Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir.
Divanü Lüğat-it-Türk | |
---|---|
ديوان لغات الترك | |
| |
Müəllif | Mahmud Kaşğari |
Janr | Dilçilik |
Orijinalın dili | Ərəbcə |
Ölkə | Qaraxanlılar dövləti |
Orijinalın nəşr ili | 1072—1074 |
Tərcüməçi | Ramiz Əskər |
Nəşriyyat | Ozan |
Cild | 4 |
Səhifə |
I: 512 II: III: 400 IV: 752 |
Tiraj | 1000 |
Əvvəlki | Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk |
ISBN | ISBN 9952-426-00-X |
Vikianbarda əlaqəli mediafayllar |
Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır.
Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülmüş və hal-hazırda İstanbul Millət Kitabxanasında[1] saxlanılan nüsxəsidir.
Ərəb dilində lüğətlər üçün xarakterik olan xüsusiyyəti Kaşqarlı Mahmudun lüğətində də görürük. Lüğətdə sözlər əlifba sırası ilə düzülməmişdir. Kaşqarlı Mahmud lüğətdə müqayisəli üsuldan istifadə edir. Əsər bizim indi qəbul etdiyimiz mənada lüğət deyildir. Bu və ya digər məsələ izah edildikdə şeir parçaları, atalar sözləri, xalq ifadələri misal gətirilir. Müəllif hansı dilə aid sözün ədəbi dil üçün düzgün olduğunu göstərir, yeri gəldikcə fonetik və qrammatik qanunları izah edir, sözlərin etimologiyasını araşdırır. Türk dillərində ahəng qanununun fəaliyyət göstərdiyini ilk dəfə Kaşqarlı Mahmud aşkar etmişdir. Kaşqarlı Mahmudun "Divanü Lüğat-it-Türk" əsəri türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz, ilkin mənbələrdən biridir. Tərtib edildiyi vaxtdan 900 il keçməsinə baxmayaraq bu əsərə olan maraq hələ də azalmamış, lüğət türkoloqların masaüstü kitabı olmuşdur.
Mahmud Kaşğarinin "Divanü Lüğat-it-Türk" əsəri belə başlayır:
Əsirgəyən, qoruyan Allahın adıyla
"Allahın, dövlət günəşini Türk bürclərindən doğmuş olduğunu və Türklərin ölkələsi üzərində göylərin bütün dairələrini döndərmiş olduğunu gördüm. Allah onlara Türk adını verdi. Və yer üzünə hakim qoydu. Dünya imperatorları türk irqindən çıxdı. Dünya millətlərinin yuları Türklərin əlinə verildi. Türklər Allah tərəfindən bütün millətlərə üstün qılındı. Haqdan ayrılmayan türklər, Allah tərəfindən haqq üzərinə qiymətləndirildilər. Türklər ilə birlikdə olan millətlər əziz oldu. Belə millətlər, Türklər tərəfindən hər arzularına çatdılar. Türklər, himayələrinə aldıqları millətləri, pislərin şərindən qorudular. Dünya hakimi olan türklərə hər kəs möhtacdır, onlara dərdini dinlətmək, bu surətlə hər cür arzuya nail ola bilmək üçün Türkcə öyrənmək lazımdır.."
"Mən bu kitabı hikmət, seci', atalar sözü, şeir, rəcəz vəzni, nəsr kimi şeylərlə bəzəyərək heca hərfləri sırasında tərtib etdim... Bu lüğət kitabını başdan sonuna kimi səkkiz bölmədə topladım."
Mahmud Kaşğari əsərində "Dünya xəritəsi" başlıqlı bir xəritə vermişdir. Burada mərkəz Balasaqunu götürərək o zaman türklərin yaşadığı bütün ərazilər qeyd olunmuşur. Dairəvi şəkildə olan xəritənin çevrəsində cəhətlər (Şimal, Şərq, Cənub, Qərb) göstərilmişdir. Bəzi çaylar və göllərin adları qeyd edilərək göy rənglə işarələnmiş, dağlar isə qırmızı xətlərlə gösərilmişdir. Sərhədlər Qərbdə İdil çayına, Cənub-Qərbdə Həbəşistana (indiki Efiopiya), Cənubda Hindistan və Şərqdə Yaponiyaya qədər işarələnmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |