Capsicum annuum

Saplaqlı bibər (lat. Capsicum annuum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin bibər cinsinə aid bitki növü. Saplaqlı bibər istisevən bitki olduğundan cənub rayonlarında daha çox becərilir.

Saplaqlı bibər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bibərin vətəni MeksikaQvatemaladır. RusiyanınUkraynanın cənub rayonlarında, Moldaviya, Orta AsiyaZaqafqaziya respublikalarında becərilir.

Bibərin tərkibi onun sortundan, yaşıl və ya qırmızı olmasından, yetişmə dərəcəsindən asılı olaraq dəyişir. Şirin bibərin tərkibində orta hesabla 4,8-9,5% quru maddə, o cümlədən 1,0-1,3% zülali maddə, 4,7-7,3% ümumi karbohidratlar, 0,5-0,6% mineral maddə və 90-350 mq% C vitamini vardır.

Acı bibərdə 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Bibərin acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır. Bibər dad xüsusiyyətinə görə acı və şirin növlərinə ayrılır. Daxilində isə 2-4 kamera yerləşir. Adətən şirin sortlar acılardan iri olur. Şirinlərdən duza və sirkəyə qoyma, habelə salat və 2-ci xörəklərin hazırlanmasında istifadə edilir. Acılar isə aşpazlıqda, duza və sirkəyə qoymaq və qurutmaq üçün istifadə edilir.

Bibər yetişməsindən asılı olaraq tünd qırmızı, sarı-qırmızı, sarımtıl və yaşıl rəngdə olur. Şirin bibər kal dərilir və satışa buraxılır. Acı bibər döyülmüş quru toz halında da satışa verilər bilər. Bütün bibər növləri saplağı ilə birlikdə dərilir. Acı bibərin saplağının uzunluğu 2 sm-dən, şirin bibərin saplağının uzunluğu isə 3 sm-dən artıq olmamalıdır.

Bibərlər formasına görə silindrik, konusvari, yumurtavari, darəvi hamar, əyilmiş, qabırğalı və çopur səthli olur. Ölçüsünə görə iri – 45 qr-dan çox, orta – 25-45 qr və xırda – 25 qr-a qədər olurlar. Ətli hissənin qalınlığından asılı olaraq nazik divarlı – 1-2 mm qalınlığında, orta qalınlıqda – 3-4 mm və qalındivarlı – 4 mm-dən çox qalınlıqda olurlar. Yetişmə müddətindən asılı olaraq tezyetişən (90-120 günə), ortayetişən (121-140 günə) və gecyetişən (140 gündən çox) qruplarına bölünür.

Şirin bibərlərin ən çox yayılmış sortlarından ağ Krım, Bolqar-79, iri sarı, maykop, Adıgey, Kalinkov, Novoçerkask-35, Qoqaşarı, Qırmızı konservlik-211, Oş-Kom, Ağ Moldaviya, Ağ nikitskiy, Ratunda və başqaları göstərilə bilər.

Acı bibərlərin ən çox yayılmış sortlarından Həştərxan A 160, 147/628, Kayen, Ukrayna, Kardinalskiy, Velikan, Margelan, Fil xortumu-304 və başqaları göstərilə bilər.

Azərbaycanda şirin bibər sortlarından Maykop-470, acı bibərlərdən isə Fil xortumu-304 və Həştərxan-628 sortu becərilir.

Şirin bibərin meyvəsi təzə, təmiz, sağlam, forması və rəngi botaniki sortuna müvafiq olmalıdır. Saplaqlı, yetişmə dərəcəsinə görə eynicinsli, rəngləri tünd yaşıldan, yaşılımtıl-sarı, tam yetişmişlər isə qırmızı və ya sarı rəngli olmalıdır. Uzunsov formalıların uzunluğu 6 smdən, yumru formalıların diametri 4 sm-dən az olmamalıdır. Dadı şirin və bibərə xas olan zəif tündlüyə malik olmalıdır. Kiçik ölçülü meyvələrin olmasına yol verilir. Uzunsov formalılarda 4 sm-dən 6 sm-ə qədər ölçülü və yumru formalılarda 3 sm-dən 4 sm-ə qədər ölçülü olanların miqdarı 8%-dən çox olmamalıdır.

Bir qədər solmuş, lakin büzüşməmiş, sıxılmış və çatlamışların miqdarı 15%-ə qədər ola bilər. Kənarlaşmanın ümumi miqdarı hər göstərici üzrə norma daxilində 20%-dən çox olmamalıdır. Acı bibər təzə, meyvəsi təmiz, sağlam, bütöv, müxtəlif formalı, saplaqlı, yetişmiş, qırmızı rəngli, dadı acı və yandırıcı olmalıdır. Acı bibər partiyasında 5% miqdarında əzilmiş və çatlamışların və 5% miqdarında yaşıl rəngdə müxtəlif bibərlərin olmasına yol verilir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Birillik mədəni ot bitkisi olub, hündürlüyü 30-60(90) sm-ə bərabərdir. Zəif budaqlanan mil köklü, gövdəsi düz və ya girintili-çıxıntılı, aşağı hissəsi odunlaşan tükcüklü, bəzən isə çılpaqdır. Yarpaqları növbəli, uzun saplaqlı, bütövkənarlı və ya oyuqlu, itiuclu, əsası bizəoxşar, yuxarı tərəfi tünd-yaşıl, aşağı tərəfi isə açıq rəngli, müxtəlif dərəcəli tükcüklü və ya çılpaq, aşağı yarpaqları isə qarşı-qarşıya dayanır. Çiçəkləri tək, sallaq, kasacığı zəngşəkilli və ya qədəhəbənzər olub, 5 qısa dişcikdən ibarətdir. Meyvəsi konusşəkilli, tünd və ya sarımtıl-qırmızı, lətli, şirəli, çoxtoxumlu meyvəli olub, uzunluğu 15-20 sm-dir. Çiçək tacı laylara ayrılan 5-9 pərli bükük, ağ rəngdən çəhrayıya, hətta sarımtıl rəngə qədər dəyişir. Hamar, yalançı meyvəyanlığından ibarətdir. Toxumları yastı, böyrəkşəkilli olub, tutqun-sarı rənglidir.[2]

Vətəni Mərkəzi Amerikadır. Tərəvəz kimi min ildən çoxdur ki, becərilir. Amerika kəşf olunduqdan sonra əksər ölkələrdə yayılmışdır. [3]

Becərilən bibər il ərzində bir vegetasiya dövrü keçirən, tərəvəz kimi lətli meyvələri olan, qida kimi yetişməyən meyvələrindən istifadə edilən, ədviyyəli, acı dada malikdir. [4]

Xammal kimi payızın sonunda soyuqlar düşən zaman (ilk donvurma) yetişmiş meyvələri əl ilə toplanılır. Günəş altında hava axını olan yerlərdə və ya quruducu şkafda 50оС-də qurudulur.[5]

Xammal kimi yetişmiş quru meyvələri tünd-qırmızı və ya sarı-qırmızı rəngli, konusşəkilli, üst tərəfdən parlaq, uzunluğu 5-12 sm, eni isə 2-4 sm olub, meyvələri azacıq yastılanmış, ucu isə əyilmişdir. Meyvələri yastılanmış, 5 dişcikli yaşılımtıl-qonur kasacıqlıdır. Meyvələri daxildən içiboş, yuxarı hissəsi təkyuvalı, aşağı hissədən iki qovuqlu plasentaya bölünən, möhkəm bitişən çoxtoxumlu, böyrəkşəkilli yastı, toxumları olmaqla, diametri 3-5 mm-ə bərabərdir. Qırmızı bibərin tozu selikli qişaya möhkəm hoparaq, yüksək qıcıqlanma yaradır. Ona görə də respiratorla işləmək lazımdır.[6]

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Meyvələrinin tərkibində alkaloidlər, aromatk amikapsaiçin, vanillilamid 0,03-0,2% miqdarında vardır. Tərkibində 15% kapsaiçin olur. O cümlədən toxumlarının tərkibində 2%-ə qədər olur. Bundan başqa tərkibində karotinoidlər, 1,5% efir yağı, piyli yağlar (toxumlarında 10%), 200 mq askorbin turşusu vardır. Bəzi sortlarının tərkibində isə steroid saponinlər daha çox olur. Meyvələrinin tərkibində mis, sink və selen ionları vardır.[7]

Yerli keyləşdirici və analgetik  dərmanlar.[8]

Xammal kimi əsasən toxumları hesab olunur. Birillik mədəni sortlarında acı dadlı yetişmiş quru meyvələri xammal kimi keyfiyyətli dərmandır. Yerli keyləşdirici maddədir.

Bibər cövhəri 90% etil spirtində 1:10 nisbətində. Yerli keyləşdirici və yayındırıcı vasitədir.

Bibərin kompleks preparatları. «Kapsin», «Kapsitrin», «Kamfoçin», «Efkamon».

Bibər plastrı. Yayındırıcı və ağrıkəsici dərmandır.

Ekstraktiv maddə və kapsaiçinin kombinəedilmiş dərman preparatları.«Espol», «Nicofleks», «Kapsikam».

Meyvələrindən hazırlanan məhluldan iştahın artırılmasında və nevralgiya, miozit, nevrit və digər xəstəliklərində tətbiq edilir.[9]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 188.
  2. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  3. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  9. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333