"Dostluq" (azərb-kiril. Достлуг; rus. Дружба), həmçinin "Qardaş olub Hayastan–Azərbaycan" (azərb-kiril. Гардаш олуб Һајастан–Азәрбајҹан) və ya "Kür, Araz, Ararat" (azərb-kiril. Күр, Араз, Арарат) olaraq tanınır — SSRİ hakimiyyəti dövründə Azərbaycan–Ermənistan dostluq münasibətləri haqqında Azərbaycan dilində yazılmış mahnı. Sözləri Zeynal Cabbarzadə, musiqisi Andrey Babayevindir.
"Dostluq" | |
---|---|
İfaçı | Şövkət Ələkbərova (ilk) |
Yayımlanıb | 1956 |
Janr | messo-soprano |
Dil | Azərbaycan |
Müddət | 183 saniyə |
Bəstəkar | Andrey Babayev |
Sözlərin müəllifi | Zeynal Cabbarzadə |
Prodüser | Azərbaycan SSR Mədəniyyət Nazirliyi |
Studiya | "İstehsalat kombinatı" |
"Dostluq" mahnısının sözləri Zeynal Cabbarzadə tərəfindən yazılmış,[1] musiqisi erməniəsilli Azərbaycan bəstəkarı Andrey Babayev tərəfindən bəstələnmişdir.[2] Mahnı ilk dəfə 1956-cı ildə konduktor Səid Rüstəm və Azərbaycan Radiosu Xalq Çalğı-Alət Orkestrinin müşayiətilə Şövkət Ələkbərova tərəfindən ifa edilmişdir.[1]
"Dostluq" mahnısı Sovet Azərbaycanında populyar bir mahnı olmuşdur.[3][4] 1987-ci ilin aprelində Ermənistan SSR-nin əmək qabaqcılları və musiqiçiləri Azərbaycanda sovet hakimiyyətinin 67-ci ildönümünü qeyd etmək üçün Bakıya gəlmiş, Azərbaycan Dövlət Filarmoniyasında konsert təşkil edilmişdir. Konserti Ermənistan və Azərbaycan televiziyalarının aparıcıları Asmiq Perçyan, Ülkər Quliyeva idarə etmişdir. Konsertdə Azərbaycan SSR və Ermənistan SSR dövlət xadimləri iştirak etmişdir.[5] Konsert Üzeyir Hacıbəyovun "Cəngi" musiqisi ilə başlanmışdır. Bunun ardınca Azərbaycan və Ermənistandan olan musiqiçilər – Zeynəb Xanlarova,[6] Lütfiyar İmanov,[5] İlhamə Quliyeva, Elmira Rəhimova, İslam Rzayev, Nisə Qasımova,[2] Ruben Matevosyan[7] səhnəyə çıxaraq "Dostluq" mahnısını oxumuşdular.
"Dostluq" mahnısının Azərbaycan dilində olan hissəsinin sözləri belədir:
Kiril qrafikası ilə | Latın qrafikası ilə |
---|---|
Әзәлдән гардашдыр, елләримиз,
Дост олуб, бирләшиб әлләримиз. Чөрәји бир олуб, үрәји бир олуб, диләји бир олуб елләримизин. Күр, Араз, Арарат, Ҝөзәлдир бу һәјат. Гардаш олуб Һајастан–Азәрбајҹан. Алынымыз ачыгдыр, үзүмүз ағ, Ҝөзәлдир бу вәтән, ана торпаг. Нүбары бир олуб, вүгары бир олуб, баһары бир олуб чөлләримизин, Нүбары бир олуб, вүгары бир олуб, баһары бир олуб елләримизин. Күр, Араз, Арарат, Ҝөзәлдир бу һәјат. Гардаш олуб Һајастан–Азәрбајҹан. Маһнымыз уҹасын Ҝүнә Аја Сәсимиз јајылсын бу дүнјаја Нәғмәси бир олуб, шән сәси бир олуб, Һәвәси бир олуб елләримизин Күр, Араз, Арарат, Ҝөзәлдир бу һәјат. Гардаш олуб Һајастан–Азәрбајҹан. |
Əzəldən qardaşdır, ellərimiz,
Dost olub, birləşib əllərimiz. Çörəyi bir olub, ürəyi bir olub, diləyi bir olub ellərimizin. Kür, Araz, Ararat, Gözəldir bu həyat. Qardaş olub Hayastan–Azərbaycan. Alınımız açıqdır, üzümüz ağ, Gözəldir bu vətən, ana torpaq. Nübarı bir olub, vüqarı bir olub, baharı bir olub çöllərimizin, Nübarı bir olub, vüqarı bir olub, baharı bir olub ellərimizin. Kür, Araz, Ararat, Gözəldir bu həyat. Qardaş olub Hayastan–Azərbaycan. Mahnımız ucasın Günə Aya Səsimiz yayılsın bu dünyaya Nəğməsi bir olub, şən səsi bir olub, Həvəsi bir olub ellərimizin Kür, Araz, Ararat, Gözəldir bu həyat. Qardaş olub Hayastan–Azərbaycan. |
"Dostluq" mahnısı müstəqillik əldə etdikdən sonra həm Azərbaycan, həm də Ermənistanda tənqid olunur. Bəzi azərbaycanlı tənqidçilərə görə, bu, SSRİ hakimiyyəti tərəfindən təbliğ edilən "saxta dostluq" cəhdləri idi[8][9][10] və hətta məcbur oxudulurdu.[11] Mahnıya həm Azərbaycanda, həm də Ermənistanda iki ölkə arasındakı keçmiş münaqişələr səbəbilə mənfi münasibət bəslənilir.[7][12] Azərbaycan mətbuatında mahnının sözlərinin müəllifinin kim olduğunun bilərəkdən gizlədildiyi iddia edilirdi.[2][6][13][2]