Ceyhun Xanlar oğlu Əhmədxanov (18 oktyabr 1988; Lökbatan, Qaradağ rayonu, Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının tibb xidməti kapitanı, Vətən müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur.
Ceyhun Əhmədxanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lökbatan, Qaradağ rayonu, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Xızı rayonu, Azərbaycan |
Vəfat səbəbi | aviasiya qəzası[d] |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Xanlar Əhmədxanov |
Anası | Rəqibə Seyidova |
Təhsili |
Azərbaycan Tibb Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2006—2021 |
Rütbə | Kapitan |
Vəzifəsi | həkim |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Ceyhun Əhmədxanov 18 oktyabr 1988-ci ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində anadan olmuşdur.[1] Əslən Şəki rayonunun Qumux kəndindəndir. Bakı şəhər 288 saylı orta məktəbini və Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir. 2021-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (bakalavr pilləsi) ikinci ali təhsilini başa vurmuşdur. Subay idi.
Ceyhun Əhmədxanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olduqdan sonra tibb xidməti leytenantı kimi Azərbaycanın Fövqəladə Hallar Nazirliyində vəzifəsinə başlamışdır. Bir neçə il bu vəzifədə işlədikdən sonra xidmətini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında davam etdirmişdir.
Azərbaycan Ordusunun tibb xidməti kapitanı olan Ceyhun Əhmədxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Yaralılara tibbi yardım göstərmiş və onları müalicə etmişdir. Müharibə bitdikdən sonra "kapitan" rütbəsi ilə xidmətini davam etdirmişdir.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[2] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.[3][4] Ceyhun Əhmədxanov hadisə zamanı şəhid olmuşdur. Onun və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş,[5][6] Ceyhun Əhmədxanov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[7]
Hadisələrdən sonra xüsusilə, Ceyhun Əhmədxanovun qəzadan 13 dəqiqə əvvəl etdiyi paylaşım sosial şəbəkələrdə və KİV-də gündəm oldu.[8]
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2022-ci il tarixli Sərəncamına əsasən Ceyhun Əhmədxanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[9]