Anadolu bəylikləri

Anadolu bəylikləri (osman. بكلك, türk. beylik) — XI–XVI əsrlərdə Anadoluda bəy tərəfindən idarə olunan feodal dövlətlər.

Türkman tayfalarının Anadoluya kütləvi köçü nəticəsində baş tutmuş Malazgird döyüşündən (1071) sonra Rum sultanlığı ilə birlikdə Şərqi Anadoluda ilk bəylik qrupu meydana gəlmişdir. Bəyliklərin ikinci qrupu Rum sultanlığının ucları kimi meydana çıxmışdır. Onlar monqollardan qaçaraq Mərkəzi Asiyadan Anadoluya gəlmiş tayfalar tərəfindən qurulmuşdur. Kösedağ döyüşündən (1243) sonra səlcuq sultanları Hülakülər dövlətinə tabe olmuşdular. Təxminən 1300–1308-ci illərdə Anadoluda yaranan vəziyyətə görə daxili münaqişələr nəticəsində süquta uğrayan Rum sultanlığı öz uc bəylərini nəzarətdə saxlamaq gücünə malik deyildi. Buna baxmayaraq, həmin bəylər Hülakülərə xərac ödəyirdi və bu dövrdə hələ müstəqillik əldə etməmişdilər. 1335-ci ildə elxan Əbu Səidin vəfatından sonra uc bəylərinin əksəriyyəti müstəqil hökmdarlar – bəy olmuşdular. Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları dövlətləri genişlədikcə qonşu bəylikləri də fəth etmişdilər. 1608-ci ildə onlar sonuncu bəyliyi ihlaq etmişdilər.

Bəyliklər dövründə Anadoluda elm, ədəbiyyat və incəsənət inkişaf etmişdir. Bu dövrdə Anadolu türklərinin etnosunun formalaşmasına töhfə verən türkcə əsərlər yaradılmışdır.

Kiçik Asiyada XI–XVI əsrlərdə mövcud olmuş kiçik dövlət birləşmələri Türkiyədə daha çox bəylik (bəy sözündən) adlandırılır.[1] Bu adlandırma Azərbaycan akademiyasında da dominantdır (Ş. Mustafayev,[2] E. Məmmədov,[3] M. Ağayev və S. Əliyeva,[4] A. Abıyev,[5] Y. Gözəlova və S. Zeynalova[6]). Rusiya tarixşünaslığında bu dövlətlər bəylik[7] (K. Jukov,[8] Y. Petrosyan, D. Yeremeyev və M. Meyer,[9] S. Oreşkova[10]), əmirlik[7] (K. Jukov,[8] D. Yeremeyev və M. Meyer,[9] S. Oreşkova[11]) və knyazlıq[7] (D. Yeremeyev və M. Meyer,[12] Y. Petrosyan, V. Qordlevski,[13] R. Şükürov[14]) adlanır. Bəyliklərə türkərəb dillərində "böyük bəy (ulu-bəy), bəy, məlik, əmirsultan" kimi müxtəlif titullar daşıyan hökmdarlar başçılıq edirdi.[15]

Bəyliklərin təşkili iki prinsipə – ərazi və tayfaya əsaslanırdı. Birləşmə prosesi tayfa başçısı və onun nəsli ətrafında baş tuturdu. Bu səbəbdən bəylik adları ərazi adı ilə deyil, nəslin adı ilə, məsələn, Osmanoğulları, Dilmaçoğulları, Sarıxanoğulları (osman. اوغللري – "oğulları, övladları") adları ilə əlaqələndirilirdi.[16]

Şərqi Anadolu türk bəylikləri

[redaktə | mənbəni redaktə et]

İlk bəyliklər Anadoluda səlcuqların yürüşlərindən sonra, XI əsrin ikinci yarısından başlayaraq meydana gəlmişdir. 1071-ci ildə Malazgird döyüşündə Bizans imperatoru Roman Diogenin səlcuq sultanı Alp Arslan tərəfindən məğlub edilməsindən sonra oğuzların bir qolu olan səlcuq tayfaları Anadolunun böyük hissəsini ələ keçirmişdilər. Burada paytaxtı Nikeya (indiki Konya) olan Rum sultanlığı qurulmuşdur. Alp Arslanın sərkərdələri Bizans torpaqlarını ələ keçirərək, onların üzərində müstəqil və ya yarımmüstəqil bəyliklər yaratmışdılar.[17][18][19]

Adı Paytaxt Yaranma Süqut
Mengücoğulları Ərzincan (1072–1243), Divriği (1142–1197) 1071[20] 1277[20]
Saltukoğulları Ərzurum 1071[21] 1202[21]
Çaka bəyliyi Smirna (İzmir) 1081[22] 1098[22]
Çubuqoğulları Harput, Palu 1085[23] 1112[23]
Danişməndoğulları Sivas (1071–1174), Malatya (1142–1178) 1085[24] 1175[24]
Dilmaçoğulları Bitlis 1085[25][26] 1192[25][26]
İnaloğulları

Nisanoğulları

Diyarbəkir 1098[27][28]

1142[29][28]

1183[29][28]
Ərmənşahlar bəyliyi (Sökmənlilər, Əhlətşahlar) Xlat (Əhlət) 1100[30] 1207[30]
Artuqoğulları Hasankeyf (1098–1232), Mardin (1102–1408), Harput (1185–1234) 1102[31] 1409[31]

Bəyliklər dövrü

[redaktə | mənbəni redaktə et]
1339-cu ildə Kiçik Asiyanın bəylikləri və digər dövlətləri:
  (A) Trabzon imperiyası
  (B) Bizans imperiyası
  (D) Kilikiya çarlığı
  2. Karamanoğulları
  3. İnancoğulları (Ladik)
  4. Sahibataoğulları
  6. Məntəşəoğulları
  8. Candaroğulları
  9. Karəsioğulları
  10. Osmanoğulları
  11. Gərmiyanoğulları
  12. Həmidoğulları
  13. Sarıxanoğulları
  14. Aydınoğulları
  15. Məntəşəoğulları
  16. Eretnaoğulları
  17. Dülqədiroğulları

Anadolu tarixində XIII əsrin axırlarından[9] (təxminən 1270-ci illərdən)[8] XV əsrin birinci yarısına[9] (ortalarına)[32] qədər olan dövr "bəyliklər dövrü"[33][34] və ya "bəyliklər dönəmi"[35] adlandırılmışdır.

Monqolların təzyiqi ilə Mərkəzi Asiyadan Anadoluya köç edən türk tayfaları Kiçik Asiyada türklərin ikinci köç dalğasını təşkil edirdi. 1229-cu ildə monqolların hücumlarına görə geri çəkilən sonuncu Xarəzmşah Cəlaləddin Mənguberdi Səlcuq dövlətinin Anadolu hüdudlarına yaxınlaşmışdı. 1230-cu ilin avqustunda sultan I Əlaəddin Keyqubad Cəlaləddinlə vuruşmuş və Yastıçəmən döyüşündə onu məğlub etmişdir. Cəlaləddin 1231-ci ildə vəfat etmişdir və onu yürüşdə iştirak edən qoşunlar Səlcuq dövlətinin xidmətinə girərək Anadoluya yerləşmişdilər. Səlcuq sultanları bunlardan bəzi sərkərdə və tayfa başçılarına idarə etmələri üçün sərhədyanı əraziləri, yəni ucları vermişdir.[36] Səlcuq sultanları Anadoluya köçmüş müxtəlif tayfaları dövlətin qərb, şimal və cənub hissələrinə, yəni Bizans imperiyasıKilikiya çarlığı ilə olan sərhədlərinə yerləşdirmişdir.[37] Əgər sərkərdə Səlcuq sultanı üçün müəyyən ərazilər fəth etmişdisə, bu torpaqlar fatehə timar kimi verilirdi. Məsələn, Aydın, Sarıxan, Karəsi bəylikləri belə yaranmışdı. Bəzi torpaqlar xidmətə görə mükafat olaraq verilirdi. Belə ki, məsələn, Kastamonu Hüsaməddin Çobana, Sinop isə Pərvanə Münəddin Süleymana verilmişdir.[38]

Sultan I Əlaəddin Keyqubadın 1237-ci ildə vəfat etməsindən sonra Səlcuq dövlətində onun ortancıl oğlu İzzəddin Qılınc Arslan ilə böyük oğlu Qiyasəddin Keyxosrov arasında hakimiyyət uğrunda uzunmüddətli mübarizə başlamışdır. Bu münaqişə dövründə Səadəddin Köpək kimi təcrübəli dövlət xadimlərinin çoxu həlak olmuşdur və bu, dövlət üçün böyük itki olmuşdur. Zəif və səriştəsiz bir hökmdar olan Qiyasəddin Keyxosrov gənc, təcrübəsiz şəxsləri əhəmiyyətli vəzifələrə təyin etməklə onları özünə daha da yaxınlaşdırsa da, beləliklə, dövlətin idarəetmə mexanizmini zəiflətmişdir. Bu, xalq üsyanlarına səbəb olmuşdur.[1] Səlcuq dövlətinin zəiflədiyini görən monqollar bundan istifadə etmiş, 1243-cü ildə Hülakülər Kösedağ döyüşündə Rum sultanlığını məğlub edərək onları özlərinə tabe hala salmışdılar.[1][8]

Nikeya imperiyası mövcud olduğu dövrdə onun şərq sərhədi istehkamlarla müdafiə olunurdu və hər qalaya bir arxont canişin təyin edilmişdi. 1261-ci ildə Konstantinopolun tutulması və paytaxtın Nikeyadan (indiki İznik) buraya köçürülməsi ilə Bizansın Asiya sərhədləri nəzarətdən çıxmağa başlamışdır. Qalalardakı canişinlər vəzifələrini davam etdirsələr də, mərkəzi hökumət artıq onlara təcili şəkildə yardım göndərə bilmirdi. Bizansın praktiki olaraq ordusu yox idi və muzdluların çağırışı olmadan özünü müdafiə edə bilmirdi. Odur ki, yunan canişinlər öz başlarına buraxılmışdı.[39] Bizansla sərhəddə Səlcuq sultanlarından uc alan türkman bəyləri bundan istifadə edərək sərhədlərini genişləndirmişdilər.[40] Mərkəzi Anadoluda bəyliklərin sayı az idi və burada səlcuq-monqol idarəsinin təsiri daha güclü olduğundan onlar öz mövcudiyyətlərini əsasən qısa müddət davam etdirə bilmişdilər.[1]

Təxminən 1299–1300-cü illərdə Anadoluda yaranan siyasi vəziyyət nəticəsində formal suverenliyi saxlayan Rum sultanlığı daxili çəkişmələr səbəbilə zəifləmiş və öz uc bəylərini nəzarətdə saxlamağa gücü qalmamışdır. Türkman bəyləri yaranmış vəziyyətdən istifadə edərək tədricən müstəqilliklərini elan etmiş,[1] bu zaman Anadolunun kiçik dövlətlərində hakimiyyətdə olan bir çox sülalələr azad olmuşdular.[41] Buna baxmayaraq, tarixçi İsmayıl Uzunçarşılıya görə, Səlcuq dövlətinin suverenliyi tezliklə Hülakülər dövlətinin suverenliyi ilə əvəz olunmuşdur. Bəylər ucları idarə etməyə davam etmiş, lakin artıq Hülakülərin suverenliyi altında qalmışdılar. 1317-ci ildə Anadolu valisi Əmir Dəmirdaş Sulduz regiona gələndə buradakı bəylərin çoxu öz sədaqətlərini sübut etmək üçün onun yanına gəlmişdilər. Onlar monqollara hər il müəyyən qədər xərac verməli idilər və beləliklə, onlar Hülakülərin hökmranlığını tanımışdılar. Elxan Əbu Səid 1335-ci ildə vəfat etdikdən sonra bəyliklər monqollardan tam müstəqillik qazanmışdır.[42]

Osmanlı bəyliyinin (sonradan Osmanlı imperiyası) hökmdarları öz dövlətlərini genişləndirdikcə qonşu bəylikləri fəth və ilhaq etmişdir. Onlar ilk olaraq 1360-cı ildə Karəsioğulları bəyliyini, son olaraq isə 1608-ci ildə Ramazanoğulları bəyliyini fəth etmişdir.[15]

Adı Paytaxt Yaranma[1] Süqut[1]
Çobanoğulları Kastamonu 1227 1309
Qaramanoğulları Karaman 1256 1483 Alanya bəyliyində hakimiyyətdə olan sülalənin qolu
İnancoğulları Dənizli 1261 1368
Sahibataoğulları Afyonqarahisar 1275 1341
Pərvanəoğulları Sinop 1277 1322
Məntəşəoğulları Milas, Məntəşə 1280 1424
Əşrəfoğulları Bəyşəhər 1284 (?) 1326
Candaroğulları Eflani (1291–1309), Kastamonu (1309–1398), Sinop (1398–1461) 1292 1462
Alanya Alanya 1293 1571 Qaramanoğulları sülaləsinin qolu
Karəsioğulları Berqama, Balıkəsir 1297 1360
Osmanoğulları (Osmanlılar) Söğüt, sonradan Bursa, Dimetoka, Ədirnəİstanbul 1299 1922
Gərmiyanoğulları Kütahya 1300 1429
Həmidoğulları Əyirdir 1301 1391 Təkəoğulları sülaləsinin qolu
Hacıəmiroğulları Məsudiyyə, Ordu 1301 1427 Canik bəyliklərindən biri
Sarıxanoğulları Maqnisiya, Manisa 1302 1410
Aydınoğulları Birgi, sonradan Aydın, Smirna 1308 1426
Qubadoğulları Ladik 1318 1419 Canik bəyliklərindən biri
Təkəoğulları Antalya 1321 1423 Həmidoğulları sülaləsinin qolu
Ərətnaoğulları Sivas (1337–1398), Ərzincan (1375–1381) 1335 1381 Qazi Bürhanəddin bəyliyinə çevrilmişdir
Dülqədiroğulları Maraş, Malatya 1339 1521
Tacəddinoğulları Niksar 1348 1428 Canik bəyliklərindən biri
Ramazanoğulları Adana 1352 1608
Qazi Bürhanəddin bəyliyi Sivas (1381–1398), Ərzincan (1381–1404) 1381 1399 Ərətnaoğullarından törəmişdir
Qutluşahlar Amasya təq. 1340 1393 Canik bəyliklərindən biri
Taşanoğulları Mərzifən təq. 1350 1430 Canik bəyliklərindən biri

Siyasi strukturu

[redaktə | mənbəni redaktə et]

Sərhədlərdəki torpaqlar, yəni uclar sultanlar tərəfindən tayfa başçılarına, yəni bəylərə verilirdi. Bu türkman bəyləri sonradan müstəqillik əldə etməyə başlayanda Böyük Səlcuqlu dövlətinin siyasi strukturunu təqlid etməyə başlamışdılar.[37][43] Bəyliyin idarəçiliyi tayfa ənənəsinə əsaslanırdı və torpaq hökmdar ailəsinin mülkiyyəti hesab olunurdu. Ailənin ən nüfuzlu üzvü ağsaqqallar şurası tərəfindən seçilirdi və "ulu bəy", "əmiri-əzəm" və ya "sultani-əzəm" adlandırılırdı. "Ulu bəy" termini ümumi nitqdə işlədilirdi, digər ikisi isə bəylərin sikkələr, xütbələr, binalardakı yazılar, digər hökmdarlara məktublar və fərmanlar üzərindəki rəsmi titulları idi.[37] Paytaxtda hökmranlıq edən "ulu bəy" öz övladlarını və qardaşlarını vilayətləri idarə etməyə göndərirdi.[9][43] Sülalənin hər bir üzvünə "iqta" ayrılırdı. Məsələn, döyüşdə həlak olan Qaraman bəyin qardaşı Bunsuzun nəslindən olan Bunsuzoğulları bu mülkləri təkcə Qaramanoğullar dövründə deyil, Osmanlı dövründə də qoruyub saxlamışdılar.[15]

Qaramanoğulları bəyi II İbrahimin tuğrası. 1432-ci il.

Hərbi və məhkəmə də daxil olmaqla bütün hakimiyyət hökmdarın əlində cəmləşmişdi. Bəyliyin hökmdarı Səlcuq sultanları kimi sarayda yaşayırdı. Gərmiyanoğulları 360 otaqdan ibarət saray tikdirmişdir.[15][44] Mehmet bəy Aydınoğlunun sarayı İbn Bətutə tərəfindən təsvir edilmişdir.[44] Bəyliyin hökmdarının məhkəməsi Səlcuq dövlətinin məhkəməsinin oxşarı idi. Məhkəməni hacib, miraxur, çaşnigir, candar, şərabdar, rikabdar və müzahib kimi məmurlar təşkil edirdi.[43][44] Məhkəmənin təşkili və saray əyanlarının sayı bəyliyin gəlirindən asılı idi. Məlumdur ki, XIV əsrin birinci yarısında Gərmiyanoğulları hökmdarı I Yaqub bəyin xəzinədarı, miraxuru, saray məmurları və qulları, vəziri, qazısı, subaşısı olmuşdur.[44]

Bəyliklərdə idarəçilik üçün divanlar var idi. Divan başçısını çox vaxt "vəzir" və ya "sahibi-əzəm" adlandırılırdı. Divan qanunlar və qeyri-hərbi məsələlərlə məşğul olurdu. Dövlətin maliyyəsini ayrı bir divan idarə edirdi. Bəyin əmr və fərmanlarını yazmaq üçün ayrıca idarələr, Nişan-Divan fəaliyyət göstərirdi. Vilayətlərdə kiçik bəylərin eyni qurumları var idi. Kiçik bəylər təcrübə toplayaraq vilayətləri idarə edirdilər. Böyük bəyin oğlu yaşca kiçik idisə, hökmdar ona etibar etdiyi adamlardan atabəy və ya lələ təyin edirdi,[43][45] onlar isə bəyin oğlu yetkin yaşa çatana qədər, hətta bəzən sonra da dövlət işlərinə nəzarət edirdilər.[46] Vilayətdə validən başqa, qazısubaşı da dövlət işlərinə nəzarət edirdi. Qazılar şəriət məsələləri ilə məşğul olur və ailə davalarını həll edirdilər, subaşı isə hərbi işlərlə və nizam-intizamın qorunması ilə məşğul olurdu.[44]

Müstəqil bəyliklərdə "ulu bəy" adına sikkələr kəsilir, xütbə oxunurdu.[43][44] Gümüş sikkələr bəylikdən və dövrdən asılı olaraq, həcmi üç yarım karatdan səkkiz yarım karata qədər olan gümüşdən ibarət idi.[44]

Bəyliklərdə qədim türklərin ailə üzvlərindən birinin ölümünə yas tutmaq və buna görə saçlarını kəsmək adəti qorunub saxlanılmışdı. Mehmet bəy Aydınoğlu vəfat edəndə ​​ailəsi ona 7 gün yas saxlamış, ailə üzvləri saçlarını kəsdirmişlər. Yas keçirilərkən qara rəngli geyimdən istifadə olunurdu. SarıxanoğullarıCandaroğulları bəyliklərində də buna bənzər yas əlamətləri müşahidə olunurdu.[45] Hakimiyyətin zorla ələ keçirilməsi və ya ağalıq edən başqa dövlətin göstərişi ilə ötürüldüyü hallar nəzərə alınmasa, bəyliklərdə hakimiyyətin ötürülməsi ya vərəsənin hökmdar tərəfindən təyin edilməsi, ya da ailə şurasında keçirilən seçki ilə həyata keçirilirdi. Məsələn, Aydınoğulları bəyliyində hökmdar olmağa namizədin ləyaqətini və səriştəsini nəzərə alan ailə şurasının qərarı ilə taxta otururdular. Odur ki, bəyliyin qurucusu Mehmet bəy sağlığında ikinci oğlu Umuru varis kimi tanımasına baxmayaraq, bu kifayət etməmişdir və ailə şurasının təsdiqi tələb olunmuşdur.[15]

Səlcuq dövlətçiliyində məmurlara və hərbi xadimçlərə hass, timar, iqta haqları ilə torpaq verilirdi. Anadolu bəyliklərində torpaq idarəçiliyinə və kəndliliyə aid mənbələr qorunub-saxlanılmamışdır, lakin onlar Osmanlı dövrünə aid təhrir dəftərlərinə köçürülmüşdür. Yazıların böyük əksəriyyəti Qaramanoğulları bəyliyinə aid mənbələrdən köçürülmüşdür. İsmayıl Haqqı Uzunçarşılıya görə, Səlcuq dövlətinin əsas şəhərləri – Konya, Kayseri, NiğdəAksaray səlcuqlardan qaramanlılara keçdiyi üçün səlcuqilərin dövlətçiliyini mənimsəmiş Qaramanoğulları bəyliyinin reyestrləri digər bəyliklərin reyestrlərindən daha əhəmiyyətlidir. Bundan əlavə, Qaramanoğulları bir dövlət kimi uzun müddət mövcud olmuşdu, həmçinin onların idarəçilik sistemi digər bəyliklərə nisbətən daha yaxşı qurulmuşdu. Uzunçarşılıya görə, Qaramanoğullarına aid reyestrlər ideal şəkildə düzülmüşdü. Onlar verdikləri əraziləri, torpaq sertifikatlarını və yoxlama sənədlərini qeyd etmişdilər.[47]

Üləma və hökmdarın məmurları vəzifə və rütbələrinə görə hərbçilər kimi timar alırdılar.[48]

Bəylik dövründə şəhər əhalisi kəndlilərdən daha azad olsalar da, şəhər və kənd əhalisi arasında çox da fərq yox idi. Şəhərlilər və kəndlilər hər cür dini və digər vergiləri ödəyirdilər. Kəndlilərin özlərinə məxsus torpaqları yox idi. Onlar müəyyən bir yerdə müvəqqəti yaşayırdılar və torpağı becərərkən onlara toxunulmurdu. Torpağı becərən kəndli torpaq sahibinə məhsulun onda bir ödəyirdi. Əgər kəndli konkret mülkiyyətçiyə deyil, dövlətə, yəni bəyə məxsus torpaq sahəsini becərirdisə, onda o, məhsulun onda birini xəzinəyə verirdi. Torpağın şumlanması və becərilməsi kəndlilərin üzərinə düşürdü. Onlar torpaq sahəsini tərk edib başqa bir ölkəyə gedə bilməzdilər. Bəzi ərazilərin sakinləri bəyin fərmanı ilə vergi ödəməkdən azad edilirdi.[47]

Hərbi strukturu

[redaktə | mənbəni redaktə et]
1243-cü il Kösedağ döyüşünün təsviri.

Türkman tayfaları müharibələr zamanı öz başçılarının əmri ilə yürüşlərə çıxır, müharibədən sonra isə öz yaşayış yerlərinə qayıdırdılar. Bəyliklərdə ordunun tərkibinə həm atlılar gətirən timarlılar, həm də piyadalar daxil idi. Timarlılardan onlara verilən timar gəlirinə uyğun döyüşçü qüvvəsi saxlamaq tələb olunurdu. Timar sahibi vəfat etdikdən sonra onu övladlarına ötürürdü.[43][49][50] Döyüşdə ordu üç hissəyə bölünürdü: mərkəz, sol və sağ cinahlar. Hər bir cinahda ön qüvvə və ehtiyat qüvvəsi var idi. Hökmdar mərkəzdəki qüvvələrə, kiçik bəylər isə cinahlara komandanlıq edirdilər. Hökmdarın yetərincə böyümüş oğlu yox idisə, cinahda hökmdarın etibarlı əmiri və ya qohumu komandan olurdu. Cinahın baş komandanı çox vaxt subaşı adlanırdı.[50] Döyüşçülər ox, yay, qılınc, qalxan, nizə, xəncər, gürz, balta, katapultdan istifadə edirdilər. Bundan əlavə, ordularda nağara, zurna və başqa alətlərdə ifa edən musiqiçilər də var idi.[43][50]

Qaramanoğulları iyirmi beş min atlı və iyirmi beş min piyadadan ibarət bir ordu yığa bilirdi. Gərmiyanoğulları iki yüz mindən çox piyada, Əşrəfoğulları yetmiş min piyada, Həmidoğulları qırx min piyada və atlı, Candaroğulları iyirmi beş min atlı, Məntəşəoğulları yüz min piyada, AydınoğullarıKarəsioğulları yetmiş min piyadadan ibarət ordu yığmağa qadir idi.[50]

Bəyliklərdə əxilərin silahlı təşkilatları var idi. İbn Bətutə Dənizlidə gördüyü əxi birlikləri haqqında qeydlər aparmışdır. Bu bölmələrin təhlükəsizlik funksiyaları var idi. Şihabəddin Öməri yazmışdır ki, Gərmiyanoğulları ilə Həmidoğulları bəyliklərində baxış və təlimlər keçirilirdi. Gərmiyanoğulları öz sərhədlərinə qoşun toplayır və orada təlim manevrləri keçirirdilər.[50]

Dənizkənarı ərazilərdə yerləşən bəyliklərin donanmaları var idi.[43][50]

Elm və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
Tacəddin Əhmədinin "İsgəndərnamə"sinin bir səhifəsi. Volters İncəsənət Muzeyi. Walters Ms. W.664. 1486-cı il.

XIV və XV əsrlərdə bəyliklərdə Konya, Kayseri, Niğdə, Sivas, Kastamonu, Ankara, Sinop, Kütahya, Birgi, Tirə, Beçin, Ayasuluk, Bursa, İznik, Dənizli, Gülşəhər, Kırşəhər, Amasya, Ankara kimi Anadolu şəhərləri mədəniyyət mərkəzləri olmuşdur. Bəylər öz dövlətlərinə alimləri dəvət edir, onların fəaliyyətini həvəsləndirir, mədrəsələrin, kitabxanaların, imarətxanaların, məscidlərin tikintisinə böyük əhəmiyyət verirdilər. Bəylərin çoxu türk dilindən başqa dil bilmədiklərinə görə müəllifləri türk dilində əsərlər yazmağa təşviq edirdilər. Bu da öz növbəsində türk dilinin inkişafına xidmət etmişdir. Bunun sayəsində populyarlıq qazanmış bir çox qəhrəmanlıq povestləri (Bəttal Qazi haqqında, Qazi Sarı Saltıq haqqında, Məlik Danişmənd haqqında), sevgi və romantika mövzusunda şeirlər (Şəyyad Həmzənin "Yusif və Züleyxa" əsəri), eləcə də tibb, astronomiya, tarix, mistisizm və din mövzularında əsərlər yazılmışdır. Bəylik dövründə Anadoluda təsəvvüf çox inkişaf etmiş, Anadoluda mənəvi həyata əhəmiyyətli təsir göstərmişdir.[43][51] Bəyliklər dövründə yaşamış, Türkiyə ədəbiyyatının əsasını qoyan bir çox şair və yazıçılar sufiliyə bağlı olmuşdur. Cəlaləddin Rumi uzun müddət Qaramanoğullarının bir hissəsi olan Konya şəhərində yaşamışdır. Onun oğlu Sultan Vələd də orada yaşayırdı. Şair Yunus Əmrə sufi şeyxinin müridi olmuş, bütün həyatını Anadoluda keçirmişdir. "Sufi etik normalarını ortodoksal islam ideyaları ilə birləşdirməyə" çalışan şair Aşıq Paşa da Anadoluda yaşamışdır.[52] Aydınoğulları, sonra isə Gərmiyanoğulları bəylərinin sarayında yaşamış şair Əhmədi o dövrün bilik ensiklopediyası olan "İsgəndərnamə"ni yazmışdır. Bəyliklərin hökmdarları müxtəlif ədəbiyyatların türk dilinə tərcümə edilməsini təşviq edirdilər.[53]

Amasya hökmdarı Hacı Şadgəldinin, oğlu Əmir Əhmədin, Qazi Bürhanəddinin, Mardin hökmdarı Qasım ibn Cahangirin, İsmayıl bəy Candaroğlunun kitabxanaları var idi. İsmayıl Haqqı Uzunçarşılıya görə, İsmayıl bəyin kitabxanası ictimaiyyətə açıq idi. Hər mədrəsədə tələbələr üçün kiçik kitabxanalar da var idi. Mədrəsənin bütün kitabları ora xeyriyyəçilər tərəfindən bağışlanmışdır.[54]

1374–1375-ci illərdə tikilmiş İsa bəy məscidi.

Bəyliklər dövründən bir çox memarlıq tikililəri, ağac və dəmir üzərində oyma, yapma və tikmə sənəti məhsulları qalmışdır. QaramanoğullarıƏşrəfoğulları bəyliklərində Rum sultanlığının üslubunda memarlıq sənəti digər bəyliklər ilə müqayisədə daha çox inkişaf etmişdir. Onlardan sonra İsa bəy Aydınoğluİlyas bəy Məntəşəoğlunun tikintilərini qeyd etmək olar. Digər bəyliklərdəki memarlıq əsərləri zəngin bəzəkli səlcuqi tikililərinə o qədər də bənzəmir və daha sadədir.[55]

Ağac və daş üzərində oyma sənəti ilk növbədə Qaramanoğulları və Əşrəfoğulları bəyliklərində inkişaf etmiş, sonradan AydınoğullarıMəntəşəoğulları bəyliklərinə yayılmışdır. CandaroğullarıSarıxanoğulları bəyliklərinin müxtəlif tikililərini də qeyd etmək olar. Oyma sənətinin ən gözəl nümunələri arasında Aksarayda İbrahim bəy məscidinin minbəri, Ürgüpün Dəmsə kəndində ağacdan yonulmuş Daşqınbaba məscidinin mehrabı, Qaramanda İbrahim bəy mədrəsəsinin pəncərə qanadları, Bəyşəhərdə Əşrəfoğlu məscidinin minbəri, Birgidəki Aydınoğlu Mehmed bəy məscidinin mehrab və pəncərə təsvirləri, İlyas bəy Məntəşəoğlu məscidinin fasadındakı mərmər oymaları, Ayasulukda İsa bəy məscidinin pəncərə, qapı və mehrabının oyma işi, Kastamonuda İbni Nəccar məscidinin oyma taxta qapıları, İshaq bəy Sarıxanoğlu məscidinin minbəri Anadolu bəylikləri dövrünün ən əhəmiyyətli oyma sənət nümunələridir.[55]

Anadolu bəyliklərində binaları kirəmitlə bəzəmək populyar addım idi. Bu sahədə Qaramanoğulları və Əşrəfoğulları bəyliklərinin ustaları aparıcı idilər. Beyşəhərdə yerləşən Əşrəfoğlu məscidinin interyerindəki kirəmitlərdə ustalar səlcuqi ustalarını təqlid etmişdilər.[55]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Bəyliklər dövrünün əsas ticarət mərkəzləri Qara dəniz sahilində Trabzon, SamsunSinop, Egey dənizi sahilində Foça, İzmirAyasuluk, Aralıq dənizi sahilində AntalyaAlanya, Mərkəzi Anadoluda isə Sivas, KayseriKonya olmuşdur.[43] Bütün bəyliklərdə istehsala, əkinçiliyə və ticarətə böyük diqqət yetirilmişdir. Bir çox ticarət yolu Anadoludan keçirdi və bu yollarda səyyahların, karvanların təhlükəsizliyini təmin etmək üçün yollar, körpülər və karvansaralarmeyxanələr tikilirdi. Səlcuq dövləti dövründə tikilmiş karvansaralar da fəaliyyətini davam etdirmişdir.[56] Bəyliklər şərqlə qərb, şimalla cənub arasında ticarətdə vasitəçilik edirdilər ki, bu da onlara xeyli gəlir gətirirdi. Məsələn, Qaramanoğulları KiprSilifke, Anamur, AlanyaManavqat limanları vasitəsilə Anadoluya mal göndərən GenuyaVenesiya tacirlərindən gömrük rüsumları alır, Kilikiya qapılarında bütün tacirlərdən vergi alırdılar.[15]

Anadolu bəyliklərinin iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edirdi. Bəyliklərdə konkret şəraitdən asılı olaraq dənli bitkilər, meyvələr, pambıq, ipək, arı mumu, bal, mum istehsal olunur, dağlıq və dağətəyi rayonlarda maldarlıq geniş yayılırdı. İstehsal olunan məhsulun böyük hissəsi daxili istehlak üçün istifadə edilirdi, artıq qalan məhsul isə xarici ölkələrə edilirdi.[15][43][57][58] Odur ki, Anadoluda tikilən parça və xalçalara tələbat təkcə Avropada deyildi. İbn Bətutənin qeydlərinə görə, tacirlər Anadoludan Suriyaya, Misirə, İraqa, Hindistana və hətta Çinə xalça və parçalar aparırdılar. Kütahya, Amasya, KastamonuBayburt vilayətlərində gümüş mədənləri, Fokeya, Qarahisar, Uluabad və Kütahyada alum mədənləri inkişaf etdirilmişdir. Atların, müxtəlif növ quşların, qoyun-keçilərin yetişdirilməsi də bu dövlətlərə xeyli gəlir gətirirdi.[15][43][57][59]

Türkmanların Kiçik Asiyaya köçünün ikinci dalğası Anadolu türklərinin etnogenez prosesinin sürətləndirilməsində rol oynamışdır. Bu dövrdə Anadolunun qeyri-müsəlman əhalisinin linqvistik səviyyədə assimilyasiyaya uğraması və islamlaşması daha da güclənmişdir. Türk etnosu əsasən bəyliklər dövrünün axırlarında formalaşmışdır.[32]

  1. 1 2 3 4 5 6 7 Merçil, 1991
  2. Mustafayev, 2010. səh. 66
  3. Məmmədov, 2015. səh. 133
  4. Ağayev, Əliyeva, 2021. səh. 45
  5. Abıyev, 2010. səh. 14
  6. Gözəlova, Zeynalova, 2014. səh. 103
  7. 1 2 3 История Востока, 1995. səh. 493
  8. 1 2 3 4 Жуков, 1988. səh. 14
  9. 1 2 3 4 5 Еремеев, Мейер, 1992. səh. 90
  10. Орешкова, 1990. səh. 136
  11. Орешкова, 1990. səh. 134
  12. Еремеев, Мейер, 1992. səh. 91
  13. Гордлевский, 1960. səh. 65
  14. Шукуров, 2001. səh. 281
  15. 1 2 3 4 5 6 7 8 Anadolu Beylikleri, 2018, XXII. ANADOLU TÜRK BEYLİKLERİNDE TEŞKİLAT VE KÜLTÜR
  16. Тверитинова, 1953. səh. 13
  17. İnalcık, 2013
  18. Запорожец, 2011, Глава VI, § 1
  19. Atçeken, Yaşar, 2016. səh. 86, 100, 123, 143
  20. 1 2 Atçeken, Yaşar, 2016. səh. 100
  21. 1 2 Atçeken, Yaşar, 2016. səh. 86
  22. 1 2 Atçeken, Yaşar, 2016. səh. 186
  23. 1 2 Kesik, 2018. səh. 96–99
  24. 1 2 Atçeken, Yaşar, 2016. səh. 116
  25. 1 2 Atçeken, Yaşar, 2016. səh. 156
  26. 1 2 Sevim, 1994
  27. Atçeken, Yaşar, 2016. səh. 160–162
  28. 1 2 3 Sevim, 2000
  29. 1 2 Atçeken, Yaşar, 2016. səh. 162–166
  30. 1 2 Atçeken, Yaşar, 2016. səh. 143
  31. 1 2 Atçeken, Yaşar, 2016. səh. 123
  32. 1 2 Еремеев, Мейер, 1992. səh. 112
  33. Mustafayev, 2010. səh. 72
  34. Ağayev, Əliyeva, 2021. səh. 29
  35. Əhmədov, 2013. səh. 262
  36. Uzunçarşılı, 1969. səh. 39
  37. 1 2 3 Uzunçarşılı, 1969. səh. 199
  38. Uzunçarşılı, 1969. səh. 202
  39. İnalcık, 2007
  40. Григора, 1860. səh. 206
  41. Mordtmann-Manage, 1991
  42. Alderson, 1956. səh. 2
  43. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Yıldız, 1991
  44. 1 2 3 4 5 6 7 Uzunçarşılı, 1969. səh. 201
  45. 1 2 Uzunçarşılı, 1969. səh. 200
  46. Uzunçarşılı, 1969. səh. 200–201
  47. 1 2 Uzunçarşılı, 1969. səh. 238–244
  48. Uzunçarşılı, 1969. səh. 202–203
  49. Еремеев, Мейер, 1992. səh. 104
  50. 1 2 3 4 5 6 Uzunçarşılı, 1969. səh. 203
  51. Uzunçarşılı, 1969. səh. 210–211
  52. Еремеев, Мейер, 1992. səh. 110
  53. Еремеев, Мейер, 1992. səh. 111–112
  54. Uzunçarşılı, 1969. səh. 232
  55. 1 2 3 Uzunçarşılı, 1969. səh. 235–237
  56. Uzunçarşılı, 1969. səh. 245
  57. 1 2 Еремеев, Мейер, 1992. səh. 105–106
  58. Uzunçarşılı, 1969. səh. 249
  59. Uzunçarşılı, 1969. səh. 250–253