Eksperimental arxeologiya (həmçinin eksperiment arxeologiyası adlanır) qədim mədəniyyətlər zamanı mövcud olan əşyalar və ya texnologiyaları sınaqdan keçirməyə cəhd edən bir tədqiqat sahəsidir. Arxeologiyanın bu sahəsində qədim tikililər və ya artefaktlar kimi arxeoloji materiallara əsaslanan bir sıra metodlar, üsullar, təhlillər və yanaşmalardan istifadə edilir.[1]
Eksperimental arxeologiyanın əsas formalarından biri yalnız tarixi dəqiqlikli texnologiyalardan istifadə etməklə tarixi strukturların surətlərinin yaradılmasıdır. Bu sahəni bəzən "yenidənqurma arxeologiyası" da adlandırırlar. Lakin yenidənqurma dedikdə keçmişdə mövcud olan bir şeyin dəqiq surətinin yaradılması nəzərdə tutulur. Eksperimental arxeologiya isə əslində müasir insanın keçmiş haqqında təsəvvürü nəticəsində yaradılan əşya və ya tikilidir. Bu baxımdan yanaşdıqda "keçmişin işlək konstruksiyası" arxeoloji cəhətdən daha düzgün termindir. Son illərdə eksperimental arxeologiya haqqında BBC-də "Mümkün Olmayanları Qurmaq"[2] və PBS-də "İtirilmiş İmperatorluqların Sirləri"[3] adlı sənədli filmləri nümayiş etdirilmişdir.
Qədim Butser Ferması eksperimental arxeologiyanın ən erkən nümunələrdən biridir. Bu ferma qədim zamanlarda istifadə olunan tikinti texnologiyası, bunlardan istifadə və tikinti zamanı istifadə olunan materiallar barəsində olan nəzəriyyələri sınaqdan keçirmək üçün İngiltərədə yaradılmışdır. Hal-hazırda arxeoloji parkda Daş dövrü ferması, Tunc dövrünə aid dairəvi ev, Dəmir dövrü kəndi, Roma villası və Sakson uzun zalları fəaliyyət göstərir.[4] Butserdə aparılan işlər eksperimental arxeologiyanın arxeoloji istiqamət kimi inkişafında mühüm rol oynamış, həmçinin tarixəqədərki fənlərin Böyük Britaniya məktəb kurrikuluma daxil edilməsinə kömək etmişdir.[5] Butser hələ də arxeoloqların irəli sürdüyü fikirləri sınamaq, habelə ziyarətçiləri arxeologiyanın bu sahəsi ilə tanış etmək üçün tarixəqədərki əkinçilik, heyvandarlıq və istehsalatda uzunmüddətli təcrübələr aparır.[6]
Eksperimental arxeologiya sahəsində göstərilə biləcək digər erkən nümunə Danimarkanın ən qədim açıq səma altında muzeyi olan Əfsanələr Ölkəsi Lejredir.[7] Arxeoloji park 43 ha ərazini əhatə edir.[8]
Onun əsası 1964-cü ildə etnoloq Hans-Ole Hansen tərindən qoyulmuşdur. Arxeoloji parkda Daş, Dəmir və Vikinq dövrlərinə, eləcə də XIX əsrə aid rekonstruksiya edilmiş tikililər vardır.[9] Eyni zamanda burada tarixəqədərki yaşayış və texnologiyalar üzərində təcrübələr aparılır. Lejre həmiçinin çaxmaqdaşından qədim alətlərin dublikatlarının hazırlanması sahəsində dünyaca məşhur olan Erret Kallahanın apardığı tədqiqatları da dəstəkləyir.[10]
Müasir replika artefaktların və ekofaktların onların üzərində çökmədən sonrakı təsirləri təhlil etmək üçün müxtəlif müddətlərdə basdırılması da eksperimental arxeologiyanın sahələrindən biridir. İngiltərədəki Overton Daunda arxeoloqlar xəndəklərdəki lillənməni, sahillərdə aşınma və çökmənin təsiri nəsticəsində qədim abidələrin necə görünəcəyini daha yaxşı başa düşmək üçün bəzi torpaq işləri aparmış və bunun nəticlərinin qeydiyyatını aparmışlar. Çaxmaqdaşlardan qədim alətlərin replikalarının yaradılması da eksperimental arxeologiya hesab olunur. Bunun sayəsində müxtəlif növ çaxmaqdaşı alətləri haqqında xeyli məlumat əldə olunmuşdur. Bu istiqamət ilə məşğul olan arxeoloqlar çaxmaqdaşından hazırlanmış alətlərin müəyyən tapşırıqlar üçün nə qədər effektiv ola biləcəyini yoxlamaq üçün onları müxtəlif sahələrdə təcrübədən keçirmişlər. Müasir çaxmaqdaşı alətlərindəki aşınma izləri arxeoloji artefaktlardakı oxşar izlərlə müqayisə edilərək, onların istifadə sahəsi ilə bağlı fərziyyələr irəli sürülməsini mümkün edir. Əl baltalarının heyvan ətinin sümükdən ayrılmasında və oynaqların ayrılmasında xüsusilə təsirli olduğu sübut edilmişdir. Eksperimental arxeologiyanın başqa bir sahəsi insanların daş qabığının soyması qabiliyyətinin müəyyən edilməsi və insan olmayan primatların tədqiqatları ilə bağlıdır.[11]
Azərbaycanda eksperimental arxeologiya sahəsində ilk addım 2012-ci ildə "Göytəpə arxeoloji parkı"nın yaradılması ilə bağlı sərəncamın verilməsi olmuşdur. Respublika Prezidentinin sərəncamına əsasən tədqiqat obyektinin müəllifləri tərəfindən üç istiqamətdə arxeoloji parkın yaradılması ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur. Birinci olaraq abidənin ətrafında eksperimental arxeologiyanın tətbiqi vasitəsilə araşdırmalar zamanı aşkar olunmuş tikili qalıqlarının memarlıq üslubuna uyğun şəkildə neolit dövrünün kəndinin rekonstruksiyası, qazıntı sahələrində qoruyucu örtüyün qurulması və abidədən aşkar olunmuş maddi mədəniyyət nümunələrindən ibarət sərgi zalının hazırlanması nəzərdə tutulmuşdu.[12] Lakin bu sərəncam hələ də yerinə yetirilməmişdir. Bu sahə ilə bağlı digər bir addım isə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda "Eksperimental Arxeoloji Laboratoriya"nın yaradılması olmuşdur. Laboratoriyanın rəhbəri Əjdər Babazadə məktəb və universitetlerdə eksperimental arxeologiya ilə seminarlar da təşkil etmişdir.[13]