Dünya Azərbaycanlılarının II Qurultayı

Dünya Azərbaycanlılarının II Qurultayı — 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilən Dünya azərbaycanlılarının ikinci Qurultayı.[1]

Dünya Azərbaycanlılarının II Qurultayı
Keçirilmə tarixi 16 mart 2006
Keçirildiyi yer Azərbaycan Heydər Əliyev Sarayı, Bakı, Azərbaycan
İştirakçılar dünya azərbaycanlıları
Müzakirə edilən məsələlər
  • Azərbaycan diasporunun qarşısında duran vəzifələr
Nəticələr Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi
Ardıcıllıq

"Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən 2006-cı il mart ayının 16-da Bakı şəhərində keçirilmişdir.

2006-cı il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II qurultayı diaspor quruculuğu prosesində irəliyə doğru növbəti addım olmuşdur. Qurultayda qəbul olunmuş sənədlər — Dünya Azərbaycanlılarının II qurultayının qətnaməsi, qurultayın Azərbaycan Respublikası Prezidentinə və dünya azərbaycanlılarına müraciətləri, qurultayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatına (YUNESKO), Azərbaycan və türk diaspor təşkilatlarına müraciətləri xaricdə yaşayan azərbaycanlıların qurultaydan sonrakı müddətdə konkret fəaliyyət proqramıdır.[2] Bu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilmişdir.[3]

Prezident İlham Əliyev qurultaydakı çıxışında təkcə milli birliyə necə nail olmağın yolunu deyil, eyni zamanda onu qorumağın yollarını da vurğulamışdır. İlham Əliyev qurultaydakı nitqində:

" Dünya azərbaycanlılarının qurultayı çox böyük tarixi hadisədir. Bu gün burada gözəl film nümayiş etdirildi. Biz o gözəl anları yenidən yada saldıq. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə beş il bundan əvvəl Dünya azərbaycanlılarının I qurultayı keçirilmişdir. Qurultayın Azərbaycanın müasir tarixində müstəsna rolu olmuşdur. Aparılmış müzakirələr, fikir mübadiləsi, qurultayın qərarları bütün dünyada yaşayan azərbaycanlıları bir-biri ilə daha da sıx birləşdirdi. Məhz o qurultaydan sonra Heydər Əliyevin qərarı ilə Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə Azərbaycan diasporlarının təşkilatlanmasında çox uğurlu fəaliyyət göstərir. 2002-ci ildə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Qanun qəbul edilmişdir və bu da öz növbəsində, bu işin hüquqi bazasını təşkil etdi. Bütün bu tədbirlər, bütün bu addımlar öz bəhrəsini verməkdədir. Dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. Əlbəttə ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır.[1] "

İştirakçılar

[redaktə | mənbəni redaktə et]

Dünya Azərbaycanlılarının II Qurultayına ümumilikdə 1231 nümayəndə seçilmişdir. Qurultayda 49 xarici ölkədən 593 nümayəndə və 388 nəfər qonaq iştirak etmişdir. Qurultayda Azərbaycan Respublikasının 27 dövlət və hökumət qurumlarından, ictimai təşkilatlardan, elm, təhsil, mədəniyyət müəssisələri və yaradıcı təşkilatlardan, siyasi partiyalardan 638 nümayəndə və 625 qonaq ilə təmsil olunmuşdur.[3].

Qurultay başlamazdan əvvəl yüzdən çox nümayəndə heyəti Fəxri xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarını ziyarət edirlər.[4]

Daha sonra Qurultay nümayəndələri Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsini böyük ehtiramla yad edirlər. Qurultay nümayəndələri həmçinin şəhid türk əsgərlərinin xatirə abidəsini də ziyarət edib, əklil qoyublar.[4]

Dünya azərbaycanlılarının II qurultayı Azərbaycan Milli Elmlər Akademiyasının o zamankı prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası İdarə heyətinin sədri akademik Mahmud Kərimovun giriş sözü ilə açıldı.[4] Qurultay nümayəndələri və qonaqlar yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrində fəal iştirak edən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alimlər və ziyalılar, iş adamları, müxtəlif ölkələrin parlament üzvləri, siyasi və ictimai xadimlər, bir sözlə, Azərbaycanı sevən, onun inkişafını və tərəqqisini arzulayan insanlar idi. Qurultayda xarici ölkələrin: Türkiyə, Latviya, Estoniya, Litva, Ukrayna, Moldova, Belçika, Avstriya, İsveçrə, Kanada ali qanunvericilik orqanlarının üzvlərindən ibarət 64 nəfər qonaq qismində iştirak etmişlər.[1]

Sonra təşkilati məsələlərə baxılmışdır. Qurultay 109 nəfərdən ibarət Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibini təsdiqləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yekdilliklə Dünya Azərbaycanlılarını Əlaqdələndirmə Şurasının sədri seçilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı tarixi nitqi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və bu mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Azərbaycan Prezidentinin nitqindəki tövsiyə və tapşırıqlar Azərbaycan diasporunun yeni dövrdəki fəaliyyətinin ideoloji təməlini təşkil etməklə yanaşı, dünya azərbaycanlılarının birliyinin konseptual əsaslarının milli dövlətçilik ideolgiyası müstəvisində formalaşmasının tarixi-siyasi əhəmiyyətini daha dəqiq qiymətləndirmək imkanı yaratmışdır.[1]

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dünya Azərbaycanlılarının həmrəyliyi sahəsindəki xidmətlərinə görə bir qrup diaspor fəalı Şöhrət ordeniTərəqqi medalı ilə təltif edilmişdir.

Dünya azərbaycanlılarının II qurultayının yüksək səviyyədə təşkili və tədbirin ictimayyət arasında doğurduğu rezonans, toplantıda qəbul olunmuş qərarlar diasporumuzun yeni mərhələyə qədəm qoyduğunu əminliklə söyləməyə əsas verir. II qurultay dünya azərbaycanlılarının Prezidenti İlham Əliyevin və onun timsalında müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini əyani olaraq sübut etmişdir. Qəbul olunmuş qərarların mahiyyəti , müzakirələrin ümumi gedişi və əldə olunmuş nəticələr dünya azərbaycanlıları arasında davamlı siyasi həmrəyliyin və birliyin təməlinin kifayət qədər möhkəm olmasını, ictimai statusundan, siyasi baxışlarından, əqidə və dünyagörüşündən asılı olmayaraq azərbaycançılıq ideologiyasının bütün azərbaycanlıları öz ətrafında birləşdirə bilən ümummilli konsepsiya kimi böyük təsir gücünə malik olduğunu təsdiqləmişdir.[1]

Qurultayda Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi məsələsinin geniş müzakirəyə çıxarılması və Qətnaməyə bununla əlaqədar xüsusi müddəanın daxil edilməsi böyük uğur kimi dəyərləndirilməlidir. Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əlaqləndirilməsi və bu sahədə əməkdaşlığın sistemli şəkildə həyata keçirilməsi yeni mərhələnin əsas vəzifələrindən biridir. Dünya azərbaycanlılarının II qurultayı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünya azərbaycanlılarının yekdil mövqedən çıxış etdiyini göstərmişdir. Qəbul olunmuş qərarlarda və natiqlərin çıxışlarında dünya azərbaycanlılarının Prezident İlham Əliyevin münaqişənin həlli, işğal olunmuş ərazilərin geri qaytarılması istiqamətində fəaliyyətini birmənalı şəkildə dəstəklədikləri bir daha vurğulanmışdır.[1]

  1. 1 2 3 4 5 6 "https://files.preslib.az/projects/diaspora/c2.pdf" (PDF) (az.). https://files.preslib.az. Archived from the original on 2022-12-10. İstifadə tarixi: 1 mart 2023.
  2. "Qurultaylar" (az.). https://www.azerbaijans.com. Archived from the original on 2023-02-22. İstifadə tarixi: 22 fev 2023.
  3. 1 2 "DÜNYA AZƏRBAYCANLILARININ III QURULTAYINDA 1272 QONAQ İŞTİRAK EDƏCƏK". 2017-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-06.
  4. 1 2 3 "https://azertag.az/xeber/DUNYA_AZARBAYCANLILARININ_II_QURULTAYI-339625" (az.). https://azertag.az. Archived from the original on 2023-07-07. İstifadə tarixi: 1 mart 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]