Cəlaləddin Əsildar oğlu Qorxmazov (1 oktyabr 1877, Xumtorqala[d], Dağıstan vilayəti – 27 sentyabr 1937, Moskva) — Dağıstan ictimai-siyasi xadimi, diplomat və publisist.
Cəlaləddin Qorxmazov | |
---|---|
rus. Джелал-Эд-Дин Асельдерович Коркмасов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 oktyabr 1877 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 sentyabr 1937 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | ÜİK(b)P |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Əsildar Qorxmazov |
Həyat yoldaşı | Mariya Skakovskaya |
Dini | islam |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Cəlaləddin Qorxmazov milliyətcə qumuq türklərindəndir. Araşdırıcılar onun 1877 və ya 1879-cu ildə Rusiyanın Dağıstanın XIX yüzillliyin əvvəllərində işğal etdiyi Kumtorqala kəndində ortabab bir ailədə doğulduğunu yazırlar. İndi həmin kənd Cəlaləddinin şərəfinə onun familyasına uyğunlaşdırılaraq Qorxmazqala adlandırılır. İlk təhsilini kəndlərindəki xalq arasında mollaxana adlandırılan ibtidai məktəbdə alan Cəlaləddin daha sonra Şərqdə geniş yayılmış təhsil ocağı mədrəsədə oxumuşdur.
Lakin o, bir çox həmyerliləri kimi təhsilini davam etdirmək üçün Şərq ölkələrindəki dini mərkəzlərə getməmişdir. Rus dilini, Rusiya təhsil sistemini öyrənərək Stavropoldakı klassik oğlan gimnaziyaya daxil olmuşdur.
XX yüzilliyin başlarında Rusiyanı bürüyən qarışıqlıq, geniş yayılan vətandaş itaətsizliyi Dağıstandan da yan keçməmişdi. Çılğın və vətənsevər bir gənc olan Cəlaləddin xalqını müstəmləkədən azad, millətini firavan yaşayan görmək istəyirdi. Sosialistlərin "xalqlara azadlıq", "bərabərlik, insanın insan tərəfindən istismarına son qoyulması" və s. şüarları yaşıdlarının bir çoxu kimi ona da şirin gəlmişdi. "Avropanı dolaşan kommunizm kabusu" gənc Cəlaləddini də öz qoynuna çəkmişdir.
1906-cı ildə çar polisi onun hökumət əleyhinə fəaliyyətindən xəbər tutaraq həbs edir. Məhkəmənin qərarı ilə polis nəzarətində Olsnetski quberniyasına sürgünə göndərilir. 1907-ci ildə sürgündən qurtulub mühacirətə getməyə nail olan Cəlaləddin Qorxmazov 1907-ci ildə Parisə gedir. Orada ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla yanaşı, Fransanın məşhur ali təhsil ocaqlarından Sarbon Unversitetinin Hüquq fakültəsinə qəbul olunur. 1907-ci ildə o, Polşa inqilabçısının qızı, sonralar özü də inqilabi mübarizə tarixində silinməz izlər qoymuş Mariya Skakovskaya (1886–1937) ilə ailə həyatı qurur.
Cəlaləddin Qorxmazovla eyni illərdə gələcəyin ictimai-siyasi xadimi və dövlət adamı, Azərbaycan Xalq Cümhuriyyətinin 4 və 5 kabinetlərində nazir olmuş Rəşid xan Qaplanov da Sarbon Universitetinin Hüquq fakültəsində oxuyurdu. Onlar arasında dosluq telləri o qədər möhkəm olur ki, fərqli dünyagörüşə sahib olsalar da, dara düşəndə bir-birinə kömək əlini uzatmaqdan çəkinməyiblər.
Cəlaləddin Qorxmazov Parisdə "Gənc türklər" adlandırılan qrupun üzvləri ilə yaxından dostluq edir. "İttihad və tərəqqi" partiyasının liderləri ilə sıx ünsiyyətdə olur. Bu təşkilatı, yalnız Osmanlı dövlətini deyil, şərq xalqlarını cəhalətdən, gerilikdən qurtaracaq bir xilaskar kimi görür. Odur ki, "İttihad və tərəqqi"çilər İstanbulda hakimiyyəti ələ aldıqdan sonra Sarbon Unversitetini bitirən Cəlaləddin Qorxmazov vətəninə dönmür. Əqidə və məslək dostları olan "Gənc türklər"in yanına İstanbula gəlir.
Həmin illərdə İstanbulda hökumət dairələrinə yaxın xeyli qumuq yaşayırdı. Ona görə də Cəlaləddin Qorxmazov üçün İstanbul həyatı o qədər də çətin keçmir. Gənc ailə İstanbulda yaşayır, Rusiyadan gələn mühacirlər üçün pansionat təşkil edir. 1909-cu ildən isə ilk rusdilli türk mətbuatı olan – "Stambulskie novosti" qəzetinin nəşrinə başlayır. C. Qorxmazovun redaktorluğu ilə cəmi 33 sayı çıxan bu qəzet Gənc türklər inqilabından sonrakı Osmanlını rus ictimaiyyətinə tanıtmaq baxımından mühüm rol oynayır. Bir sıra türk ziyalılarının məqaləsi qəzetdə verilir. Qəzet Osmanlı-Rusiya savaşlarının təsiri altında əsrlər boyu ruslarda yaranmış türk düşmənçiliyi düşüncəsinin tədricən aradan qaldırmağa kömək edir. Rusiyanın Osmanlı dövlətindəki səfiri N. V. Çarıxov Xarici İşlər naziri A. P. İzvolskiyə məktubunda "Stambulskie novosti" qəzetinin redaktorunu "mötədil görüşlərə malik çox istedadlı adam", qəzeti isə "Osmanlı dövləti ilə iqtisadi və mədəni zəmində yaxınlaşmağa xidmət edən nəşr" adlandırır.
Rusyianı bürüyən qarışıqlıq, çar II Nikolayın taxtdan uzaqlaşdırılması əksər vətənpərvərlər kimi Cəlaləddin Qorxmazovu da vətəninə çəkir. O, yaranmış imkandan səmərəli istifadə edərək xalqını azadlığa çıxarmaq, ona xoşbəxtlik bəxş etmək istəyir.
1917-ci il martın 5–6-da əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq əksər Quzey Qafqaz ziyalıları və xalqın öncülləri sayılanlar Vladiqafqazda bir araya gələrək Dağlıların Birləşmiş Müvəqqəti Mərkəzi Komitəsini yaradır. Cəlaləddin Qorxmazovda təkcə bu qurultayda deyil, 1917-ci il mayın 14–21-də keçirilən qurultayda da iştirak edir. Qurultay Quzey Qafqaz və Dağıstan Dağlıları İttifaqı adlı təşkilat yaratdıqlarını elan edir. Həmin ilin sentyabrında keçirilən növbəti qurultayda Abxaziyanın da İttifaqa qoşulması nəticəsində təşkilat Quzey Qafqaz, Dağıstan və Abxaziya İttifaqı adlandırılır.
Cəlaləddin Qorxmazov 1917-ci ildə dağlı xalqlarının hər iki tarixi qurultayında iştirak etsə də, az sonra milli qüvvələrdən uzaqlaşır, Temirxanşurada Dağıstan Sosialist qrupunu yaradır. Qrup üzvləri Dağıstanda sosialist inqilabını hazırlayıb həyata keçirməyi qarşılarına məqsəd qoyur. Bolşeviklərin savadlı və genişdünyagörüşlü, təbliğat-təşviqat işini bilən, təşkilatçılıq təcrübəsi olan kadrlara böyük ehtiyacı olduğundan onu tezliklə RKP(b) Qafqaz ölkə komitəsi MK-nın üzvü seçiblər.
Bolşeviklər 1919-cu ildə C. Qorxmazovu Bakıda zəif olan RKP(b) Bakı Komitəsinin işini canlandırmağa göndərir. Azərbaycan təhlükəsizlik orqanları C. Qorxmazovu iş başında yaxalayaraq həbs edirlər. Azərbaycan hökuməti siyasi görüşlərinə görə insanlara sərt cəza vermirdi. Bundan yararlanan C. Qorxmazov Bakı möhkəmləndirilmiş hərbi rayonunun rəisi vəzifəsini yerinə yetirən çərkəz əsilli general Murad Gəray Tlexasın (1874–1920) yardımı ilə həbsdən çıxaraq Dağıstana qayıdır. Dağıstanda Müvəqqəti İnqilab Şurasına rəhbərlik edən Cəlaləddin Qorxmazov bölgəni bolşeviklər işğal etdikdən sonra 1921-ci ildə yaratdıqları Dağıstan MCCR-nın XKS-nın sədri edilir.
Dağıstanda rəhbər vəzifədə işləyəndə Azərbaycanla sıx əlaqədə olan, Azərbaycanın maddi imkanlarından yararlanaraq Dağıstanın iqtisadiyyatını yüksəltməyə çalışan, maarif və mədəniyyətinin inkişafına nail olan C. Qorxmazov Bakıda bolşeviklərin tələbəlik dostu Rəşid xan Qablanovu həbs etdiklərini eşidəndə Azərbaycan XKS sədri N. Nərimanova, habelə Qafqaz Hərbi-İnqilab Komitəsinin üzvü S. Orconikidze və Azərbaycan MİK sədri İ. Naneyşviliyə müraciət edərək onun azad edilməsinə nail olur.
On il Dağıstan MCCR-nın XKS-nın sədri olan C. Qorxmazov 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaya qatılır, bölmə iclaslarına sədirlik edir, yeni latın qrafikalı əlifbaya keçilməsində xüsusi fəallıq göstərir.
Bakı ali və orta ixtisas məktəblərində Dağıstan xalqları üçün xüsusi kursların açılmasına, Bakı mətbəələrində Dağıstan xalqlarının dillərində qəzet, jurnal, kitab nəşrinə nail olan C. Qorxmazovun fəaliyyəti getdikcə Sovet rəhbərlərini narahat etməyə başlayır.
1928-ci ildə yaradılan Umumittifaq Yeni Əlifba Komitəsinin sədr müavini kimi böyük təşkilati işlər görən, 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi münasibətilə yaradılan Sovet Təşkilat komitəsinə sədrlik edən C. Qorxmazovun dostları sırasında Jan Jores, Emil Zolya, Anatol Frans, Romen Rollan, Anri Barbüs və b. məşhurlar vardı. 1925-ci ildə C. Qorxmazovla görüşən məşhur Norveç qütb tədqiqatçısı, Nobel mükafatı laureatı Frityof Nansen onun haqqında yazır: "Qorxmazov Mahaçqala yaxınlığındakı Kumtorqala adlı qumuq kəndindəndir. Daha çox avropalıya bənzəyir. Ziyalı sifəti və geniş alnı var. Saçları bəyaz və dalğalıdır. Onun ana dili türk-qumuq dilidir. Bu dil Dağıstanda çox geniş yayılıb. Rus dili ilə birlikdə ümumi ünsiyyət vasitəsidir. Qorxmazov çox ağıllı adamdır. Gözəl təhsil alıb. Əsas peşəsi hüquqşünaslıqdır, lakin mütaliə dairəsi həddindən artıq genişdir. İnqilabdan əvvəl uzun müddət siyasi mühacir kimi Parisdə yaşayıb".
O, Umumittifaq Yeni Əlifba komitəsinin sədr müavini işləyəndə daim sıxışdırılan, təqib altında olan dostu Rəşid xan Qaplanovu komitədə hüquq məslətətçisi vəzifəsinə qəbul etdirir. Ölkənin kiçik bir bölgəsində çalışsa da, xalq arasında böyük nüfuzu olan C. Qorxmazovun xarici əlaqələri də Sovet rəhbərliyini rahatsız edir. Onu öncə möhkəm dayağı olan Dağıstandan uzaqlaşdıraraq Moskvaya SSRİ Mİllətlər Soveti sədrinin müavini vəzifəsinə aparıblar. C. Qorxmazov bolşeviklərin etdiyi vədlərin boşa çıxdığını, əsarətdə olan xalqlara çar Rusiyası dövründəki kimi münasibət bəsləndiyini, rəhbərlikdəkilərdən fərqli düşünənlərə qarşı açıq və gizli divan tutulduğunu görür. Aldandığını gec də olsa, anlayaraq özü kimi aldanmışlarla birləşib dəyişiklər etməyi planlaşdırır. Lakin bu da mümkün olmur. Çünki ötən 20 ildə Sovetlər güclü cəza aparatı qura bilir. Xüsusi xidmət orqanları hətta hökumətdə rəhbər vəzifə tutanları belə ciddi izləyir, onların hər bir hərəkatından xəbər tuturdu. Buna görə də vəzifəsindən, yaşından, siyasi mövqeyindən asılı olmayaraq hökumətə müxalif saydıqları insanların kütləvi həbsinə və cəzalandırlmasına başlanılır.
Qumuq xalqının oğlu Cəlaləddin Qorxmazov da 1937-ci il iyunun 22-də həbs edilib, sentyabrın 27-də isə güllələnir.