Dilavər Paşa

Dilavər Paşa (XVI əsr1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Dilavər Paşa
ديلافر باشا
17 sentyabr 1621 – 19 may 1622
ƏvvəlkiOhrili Hüseyn Paşa
SonrakıOhrili Hüseyn Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Dini islam

Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi. 26 sentyabr 1618 tarixində Səfəvilərlə bağlanan Sərab sülhünün ardından ikinci dəfə Bağdad bəylərbəyiliyinə gətirilsə də, çox keçmədən əvvəlki vəzifəsinə qaytarıldı. II Osmanın 1621-ci ildə baş tutan Lehistan səfərinə öz qoşunları ilə qatılan Dilavər Paşa səfər əsnasında 17 sentyabr 1621 tarixində sədrəzəmliyə gətirildi.[1] Dilavər Paşa sədarətə gətirildikdən sonra edilən hər iki hücum cəhdi də uğursuz oldu. Ruslarla ittifaq quran lehistanlılarla sülh bağlamaq üçün padşahı razı salan Dilavər Paşa səfərdən döndükdən sonra gənc padşahın yenilikçi hərəkətlərinə qarşı çıxdı.[2] Ancaq Gənc Osmanın Hicaza getmək istəyi və bunu hər kəsə bəyan etməsi, ordunu padşaha və onun ətrafındakı dövlət adamlarına qarşı ayaqlanmasına səbəb oldu. Üsyanın ilk günü olan 18 may 1622 tarixində padşahı həccə getməməyə razı salmaq üçün üsyançılar sədrəzəmin sarayına yürümüş, ancaq Dilavər Paşa razılıq üçün gələn üsyançıları silahla geri döndərdi. Məhz buna görə də ertəsi gün Sultan Əhməd məscidində üləma ilə müzakirələrə gedən üsyançılar sədrəzəm Dilavər Paşanın da edamını tələb etdi. II Osman üsyançıların istədiyi dövlət adamlarını öncə təslim etmədi. Ancaq üsyançıların taxtdan endirilən I Mustafanı yenidən taxta çıxarmaq istədiyini öyrənən Gənc Osman o günlərdə Mahmud Hüdayi Həzrətlərinə sığınan Dilavər Paşanı üsyançılara təslim etməyə məcbur oldu. Üsyançılar tərəfindən dərhal öldürüldükdən sonra cəsədi ayaqlar altına alınan Dilavər Paşa üsyanın ardından Üsküdarda yerləşən Miskinlər məzarlığına dəfn olundu.[3]

  1. Peçevi İbrâhim, II, 377-378
  2. Hammer, VIII, 205-206
  3. Sicill-i Osmânî, II, 339