Draqoman — türk, ərəb və fars dilli dövlətlərin, eləcə də Orta Şərq və Avropa ölkələrinin səfirlik, diplomatik və konsul missiyaları yanında rəsmi tərcüməçi. Draqoman ərəb, fars, türk və Avropa dillərini bilməlidir.
Ərəb dilində draqoman ترجمان (tərcüman), türk dilində isə tercüman kimi işlənir. Sami dilindəki t-r-g-m kökündən götürülən bu söz akkad dilində targumannu, geez dilində (klassik Efiopiya dili) t-r-gw-m, arami dilində isə targemana'dır. İvrit dilində מתרגם (metargem) — tərcüməçi və מתורגמן (meturgeman) — sinxron tərcüməçi anlayışları fərqləndirilir. Sonuncu yuxarıda sadalanan dillərə daha çox bənzəyir, baxmayaraq ki, hər iki söz eyniköklü olub sami dilindən alınmadır. Terminin xet mənşəli olması ilə bağlı fərziyyələr də mövcuddur (Salonen, səh. 12; Rabin, səh. 134–136).
Bu söz Avropa dillərinə orta əsrlərdə daxil olmuşdur: orta ingilis dilində dragman, qədim fransız dilində drugeman, orta əsrlərdə latın dilində dragumannus, orta əsrlərdə yunan dilində isə δραγομάνος, dragoumanos kimi lüğətə daxil edilmişdir. Sonrakı illərdə digər Avropa dillərindən alman dilində trutzelmann, fransız dilində trucheman və ya truchement (keçmiş tənzimat fransızcasında;[2] müasir fransız dilində isə drogman kimi işlənir), italyan dilində turcimanno, ispan dilində trujamán, trujimán və ya truchimán kimi ifadə edilib. Bu sadalanan variantlar türk və ərəb dilindəki "turjuman" sözünün müxtəlif formalarıdır və hər iki dildə fərqli səslənir. 1828-ci il nəşri olan Vebsterin lüğətində ingilis dilində həmin söz dragoman, drogman və truchman kimi verilib.
Nəticə etibarilə, bu söz ingilis dilində cəmdə "dragomen" deyil, "dragomans" olacaqdır.
Xorvatiyanın ilk post-kommunist prezidenti Franyo Tucman bildirirdi ki, onun soyadı əcdadlarından birinin draqoman ola biləcəyini göstərir.
Mənbələrdə draqoman vəzifəsinin adı hələ XIII əsrdə Osmanlı İmperiyasının qurulmasından əvvəl mövcud olmuş Rum sultanlığında hökmdar I Əlaəddin Keyqubadın hakimiyyəti dövründə iki draqoman və iki tərcüməçi-kargüzarın təyin edilməsi zamanı çəkilir.[3]
Osmanlı mənbələrinə əsasən, imperiyanın qeydə alınmış ilk draqomanı 1479-cu ildə sazişi çatdırması üçün Venesiyaya göndərilmiş Çələbi Lütfi Paşadır.[3]
Sözügedən vəzifə Osmanlı İmperiyasında böyük əhəmiyyət kəsb edirdi. Osmanlı İmperiyasında draqomanların göstərdiyi vasitəçiliyə tələbatın olması, müsəlman Osmanlı türklərinin qeyri-müsəlman xalqların dillərini öyrənməkdə təkid etməsi ilə izah edilir. Vəzifə həm diplomatik, həm də linqvistik bacarıqları özündə cəmləşdirmişdi. Osmanlı ilə Xristian dünyası arasında münasibətlərin tənzimlənməsində yaxından iştirak edən draqomanların bəziləri məhz buna görə Osmanlı İmperiyasının siyasətində əhəmiyyətli rol oynamışdılar. Bu vəzifəni daha çox etnik yunanlar tuturdular: onlardan biri də ilk Osmanlı saray draqomanı, Sultan Divanının rəsmi tərcüməçisi Panayotis Nikusios və davamçısı Aleksandr Mavrokordatodur. Lakin bu üstünlük 1821-ci ildə Yunanıstan istiqlal müharibəsinin başlaması ilə dəyişdi. 1821-ci ildə baş draqoman Konstantin Muruzi sədaqətsizlikdə şübhəli bilinərək edam edildi. Xələfi Stavraki Aristarçi vəzifədən çıxarıldı və 1822-ci ildə sürgün edildi.[4] Lakin draqoman olmaması nəticəsində cavablandırılmamış yazışmaların, məktubların sayı artdıqdan sonra baş hərbi təlimatçılardan biri — İshaq Əfəndi vəzifəyə gətirildi və o da öz növbəsində Qərb elmi ədəbiyyatının türk dilinə tərcümə edilməsi ilə bağlı təşəbbüs göstərdi; bunun üçün o, tamamilə yeni lüğət hazırlamalı idi. İshaqdan sonra böyük draqomanlar və onların işçi heyəti müsəlmanlar olmuşdur. Avropa ilə tanış olması ilə Tərcümə Otağı (türk. Tercüme Odası) Tənzimat dövründə güclü təsirə malik yeni bir nərdivana çevrildi. Bu biliklər XIX əsrin ortalarında və sonlarında ordunun köhnəlmiş xüsusiyyətlərini, bürokratiyanı və dini quruluşu əvəz etdi.[5]
Qərb draqomanları XVII-XVIII əsrlərdə Avropanın Latın dilli bölgələrində İslam mədəniyyəti ilə bağlı geniş maraq oyatmağa nail olmuşdular. Draqomanlar tərcüməçi olduqlarından fars, ərəb və türk dillərində akademik dil təhsili almışdılar və Osmanlı mədəniyyətinin incəliklərini bilirdilər.
Quran ilk dəfə 1647-ci ildə Andre Dyu Rye tərəfindən fransız dilinə tərcümə olunmuşdu. O, Misirdəki Fransa konsulluğunda çalışırdı. Neapol səfirliyindən Kosmo di Karboqnano isə latın dilində aşağıdakı kitabı dərc etdirmişdir: Konstantinopolda Apostol missionerlərinin istifadəsi üçün türk dilinin qrammatikasının prinsipləri (Roma, 1794).
Diplomatik korpusun yüksək ixtisaslı işçiləri kimi səfirliklər və konsulluqlarda çalışır, diplomatik səfərlərdə iştirak edirlər. Buna görə də onlar müvafiq dövlətin mədəniyyətini çox yaxşı bilməlidirlər.
Antuan Qallanın (1646–1715) "Min bir gecə" əsərinin çapdan çıxmış tərcüməsi böyük uğur əldə etmişdi. O, Paris Parlamentinin müşaviri və 1670-1679-cu illərdə Osmanlı məhkəməsində Fransanın səfiri vəzifələrini icra etmiş Şarl Fransua Olye de Nuantelin səfirliyinə tabe idi.
Osmanlı tarixinə qarşı Avropada maraq oyadanlardan biri də "Osmanlı dövlətinin tarixi" (alm. Geschichte des osmanischen Reiches) kitabı ilə Avstriyalı, Vyana Diplomatik Akademiyasının tələbəsi Yozef fon Hammer-Purqştall olmuşdur.[6]