Candaroğlu II Süleyman bəy

Candaroğlu II Süleyman bəy (v. 1392) — 7. Candaroğulları bəyi.[1][2]

II Süleymann bəy
ƏvvəlkiBəyazid bəy
Sonrakıİsfəndiyar bəy
Şəxsi məlumatlar
Vəfat tarixi 1392
Atası Bəyazid bəy
Həyat yoldaşı Sultan Xatun (Qazi Süleyman Paşanın qızı)

Atası Candaroğlu Bəyazid bəydir. Uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi. Kastamonunu ələ keçirən Süleyman bəy isə bəyliyini elan etdi və beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı. Ancaq Süleyman bəyin Kastamonudakı səltənəti qısa oldu. Belə ki, Sultan Murad çox keçmədən bölgəni ələ keçirdi və Süleyman bəy həbs edildi. Bəyliyin onun hakimiyyətində olan hissəsi Osmanlıların hakimiyyətinə keçdi. Ancaq yerli əhalinin Süleyman bəyin lehinə üsyan etməsinin ardından, Sultan Murad bu torpaqları Süleyman bəyin idarəsinə geri qaytardı. Bəyazid bəyin o əsnada Amasyada olan digər oğlu İsfəndiyar bəy isə dərhal atasının yanına gəldi və onunla birlikdə Kastamonuya hücum etdi. Osmanlıların dəstəyi ilə Kastamonudakı hakimiyyətini qoruyan Süleyman bəy bu əsnada Sultan Muradın qardaşı qızı Sultan Xatunla evləndirildi.

Bəyazid bəyin 1385-ci ildə ölməsinin ardından Sinop bəyliyinə oğlu İsfəndiyar bəy keçdi. Qardaşı Süleyman bəy isə Osmanlıların təbəəliyində Kastamonudakı hakimiyyətini davam etdirdi. Belə ki, Sultan Muradın 1386-cı ildə baş tutan Qaraman səfərində və I Kosova döyüşündə Osmanlılara hərbi dəstək verdi. Bu dost münasibətləri İldırım Bəyazid dönəminin ilk illərinə qədər davam etdi. Belə ki, Süleyman bəy İldırım Bəyazidə qarşı Anadolu bəyliklərinin ittifaqına qoşulmamış, əksinə, müttəfiq birliklərə qarşı Osmanlı sultanına kömək etmişdir. Ancaq İldırım Bəyazidin Anadolu bəyliklərini aradan qaldırmaq istəyini anlamış, çox keçmədən Osmanlıların əleyhində fəaliyyətə başlamışdır. İlk iş olaraq Qazı Burhanəddinlə sülh bağlayaraq 1391-ci ildə Osmanlılara qarşı Qaramanoğlu Ələddin bəyə hərbi dəstək yolladı. Buna baxmayaraq İldırım Bəyazid Qaramanoğullarını və ona dəstək verən birlikləri məğlub etdi. Ardından Kastamonuya hücum etmək istəsə də, Qazı Burhanəddinin müdaxiləsiylə bu fikrindən daşınmışdır. Ancaq ertəsi il bölgəyə gələn İldırım Bəyazid Süleyman bəyi məğlub etdi. Döyüş meydanında həlak olan Süleyman bəyin ölümüylə, Candaroğullarının Kastamonu qolu Osmanlıların hakimiyyəti altına girmiş oldu (1392).

  1. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  2. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574