Elnur Əşrəf oğlu Şükürov (19 iyun 1974, Bakı – 19 oktyabr 2021, Bakı), əsasən Elnur Əşrəfoğlu kimi qeyd olunur — Azərbaycan jurnalisti və televiziya aparıcısı.
Elnur Əşrəfoğlu | |
---|---|
Elnur Əşrəf oğlu Şükürov | |
Doğum tarixi | 19 iyun 1974 |
Doğum yeri | |
Vəfat tarixi | 19 oktyabr 2021 (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19 |
Dəfn yeri | |
Atası | Əşrəf Şükürov |
Anası | Zöhrə Hüseynova |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Hüquqşünas |
Təhsili | |
Fəaliyyəti | jurnalist, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1992–2021 |
Uşaqlığı Zəngilan rayonunda keçib.[1] Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirib.[2]
1992-ci ildə "525-ci qəzet"-də jurnalist kimi çalışıb.[3] Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasında 16 il işləyib.[3] 1994-cü ildə AZTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra ölkədə məşhurluq qazanıb.[3] O, müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" baş redaksiyasında böyük redaktor, İdman Proqramları Baş Redaksiyasında baş redaktor vəzifələrində çalışıb.[3] Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey", "Sehrbaz" və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.[4]
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.[2]
2011-ci ilin oktyabr ayında "Space TV" telekanalının idman departamentinə rəhbər təyin olunub.[5]
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun sözçüsü və prezidentinin müşaviri vəzifələrini icra edib.[3] 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olub.[3]
O, sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu.[6] Elnur Əşrəfoğlunun koronavirusa yoluxduqdan sonra vəziyyətinin ağırlaşmasına səbəb bir böyrəyinin 10 il əvvəl ağır xəstəliklə bağlı götürülməsi olub.[4] Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra Bakıda "Yeni Klinika"ya köçürülmüşdü.[6] 2021-ci il oktyabrın 19-da koronavirusdan vəfat edib.[7]
O, oktyabrın 20-də Saray qəsəbəsindəki qəbiristanlıqda torpağa tapışırılıb.[8]
"Liverpul" futbol klubunun azarkeşi idi. Dünyanın 102 ölkəsinə səfər edib.[9]
Ailəli idi, iki övladı var.[4]
2021-ci il oktyabrın 21-də Elnur Əşrəfoğlunun xatirəsi "Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü tur oyunundan əvvəl anılıb. Ağdam klubunun təşəbbüsü ilə matçın başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun bütün tablolarında Əşrəfoğlunun fotosu əks olunub.[10] 2021-ci il oktyabrın 23-də "Neftçi" klubunun "Zirə"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının səkkizinci tur oyunu jurnalistin vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.[11]
2022-ci il iyunun 29-da Azərbaycan Minifutbol Federasiyası və "Azfar Group"un dəstəyilə Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan oyun keçirib.[12]
2022-ci ildə haqqında "Elnur Əşrəfoğlu xatirələrdə" yazılıb[13].