Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru[1] Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça.[2][3][4][5] Ölümündən sonra "Dövrünün Rəbiyəsi"[a] olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.[7]
Dilras Banu Bəyim | |
---|---|
Səfəvi şahzadəsi Dilras Banu Bəyim və ya Zan-i-Kalan | |
Doğum tarixi | 1622 |
Doğum yeri | Aqra, Böyük Moğol imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Övrəngabad, Böyük Moğol imperiyası |
Vəfat səbəbi | Doğuç zamanı yoluxduğu infeksiya |
Dəfn yeri | Bibi Ka məqbərəsi, Övrəngabad, Hindistan |
Vətəndaşlığı | Böyük Moğol imperiyası |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Bədiüzzaman mirzə Səfəvi |
Dini | Şiə İslam |
Fəaliyyəti | əsilzadə |
Tanınır | Sultan Övrəngzibin əsas arvadı |
Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş[8] və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur. İstedadlı şairə olan Zeb-un Nisə atasının ən sevimli qızı,[9] oğlu Məhəmməd Əkbər isə ən sevimli oğlu olmuşdur.[10]
Dilras çox gümanki doğuş zamanı infeksiya xəstəliyindən həyatını itirmişdir. O, bu xəstəliyə beşinci övladı olan Məhəmməd Əkbəri dünyaya gətirən zaman yaxalanmışdır. Onun ölümündən bir ay sonra əri Övrəngzib taxt uğrunda verdiyi mübarizədən qalib ayrılmış və hakimiyyətə gəlmişdir.[11]
Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü olmuşdur.[12] Onun atası Bədiüzzaman Mirzə Səfəvi və ya digər adı ilə Şahnəvaz xan (Mirzə Dəkkən adı ilə məşhurdur) Səfəvi imperiyasının qurucusu I İsmayılın soyundan gəlməkdədir.[13] Bədiüzzaman Mirzə Səfəvi Qucaratın valisi olmaqla birlikdə, Moğol sarayında ən güclü şəxslərdən biri idi.[14] O, təmtəraq və bahalı yaşamı çox sevirdi və onun bu xüsusiyyəti qızının nişan mərasimində aşkar şəkildə hiss edildi.[15]
Dilrasın anası olan Nauras Banu Bəyim Mirzə Məhəmməd Şərifin qızı idi,[16] atası isə Sultan Cahangirin hakimiyyəti dövründə Moğol sarayına gəlmiş Mirzə Rüstəm Səfəvi idi.[4] 1638-ci ildə Dilrasın kiçik bacısı Səkinə Banu Bəyim Övrəngzibin kiçik qardaşı Şahzadə Murad Bəxşlə evləndi.[17] Bədiüzzaman Mirzə Səfəvinin qardaşının və Dilrasın əmisinin övladı da həmçinin Övrəngzibin böyük qardaşı Şahzadə Şah Şüca ilə evlənmişdir.[18] Bu evliliklər imperator ailəsi ilə Şahnəvaz xanın ailəsi və bunun davamı olaraq Səfəvilər sülaləsi arasındakı əlaqələri daha da gücləndirdi.[17]
1637-ci ilin fevralında Dilras Şahzadə Mudi-ud-din ilə nişanlandı.[19] Mudi-ud-din o zamankı hökmdar Sultan Şah Cahan ilə onun sevimli arvadı Mumtaz Mahalın övladı idi.[20] Evlilik təklifi Şah Cahan tərəfindən irəli sürüldü və Dilrasın atası tərəfindən qəbul edildi və bu, onların nişanlanmasına səbəb oldu. Bu zaman Övrəngzib Dəkkən yaylasına qarşı edilən hərbi yürüşdə iştirak edirdi və atası tərəfindən çağırıldıqdan sonra yürüşüdən ayrılıb geri dönməyə məcbur oldu. 15 aprel 1637-ci ildə Aqraya çatan Övrəngzibin toy hazırlıqlarına başlanıldı.[21] Bir neçə həftə sonra, yəni 8 may 1637-ci ildə böyük şənliklərlə müşayət olunan toy mərasimi həyata keçirildi.[22][23]
İmperator saray münəccimlərinin qərarına əsasən, onların nikah mərasimi sübhdən dörd saat əvvəl, təmtəraqlı və möhtəşəm şənliklər arasında keçirildi və Bədiüzzaman Mirzə Səfəvi malikanəsində baş tutdu.[24] Toy mərasiminin əzəməti salnaməçi Xafi Xan tərəfindən belə təsvir edilir:
Atəşfəşanlıq partlaması yer üzünü başqa bir səmaya çevirdi və müğənnilərin, rəqqasların cazibəsi “hətta Veneranın” paxıllığına səbəb ola bilərdi. |
Bundan sonra qazı bu şəxsi imperatorun iştirakı ilə nikahlarını kəsir. Nikah mehri olaraq isə 400 min rupi müəyyən edilir. Toy mərasimindən sonra vəlimə adlı dəvət bu dəfə Övrəngzibin atası Sultan Şah Cahanın sarayında təşkil edilir. 14 mayda baş tutan bu mərasimdə Sultan Şahcahan öz əmirlərinə hədiyyələr paylayır.
İmperator ilə birlikdə 3 ay Aqra şəhərində qalan cütlük 4 sentyabr 16370ci ildə Övrəngzibin canişin olaraq xidmət etdiyi Dəkkənə gedirlər. Aqrada yaşadıqları zaman Dilras Övrəngziblə özünün ilk uşağına hamilə qalır. Bu hamiləlikdən istedadlı şairə olaraq dəyərlənirilən Zeb-un Nisə dünyaya gəlir. O, evliliyin baş tutmasından 9 ay sonra, yəni 15 fevral 1638-ci il tarixində Dəkkənin Daulatabad şəhərində dünyaya gəlmişdir.[25] Bu qız sonralar atasının ən sevimli qızı olmuşdu. Bundan sonrakı 19 illik evlilik həyatı boyunca bu cütlüyün daha 4 övladı dünyaya gəldi və bu 5 övladın hamısı Övrəngzib tərəfindən digər arvadından olan övladları ilə müqayisədə daha çox sevilirdi. Övrəngzibin sevimli arvadı olan Dilrasın onun üzərində təsir qüvvəsi var idi və əsas arvad kimi hərəmi də idarə edirdi. O, Övrəngzibin digər əmirləri ilə birlikdə sarayda ən güclü şəxslərdən biri hesab edilirdi, halbuki ikinci arvad saray daxilində təsir qüvvəsinə və gücə malik deyildi. Dilras gücünə baxmayaraq, saray daxili siyasətə və intriqalara qarışmırdı, inzibati məsələlərə müdaxilə etmirdi.[26]
Dilras mənbələrin bildirdiyinə görə həm xarakter, həm də görünür olaraq gözəl və cazibədar olmuşdur.[27] Xarakterinə görə o, qürurlu və iradəli bir qadın idi və əri də ona heyran idi. Dilrasın tez əsəbləşən birinsan olduğu təxmin edilir, lakin Övrəngzib onun haqqında "həddindən artıq amiranə bir qadın idi, lakin ömrünün sonuna qədər onu sevməyə davam etdim və heç vaxt onun hisslərini incitmədim".[28] Dilrasın qürurlu xarakteri hökmdar arvadı kimi onun həmişə təvazökar davranan Övrəngziblə münasibətlərində problem yaratmırdı. Bir neçə qaynağın verdiyi məlumata əsasən deyilə bilər ki, Dilrasla Övrəngzib bəzi xarakterik xüsusiyyətləri paylaşmaqda idilər. Onların hər ikisi iradəli, dindar və maddi dəyərlərin normal sxeminə nisbətən biganə idilər.[29]
Hər bir halda, Övrəngzib sünni ikən, Dilras mömin bir şiə idi.[30] Övrəngzibin sarayında, Dilras sünni və şiə üləmanın iştirak etdiyi debatlar təşkil edirdi və bu məclislərdə qızı Şahzadə Zeb-un Nisə də iştirak edirdi. Lakin Övrəngzib imperator olduğu zaman Dilras artıq vəfat etmişdi və bundan sonra ata qızlarına belə debatlarda iştirak etməməyi tapşırmışdı. Tarixçi Maqan Lala görə, Zeb-un Nisə Bəyim atasının bu tapşırığına əməl etmişdir. Ümumilikdə Səfəvi şiələri Övrəngzibin hakimiyyəti dövründə gücləndilər, hətta onların təsir qabiliyyəti heç bir moğol hökmdarının dövründə bu qədər güclü olmamışdı. Onlardan bir çox qabiliyyətli hərbi sərkərdələr də çıxmış və Övrəngzibin hərbi əməliyyatlarına rəhbərlik etmişdi.[31]
Övrəngzibin digər ikinci dərəcəli evliliklərindən olan arvadları əhəmiyyətsiz hesab edilirdilər.[32] Onlardan ikisi Övrəngzib üçün 4 övlad dünyaya gətirsələr də, hökmdardan təsric olunmuş şəkildə yaşamaqda idilər.[32] Əsas arvad və imperial status daşıma haqqı yalnız Dilrasa aid edilmişdi.[33] O, əri üzərindəki təsirini ömrünün sonuna qədər qorumuş və onun əsas arvadı kimi qalmağı bacarmışdı. Hətta onun vaxtsız ölümündən sonra belə, onun saraydakı, ərinin həyatındakı və imperial yaşamdakı statusu Övrəngzibin digər heç bir arvadına verilmədi.[34] Beləliklə, Dilras heç vaxt dəyişdirilmədi və heç bir imperatriça Aurangzebin sarayını idarə etmədi.[35]
Dilras Banunun hamilə qalması ən azı 4 il aralıqlarla olmuşdur. Professor Annie Krieger-Krynicki hesab edir ki, onun hamiləlikləri arasaranın olmasının səbəbi Övrəngzibin Dilrasın kövrək sağlamlığına ziyan vurmaq istəmməsi həlledici amil olmuşdur. Çünki Övrəngzib Mümtaz Mahalın da buna görə vəfat etdiyini görmüşdü.[36] Cütlük evliliklərinin 20-ci ilində artəq 5 uşaq sahibi idilər:
11 sentyabr 16570ci ildə Dilras özünün beşinci övladını dünyaya gətirdi. Güman edilir ki, bu doğuş zamanı o infeksiyaya yoluxmuş və bunun onda yaratdığı xəstəlik 8 oktyabr 1657-ci ildə ölümünəı yol açmışdır. Onun ölümü Övrəngzib üzərində güclü təsir buraxdı və imperatorun çox ağrı hiss etməsinə səbəb oldu. Həmçinin onların övladı olan Şahzadə Əzəmdə bu ölüm sinir pozulmasına yol açdı. Dilrasın ölümündən sonra onnu yeni doğulmuş övladının qayğısını bir digər qızı Zeb-un Nisə öz öhtəsinə götürdü. Zeb-un-Nissa qardaşını çox sevirdi və eyni zamanda, Aurangzeb anasız oğlu ilə çox vaxt keçirirdi və bu tezliklə onun atasının ən sevimli oğlu olmasına səbəb oldu.[42]
Dilrasın ölümündən sonra, yəni 1660-cı ildə Övrəngzib arvadının dəfn edilməsi üçün Auranqabadda məqbərənin tikintisini əmr etdi.[43] Bibi Ka məqbərəsi adlandırılan bu memarlıq abidəsinin xüsusiyyəti ondan ibarətdir ki, Övrəngzib təxminən yarım əsrlik hakimiyyəti boyunca heç bir zaman memarlıq abidəsi tikdirməmiş, yalnız Dilras üçün bir istisna etmişdir. Dilras bu məqbərədə "Dövrünün Rəbiəsi" adı altında dəfn edilmişdir. Bu titul ona Bəsrəli Rəbiədən təsirlənərək verilmişdir.[44][45] Bibi Ka Məqbərəsi Dilrasın qayınanası, özü də doğuş zamanı dünyasını dəyişən İmperator Mümtaz Mahalın məqbərəsi olan Tac Mahala heyrətamiz dərəcədə bənzəyir.[46]
Bibi Ka Maqbara Avrəngzibin əmri ilə ucaldılan ən böyük quruluş idi və onun evlilik sədaqətinin simvolu hesab olunur.
Sonrakı illərdə onun məzarı Avrəngzibin göstərişi ilə oğlu Əzəm şah tərəfindən təmir edildi. Avrəngzibin özü də Xuldabaddakı məqbərəsindən bir neçə kilometr aralıda dəfn edilmişdir.[47]