finola Dvayer Amanda Pozi Pyer İven |
Əsərin müəllifi | Kolm Toybin |
Ssenari müəllifi | Nik Hornbi |
Baş rollarda |
Sirşa Ronan Emori Koen Donal Qlison Cim Brodbent |
Operator | İv Belanje |
Bəstəkar | Maykl Bruk |
Rəssam | İren O'Brayen |
Montajçı | Jake Roberts |
İstehsalçılar |
BFI BBC Films HanWay Films Telefilm Canada Irish Film Board TSG Entertainment Wildgaze Films |
Distribütor | 20th Century Fox, InterCom[d][4], Netflix, Disney+ |
İlk baxış tarixi |
26 yanvar 2015, Sandens Film Festivalı 4 noyabr 2015, ABŞ |
Filmin növü | bədii film |
Müddət | 112 dəqiqə[1] |
Büdcə | 11 milyon $[2] |
Gəlir | 62 milyon $[3] |
Ölkələr |
İrlandiya Birləşmiş Krallıq Kanada |
Dil | ingilis dili |
İl | 2015 |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal, Nyu-York |
IMDb | ID2381111 |
Vikianbarda əlaqəli mediafayllar |
"Bruklin" filmi ilk dəfə tənqidçilər tərəfindən rəğbətlə qarşılandığı 2015-ci ilin Sandens Film Festivalında nümayiş etdirilmişdir.[5] Bu nümayiş 4 noyabr 2015-ci il tarixində Birləşmiş Ştatlarda və 6 noyabr 2015-ci il tarixində Böyük Britaniyada məhdud çərçivədə təşkil olunmuşdu.[6] Film "Ən yaxşı film", "Ən yaxşı aktrisa", "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyaları da daxil olmaqla, üç dəfə "Oskar" mükafatına namizəd göstərilib.
1952-ci ildə İrlandiyanın cənub-şərqində yerləşən Enniskorti şəhərindən olan Eylis Leysi adlı gənc qız anası və bacısı Rouzla birgə yaşayır. O, həftəsonu qəzəbli miss Kellinin mağazasında çalışdığı vəzifədən başqa özünə bir iş tapa bilmir. Qız Bruklindəki irland keşişi Flud Ataya məktub yazır. Keşiş onun özünə bir şərait yaratmaq üçün ABŞ-yə gəlməyinə kömək edir. Eylis yola düşür. Lakin o, dəniz xəstəliyindən əziyyət çəkir və yolda ərzaqdan zəhərlənir. Kayut qonşuları onun ayaqyoluna gedən qapısını bağlayırlar. Aşağı çarpayıdakı təcrübəli səyahətçi qadın ona kömək edir və ABŞ-da – Bruklindəki həyat barədə bir neçə məsləhət verir.
Eylis ucuz irland mehmanxanasında məskunlaşır. Hər axşam o, sahibə və digər gənc qadın sakinlərlə birlikdə şam yeməyi yeyir. Eylis univermaqda özünə iş tapır. Lakin bu iş üçün o, olduqca utancaq və sakitdir. Onun nəzarətçisi miss Fortini müştərilərlə qarşılıqlı ünsiyyət bağlamağın vacibliyini xəbər verir. Bacısından aldığı məktublar onu İrlandiyada yaşadığı günlərə qaytarır. Eylis üçün işlə yaşayış yeri təşkil edən keşiş Flud Ata onun yanına gəlir və onu mühasibatlıq işinə yönəldir. Rəqs meydançasında qız Toni adlı bir italyan oğlanla qarşılaşır. Toni onunla maraqlanmağa başlayır və cütlüyün dostluğu başlayır. Bu hadisədən sonra Eylis özünü Nyu-Yorkda bir qədər rahat hiss etməyə başlayır. Lakin o, öz sevgisini Toniyə bildirməyə tələsmir.
Flud Ata Rouzun naməlum xəstəlikdən vəfat etdiyini Eylisə xəbər verir. Anası ilə telefon əlaqəsi vasitəsilə danışan Eylis, çətin vəziyyətdə olduğunu başa düşüb onun yanına – evə qayıdır. Toni qıza getməmişdən qabaq onunla gizli nikaha girməyi təklif edir. Cütlük vətəndaş nikahına daxil olur və bu barədə ailə üzvlərinə, dostlarına bir söz demirlər. Keçmişinin İrlandiyasına gəlmiş Eylisə ətrafındakı hər şey yenidən Bruklinə qayıtmağa mane olur. Onun nəzərdə tutduğu qayıdış günündən bir həftə sonra ən yaxın rəfiqəsi ailə quracaq. Artıq Eylisin anası onun adından dəvəti qəbul edib. Qız orada mülkiyyət varisi olan Cim adlı münasib subay oğlanla tanış olur. Eylis isə fövqəladə bir haldan çıxış yolu olaraq, bir mühasib kimi bacısının işini davam etdirir. O, bu vaxta qədər Toninin məktublarını açıb oxumurdu və yalnız indi İrlandiyada gələcəyi olduğunu hiss etməyə başlayır.
Keçmiş iş yerindəki müdiri miss Kelli Eylisə onun ərə getdiyini öyrəndiyini deyir. O, baş götürüb qaçdığı keçmiş həyatını xatırlamağa başlayır. Eylis anasına nikahda olduğunu açıb deyir və növbəti gün Bruklinə yola düşür. Səfər zamanı artıq Eylis təcrübəli səyahətçi rolunu oynayaraq, yeni mühacir qıza öz məsləhətlərini verir. Film Eylis və Toninin bir-birinə qovuşması və xoşbəxt şəkildə qucaqlaşması ilə sona çatır.
Filmin çəkiliş dövrü 1 aprel 2014-cü ildə İrlandiyada başlandı və Enniskorti, Ueksford, Dublin şəhərləri də daxil olmaqla, 3 həftə ərzində müxtəlif məkanlarda çəkilişlər aparıldı.[8][9][10] İlk çəkiliş günündə Ronan Enniskortidə geyim dövrü ərəfəsində aşkara çıxarıldı.[11][12] İrlandiyadakı çəkilişlər başa çatdıqdan sonra, əlavə dörd həftə müddətində Monrealda, Kvebekdə filmin istehsalı davam etdirildi.[9] Bunun ardınca iki günlük Nyu-Yorkun Koni-Aylend ərazisində də çəkilişlər aparıldı.[13]
Film ilk dəfə 26 yanvar 2015-ci ildə Sandens Film Festivalında nümayiş olunmuşdur. İlk nümayişdən sonra Weinstein Company, Focus Features və Fox Searchlight Pictures arasında böyük narazılıq başlandı. Fox Searchlight Pictures ABŞ-da və digər ərazilərdə 9 milyon $ dəyərində yayım hüququ baxımından üstünlük əldə etdi. Filmin Sandens xaricində yayılması böyük nüsxə təşkil etdi.[5] "Bruklin" filmi 2015-ci il Toronto Beynəlxalq Film Festivalının Xüsusi Təqdimatında nümayiş etdirilmək üçün seçildi.[14] Birləşmiş Ştatlarda isə film 4 noyabr 2015-ci ildə əvvəlcə məhdud buraxılışla, daha sonra isə 25 noyabr 2015-ci ildə geniş şəkildə yayımlanmağa başlandı.[15]
Filmin Azərbaycanda ilk nümayişi 25 aprel 2016-cı ildə Nizami Kino Mərkəzində həyata keçirilmişdir. Nümayiş British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycan səfirliyinin təşkilatçılığı ilə birgə İkinci Britaniya Film Baharı Festivalının (ing. British Film Spring) açılışı zamanı reallaşıb.[16][17][18][19] Film rus dilində subtitrlər vasitəsilə orijinal dildə nümayiş etdirilmişdir.[20]
"Bruklin" filmi hələ Sandens Film Festivalında göstərilərkən yaxşı qəbul olundu və film ayaq üstə sürəkli alqışlandı.[21] Rotten Tomatoes saytında film 222 icmal sayəsində 97 % müsbət rəy almışdır. Bu, reytinq cədvəli üzrə filmə münasibət 8.5/10 xal kimi dəyərləndirilmişdi. Sayt tənqidi münasibətini belə nümayiş etdirirdi: "Ekran əsərinin uğurunda Sirşa Ronan və Emori Koenin əməyi şübhəsizdir. Onların xüsusi dramatik səhnələri tamaşaçını sürətlə dərin hisslərə çəkib aparır və bu, ideyanı təmin edir".[22] Metacritic saytında 42 tənqidçinin rəyi əsasında film orta hesabla 87/100 xalı ilə qiymətləndirilmiş və "universal bəyənmə" kimi qeyd olunmuşdur.[23] "Bruklin" filminin "Oskar" təqdimatı zamanı tənqidçilərdən biri "Bu filmin öz layiqli yeri var" deyə öz fikrini bildirmişdi.[24]
13 aprel 2016-cı ildən etibarən film Şimali Amerikada 38.2 milyon $, digər ərazilərdə isə 21.7 milyon $ məbləğində gəlir əldə etmişdir. Dünya nümayişindən əldə olunan ümumi gəlir 60 milyon $ həcmindədir.[25][26] 2016-cı ilin əvvəlinə olan göstəricilərə görə, filmin təkcə Kanadadakı ümumi kassa gəliri 4 milyon Kanada dolları təşkil edirdi. Bu, 2015-ci il üçün Kanadanın daxili film bazarında əldə olunmuş ən yüksək göstərici idi.[27][28] "Bruklin" filmi İrlandiyada 1996-cı ildən etibarən çəkilmiş istənilən irland filmi ilə müqayisədə ən böyük əks-səda doğurdu, 87 kinoteatrdan ümumi olaraq 650,000 $ gəlir əldə etdi. Göstəricilər "Bruklin"in 1996-cı ilin noyabrında "Maykl Kollins" filminin gəlirindən sonra ən uğurlu dram filmi kimi dəyərləndirilməsinə əsas verir.[29]
"Bruklin" filmi kino sənayesi üzrə bir neçə nominasiyaya və 88-ci Oskar mükafatına namizəd göstərildiyi Ən yaxşı film, Ən yaxşı uyğunlaşdırılmış ssenari və Ən yaxşı qadın rolunun ifaçısı nominasiyaları da daxil olmaqla, tənqidçilərin mükafatına layiq görülüb. Sirşa Ronanın ifası xüsusilə alqışlanmış və aktrisanın adı "Oskar", BAFTA,[30] Tənqidçi seçimləri,[31] Qızıl Qlobus[32] kimi mükafatlarla yanaşı səslənib və ABŞ Kinoaktyorlar Gildiyasının ən yaxşı qadın roluna görə mükafatına namizəd göstərilib.[33] Aktrisa həmçinin Britaniya Müstəqil Kinosunda Ən yaxşı qadın roluna görə BIFA mükafatına da layiq görülüb.[34] Eyni zamanda, Culi Uolters Ən yaxşı aktrisa kimi BAFTA mükafatına namizəd olub.[30] Film həmçinin, Mill Valli Film Festivalında Dünya Kinosunda Tamaşaçı Rəğbəti Qızıl Mükafatına, Vankuver Beynəlxalq Film Festivalında Rogers People's Choice mükafatına və Virciniya Film Festivalında ən yaxşı təhkiyə nümunəsi kimi Tamaşaçı Rəğbəti mükafatına layiq görülmüşdür. Hemptons Beynəlxalq Film Festivalında isə aktyor Emori Koen ən yaxşı təsir bağışlayan aktyor kimi qiymətləndirilib.[35] Ekran əsəri "Ən yaxşı operator işi" və "Ən yaxşı musiqi" nominasiyalarında 2 Kanada Ekran Mükafatına, eləcə də 18-ci Kvebek Kino Mükafatları (əvvəllər Prix Jutra kimi tanınırdı) təqdimatı zamanı "Ən yaxşı operator işi" və "Ən yaxşı quruluşçu rəssam işi" nominasiyalarında daha 2 mükafata layiq görülüb.
"Bruklin" filmi həmçinin 120 müxtəlif kino tənqidçisinin qızıl onluq siyahılarına əsasən, 2015-ci ilin ən yaxşı filmi hesab edilir.[36] Rotten Tomatoes və Metacritic veb saytlarının 2015-ci il üçün səsvermələrinə görə, film, müvafiq olaraq, 4-cü və 5-ci yerlərdə qərarlaşır.[37][38][39]
BBC telekanalı hadisələrinin aktrisa Culi Uoltersin canlandırdığı missis Keo obrazının ətrafında cərəyan edən yeni dram filminin üzərində işləyir. Sirşa Ronanın gözlənildiyi kimi qayıdışı baş tutmayacaq. Prodüser Finola Dvayer planların doğruluğunu təsdiqləyərək, orijinal romanın müəllifi Kolm Toybinə layihə barədə öz təkliflərini irəli sürüb.[40]