Cavid İmamverdiyev (rejissor)

Cavid Sudeyf oğlu İmamverdiyev (1972, Bakı) — Azərbaycan rejissoru, "Tərəqqi" medalı laureatı (2016).[1] Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru

Cavid İmamverdiyev
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Mükafatları "Tərəqqi" medalı

Cavid Sudeyf oğlu İmamverdiyev 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Gənc yaşlarından mətbuatda fəal iştirak edən Cavid İmamverdiyev “Bakılı oğlanlar” komandasının yaradıcılarından biri olmuş, 1991-ci ildən BŞ ŞHK-nun baş inzibatçısı vəzifəsində işləmişdir. 1992-ci ildə “Bakılı oğlanlar” komandasının tərkibində ŞHK-nun çempionu, 1995-ci ildə Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu adına layiq görülmüşdür. 1993-1995-ci illər ərzində “Kim? Nə? Harada?” («Что? Где? Когда?»), “Breyn-rinq” və “İlk baxışdan məhəbbət” («Любовь с первого взгляда») verilişlərinin istehsalçısı olan Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser vəzifəsində işləmişdir. 1994-cü ildə Rusiyanın İctimai Televiziyasının nəzdində ali rejissor kurslarını bitirmişdir.

1998-ci ildən indiyə qədər fəaliyyətdə olan “Ratio TV” Teleşirkətini yaratmış və bu şirkətdə rejissor, ssenari müəllifi və prodüser kimi bir sıra uğurlu televiziya və kino layihələri həyata keçirmişdir.

2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsinə təyin olunmuş, bir sıra sənədli filmlərin rejissoru, ssenari müəllifi və prodüseri olmuşdur.

Eyni zamanda, ssenari müəllifi və rejissor kimi çox sayda yubiley, xatirə gecələri və konsert proqramlarına, ölkəmizdə keçirilən bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermiş Cavid İmamverdiyev Mədəniyyət Nazirliyinin Beynəlxalq Şöbəsinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmişdir. Kuba, Meksika (2010-cu il) və ABŞ-də (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində «Три поросёнка, Красная шапочка и Серые волки» tamaşasına quruluş vermiş, eyni zamanda teatrda hazırlanan «Уходил супруг от супруги», «Афинские вечера», «Миллионерша», «Уйди из моих снов» kimi tamaşalarda videoinstalyasiya rejissoru kimi çalışmışdır.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsində naliyyətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırılmış[2], üç dəfə “Humay” Milli mükafatının laureatı olmuşdur.

15 iyul 2021-ci ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.[3]

  1. Bir dəfə Qafqazda (film, 2007)
  2. Azərbaycan motivləri (film, 2008)
  3. Halal pullar (film, 2008)
  4. Qanadlarıma sığal çək (film, 2008)
  5. Azərbaycan xalçası (film, 2009)
  6. Azərbaycan muğamı (film, 2009)
  7. Azərbaycan musiqisi (film, 2009)
  8. Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
  9. Azərbaycanın milli qəhrəmanları (film, 2012)
  10. İlahi məxluq (film, 2011)
  11. Üfüqü ötənlər (film, 2011)
  12. Aşiqi sadiq (film, 2014)
  13. Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
  14. Batalyon (film, 2016)
  15. Azərbaycan rusları
  1. “Azərbaycan rusları” sənədli filmi təqdim olunub: [Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rejissor Cavid İmamverdiyevin eyniadlı filmi haqqında] //525-ci qəzet. - 2015.- 26 fevral.- S.7.
  2. President.az. "Azərbaycanın kino xadimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 29 iyul 2016. 2021-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-29.
  3. "Akademik Musiqili Teatra Baş rejissor təyin olundu". 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.