Birinci Türkoloji Qurultay — 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakı şəhərində SSRİ ərazisində yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarların qəbul edildiyi qurultay.[1] Qurultayda latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı şəkildə işlənib hazırlanıb. Qurultayda qəbul edilən qərara əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu. RSFSR tərkibində olan türk xalqları yeni türk əlifbasından istifadəyə başladılar.
Birinci Türkoloji Qurultay | |
---|---|
Keçirilmə tarixi | 26 fevral - 6 mart 1926-cı il |
Keçirildiyi yer | İsmailiyyə Sarayı, Bakı şəhəri, SSRİ |
İştirakçılar | SSRİ-də yaşayan türk xalqları nümayəndələri və xarici qonaqlar |
Müzakirə edilən məsələlər | SSRİ-də yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti müzakirə edilib |
Nəticələr | Türk xalqlarının vahid latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri hazırlanıb |
Birinci Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının, o cümlədən, Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Qurultayın işində Sovet birliyi məkanında yaşayan türk xalqları ilə yanaşı xarici qonaqlar, ümumilikdə isə 131 nəfər nümayəndə — alimlər, dilçilər, tarixçilər, şairlər, yazıçılar və digər görkəmli müttəfəkirlər iştirak edib.[2] Türk xalqlarının mədəni inteqrasiyasında mühüm bir mərhələnin əsasını qoymuş bu möhtəşəm Qurultay ilk növbədə geniş vüsəti və böyük bir coğrafi məkanda yaşayan çoxsaylı türk xalqları üçün bir sıra taleyüklü məsələlərin qoyuluşu, işlənib hazırlanması və ardıcıl şəkildə gerçəkləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb.[3][4][5]
Qurultayın iclaslarına Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə — Səməd Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F.Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və M. Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rahim İnogomov, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar seçilmişdilər.[6] Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzvü olmuşdular.
Qurultay iştirakçılarının sonrakı fəaliyyəti fəciəvi olmuşdur. Onun işində iştirak edən 100-dən artıq iştirakçı sonradan pantürkizmdə ittiham edilərək represiyaya uğramışdır. Əksər alim və müttəfəkirlər həbs və fiziki məhvlə üzləşdilər.[7] Qurultayın mühüm nəticəsi olan türk xalqlarının latın qrafikalı əlifbayə keçidi isə 1939-cu ildə ləğv edilmiş və Sovet Birliyi ərazisində yaşayan türk xalqları üçün kütləvi olaraq kiril əlifbalı yazı tətbiq edilmişdir.
Azərbaycan Rusiya tərəfindən ilhaq olunduqdan sonra Yaxın Şərqdə əlifba islahatı məsələsi ilk növbədə görkəmli Azərbaycan mütəfəkkiri, böyük maarifçi Mirzə Fətəli Axundzadə tərəfindən gündəmə gətirilmişdir. Lakin onun bu istiqamətdəki səyləri nəticə verməmişdir. Bununla bağlı Axundov bir neçə dəfə layihə də hazırlamış, Osmanlı dövləti hakimiyyətinə çağrışlarda etmişdir. 1878-ci ildən Axundov bir neçə kiril əlifbası ilə dəyişilmiş latın əlifbasının üzərində mərkəzləşdirdi. Axundov deyirdi: "Kim istəyirsə ənənəvi ərəb yazısından, qalanları isə yeni əlifbadan istifadə edə bilər". Bununla belə, təklif olunmuş yazıya bir neçə kiril hərfləri daxil edilməsinə baxmayaraq Rusiya hökuməti onun tətbiqinə icazə vermədi. Yenə də layihə rədd edildi.
Bununla belə o bu layihələri ictimai arenaya gətirdi və bəzi alimlər bu barədə müzakirəyə başladılar. 1886-cı ildə Axundovun ölümündən 7 il sonra "Qafqaz" qəzetində Mirzə Əliməhəmmədin ərəb yazısının dəyişdirilməsi barəsinədə məqaləsi dərc edildi. 1898-ci ildə mətbuatda Firidun bəy Köçərli tərəfindən yazılmış "Ərəb əlifbası və onun çatışmazlıqları" adlı məqalə işıq üzü gördü.
"Molla Nəsrəddin" (1906–1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: "Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir".
XX əsrin əvvəllərində hökumətin fəal üzvlərindən biri olan Nəriman Nərimanov da ərəb yazısını tənqid edirdi. Lakin N.Nərimanov həll yolunu kiril əlifbasının qəbulunda görürdü. O özü bu dəyişilmiş yazı ilə bir neçə əsərini yazmış, Azərbaycan fonetikasının səciyyəvi cəhətlərini daha da dəqiqləşdirmişdir.
Sonrakı dövrlərdə isə İsmayıl bəy Qaspıralı, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtılı, Firidun bəy Köçərli, Vəli Xuluflu, Hüseyn Cavid də bu yöndə səmərəli fəaliyyət göstərmişlər.[8] Azərbaycan Xalq Cümhuriyyəti də əlifba islahatını diqqətdə saxlamış, lakin 23 aylıq "ömrü" bu həyati əhəmiyyət kəsb edən məsələni həll etməyə imkan verməmişdi.
Azərbaycan sovetləşdikdən sonra isə bu məsələ daha da aktuallaşdı. Hələ 1922-ci ildə N.Nərimanovun sədrliyi ilə Bakıda "latın əlifbasına keçid" komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər.[9] Artıq 1922-ci ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi altında "Yeni yol" qəzeti latın əlifbası ilə nəşr olunurdu. Eləcə də həmin il sentyabrın 21-də Azərbaycan Sovet Sosialist Respublikasında əlifba-yazı qrafikasının dəyişdirilməsi,yeni əlifbanın yaradılması və tətbiqi üçün "Yeni türk əlifbası" komitəsi yaradılaraq ona Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu rəhbər təyin edildi.[10] Hətta 1923-cü il oktyabrın 20-də Azərbaycan hökuməti Yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsi adlı qərar da çıxarmışdı. Ancaq yənə də respublikada latın qrafikalı əlifba ilə yanaşı ərəb əlifbasından da istifadə olunurdu. 1922-ci ilin 21 da yaradılmış orqan.
1925-ci ilin avqustunda SSRİ Xalq Komissarları Şurası Ümumittifaq Türkoloji Qurultayının çağırılması haqqında qərar qəbul etdi. İlk dəfə qurultayın çağırılması məsələsi hələ bir il əvvəl Azərbaycan SSR höküməti tərəfindən SSRİ rəhbərliyinə təqdim edilmişdi. SSRİ hökumətinin Türkoloji Qurultayın çağırılması barədə qərarından altı ay əvvəl latın əlifbasına keçilməsi məsələlərinin həll edilməsi zərurəti 1-ci Azərbaycan Yerli Diyarşünaslıq Qurultayında və SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Şərqşünaslıq Birliyində qaldırılmışdı.[11]
SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Qurultayın çağırılmasına hazırlıq üzrə təşkilat komissiyası yaradıldı. Təşkilat komissiyasının tərkibinə Səməd Ağamalıoğlu (sədr), M.Pavloviç, Həbib Cəbiyev, Vasili Bartold, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Q.Broydo, Tyuryakulov, Zifeld, Fitred, Bəkir Çobanzadə, Aşmarin, Odabaş, Novşirvano, Əhməd Baytursunov, Yusifzadə seçildilər.
Təşkilat komissiyası Ümumittifaq Türkoloji Qurultaya hazırlıq üçün görülən bütün işləri işıqlandırmaq üçün "Xəbərlər" nəşr etdirirdi.[8]
1926-cı il fevralın 26-da Bakıdakı İsmailiyyə Sarayında Birinci Türkoloji Qurultay işinə başladı. Qurultayda 131 nəfər nümayəndə (20 nəfər beynəlxalq elm ictimaiətinin nümayəndəsi) iştirak etmiş, 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə, etnogenezisi və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə dinlənilmişdi.[12] İclasa Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu sədrlik etmiş, qurultayın Rəyasət Heyətinə aşağıdakı şəxslər seçilmişdilər: Səməd ağa Ağamalıoğlu, Azərbaycandan Ruhulla Axundov, Həbib Cəbiyev, tanınmış şərqşünas-tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alimlərinin nümayəndəsi professor F.F. Mensel, RSFSR Xalq Maarif Nazirliyindən Naqovitsin, professor Bəkir Çobanzadə, professor Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursunov, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından Borozdin və Pavloviç, Tatarıstandan Qəlimcan İbrahimov, Başqırdıstandan İdelquzin, Türkiyədən Mehmed Fuad Köprülü, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Şakircan Rahim, Qara-Qırğızıstandan Tunstanov, Türkmənistandan Berdiyev, Krımdan Osman Nuri Akçökraklı, Şimali Qafqazdan Əliyev Umar. Bundan əlavə Azərbaycan nümayəndə heyəti və digər respublikalar adından Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçiliblər.[11]
İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyov təbrik nitqi ilə çıxış edərək Qurultay iştirakçılarını salamlamışdır. Qurultay həm də məşhur türkoloq Radlovun və İsmayıl bəy Qaspıralının şərəfinə keçirilib. Qurultayda Bartold, Köprülüzadə, Ə.Hüseynzadə, Krımski, Poppe, Aşmarin kimi tanınmış türkoloq-şərqşünas alimlərin iştirakı da onun böyük əhəmiyyəti və mötəbərliyindən xəbər verirdi.
Qurultayın gedişində bir çox elmi məruzələr edilmişdir. Onların arasında bəziləri xüsusilə diqqətçəkicidir. Belə ki, V.V.Bartold "Türk xalqlarının tarixinin müasir vəziyyəti və öyrənilməsinin yaxın vəzifələri", S.F.Oldenburq "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları", A.A.Müller "Türk xalqlarının təsviri sənəti haqqında", F.Köprülüzadə "Türk xalqlarının ədəbi dillərinin inkişafı", A.N.Samoyloviç "Türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və yaxın vəzifələri", B.Çobanzadə "Türk ləhcələrinin yaxın qohumluğu haqqında", H.Zeynallı "Türk dillərində elmi terminologiya sistemi haqqında", S.Y.Malov "Qədim türk dillərinin öyrənilməsinin müasir vəziyyəti və perspektivləri", Fərhad Ağazadə "Türk dillərində düzgün yazı", N.F.Yakovlev "Türk millətlərinin sosial və mədəni şəraitləri ilə bağlı əlifba sisteminin qurulması problemləri", C.Məmmədzadə "Türk xalqlarının əlifba sistemləri haqqında", Kemanov "Türk dillərinin tədrisi metodikasının əsasları", N.N.Poppe "Türk dillərinin altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və müasir vəziyyəti", H.Şərəf "Ərəb və latın sistemli şriftlər və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri", T.Mensel "Balkan türkləri ədəbiyyatının öyrənilməsinin yekunları və perspektivləri" məruzələri ilə Qurultayın işini daha da zənginləşdirmişdilər.[11]
Qurultayda fonetika üzrə görkəmli alim Lev Vladimiroviç Şerbanın "Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti" adlı məruzəsi nəzəri baxımdan olduqca diqqətəlayiq idi. Maraqlıdır ki, erməni dilçisi R.Y.Açaryanın "Türk və erməni dillərinin qarşılıqlı təsiri" mövzusunda məruzəsi türk dilinin erməni dilinə tarix boyunca bütün dil səviyyələri üzrə təsirinin açıqlanması üzərində qurulmuşdu. Məruzədə əski ermənicədən (qrabardan) yeni ermənicəyə (aşqrabara) keçdin əsas səbəbi və dil stimulu türkcədir ideyası başlıca yer tuturdu. Qeyd edək ki, obyektivliyi ilə seçilən bu məruzə yaşadığımız günlərdə zərərli erməni şovinist millətçi ideologiyasına qarşı güclü elmi arqumentdir.[11]
Tatarıstandan Birinci Bakı Türkoloji Qurultayda iştirak edən altı nəfərdən ibarət nümayəndənin başçısı, görkəmli yazıçı və ədəbiyyatşünas Q.İbrahimov ərəb qrafikası əsasında yeni əlifbaya keçməyə prinsipcə etiraz etməsə də, "bu məsələdə tələsmək olmaz" fikrini irəli sürmüş və qurultayda bu barədə məruzə etmişdir. Ancaq əslində Q.İbrahimov qurultayda orfoqrafiya məsələsi barədə məruzə etmiş, buna dair təkliflərini vermişdir. Onun məruzəsi üç hissədən ibarət olmuşdur. Birinci hissə XIX əsrin II yarısına qədər mövcud olmuş köhnə orfoqrafiyaların tənqidi təhlilinə, həmçinin uyğur, Orhun və köhnə ərəb əlifbalarının təhlilinə həsr edilmişdir. İkinci hissədə ərəb əlifbasının islahatına və nəhayət, türk xalqlarının orfoqrafiyasının islahatına yönəldilən hərəkətlər təsvir olunmuşdur.[13]
Müəllif ümumiyyətlə, türk orfoqrafiyasının dəqiqləşdirilməsi üçün türk dillərinin nəzərə alınmalı xüsusiyyətlərini müəyyənləşdirib, qurultay nümayəndələrinin nəzərinə çatdırmışdır. Lakin onun çıxış və təkliflərində əlifbada latınizasiya əleyhinə heç bir işarə olmamışdır.
S.Mümtaz qurultayın gedişində iştirakçılara "Nəsimi" adlı yeni kitabını tanıdaraq hədiyyə etmişdi. Qurultayda iştirak edənlər arasında tatar ədəbiyyatçı Əziz Qubaydullində var idi. Əziz Qubaydullin qurultayda çıxış edərək Salman Mümtazın azərbaycanlı şairlərin əsərlərini "Kommunist" qəzetində nəşr etdiyini bildirdi və hər bir nəşrdən əvvəl Salman Mümtaz tərəfindən şairlər haqqında yazılan bioqrafiya məlumatlarını "ən qiymətli bioqrafiya məlumatı" olduğunu bildirərək zəhmətini yüksək qiymətləndirdi.[14]
Qurultayın qərarını təşkilat komissiyasının həmsədri Cəlaləddin Qorxmazov təqdim etdi.[14]
Birinci Bakı Türkoloji Qurultayında türk dillərinin aşağıdakı yeddi böyük problemi müzakirə obyekti oldu və müvafiq qərarlara imza atıldı:[15]
Bu qərarların qəbul edilməsində bir sıra prinsiplər əsas tutulurdu. Belə ki, imla-orfoqrafiya məsələsində fonetik prinsipə üstünlük verilməsinə baxmayaraq, morfoloji və tarixi-ənənəvi prinsip məsələləri də nəzərə alınırdı. Termin məsələsində başlıca qaynaq olaraq türk dillərinin öz daxili imkanlarına və beynəlmiləl səciyyəli sözlərə üstünlük verildi. Tədris-metodika məsələlərində ana dilinin tədrisində Avropa standartları ilə yanaşı, milli ənənəyə də əhəmiyyət verilməsi ayrıca olaraq qeyd olundu. Qohum və qonşu dillərin elmi metodlarla öyrənilməsi ilə bağlı müzakirələr zamanı altayşünaslıq və komprativistikanın perspektivlərinin əhəmiyyəti önə çəkildi.[15]
Birinci Türkoloji Qurultayda türk ədəbi dillərinin norma və üslub xüsusiyyətləri, eləcə də türk xalqlarının ana yurdu məsələsi də müzakirə obyekti oldu. Qurultay nümayəndələri özbək şairi Əlişir Nəvainin 500 illik yubileyində də iştirak etdilər. Qurultayın qərarına görə II Türkoloji Qurultayın 1927-ci ildə Səmərqənd şəhərində keçirilməsi nəzərdə tutulsa da, bu qərar dövlətin siyasətinin dəyişməsi səbəbindən baş tutmadı.
Qurultayın qəbul etdiyi qərarlar sırasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya kimi məsələlər xüsusilə mühüm yer tuturdu.[16]
1923-cü ildən Azərbaycanda yeni türk əlifbasının dövlət əlifbası kimi qəbul edilməsinə baxmayaraq, məhz bu qurultaydan sonra rəsmi şəkildə yekdilliklə latın qrafikalı əlifbaya keçid gerçəkləşdi. Buna qədər respublika ərazisində ərəb yazısından istifadəyə də geniş yer verilirdi. Qurultayın qərarına əsaslanaraq 1929-cu il yanvarın 1-dən Sovet hökuməti ərəb əlifbasının istifadəsinə qadağa qoydu.[17] İri kitab yandırma kampaniyası da bu yazını yaddan çıxartmaq məqsədi güdürdü.
Qurultayın qərarı ilə Sovetlər birliyinə daxil olan digər türk respublikalarında da ərəb əlifbasının yerinə latın qrafikalı yazıya keçildi. Bəzi türk respublikalarında bu keçid daha erkən tətbiq olundu. Belə ki, 1927-ci il iyulun 3-də Tatarıstan respublikasının partiya təşkilatı "Yeni əlifba"ya (tatar. Jaŋalif) keçidi rəsmi şəkildə elan etdi.[18][19] Azərbaycan SSR latın qrafikalı əlifbaya keçəndən 5 il sonra Türkiyə Cümhuriyyəti də bu əlifbaya keçdi.
Beləliklə, qurultayın qərarı nəticəsində bütün türk respublikaları ərazisində 1929–1939-cu illərdə latın qrafikalı əlifbadan istifadə edildi. Lakin 30-cu illərin sonunda Sovet İttifaqı rəhbərliyi tərəfindən latın qrafikalı əlifbanın dəyişdirilməsi yönündə işlərə başlanıldı.[8] 1939-cu ildə isə SSRİ-nin milli respublikalarında ümumi kiril əlifbasından istifadəsi qərarı qəbul edildi. Rəsmi açıqlamaya görə latın əlifbasından kiril qrafikasına keçid "zəhmətkeşlərin ümumi istəyi" adı altında pərdələndi.[20]
30-cu illərin sonlarında qurultayın bir çox iştirakçısı pantürkçülük, millətçilik, əks-inqilabi fəaliyyətdə günahlandırıldı, repressiya edildi və öldürüldü.[21] Bunların arasında Ruhulla Axundov, Aleksandr Samoyloviç, Cəlaləddin Qorxmazov, Bəkir Çobanzadə, Osman Akçökraklı, Əhməd Baytursunov, Salman Mümtaz,[22] İsidor Baraxov, Hənəfi Zeynallı,[23] Hikmət Cevdet-zadə və başqaları var idi. Ümumilikdə qurultayın 100-dən artıq iştirakçısı müxtəlif formada repressiyalara məruz qaldı.[24]
Qurultay bitdikdən dərhal sonra bu tarixi hadisənin gedişi haqqında "Azdövlətkino"da sənədli film çəkilmişdir. "1-ci Türkoloji Qurultay" filmi 1926-cı ildə istehsalata buraxılmışdır.[25] Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak etmişdilər. Film Türkoloji Qurultayın gedişindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır.[25]
1976-cı il aprelin 28-də Türkmənistan SSR Elmlər Akademiyasının Maxtumkuli adına Dil və Ədəbiyyat İnstitutunda Birinci Türkoloji Qurultayın 50 illiyinə həsr olunmuş "Türkmən filologiyasının aktual problemləri" mövzusunda gənc filoloqların ikinci respublika konfransı keçirilmişdir.[26]
Birinci Bakı Türkoloji Qurultayına dövlət səviyyəsində hüquqi qiymət Azərbaycan XX əsrdə ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra verildi. 2005-ci ilin noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mötəbər tarixi hadisənin 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı.[27] Həmin sərəncama uyğun olaraq 2006-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi.[27]
10 ildən sonra isə yenə də dövlət səviyyəsində Birinci Türkoloji Qurultayın 90 illik yubileyi qeyd edildi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə 18 fevral 2016-cı ildə sərəncam imzaladı. Sərəncamda deyildiyi kimi, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə, Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və türkoloji qurultay tərəfindən vaxtilə irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Sərəncamda xüsusi olaraq vurğulanır ki, qurultaydan bəri ötən dövr ilk növbədə türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın dünya miqyasında aparılan türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda qurultayın təşkili işinə töhfələr vermiş və az müddət sonra günahsız repressiya qurbanları olmuş görkəmli türkoloq alimlərin xatirəsinə ehtiramın ifadəsidir.[28]
Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasında adı çəkilən yubileyin keçirilməsi istiqamətində tədbirlər planı hazırlanmışdır. 2016-cı il mart ayının 3-də Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar Elmlər Bölməsi ilə İctimai Elmlər Bölməsinin birgə yığıncağı keçirilmiş və orada türkoloji qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsi haqqında müvafiq institutlara və qurumlara göstərişlər verilmiş, bu yöndə görüləcək işlər haqqında fikir mübadiləsi aparılmışdır.[29]
2016-cı il noyabrın 14 və 15-də isə Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans təşkil edildi.[30] Buna qədər isə Azərbaycan Milli Elmlər Akademiyasının institut və təşkilatlarında, Bakı Dövlət Universitetində, Azərbaycan İstiqlal Muzeyində,[31] Türkiyədə bu mötəbər tarixi hadisənin 90-illik yubileyi müxtəlif formada qeyd olundu.[32]