Candaroğlu Bəyazid bəy

Candaroğlu Bəyazid bəy (v. 1385, Sinop) — 6. Candaroğulları bəyi.[1][2]

Bəyazid bəy
ƏvvəlkiAdil bəy
Sonrakıİsfəndiyar bəy (Sinopda)
Süleyman bəy (Kastamonuda)
Şəxsi məlumatlar
Vəfat tarixi 1385
Vəfat yeri
Atası Adil bəy
Uşaqları İsgəndər bəy
İsfəndiyar bəy
Süleyman bəy
... Xatun

Atası Candaroğlu Adil bəydir. Osmanlı mənbələrində “Kötürüm” (“Şikəst”) ləqəbiylə anılmışdır. Atasının 1362-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla səltənəti ələ aldı. Onun səltənəti dönəmində Qara dəniz ticarəti uğrunda GenuyaVenesiya ilə mübarizə aparılmış, Osmanlı dövlətiylə dost münasibətlər saxlanmışdır. Osmanlı sultanı I Muradın Balkanlardakı hərbi uğurları, eləcə də Gərmiyanoğullarına aid bəzi torpaqları ələ keçirməsi Bəyazid bəyi narahat etməkdə idi. Ancaq sülh tərəfdarı olan Sultan Muradın təbəəliyini qəbul etməkdən çəkinməmişdir. Bundan başqa, kürəkəni olan Amasya əmiri Əhmədlə birlikdə Osmanlılara qarşı bəzi vaxtlarda ittifaq qurmuş, Sivas hakimi Qazı Burhanəddinə qarşı kürəkəninə hərbi dəstək vermişdir.

Bəyazid bəyin səltənəti oğulları arasındakı taxt mübarizələrinə də şahidlik etmişdir. Belə ki, atasının, taxtı qardaşı İsgəndər bəyə təslim edəcəyini anlayan Süleyman bəy qardaşını öldürmüş, Bəyazid bəy isə buna cavab olaraq oğlunun övladlarını və bu işdə iştirak edən öz qızını edam etdirmişdir. Bütün ailəsi qətlə yetirilən Süleyman bəy Osmanlılara sığınmış, beləcə Candaroğulları ilə Osmanlılar arasındakı sülh dönəmi başa çatmışdır. Osmanlılara qarşı müttəfiq axtarışına başlayan Bəyazid bəy Qazi Burhanəddinlə münasibətlərini yaxşılaşdırdı. Sultan Murad isə Süleyman bəyi hərbi birliklə atasının üzərinə göndərdi. Kastamonu yaxınlığında baş tutan döyüşdə Bəyazid bəy məğlub oldu və Sinopa çəkildi. Kastamonunu ələ keçirən Süleyman bəy isə bəyliyini elan etdi və beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı. Ancaq Süleyman bəyin Kastamonudakı səltənəti qısa oldu. Belə ki, Sultan Murad çox keçmədən bölgəni ələ keçirdi və Süleyman bəy həbs edildi. Bəyliyin onun hakimiyyətində olan hissəsi Osmanlıların hakimiyyətinə keçdi. Ancaq yerli əhalinin Süleyman bəyin lehinə üsyan etməsinin ardından, Sultan Murad bu torpaqları Süleyman bəyin idarəsinə geri qaytardı. Bəyazid bəyin o əsnada Amasyada olan digər oğlu İsfəndiyar bəy isə dərhal atasının yanına gəldi və onunla birlikdə Kastamonuya hücum etdi. Osmanlıların dəstəyi ilə Kastamonudakı hakimiyyətini qoruyan Süleyman bəy bu əsnada Sultan Muradın qardaşı qızı Sultan Xatunla evləndirildi.

Bəyazid bəyin 1385-ci ildə ölməsinin ardından Sinop bəyliyinə oğlu İsfəndiyar bəy keçdi. Qardaşı Süleyman bəy isə Osmanlıların təbəəliyində Kastamonudakı hakimiyyətini davam etdirdi. Beləcə, Candaroğulları bəyliyi ikiyə ayrıldı.

  1. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  2. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574