Corc Beyli Sensom (ing. George Bailey Sansom; 28 noyabr 1883[1][2], London – 8 mart 1965[1][2], Tuson, Arizona) – Britaniya diplomatı, tarixçisi və yaponşünası.[3]
Corc Beyli Sensom | |
---|---|
Doğum tarixi | 28 noyabr 1883[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 1965[1][2] (82 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | diplomat, tarixçi, universitet müəllimi[d], yaponşünas[d] |
Corc Beyli Sensom 1883-cü ildə İngiltərənin London şəhərində doğulmuşdur.[3] Gissen və Marburq universitetlərindən məzun olmuş,[4] 19 yaşında Britaniya konsulluğunda işləməyə başlamışdır.[3] 1904-cü ildə tələbə tərcüməçi kimi Yaponiyanın Naqasaki şəhərinə göndərilmiş və onun Yaponiya karyerası başlamışdır.[3]
Sensomun Yaponiya illəri həm diplomat, həm də yaponşünas kimi keçmişdir.[3] O, Yaponiya cəmiyyəti və hökuməti ilə yaxşı əlaqələr qurmuş, eləcə də, 1920 və 1930-cu illərdə Yaponiyanın dil, mədəniyyət və tarixini öyrənən əsas Qərb mütəxəssislərindən biri olmuşdur.[3]
Sensom 1935-ci ildə cəngavər elan olunmuşdur.[3] 1942-ci ildə Britaniyanın Vaşinqton səfirliyində işləmiş, 1946–1947-ci illərdə isə Vaşinqtonda fəaliyyət göstərən Uzaq Şərq Komissiyasında fəaliyyət göstərmişdir.[4] 1947-ci ildə Kolumbiya Universitetinin Şərqi Asiya İnstitutunun birinci direktoru olmuşdur.[3] Postmüharibə dövründə ABŞ-nin akademik dünyasında Yaponiyada təhsil və yaponşünaslıq təlimlərinə yaranan təlabatda vacib rol oynamışdır.[3] 1954-cü ilə qədər Kolumbiya Universitetində qalmışdır.[3]
1928-ci ildə "Yapon dilinin tarixi qrammatikası", 1931-ci ildə isə "Yaponiya: Qısa mədəni tarix" adlı əsəri nəşr olunmuşdur.[3] Adıçəkilən son kitab dərslik kimi istifadə olunmuş, Sensomu alim və yazıçı kimi məşhurlaşdırmışdır.[3] Əsər Yaponiya haqqında Qərb ədəbiyyatının klassiklərindən biri hesab olunur.[3]
1951-ci ildə "Qərb dünyası və Yaponiya" əsərini yazmışdır.[3] Bu əsər Yaponiya ilə Qərbin XVI əsrin ikinci yarısından XIX əsrin sonlarına qədər münasibətlərindən bəhs edir.[3] 1958–1963-cü illərdə "Yaponiya tarixi" adlı üçcildlik əsəri nəşr olunmuşdur.[3]