Fəxrülmülk Rizvan[a] (XI əsr – ən tezi 1113 və ən geci 1114[1]) — 1095-ci ildən vəfatına qədər Hələbin səlcuq əsilli əmiri.
Fəxrülmülk Rizvan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | XI əsr |
Vəfat tarixi | ən tezi 1113 və ən geci 1114[1] |
Fəaliyyəti | rəhbər |
Ailəsi | Səlcuqlular |
Dini | sünni islam |
Rizvan qardaşı Böyük Səlcuqlu sultanı I Məlikşahın göstərdiyi xidmətlərə görə bir mükafat olaraq bölgəni və ona bitişik əraziləri verdikdən sonra Suriyada bir bəylik quran Tutuşun ailəsində anadan olmuşdur. Məlikşahın ölümündən sonra Tutuş Səlcuqlu tacına iddiasını qalmışdır, ancaq İranın Rey şəhəri yaxınlığında qardaşı oğlu Börküyarıqın qüvvələri tərəfindən qılıncdan keçirilmişdir. Bunun ardınca Rızvan Hələb şəhərinə getmiş və özünü ərazinin yeni əmiri elan etmişdir. Qardaşı Dukakın Dəməşq şəhərində yeni bir əmirlik elan etməsi ilə Suriya Səlcuqlu Dövləti iki hissəyə bölünmüş və qardaşlar arasında rəqabət başlamışdır ki, bu da 1097-ci ildə Birinci Səlib yürüşü başladıqdan sonra belə davam etmişdir. Rızvan səlibçiləri qızılla qovmağa çalışmış və 1098-ci ildə Antioxiyanın mühasirəsinin bitməsindən sonra qurulan bir səlibçi dövləti olan Antioxiya knyazlığına qarşı vuruşmuşdur. I Boemund Rızvanın idarəsindəki ərazisini işğal etmiş, Hələbin ətraflarına qədər irəliləmişdi. Boemondun xələfi Antioxiya regenti Tankred də Rizvana qarşı vuruşmuşdur. Buna baxmayaraq, onlar daha sonra Edessa qrafı II Balduin və Telbəşir hakimi I Joslenin dəstəklədiyi Mosul əmiri Çavlu Sakavuya qarşı müttəfiq olmuşdur.
Rizvanın şəxsiyyəti müəmmalı idi.[4] O, Hələbin şiə ərəbləri ilə əhatə olunmuş və nizari ismaililərinə üstünlük vermişdi. Rizvan onlara Hələb şəhərində dinlərini yaymaq üçün bir "təbliğat evi" qurmalarına və şəhərdən gələcək fəaliyyətlər üçün bir baza olaraq istifadə etmələrinə icazə vermiş, Xaşxaşilərin hamisi olmuşdur. Rizvan iki qardaşını boğaraq öldürtmüş, onun atabəy Cənahüddövlə Hüseyn kimi bir neçə rəqibinin sui-qəsdi ilə əlaqəsi olduğu iddia edilmişdir. Rizvanın 1113-cü ildə ölümü Hələb daxilində ismaili əleyhinə iğtişaşlara səbəb olmuşdur. Onun varisi Alp Arslan Əhrasın dövrü atabəy Lulu Yəyanın inzibati suverenliyi və Hələbdəki Xaşxaşilərin təsirli bir şəkildə ortadan qaldırılması ilə səciyyələndirilir. Hələbdəki Səlcuqlu hakimiyyəti tezliklə, yəni 1118-ci ildə Artuqlu hakimi Elqazi tərəfindən əvəz edilmişdir.
Rizvan təqribən 1077-ci ildə anadan olmuşdur. O, Böyük Səlcuqlu Sultanı I Məlikşahın qardaşı və Arrandakı Gəncə şəhərinin hakimi Tacəddövlə Tutuşun beş oğlundan ən böyüyü idi. 1078-ci ildə Məlikşah Tutuşu Suriya və ona bitişik əraziləri fəth etmək üçün göndərmiş, Tutuş isə bunu yerinə yetirərək orada bir bəylik qurmuşdur. Tutuş növbəti il Hələb şəhərini mühasirəyə alaraq fəth etmiş, fatimi ordusu isə eyni vaxtda Dəməşq şəhərini mühasirəyə almışdır. Bundan sonra Dəməşq şəhərinin türkmən hökmdarı Atsız ibn Uvaq (hak. 1071–1079) Tutuşdan kömək istəmişdir. Tutuşun gəldiyini eşidən fatimi qüvvələri geri çəkilmişdir. Atsız Tutuşun ağalığını qəbul etsə də, Tutuş onu qarşılamağa gecikdiyini və qardaşı ilə ona qarşı sui-qəsd etdiyini bəhanə edərək Atsızı yayının ipi ilə boğmuşdur. Tutuş daha əvvəl Atsızın idarəsi altında olan Yerusəlim, Dəməşq, Əkka, Sur, Tripoli, Yaffa və Ariş şəhərlərini, o cümlədən Qalileya bölgəsini ələ keçirərək Cənubi Suriya və Fələstini fəth etmiş, burada Suriya Səlcuqlu Dövlətinin əsasını qoymuşdur.
Tutuş Hələb üçün iddia qaldıran Rum Səlcuqlu Sultanı Süleyman ibn Qutalmış (hak. 1077–1086) ilə mübarizə aparmışdır. Qutalmış 4 iyun 1086-cı il tarixində Hələb yaxınlığında baş verən bir döyüşdə məğlub edilmiş və öldürülmüşdür. Sultan Məlikşah 1092-ci ilin noyabrında vəfat etmişdir, lakin Səlcuqlu imperatorluğunun taxtına çıxacaq yetkin bir şahzadə yox idi. Tutuş sülalədə yeganə yetkin şəxs olduğu üçün səlcuqlu taxtına iddia qalmışdır, fəqət onun iddiası türk elitasından az dəstək görmüşdür. O, bundan sonra Mosul, Hələb və Diyar Bəkiri ələ keçirmişdir. Məlikşahın arvadlarından biri olan və oğlu Mahmudu taxta çıxarmağa çalışan Tərkən xatun daha sonra Tutuş ilə əlaqə qurmağa çalışmış, lakin 1094-cü ildə qəfildən vəfat etmişdir. 1094-cü ildə Tutuş oğlu Şəmsülmülk Dukakın müşayiəti ilə şəhəri ələ keçirərək Cəzirə və qərbi İrana nəzarət etməyə başlamış, Rey şəhərini fəth etmişdir. Buna baxmyaraq, qardaşı oğlu Börküyarıqın qüvvələri onu 25 fevral 1095-ci ildə həmin şəhər yaxınlığında öldürmüşdür.