Elmira Süleymanova (tam adı: Süleymanova Elmira Teymur qızı; 17 iyul 1937, Bakı) — Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Alim, dövlət və ictimai xadim[1]
Elmira Süleymanova | |
---|---|
Elmira Teymur qızı Süleymanova | |
Doğum tarixi | 17 iyul 1937 (86 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
Azərbaycan |
Elmi dərəcələri | kimya elmləri doktoru, (1980) |
Elmi adı | professor (1981) |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi almışdır.
1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür.
Alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır.
O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.
E.Süleymanova Azərbaycan Elmlər Akademiyası Kimya elmləri bölməsinin elmi katibi (1967–1971), "Neft kimyası" problemi üzrə Əlaqələndirmə Şurasının sədr müavini (1970–1995), həmin problem üzrə SSRİ Elmlər Akademiyasının Əlaqələndirmə Şurasının üzvü və Ümumittifaq "Neft kimyası" elmi jurnalının redaksiya heyətinin üzvü (1986–1990), "Kimya" problemi üzrə respublika "Bilik" Cəmiyyəti idarə heyətinin sədr müavini və Bakı şəhər bölməsinin sədri (1980–1992), Respublika Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının üzvü (1998–2000) kimi fəaliyyət göstərmişdir.
200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.
Neft kimyası, üzvi kimya və incə üzvi sintez üzrə 30-dan artıq beynəlxalq konfransda, o cümlədən müxtəlif ölkələrdə keçirilmiş 7 neft kimyası və 5 aroma-simpoziumda elmi məruzələrlə çıxış etmişdir.
Azərbaycanda BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı — Azərbaycan Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak etmişdir.
Elmira Süleymanova 1980-ci ildən etibarən Azərbaycanda qadın hərəkatının inkişafında mühüm xidmətlər göstərmişdir. O, 1996-cı ildə Tailandın paytaxtı Banqkok şəhərində, Çulalonqkorn Universitetində Qadın liderliyi üzrə hazırlıq keçmişdir. 1990–1994-cü illərdə Ümumrespublika Azərbaycan Qadınlar Cəmiyyəti sədrinin müavini olmuşdur.
E.Süleymanovanın qurucusu və prezidenti, 2002-ci ildən isə Fəxri prezidenti olduğu qeyri-hökumət təşkilatı – Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) BMT-nin Qadınların İnkişafı üzrə Tədqiqatlar və Treninqlər İnstitutunun Azərbaycan üzrə təmsilçisi, həmçinin BMT-nin İqtisadi və Sosial Şurası ilə xüsusi məsləhətçi statusu almışdır. 1994-cü ildə yaradılmış, 1995-ci ildə dövlət qeydiyyatından keçmiş mərkəz Azərbaycanda bu statusa layiq görülmüş yeganə qadın qeyri-hökumət təşkilatıdır. E.Süleymanova AQİM-in prezidenti olduğu illərdə 15-dən çox nüfuzlu beynəlxalq qurumun üzvü olmuş, BMT-nın müxtəlif qurumları – UNDP, UNHCHR, UNİCEF, UNHCR, UNFPA, UNİFEM (hazırda UNW), UNDPİ və digərləri ilə sıx əməkdaşlıq etmişdir.
Müəllifi və rəhbəri olduğu bir sıra layihələri – qaçqın və məcburi köçkünlərin problemləri, Azərbaycanın şəhər və kənd rayonlarında yerli əhalinin miqrasiyası, qadınların ailədə istismarı, qaçqın uşaqların reabilitasiyası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması və b. çoxsaylı layihələri həyata keçirmişdir. Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsini (AUGSŞ) (2000) və onun nəzdində Liderlik Məktəbini (2001), Qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansını (2000) yaratmış, müntəzəm fəaliyyət göstərən bu qurumlara o zaman rəhbərlik etmişdir.[2]
Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan AUGSŞ-in Liderlik Məktəbinin minlərlə məzunu Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq, öz hüquqlarının öyrənilməsi və yaşıdlarına öyrədilməsi üzrə hazırlıq kursu keçmişdir. Bu fəaliyyətin uğurlu nəticəsi kimi, E.Süleymanova 2000–2002-ci illərdə UNICEF-in nəzdində Şərqi Avropa və MDB ölkələri Qeyri-Hökumət Təşkilatları Regional Komitəsində uşaq hüquqları üzrə milli koordinator seçilmişdir.[3]
E.Süleymanova 2001-ci ildə Azərbaycanda Ahıllar üçün ilk Resurs Mərkəzi yaratmışdır ki, bu qurum da Ombudsmanın resurs mərkəzi kimi müntəzəm fəaliyyət göstərir. Dünya qadın hərəkatı liderlərindədir. Amerika Roçester Universiteti tərəfindən Qadın və qızların hüquqlarının müdafiəçisi və onlar üçün örnək olan 100 Qəhrəman qadınından biri kimi şərəfləndirilmişdir (1998).
BMT Baş Assambleyasının İnsan haqları üzrə (Vyana, 1993), Əhali və İnkişaf (Qahirə, 1994 və Haaqa, 1999), Qadın problemləri üzrə (Pekin, 1995, Nyu-York, 2000), Habitat (İstanbul, 1996, Nyu-York, 2001), Sosial İnkişaf (Cenevrə, 2001), Uşaq hüquqları üzrə (Nyu-York, 2002) Xüsusi sessiyalarında və konfranslarında dövlət və ya QHT nümayəndəsi, habelə koordinatoru kimi məruzələr və çıxışlar etmiş, regional qurumlarda fəaliyyət göstərmişdir.
Azərbaycan Ombudsmanı Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının və İslam Ölkələri Ombudsmanlar Assosiasiyasının, Avropa MPM-lər Şəbəkəsinin, Avropa Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin MPM-lər qrupunun, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvüdür.
2015-ci ilin noyabr ayında Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilmişdir.
2 dekabr 2008-ci il tarixdə təsdiq edilmiş "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə" Konvensiyanın Fakültativ Protokolunun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununu ilə "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi funksiyası Müvəkkilə həvalə edilmişdir.
E.Süleymanova Bakı Dövlət Universitetində özünün təşəbbüsü ilə yaradılmış "İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO" kafedrasında bakalavr və magistr pilləsində insan hüquqları üzrə yüksək ixtisaslı kadr hazırlığı aparılır, həmçinin həmmüəllifliyi ilə hazırlanmış "İnsan hüquqları" və "Genderə giriş" fənləri üzrə mühazirələr toplusu əsasında Hüquq fakültəsində tələbələr üçün mühazirələr oxuyur.
E.Süleymanova həm də Rusiya Federasiyasının Ural Dövlət Hüquq Akademiyasında (2007), ABŞ-nin Corctaun Universitetində (2008), Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (2008), Rusiya Dövlət Humanitar Universitetində (2010), Türkiyənin Ondokuz Mayıs Universitetində (2012) mühazirələr oxumuşdur.
Müvəkkilin təşəbbüsü ilə fəaliyyəti dövründə bir çox xarici ölkələrin Ombudsmanları ilə əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Elmira Süleymanova elmi fəaliyyəti ilə bağlı 45, ictimai fəaliyyəti ilə əlaqədar 130-dan çox konfrans, simpozium və forumda iştirak etmişdir. Ombudsman vəzifəsində çalışarkən isə 150-dən çox beynəlxalq konfransın iştirakçısı olmuş, burada müzakirə olunmuş mövzulara uyğun çıxışlar etmiş, təkliflər vermişlər. Bu müddət ərzində o, 80-dək ölkədə – ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, İspaniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Norveç, Belçika, Çin, Cənubi Afrika Respublikası, Yeni Zelandiya, Nepal, İndoneziya, Lüksemburq, Niderland, Yaponiya, Polşa, Rumıniya və digər ölkələrdə keçirilmiş mötəbər məclislərdə vətənimizi layiqincə təmsil etmişdir.
Müvəkkil ümumilikdə 100-dən çox bəyanat, o cümlədən 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart 1918-ci il Azərbaycanlıların Soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı və digər bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlamışdır.[4]
14 may 2011-ci ildən BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyaları da ölkəmizdə Ombudsmana həvalə edilmişdir.
Ombudsmanın tövsiyəsi də nəzərə alınmaqla, ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" təsdiq edilmişdir. Ölkə Prezidentinin Sərəncamı ilə E.Süleymanova bu sənədlərin həyata keçirilməsi üzrə İşçi qrupunun rəhbərlik etmişdir.