Elton Quliyev (28 fevral 1956, Ağdam – 16 dekabr 2015, Bakı) — Azərbaycanlı vəkil.
Elton Quliyev | |
---|---|
azərb. Elton Rasim oğlu Quliyev | |
Doğum tarixi | 28 fevral 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 2015 (59 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | hüquqşünas, vəkil |
Elton Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində qulluqçu ailəsində anadan olub. Atası Rasim Quliyev Şuşada papaqçı ailəsindən, anası Kübra xanım isə Şuşa bəylərinin nəslindən gəlirdi. Rasim Quliyev İkinci Dünya müharibəsində iştirak etmiş və müharibədən sonra Ağdamda işləməyə başlamışdı.[1] Elton Quliyev də bu şəhərdə dünyaya gəldi. O, 1962–63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963–1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb. 1972-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil oldu. Burada sonrakı həyatında yaxın dostuna çevrilən[2] İsaxan Aşurovla tanış oldu.[3] 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra təyinatla daxili işlər orqanlarına işə götürülmüşdür. 1977–1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.[4]
1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləmişdir. Aydın Məmmədov və Dilarə Əliyevanın Zaqatala-Qax yolunda avtomobil qəzası nəticəsində həlak olduğu işin istintaqı Elton Quliyevin müstəntiq kimi son işi oldu. Məsələnin adi avtomobil qəzası yox, sui-qəsd olduğu düşünülsə də, Elton Quliyev hadisənin yol-nəqliyyat qəzası olduğuna qərar vermişdi.[5] O, 1996-cı ildən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü idi.[6]
O, 1979-cu ildə Mehbarə Quliyeva ilə evləndi.[5] Quliyevlərin 2 övladı var.[7]
Elton Quliyev Daxili İşlər nazirliyindəki işindən istefa verdikdən sonra, bir müddət işsiz qalmışdı. 1992-ci ildən etibarən vəkil kimi fəaliyyət göstərməyə başlayan Quliyev 1996-cı ildə Vəkillər Kollegiyasının üzvü oldu.
Sabiq müdafiə naziri Rəhim Qazıyevin, Qarabağ qazilərinin, NİDA-çıların işi və digər siyasi motivli məhkəmələrdə vəkillik etmişdir.[5] Ən son jurnalist-araşdırmaçı Xədicə İsmayılın məhkəmə prosesində iştirak etmişdi.[8]
2014-cü ilin sonunda ona xərçəng diaqnozu qoyuldu. 2015-ci ilin əvvəlində Türkiyədə əməliyyat olunsa da, o ilin 16 dekabrında vəfat etdi. Onun cənazəsi Köhnə Yasamal qəbiristanlığında dəfn edildi.[9]