Coys Ayrin Ekroyd (ing. Joyce Irene Ackroyd; 23 noyabr 1918[1], Nyukasl[d], Yeni Cənubi Uels[3] – 30 avqust 1991[2], Oşenflover[d]) – Avstraliya yaponşünası, pedaqoqu, tərcüməçisi və akademiki.
Coys Ekroyd | |
---|---|
Doğum tarixi | 23 noyabr 1918[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 avqust 1991[2] (73 yaşında) |
Vəfat yeri |
|
Təhsili |
|
Fəaliyyəti | universitet müəllimi[d], müəllif, tərcüməçi |
Mükafatları |
Coys Ekroyd 23 noyabr 1918-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Nyukasl şəhərində ailənin ikinci uşağı olaraq doğulmuşdur.[4] Onun atası Alfred Volter Qoldsmit Ekroyd memar idi.
Ekroyd Nyukasl və Parramatta liseylərində təhsil almışdır.[4] O, uşaq yaşlarından etibarən Yaponiyaya maraq göstərməyə başlamışdır.[4] Yaponiya incəsənəti, yapon dili və samuraylar onu ən çox cəlb edən mövzular olmuşdur.[4] O, 1936-cı ildə Sidney Universitetində müəllim təqaüdü ilə yapon dili üzrə təhsil almaq istəsə də, icazə ala bilməmişdir.[4] Çünki həmin dövrdə Avstraliya məktəblərində yapon dilinə tələb çox aşağı idi.[4] Buna görə də universitetdə ingilis dili, riyaziyyat və tarix üzrə təhsil almışdır.[4]
Ekroyd Sidney oğlanlar məktəbində riyaziyyat müəllimi işləyərkən universitetdə yapon dili öyrənməyə başlamışdır.[4] 1944–47-ci illərdə Sidney Universitetində yapon dilində mühazirələr vermişdir.[4] Daha sonra Kembric Universitetinə getmiş, Aray Hakuseki haqqında dissertasiya yazmışdır.[4]
Ekroyd Yaponiyaya ilk dəfə 1952-ci ildə Sayonci təqaüdü ilə səyahət etmiş, iki il boyunca Keyo və Tokio universitetlərində təhsil almışdır.[4] 1952–56-cı illərdə Avstraliya Milli Universitetinin elmi işçisi, 1956–59-cu illərdə Kanberra Universiteti Kollecinin dosenti, 1959–65-ci illərdə isə Avstraliya Milli Universitetinin yapon dili üzrə professoru olmuşdur.[4]
Ekroyd 1965-ci ildə Kvinslend Universitetində yenicə qurulmuş yapon dili və ədəbiyyatı fakültəsinin qurucu professoru seçilmişdir.[4] 1967-ci ildə onun təşəbbüsü ilə Kvinslend hökuməti sınaq məqsədilə 6 liseydə yapon dili üzrə dərslər təşkil etmişdir.[4] Ekroyd məktəblər üçün yapon dili dərslikləri yazmışdır.[4] 1983-cü ildə karyerasını başa çatmışdır.[4]
Ekyord Aray Hakusekinin avtobioqrafiyası olan "Oritaku Şiba no Ki" əsərini (1979) və onun müəllifi olduğu "Tokuşi Yoron" əsərini (1982) tərcümə etmişdir.[4] Kvinslend Universitetinin bir binasına onun adı verilmiş, bu şərəfə layiq görülən ilk qadın olmuşdur.[4] O, 30 avqust 1991-ci ildə Brisben şəhərinin Oşenflover qəsəbəsində ölmüş və kremasiya edilmişdir.[4]
Ekroyd təhsil sahəsindəki xidmətlərinə görə 1982-ci ildə "Britaniya imperiyası" ordeni ilə təltif olunmuşdur.[4] 1983-cü ildə isə Avstraliya Humanitar Elmlər Akademiyasının üzvlüyünə qəbul edilmişdir.[4]
Ekroyd xidmətlərinə görə Yaponiya hökuməti tərəfindən də mükafatlandırılmışdır.[4] 1983-cü ildə Yaponiya mədəniyyətini dünyaya çatdırmaq üçün gördüyü işlərə görə Yamaqata Banto mükafatına, Avstraliya–Yaponiya əlaqələrinin inkişafında verdiyi töhfələrə görə isə 3-cü dərəcəli "Qiymətli tac" ordeninə layiq görülmüşdür.[4]