Eto Şinpey (江藤 新平?, 18 mart 1834[1], Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874[1], Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur.
Eto Şinpey | |
---|---|
yap. 江藤新平 | |
Doğum tarixi | 18 mart 1834[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 aprel 1874[1] (40 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır.[2]
1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur.[2] Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir.[3] Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədliyyə naziri təyin olunmuşdur. Bir sıra hüquq islahatları aparmış, "Kaytey Ritsurey" adlı cinayət məcəlləsini tərtib etmişdir. 1873-cü ildə Böyük Dövlər Şurasının müşaviri olmuşdur.[2]
Eto İvakura missiyasında iştirak etmək yerinə Tokioda qalaraq məhkəmə islahatları ilə məşğul olmuşdur. Sayqo Takamoridən təsirlənərək Koreyaya hərbi ekspedisiya göndərmək və Koreyanı Yaponiya ilə diplomatik əlaqələr qurmağa məcbur etmək ideyasını dəstəkləmişdir.[2] Lakin İvakura missiyasından qayıdan diplomat və siyasətçilərin bu addıma qarşı çıxmasına etiraz etməsindən sonra 1873-cü ilin oktyabrında hökumətdən istefa etmişdir.[2][4]
Eto Saqa prefekturasına qayıdaraq Meyci hökumətinin islahatlarından və samurayların imtiyazlarının azaldılmasından narazı olan digər şəxslərə qoşulmuşdur. O, hökumətə təzyiq etmək üçün Tosa və Saqa samurayları ilə görüşmüş, Yaponiyanın ilk siyasi partiyası olan Vətənpərvərlərin İctimai Partiyasını qurmuşdur. O, 1874-cü ilin yanvarında Tosa memorialını imzalayan şəxslərdən biri olmuşdur. Bu sənəd Meyci hökumətinin gücdən özbaşına istifadə etməsini tənqid etmiş və qanunverici orqan üçün seçkilərin təşkil olunmasını dəstəkləyirdi. Meyci hökuməti bu sənədi rədd etmişdir.[2]
Siyasi təzyiqlərin effektiv olmadığını düşünən Eto hərbi güc toplayaraq hökumətə qarşı döyüşməyə qərar vermişdir. O, üsyan üçün maddi vəsait və 3000 şəxs toplamışdır. Üsyançılar Saqada yerləşən bir banka hücum etdikdən sonra daxili işlər naziri Okubo Toşimiçi üsyanın yatırılması ilə vəzifələndirilmişdir.[2] Üsyanın uğursuz olduğunu görən Eto Kaqoşimaya gedərək Sayqo Takomorinin dəstəyini almaq istəmiş, lakin uğursuz olmuşdur.[4] Qayıqla Koçiyə səyahət edərkən yaxalanmış və Saqaya geri gətirilmişdir. Eto və müttəfiqi Şima Yoşitake Saqada mühakimə olunduqdan sonra edam edilmişdir.[2]